Pause

Müasir dövrdə əhalinin hüquqi maarifləndirilməsi, hüquqi düşüncə və hüquq mədəniyyətinin günün tələbləri səviyyəsində inkişaf etdirilməsi demokratik-hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşması prosesinə təkan verən ən mühüm amillərdəndir. Hüquqi maarifləndirilmə demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin formalaşdırılmasının mühüm cəhətlərindən olmaqla yanaşı, insan hüquq və azadlıqlarının müdafiəsini daha səmərəli təmin etmək baxımından da böyük əhəmiyyət daşıyır. Məhz həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi məqsədilə dövlət tərəfindən gerçəkləşdirilən səmərəli fəaliyyətin tərkib hissəsi kimi çıxış edir.

Yaşadığımız cəmiyyətdə hər bir vətəndaşın sağlam hüquqi düşüncəyə və yüksək hüquq mədəniyyətinə malik olmaları böyük əhəmiyyət kəsb edir İnsanların hüquqa, qanunçuluğa və ədalət mühakiməsinə münasibətinin, onların nəyin hüquqi və nəyin hüquqazidd olması haqqındakı təsəvvürlərinin və ideyaların cəmi hüquq düşüncəsində ehtiva olunur. Cəmiyyətin hüquq mədəniyyətinə onun hüquq düşüncəsinin səviyyəsi, ictimаi şüurun hüquqа münаsibəti əhəmiyyətli dərəcədə təsir edir. Bunun üçün hüquqi maarifləndirmə yüksək səviyyədə təşkil olunmalıdır. Hər bir vətəndаşın hüquq mədəniyyəti isə оnun öz hüquqlаrını bilməsi, hаbеlə öz vəzifələrini layiqincə yеrinə yеtirməsindən asılıdır. Hüquqi maarifləndirmənin zəif оlmаsı ilə cəmiyyətdə hüquq pozuntularının sayının artması arasında səbəbli əlaqə heç kimdə şübhə yaratmır. Bu səbəbdən hüququn təbliği və qanunvericiliyin izahı cinаyətkarlığın qаrşısının аlınmаsındа ən mühüm vаsitə kimi nəzərdən keçirilməlidir. Bir çox hallarda insan hüquqlarının pozulması bilavasitə məlumatsızlıqdan və hüquqi savadsızlıqdan irəli gəlir.

Cinayətkarlığın səviyyəsinin aşağı olmasında isə rol oynayan əsas amillərdən biri də cəmiyyət üzvlərinin yüksək hüquq mədəniyyətinə malik olmasıdır. Çünki belə şəxslər hər zaman qanunlara və digər şəxsin hüquqlarına hörmətlə yanaşır. Nəyin hüquqi nəyin isə hüquqazidd olduğunu bilirlər. Nə öz hüquqlarının pozulmasına imkan verir, nə də digər şəxsin hüquqlarını pozurlar. Doğrudur, qanunu bilməmək məsuliyyətdən azad etmir. Lakin insanlar tərəfindən qanunları bilmək və qanunlara əməl etmək cəmiyyətdə hüquqpozmaların azalmasına və cinayətkarlığın səviyyəsinin aşağı düşməsinə müsbət təsir göstərir.

Cinayətkarlığa qarşı mübarizə aparılması, onu yaradan səbəb və şərtlərin aradan qaldırılması, sosial ədalətin bərpası, habelə insan hüquq və azadlıqlarının təmini cəmiyyət və dövlət qarşısında duran başlıca vəzifələrdəndir.

Cinayətkarlığın profilaktikası konsepsiyasının ümumi məqsədi ictimai təhlükəli halları, istənilən hüquqpozmaları və hüquqazidd əməlləri doğuran səbəblərin aradan qaldırılmasından ibarətdir. Ona görə cinayətkarlıqla səmərəli mübarizədə müəyyən konsultativ tədbirlərin həyata keçirilməsi zəruri şərtlərdəndir. Cinayətkarlıqla mübarizə istiqamətində maarifləndirmə tədbirləri həlledici amil kimi qəbul edilir. QHT-lər, cəmiyyətin digər təbəqələri, elm və təhsil müəssisələri də bu prosesdə iştirak edirlər. Həyata keçirilən maarifləndirmə tədbirləri əhali arasında müsbət qarşılanır. Cinayətkarlığın vaxtında qarşısı alınmazsa onunla mübarizə çətinləşər. Ona görə də, profilaktika, xəbərdarlıq və maarifləndirmə tədbirləri vaxtaşırı aparılmalıdır. Cinayətlər baş verdikdən sonra isə xəbərdarlığın heç bir əhəmiyyəti qalmır.

Əsrlərlə insan ağlı cəmiyyətdə baş verən hüquqazidd əməllərin səbəblərini müəyyən etmək və bunun qarşısını almaq üçün vasitələr axtarışında olub. Ona görə də, hüquqpozmaların obyektiv səbəblərinin mövcudluğu haqda təsəvvürlərə əsaslanan sosial-profilaktik yanaşma təbii hal kimi anlaşılmalıdır.

XVIII əsrdə klassik cinayət hüququ məktəbinin hüquqşünaslarının əsərlərində hüquqi əsaslandırmaya söykənərək cinayətkarlıqla mübarizədə yeni yanaşmanın əsası "Müdrik qanunverici cinayətə görə cəza tətbiq etməkdənsə, cinayətlərin vaxtında qarşısını almağı üstün tutur"fikri ilə qoyulmuşdur.

Qədim Hind hüquqədəbiyyatında əsas xəbərdarlıq vasitəsi kimi, cəzanın xofu-vahiməsi dururdu. Cəzanın sərtliyi cinayət törətməyə meyilli olan şəxsləri əməllərindən çəkindirməyə təsir edirdi. Manu qanunlarınagörə yalnız cəzanın xofu hər bir canlını xeyirxahlığa xidmət etməyə istiqamətləndirə və zidd "vəzifələrin" icrasından yayındıra bilər. Bu borcun təmin olunması iki sistemə; bir tərəfdən etik normalara, Tanrının gücünə; digər tərəfdən isə siyasi vasitələrə əsaslanan yol ilə həyata keçirilirdi.

Əgər, qədim Hindistanda hüquqpozmalarla mübarizədə əsas vasitə kimi sərt cəzanın tətbiqindən istifadə edilirdisə, qədim Çin mütəfəkkirləri mühüm vasitə kimi tərbiyənin roluna üstünlük verirdilər. Cəzanın tətbiqi bu gün də, hüquqi metod kimi əhəmiyyətini saxlasa da, tərbiyəvi faktorlardan istifadə vacib amil olaraq qalır. Məsələn: qədimÇin mütəfəkkiriKonfutsi tərəfdarlarının nəzərinə görə əgər insanları tərbiyə etməyib, cəzalandırmağa üstünlük versək, cəzalandırılanların sayı artacaq, lakin kökü kəsilməyəcək və yaxud, tərbiyə edib cəzalandırmasaq bədnam əxlaqlı və tərbiyəsi qüsurlu olanlar (zidd darananlar) cəzasız qalacaq və sayca artacaqlar.

Antik cəmiyyət qanuna tabe olan, onu uca tutanlara hörmətlə yanaşmış, hüquqpozmaların profilaktikası istiqamətindəki ideyalara həmişə önəm vermişdir. Bizim eradan əvvəl VII əsrdə qədim yunan mütəfəkkiri Periandr qeyd edirdi ki, “cinayətkarı cəzalandırmağa yox, cinayətlərin xəbərdarlığına çalışmaq lazımdır”. Qədim Yunan və Roma müdrikləri isə bu işdə məcburetmə və inandırma metodlarının üzvi surətdə bağlılığını vurğulayırdılar.

Böyük mütəfəkkirlər hələ lap qədim zamanlardan başlayaraq cinayətsiz cəmiyyət axtarışında olmuş, müxtəlif mövqelərdən ona öz münasibətlərini bildirmişlər. Cəmiyyətdə hər zaman öz dövrünü qabaqlayan zəka sahiblərinin fikirlərinə böyük ehtiyac duyulmuşdur. Gəlin, tarixə birlikdə nəzər salaq və elm adamlarının cinayətin qarşısının alınmasında axtardıqları çıxış yollarına nəzər salaq. Sofist Protoqor həmin dövrdə yazırdı: “Dövlət qanunlarını pozmağa və həddini aşmağa görə cəzanın məqsədi islah etməkdən, əvəz almaqdan ibarət olmalıdır”. Roma hüquqşünası Ulpian isə “Xeyirxahlar təkcə cəzanın vahiməsinin təkmilləşdirilməsinə yox, cinayətlərin xəbərdarlığına da üstünlük verməlidirlər” fikrini söyləmişdir.Beləliklə, antik cəmiyyətlərdə hüquqpozmaların xəbərdarlığına bir tərəfdən dini, digər tərəfdən isə mənəvi-hüquqi aspektlərdən yanaşmanı tövsiyə edirdilər.

Cəmiyyətin hüquqi maarifləndirilməsi ilə bağlı fikirlər sonrakı dövrlər üçün də aktual olmuşdur. Məsələn, Karl Marks və Fridrix Engels qeyd edirdilər ki, ağıllı, müdrik qanunvericilər, cəzalandırmaqdan çox cinayətlərin xəbərdarlığına üstünlük verməlidirlər.

 Maarifçi Jan Jak Russonun da fikirləri bu cəhətdən maraqlıdır: “Qanunların ən alisi qanuna hörmət qanunudur”.İnsan həyatını canlı və ədalətli edən qanundur. Qanun fərdlərin əsas hüquq və azadlıqlarının təhlükəsizliyini öz nəzarəti altına alır. Qanun hüquq normalarının sistemli toplusu olaraq cəmiyyətdə yaranan ictimai münasibətləri tənzimləyir və insanları hüquq pozuntusundan qoruyur. Qədim Roma mütəfəkkiri və hüquqşünası Mark Tulli Siseron da qeyd edirdi: "Azad olmaq üçün qanunun qulu olmalıyıq. Qanunları bilmək onun sözlərini xatırlamaq yox, onların mənasını dərk etməkdir". Bəs, qanunu bilməyən şəxs qanunlara necə hörmətlə yanaşa bilər?! Bu sahədə əsas iş yenə də cəmiyyət üzvlərinin hüquqi biliklərinin artırılmasının üzərinə düşür.

Yuxarıda göstərilən bütün fikirlər hələ dövlət və hüquq yaranan dövrdən başlayaraq hər bir cəmiyyət üzvünün mütləq öz dövrünün təməl qanunlarını bilməsini və qəbul olunmuş qanunlara əməl etməsini xüsusi vurğulayır. Çünki bəşəriyyət hər zaman dövrünün qanun və qaydalarını bilən insanlara və onların müdrik fikirlərinə böyük ehtiyac duymuşdur. Necə ki, biz yuxarıda həmin şəsxlərin bəzi fikirləri ilə tanış olduq.

Alman kriminoloquJosef Kürzingerqeyd edirdi ki, bu gün hər bir hüquqi dövlətin cinayət siyasətinin əsas aktual problemlərindən biri də cinayətkarlıqdan müdafiə məqsədilə sistemli tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Cinayətkarlığın qarşısının alınması isə ümumi sosial nəzarətin bir hissəsini təşkil edir. Cinayətkarlığın qarşısının alınması ilə bağlı həyata keçirilən ictimai və dövlət tədbirləri sistemi, şübhəsiz, müəyyən bir ölçüdə törədiləcək cinayətlərin qarşısını ala bilir.

Bəzi ədəbiyyatlarda qeyd olunur ki, həyata keçirilmiş tədqiqatlar göstərir ki, bəzən insanlar qanunvericilikdə cinayət kimi xarakterizə edilən ictimai təhlükəli əməllərin hamısını bütövlükdə tanımırlar. Ötən əsrin 70-ci illərində Hollandiyada həyata keçirilmiş bir araşdırma gənclərin 43 faizinin marixuananın istifadəsinin cinayət olduğunu bilmədiyini ortaya çıxarmışdı. Bundan əlavə, müəllif qeyd edirdi ki, insanın daxili aləminin tərbiyəsi, yəni əxlaqi və hüquqi dəyərlərə hörmətlə yanaşma insanın sosial normaları pozmasının, cinayət törətməsinin qarşısını alır. Hüquq və əxlaq normalarına hörmət amili həqiqətən də cinayətkarlığın qarşısının alınmasına təsir göstərən güclü faktordur. Alman kriminoloqu Ernest Seeling bu amilin yaradılması ilə bağlı öz düşüncələrini belə açıqlamışdır ki, hüquqi və əxlaqı dəyərlər mühitin təsiri ilə formalaşır. Bu dəyərlər insanlarda uşaqlıqdan formalaşmağa başlayır. O həmçinin hesab edirdi ki, cinayətkarlığın profilaktikasının digər bir yolu da insanların əvvəlcədən cinayətkar kimi formalaşmasının qarşısını almaqdır. Azyaşlılara danışılan nağıllar, məktəbdə öyrədilənlər onlarda (azyaşlılarda) nizamlayıcı ədalət duyğusunu yaradır.

Fransız filosofu, maarifçi, yazıçı, tarixçi, iqtisadçı və hüquqşünas olan Şarl de Monteskyo özünün "Qanunların ruhu" əsərində cinayət hüququnun əsas vəzifəsini cəzalandırmaqdan daha çox cinayətkarlığın qarşısını almağın zəruriliyində görürdüyünü qeyd edirdi. Fransız maarifçiliyinin görkəmli nümayəndəsi Çezare Bekkariya isə cinayətlərin qarşısının alınmasının başlıca yolunu xalqın maariflənməsində görürdü. Özünün "Cinayətlər və cəzalar haqqında" əsərində qeyd edirdi ki, cəzalandırmaqdansa, cinayətlərin qarşısını almaq lazımdır. Fransız maarifçiliyinin digər görkəmli nümayəndəsi Volter də cinayətlərin qarşısının alınmasında xalqın maarifləndirilməsini göstərirdi.

Fransada burjua inqilabı illərində Jan Pol Marat özünün "Cinayətin qanunvericiliyi planı" əsərində cinayət hüququnun bir sıra mühüm müddəalarını işləyib hazırlamış və qeyd etmişdir ki, cinayət qanununda təsbit edilən müddəalar dəqiq olmalıdır. Hər bir şəxsin qanunu anlaması və qanunu pozmaqla özünü nəyə məruz qoyduğunu bilməsi vacibdir. Cinayətlərə görə cəzalandırmaqdan daha çox cinayətlərin qarşısının alınmasına üstünlük verilməlidir.

Hüquqşünas alimFirudin Səməndərovqeyd edir ki,ideoloji tədbirlərin köməyi ilə kriminogen amillər zəiflədilir, yaxud da aradan qaldırılır. Bu yolla cəmiyyət üzvlərində mənəvi mövqe və ümumbəşəri dəyərlərə yönəliş, cəmiyyət üzvlərində cinayətlərə qarşı dözümsüzlük ifadə edən ictimai rəy formalaşır, insanların mədəni səviyyəsi yüksəlir. Alim həmçininhüquq normalarına riayət edilməsinin şəxsi inama çevrilməsi üçün hüquqi şüurun, cinayətkarlıqla mübarizəyə kömək etməyə hazır olmaq üçün vətəndaşlarda profilaktik fəallığın tərbiyə edilməsini hüquqi tədbirlərin mühüm tərkib hissəsi hesab edir. Göstərir ki, prokurorluğun geniş səlahiyyətləri cinayətkarlığın profilaktikasının subyekti kimi, həm də bu orqanın fəaliyyətinin spesifikliyini müəyyən edir. Prokurorluq cinayətkarlığın qarşısının alınmasında təkcə özünün bilavasitə funksiyalarını yerinə yetirməklə kifayətlənmir, həm də təhqiqat və ibtidai istintaq orqanlarının fəaliyyətlərində qanunlara riayət edilməsinə nəzarət etməklə profilaktik funksiyanı həyata keçirir.

Məhkəmələrdə cinayət işlərinə baxılması prosesində iştirak etməklə prokurorluq profilaktik fəaliyyəti həyata keçirir. Prokuror prosesin gedişində cinayəti doğuran səbəbləri və onun baş verməsinə kömək edən şəraiti aşkar etməli, müttəhimin davranışı mexanizmində onların yerini aydınlaşdırmalıdır. Prokurorluğun cinayətkarlığın qarşısının alınmasına yönələn fəaliyyəti müxtəlif forma və metodlarla həyata keçirilir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni ictimai-siyasi formasiyanın və demokratik cəmiyyətin formalaşdırılması yeni qanunların qəbulunu tələb edirdi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının ilk milli Konstitusiyası həm də ölkəmizin yeni qanunvericiliyinin formalaşdırılması istiqamətində mühüm addım oldu. Yeni Konstitusiyanın əsasında müstəqil Azərbaycanın müasir standartlara cavab verən qanunları qəbul edildi. Qəbul edilən qanunların ictimaiyyətə çatdırılması, bu məqsədlə hüquqi maarifləndirmə işinin aparılması və yüksək səviyyədə qurulması hər bir cəmiyyətdə vacib məsələlərdən biridir. Əvvəla, insanlar öz hüquqlarını bilməli və ondan düzgün istifadə etməlidir. Аzərbаycаn хаlqının ümummili lidеri Hеydər Əliyеvin "Kоnstitusiyаnı öyrənmək lаzımdır, Kоnstitusiyаnı dərk еtmək lаzımdır, Kоnstitusiyаnın mаddələrini, хüsusən vətəndаşlаrın vəzifələrinə, vətəndаşlаrın hüquqlаrınа аid оlаn mаddələrini vətəndаş bilməlidir və оnа riаyət еtməlidir" sözləri hər kəsin bаşlıcа fəаliyyət istiqаməti оlmаlıdır.

Ulu öndər Heydər Əliyevin siyasi səriştəsi, uzaqgörənliyi, dövlət idarəçiliyi sahəsindəki təcrübəsi sayəsində çox böyük uğurlar əldə edildi və həyatın bütün sahələrini əhatə edən qanunlar qəbul olundu. Qanunların qəbulu işin bir tərəfidirsə, insanların bu qanunlar haqqında təsəvvürünün, məlumatının olması işin digər tərəfidir. Bu mənada əhalinin hüquqi maarifləndirilməsi və hüquqi biliklərin təbliği istiqamətində daha böyük işlər görülməlidir.

Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin "Bu gün qаrşımızdа durаn əsаs vəzifələrdən biri Kоnstitusiyаmızın təbliği, оnun əsаs prinsip və müddəаlаrının dərindən öyrənilməsi və hər bir vətəndаşın yаşаyış nоrmаsınа çеvrilməsidir" kimi fikirləri hər bir cəmiyyət üzvünün yüksək hüquq mədəniyyətinə malik olmalarını zəruri edir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2011-ci il dekabrın   27-də təsdiq etdiyi "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda da əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi məsələsi qeyd olunmuşdur.

6 yanvar 2004-cü il tarixdə keçirilmiş ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında muxtar respublikanın prokurorluq orqanlarının qarşısına cinayətkarlığın qarşısının alınması üçün hüquqi maarifləndirmə, qanunvericiliyin izahı və profilaktiki tədbirlərin görülməsi işi əsas vəzifə kimi qoyulmuşdur. Hüquqi maarif işinin təşkil edildiyi bir cəmiyyətdə işləmək də, yaşamaq da rahatdır və belə cəmiyyət inkişaf edir. Ona görə də bizim əsas vəzifələrimiz hüquq maarifi işini gücləndirməkdən ibarət olmalıdır. Buna görə də prokurorluq işçiləri əsas diqqəti həyata keçirilən profilaktik tədbirlərin təsirliliyinin artırılmasına yönəltmişdir. Çünki demokratik dövlət quruculuğunda insanların sağlam hüquqi düşüncəyə və hüquq mədəniyyətinə malik olmaları əsas şərtlərdəndir. Hüquq mühafizə orqanları profilaktika tədbirlərini davam etdirməli, ictimai asayişin və sabitliyin qorunması daim diqqətdə saxlanılmalıdır.Prоkurоrluq orqanları digər hüquq-mühаfizə оrqаnlаrı ilə əlаqəli şəkildə cinаyətkаrlığа qаrşı mübаrizə, qаnunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insаn və vətəndаş hüquq və аzаdlıqlаrının dаhа еtibаrlı müdаfiəsi üçün işlərini günün tələbləri səviyyəsində qurmаğa çalışırmışlar. 

Respublikamızda aparılan demokratik, o cümlədən məhkəmə hüquq islahatları, hüququn aliliyinin təmini yalnız və yalnız insan amilinə xidmət edir. Demokratik cəmiyyətdə yaşamağın əsas şərtlərindən biri də vətəndaşların hüquqi cəhətdən savadlı olmasıdır. Doğrudur, cəmiyyətin hər bir üzvünün hüquqşünas olması mümkün deyil. Lakin hər bir şəxsin hüquq mədəniyyətinin yüksək olması zamanın tələbidir. Nахçıvаn Muхtаr Rеspublikаsının Prоkurоrluq оrqаnlаrı həmişə cinаyətkаrlığа qаrşı mübаrizə sаhəsində əsаs diqqəti qanunvericiliyin izahı, əhаlinin hüquqi mааrifləndirilməsi, hüquqi biliklərin təbliği və həyаtа kеçirilən prоfilаktiki tədbirlərin kəsərliliyinin аrtırılmаsınа yönəltmişdir. Muхtаr Rеspublikаnın Prоkurоrluq orqanları bu sahədə tərtib оlunan tədbirlər plаnınа uyğun оlаrаq muхtаr rеspublikаnın yеrli icrа hаkimiyyəti və yerli özünüidarə оrqаnlаrının əməkdaşları ilə birlikdə ictimaiyyətlə görüşlər kеçirərək maarifləndirici söhbətlər аpаrır. Lakin pandemiya (COVİD-19) ilə əlaqədar ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejiminə əsasən yerlərdə tədbirlər müvəqqəti dayandırılıb. Maarifləndirmə sahəsində kütləvi informasiya vasitələrinin gücündən səmərəli istifadə etməyə çalışılıb.

Vətəndaşları maraqlandıran suallarla bağlı maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi (əvvəlki Hüquqi təminat və informasiya şöbəsi) tərəfindən 2011-ci ildən başlayaraq Naxçıvan Televiziyasında "Qanunçuluq" televiziya proqramı hazırlanaraq ictimaiyyətə təqdim olunur. Televiziya proqramına hüquqşünaslar və mövzu ilə bağlı mütəxəssislər dəvət olunur. Proqram isə bu efir sözləri ilə yekunlaşır: "Hər birimiz xalqımızın milli dəyərlərinə hörmətlə yanaşmalı və vətəndaşı olduğumuz Azərbaycan Respublikasının qanunlarına əməl etməliyik. Və unutmamalıyıq ki, qanunların ən alisi qanuna hörmət qanunudur!"

Bundan başqa, prokurorluq əməkdaşları tərəfindən Naxçıvan Radiosunda, www.prokurorluq.nakhchivan.az saytında və "Nuhçıxan" İnformasiya Agentlyində yaradılan "HÜQUQ GUŞƏSİ"ndə vətəndaşlar tərəfindən onlayn qaydada təqdim olunan suallar cavablandırılır, www.naxcivanxeberleri.com saytında hüquqi maarifləndirmə materialları paylaşılır. Həmçinin “Şərq qapısı”, şəhər və rayon qəzetlərində müntəzəm olaraq hüquqi mövzularda çıxışlar edilir.

Sonda qeyd etmək istəyirəm ki, "Hüquqi maarifləndirmə" ərəbcədən tərcümədə əhali arasında haqqı yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi kimi bir mənaya malikdir. Bir  sözlə, hüquqi maarifləndirmə tədbirləri cəmiyyətdə hüquqi mədəniyyətin formalaşmasında mühüm rola malikdir. Hüquqi maarifləndirmə insanın hüquqi şüurunu və bütövlükdə cəmiyyətin hüquqi mədəniyyətini inkişaf etdirmək məqsədi daşıyır. Bu proses isə bütövlükdə cəmiyyət tərəfindən həyata keçirilməlidir. Cinayətkarlıqla mübarizə hər kəsin işidir. Əgər təhlükəsiz cəmiyyətdə yaşayırıqsa və yaşamaq istəyiriksə hər birimizin bu missiyada xidməti və iştirakı olmalıdır.

 

İSTİFADƏ  OLUNAN  ƏDƏBİYYAT

1. Cinayət hüququ. Ümumi hissə. Firudin Səməndərov. “Digesta”, Bakı, 2007.

2. Kriminalogila. Ümumi hissə. Firudin Səməndərov. “Hüquq ədəbiyyati”, Bakı, 2003.

3. Kriminalogila. Firudin Səməndərov. “Digesta”, Bakı, 2012.

4. Kriminalogila. Ümumi hissə. Elmir Şirinov.  “Hüquq ədəbiyyati”, Bakı, 2008.

5. Çezare Bekkaria. Cinayətlər və cəzalar haqqında. “Hüquq ədəbiyyati”, Bakı, 2011.

6. “Şəqr qapısı” qəzeti. 8 yanvar 2004-cü il.

Əbədiyyət | Eternity | Вечность

Xəbərlər

Pause

Naxçıvan Muxtar Respublikası | Nakhchivan Autonomous Republic | Нахчыванская Автономная Республика

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 121.jpg
  • 122.jpg

Nəşrlər