Suallarınızı cavablandırır:

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və insan

hüquqları məsələləri şöbəsinin rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov

Cavabı görmək üçün sualın üzərinə kilikləyin

  • 1 - Sual: Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanması hansı hallarda cinayət məsuliyyətinə səbəb olur?

    Cavab: Bəzi şəxslər tərəfindən təbii qaz və elektrik energisindən istifadə qaydaları hələ də pozulur, qanunsuz olaraq elektrik və qaz xətlərinə qoşulma hallarına yol verilir. Bu sahədə baş verən neqativ halların qarşısının vaxtında alınması ilə əlaqədar olaraq bir sıra tədbirlər həyata keçirilmiş, bu sahəni tənzimləyən qanunvericilik aktlarının təkmilləşdirilmişdir. Enerji resurslаrındаn istifаdə zаmаnı bаş verə biləcəк qаnun pоzuntusunun qаrşısının аlınmаsı məqsədilə bu gün vətəndaşlara bir dаhа qаnunvericiliyin tələbləri, törədilmiş əməlin ictimаi təhlüкəliliyi və məsuliyyəti bаrədə məlumаt verməк istəyirik.

    Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 189-1-ci maddəsinə əsasən, təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə – iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

    Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə, dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda qeyd olunuan əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən yuxarıda qeyd olunan əməllərin qarşısının alınmaması üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Həmçinin, təbii qaz, su, elektrik və ya istilik enerjisi təchizatı müəssisələrinin vəzifəli şəxsi olmayan səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən qeyd olunan əməllərin qarşısını almaması isə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 2-Sual: Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılmasına riayət edilməməsi hansı məsuliyyətə səbəb olur?

    Cavab: Ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən etmək məqsədilə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” 01.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, tütün çəkilməsinə icazə verilməyən yerlər müəyyən edilmişdir. Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar. Qanunvericiliyə əsasən qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə-otuz manat məbləğində cərimə edilir. Həmçinin hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-yüz manat məbləğində, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-qırx manat məbləğində, vaqonlarda siqaret çəkməyə görə-əlli manat məbləğində, dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə-qırx manat məbləğində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə isə qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir.

    Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə-vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat məbləğində cərimə edilir.

    Qanunvericiliyin tələbinə əsasən yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı və ya satış məqsədi olmadan verilməsi, habelə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır. Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir. Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir. Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir. Tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə isə yüz manat məbləğində cərimə edilir.

  • 3 - Sual: Yol-nəqliyyat hadisəsi yerindən qaçma hansı hallarda məsuliyyətə səbəb olur?

    Cavab: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır. O, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməli, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır.

    Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və ya yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalrını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma zamanı hadisələr baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur.

  • 4 - Sual: Qiymət intizamının pozulması hansı məsuliyyətə səbəb olur?

    Cavab: Satış qiyməti, mal vahidinə (kəmiyyətinə) qoyulmuş son qiymət məzənnəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfində isə maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və onun doldurulma tarixi olmalıdır.

    Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə, səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Ölkə ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsinə görə isə min yüz manatdan min altı yüz əlli manatadək məbləğdə cərimə edilir.

  • 5 - Sual: Qumar oyununda iştirak etmə hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə, oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.  Burada “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa düşülür. Qanunla müəyyən edilmiş qaydada keçirilən lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.

  • 6 - Sual: Şəxsiyyət vəsiqəsi olmadan yaşama məsuliyyətə səbəb ola bilərmi?

    Cavab: Bəli, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi olmadan yaşamasına görə, xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə edilir.

  • 7 - Sual: Uşağın adının və soyadının dəyişdirilməsi hansı qaydada aparılır?

    Cavab: Azərbaycan Respublikasının ailə qanunvericliyinə əsasən, Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı («müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir) tərəfindən müəyyən olunur.

    Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı Ailə Məcəllənə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.
    Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə, müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o, valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzrsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 10 yaşına çatmış uşağın adı və ya soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.

  • 8 - Sual: Uşaqlar öz valideynlərini saxlamağa borcludurlarmı?

    Cavab: Bəli, Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.

    Həmçinin, inzibati xətalar qanunvericliyinə əsasən, yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə, xəbərdarlıq edilir və ya altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

  • 9 - Sual: Yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə kim məsuliyyət daşıyır?

    Cavab: Azərbaycan Respublikasnın inzibati xətalar qanunvericiliyinə əsasən, On dörd yaşından on altı yaşınadək olan yetkinlik yaşına çatmayanların törətdikləri xırda xuliqanlığa görə, valideynlər və ya digər qanuni nümayəndələr altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

  • 10 - Sual: Kimlər inzibati qaydada həbs edilə bilməzlər?

    Cavab: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

  • 11 - Sual: Əkin yerinin yandırılması hər hansı bir məsuliyyətə səbəb ola bilərmi?

    Cavab: Bəli, bunanla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində 15.12.2017-ci iltarixli Qanunla dəyişikliklər edilmiş və həmin müddəa 2018-ci il fevralın 1-dən qüvvəyə minir.

    Belə ki, İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən, əkin yerinin yandırılmasına görə, fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər isə beş min manatdan altı min manatadək məbləğdə cərimə edilirlər. Qeyd olunan maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və ya Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi baxır.

  • 12 - Sual: Baba və nənə nəvələrini saxlamağa borcludurlarmı?

    Cavab: Bu məsələlər Azərbaycan Respublikasının ailə qanunvericiliyi ilə tənzimlənir. Belə ki, Ailə Məcəlləsinni 89-cu maddəsinə əsasən, yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

    Həmçinin əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan baba və nənə saxlanmaq üçün yetkinlik yaşına çatan övladlarından və ya ərindən (arvadından) maddi yardım ala bilmədikdə, zəruri vəsaitə malik nəvələrdən məhkəmə qaydasında aliment verilməsini tələb etmək hüququna malikdirlər.

  • 13 - Sual: İstehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ varmı?

    Cavab: Bəli, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. Ölkə ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Ölkəyə idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. Satıcı (icraçı) ölkə ərazisində satdığı malların (işlərin, xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir. Yuxarıda nəzərdə tutulmuş məlumat, mala əlavə olunan texniki sənədlər, habelə nişanlanma, hazırlanma və satış tarixinin göstərilməsi vasitəsilə və ya ayrı-ayrı xidmət sahələrində qəbul olunmuş başqa üsulla istehlakçının nəzərinə çatdırılır. İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya coğrafi göstərici olmalıdır. İstehsal markasında istehsalçının (icraçının) adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilir hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın (işin, xidmətin) etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan məhsulun reklamı qadağandır. Haqsız reklam olunan malın (işin, xidmətin) alınması nəticəsində istehlakçıya vurulan zərər təqsirkar şəxslər tərəfindən tam həcmdə ödənilməlidir. Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız reklam nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin olmaması ehtimalı əsas götürülməlidir. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.

  • 14 - Sual: Hansı malların dəyişdirilmısinə icazə verilmir?

    Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 №-li Qərarı ilə ölkə ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiq edilmişdir. Qərara əsasən, qızıl və qızıl məmulatları, qiymətli və yarım qiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümer-kosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar və dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları dəyişdirilmir.

  • 15 - Sual: İstehlakçılar hansı hüquqlara malikdirlər?

    Cavab: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçılar malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə, istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına, malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə, malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə, qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə və ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmə hüququna malikdirlər. İstehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. İstehlakçıların həyatının, sağlamlığının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyinə dair mala (işə, xidmətə) aid tələblər normativ sənədlərlə müəyyən edilir. Ayrı-ayrı mal qrupları (işlər, xidmətlər) üçün yuxarıda göstərilən tələblər Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Azərbaycan Respublikası ərazisinə idxal olunmuş malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətini təsdiq edən, qanunvericiliklə nəzərdə tutulmuş sənəd olmalıdır. İstehsalçı (icraçı) normativ sənəddə nəzərdə tutulan və ya istehlakçı ilə müqavilə əsasında malın (görülən işin, xidmətin nəticələrinin) xidmət müddəti ərzində, belə müddətin olmadığı halda isə 10 il müddətində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir. İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal (iş, xidmət) istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir.

  • 16 - Sual: Qanuni sahibkarlıq fəaliyyətinə mane olma hansı hallarda cinayət məsuliyyətinə səbəb olur?

    Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 190-cı maddəsinə əsasən fərdi sahibkarın və ya kommersiya təşkilatının qeydiyyatından qanunsuz olaraq imtina etmə və ya onların qeydiyyatından boyun qaçırma, müəyyən fəaliyyət növünü həyata keçirmək üçün xüsusi razılığın (lisenziyanın) verilməsindən qanunsuz olaraq imtina etmə və ya onun verilməsindən boyun qaçırma, təşkilati-hüquqi və ya mülkiyyət formasından asılı olmayaraq fərdi sahibkarın və ya kommersiya təşkilatının hüquqlarını və ya qanuni maraqlarını məhdudlaşdırma, habelə fərdi sahibkarın və ya kommersiya təşkilatının müstəqilliyini qanunsuz məhdudlaşdırma və ya onların fəaliyyətinə başqa cür qanunsuz müdaxilə etmə, bu əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən sui-istifadə etməklə törədildikdə, iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

    Eyni əməllər külli miqdarda (yüz min manatdan artıq olan mәblәğdə) ziyan vurmaqla törədildikdə, cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılır.

  • 17 -Sual: Əmtəə nişanlarından qanunsuz istifadə hansı hallarda məsuliyyətə səbəb olur?

    Cavab: Əmtəə nişanı, sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).

    Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunmasına görə, inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
    Həmçinin Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya eynicinsli əmtəələrin adına oxşar adlardan istifadə olunması xeyli miqdarda (iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləğdə) ziyan vurduqda, cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
    Eyni əməllər, külli miqdarda (yüz min manatdan artıq olan məbləğdə) ziyan vurduqda, cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç mislindən beş mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

     

  • 18 -Sual: Kimlər yaxın qohumlar hesab olunarlar?

    Cavab: Babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar,ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr yaxın qohumlardır. Qohumlar isə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığfa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumlarıdır.

    Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz.

  • 19 -Sual: Bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma məsuliyətə səbəb ola bilərmi?

    Cavab: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə, yüz manat məbləğində cərimə edilir.

  • 20 -Sual: İnformasiya sorğusu hansı müddətdə icra olunmalıdır ?

    Cavab: “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü maddəsinə əsasən, informasiya sorğusu (informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciət) ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz

    operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.
    İnformasiya sorğusunın “İnformasiya əldə etmək haqqında” Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır. Qanunun 24.4-cü maddəsində göstərilən hallarda (əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa) sorğunun icra müddəti çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən təqdim edildiyi günün sonrakı iş günündən, Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan hallarda (23.1. sorğu edilən informasiya informasiya sahibində yoxdursa) isə sorğunun baxılma müddəti ilk daxil olduğu tarixdən deyil, göndərildiyi müvafiq informasiya sahibinə daxil olduğu günün sonrakı iş günündən hesablanır. İnformasiya sahibi həddən çox sorğu aldıqda və bu səbəbdən informasiyanı hazırlamaq üçün əlavə vaxt tələb olunduqda və ya sorğunun mahiyyətini dəqiqləşdirmək, yaxud informasiyanın aydınlaşdırılması üçün çoxsaylı sənədləri araşdırmaq lazım gəldikdə, o, “İnformasiya əldə etmək haqqında” Qanunla nəzərdə tutulmuş icra müddətini əlavə olaraq 7 iş günü də uzada bilər. İnformasiya sahibi sorğuçuya müddətin uzadıldığı barədə səbəblərini göstərməklə 5 iş günü ərzində məlumat verir.

  • 21 -Sual: Könüllü fəaliyyət münasibətləri necə rəsmiləşdirilir?

    Cavab: Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə, müqavilə bağlayan tərəflər haqqında məlumatlar, tərəflərin hüquq və vəzifələri,

    görüləcək işlər və göstəriləcək xidmətlər, müqavilənin müddəti, tərəflərin məsuliyyəti, müqaviləyə xitam verilməsi qaydası göstərilir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə bu Qanunun məqsədlərinə uyğun olaraq digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur. Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin
    təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

  • 22 -Sual: Könüllü fəaliyyət nədir? Və bu fəaliyyət hansı qanunvericilik aktı ilə tənzimlənir?

    Cavab: Könüllü fəaliyyət, ölkə qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Könüllü, öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. Könüllü fəaliyyətin təşkilatçısı, könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Əvəzi ödənilməyən fəaliyyət isə, əmək haqqı ödənilməyən fəaliyyətdir. Bu fəaliyyət isə “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının 9 iyun 2009-cu il tarixli Qanun ilə tənzimlənir. Həmin Qanun isə hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləyir.Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz. Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir. Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir. Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.

  • 23 -Sual: Könüllü fəaliyyətin istiqamətləri hansılardır?

    Cavab: Könüllü fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

    -əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi;
    -insanpərvərliyin və dözümlülüyün təbliği;
    -istehlakçıların hüquqlarının qorunması;
    -hüquqi və mədəni maarifləndirmə;
    -uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı;
    -idmanın inkişafı;
    -xəstəliklər və epidemiyalar barədə məlumatlandırma;
    -sağlam həyat tərzinin təbliği;
    -ətraf mühitin mühafizəsi;
    -tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması;
    -silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər
    fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər
    çəkmiş şəxslərə yardım göstərilməsi;
    -cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz
    qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi;
    Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri.

     

  • 24 -Sual: Könüllü fəaliyyətin təşkilatçılarının hüquq və vəzifələri nədən ibarətdir?

    Cavab: Könüllü fəaliyyətin təşkilatçıları “Könüllü fəaliyyət haqqında” Qanunla nəzərdə tutulmuş qaydada şəxsləri könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb etmək, bu Qanunla müəyyənləşdirilmiş qaydada və əsaslarla könüllülərlə bağlanmış müqaviləyə xitam vermək, könüllülərdən müqavilədən irəli gələn öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, görülmüş işlər haqqında könüllülərdən məlumat və ya hesabat almaq, könüllü fəaliyyət həyata keçirilərkən könüllü tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görmək hüquqlara malikdir. Könüllü fəaliyyətin təşkilatçılarının vəzifələri könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə bağlamaq, könüllülərə onların hüquq və vəzifələrini izah etmək, onları təlimatlandırmaq, könüllü fəaliyyətin həyata keçirilməsi haqqında informasiyanı açıqlamaq, könüllü fəaliyyətin nəticələri barədə məlumat vermək, könüllünün tələbi ilə könüllü fəaliyyət haqqında müvafiq arayışlar vermək, könüllüləri yerinə yetirəcəkləri işin həyat və sağlamlıq üçün təhlükəli olması barədə məlumatlandırmaq, könüllünün həyat və sağlamlığını sığorta etmək, könüllüləri həyat və sağlamlıq üçün təhlükəli işlərə göndərərkən onların texniki təhlükəsizliklə bağlı müvafiq təlim keçmələrini təmin etmək, könüllü fəaliyyətin təşkili üçün tələb olunan hüquqi, təşkilati və texniki məsələləri həll etmək, könüllülərə qarşı ayrı-seçkiliyə yol verməmək və könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməkdən ibarətdir.

  • 25 -Sual: Könüllülərin hüquq və vəzifələri nədən ibarətdir?

    Cavab: Könüllülər müqaviləyə uyğun olaraq həyat və sağlamlığının mühafizəsini təmin edən əmək şəraitinin yaradılmasını, zəruri hallarda isə əməyin mühafizəsinin normaları və qaydaları haqqında təlim keçirilməsini tələb etmək, könüllü fəaliyyətin şərtləri və xarakteri haqqında informasiya əldə etmək,

    könüllü fəaliyyət haqqında informasiya yaymaq, könüllü fəaliyyətin təşkilatçılarından görülən işlərin yeri, həcmi, xarakteri və vaxtı göstərilməklə, könüllü fəaliyyət haqqında yazılı arayış almaq, könüllü fəaliyyət könüllünün daimi yaşadığı yaşayış məntəqəsinin hüdudlarından kənarda həyata keçirildikdə gündəlik xərclərin ödənilməsini könüllü fəaliyyətin təşkilatçılarından tələb etmək, könüllü fəaliyyəti həyata keçirərkən həyatına və sağlamlığına dəymiş zərərin əvəzini könüllü fəaliyyətin təşkilatçılarından almaq, sığorta olunmaq və öz əmlakından istifadəyə görə kompensasiya almaq hüququna malikdirlər Şəxsin
    könüllü fəaliyyətlə məşğul olması ünvanlı dövlət sosial yardımının alınmasına, habelə ona işsizlik müavinətinin ödənilməsinin dayandırılmasına və ya xitam verilməsinə səbəb olmur. Könüllünün əsas vəzifələri aşağıdakılardır:
    -işlərin görülməsi üçün cəlb edildikdə könüllü fəaliyyətin təşkilatçıları ilə müqavilə bağlamaq;
    -Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əməyin mühafizəsi və təhlükəsizlik
    qaydalarına riayət etmək;
    -fəaliyyət göstərdiyi təşkilatın intizam qaydalarına riayət etmək;
    -könüllü fəaliyyət təşkilatçılarının tələbi ilə könüllü fəaliyyət haqqında məlumat və ya hesabat
    təqdim etmək;
    -könüllü fəaliyyət haqqında müqavilənin şərtlərinə və könüllü fəaliyyətin təşkilatçılarının
    müqavilənin şərtlərinə uyğun göstərişlərinə əməl etmək;
    -vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
    -Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş konfidensial informasiyanı gizli
    saxlamaq

  • 26 -Sual: Övladlığa götürmə məsuliyyətə səbəb ola bilərmi?

    Cavab: Yalnız qanunsuz olaraq övladlığa götürmə məsuliyyətə səbə olur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən, uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə, min beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq niyyətlə yayma, min beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 27 -Sual: Özgənin uşağını dəyişdirmə məsuliyyətə səbəb ola bilərmi?

    Cavab: Bəli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 172-ci maddəsinə əsasən, tibb müəssisələrində uşağın mühafizəsi və ya ona qayğı göstərilməsi vəzifəsini daşıyan şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını dəyişdirmə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 28 -Sual: Qadını nikaha daxil olmağa məcbur etmə məsuliyyətə səbəb ola bilərmi?

    Cavab: Bəli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 176-1- ci maddəsinə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə, iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə isə, üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 29 -Sual: Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 216-cı maddəsinə əsasən, insanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 30 -Sual: Təsərrüfat əkinlərinin korlanması hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsinə əsasən, əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya digər üsullarla onların korlanmasına görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir.

  • 31 -Sual: Torpaq istifadəçiləri və icarəçiləri hansı hüquqlara malikdirlər?

    Cavab: Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə əsasən, torpaq istifadəçiləri vəicarəçiləri torpaqdan təyinatı üzrə istifadə etmək, qadağan edilmiş bitkilər istisna olmaqla, kənd təsərrüfatı bitkilərinin əkinləri və istehsal edilmiş məhsul üzərində mülkiyyət hüququnu həyata keçirmək, torpaq sahəsində geniş yayılmış faydalı qazıntılardan, su ehtiyatlarından öz təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə etmək, torpağın verilməsi şərtlərinə müvafiq surətdə istehsal təyinatlı müvəqqəti yardımçı tikililər və qurğular ucaltmaq, torpaqdan istifadəyə və ya icarəyə xitam verildikdə torpaqda öz hesabına aparılmış yaxşılaşdırma işlərinin dəyərini və əldən çıxmış mənfəətin əvəzini qanunvericiliklə müəyyən olunmuş qaydada almaq və Torpaq Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini başqasının müvəqqəti istifadəsinə və icarəsinə (subicarəyə) vermək və qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyəti həyata keçirmək hüququna malikdirlər.

  • 32 -Sual: Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri nədən ibarətdir?

    Cavab: Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə əsasən, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etmək, təbiətqoruyucu istehsal texnologiyalarını tətbiq etmək, təsərrüfat fəaliyyətində ərazinin ekoloji vəziyyətinin pisləşməsinə yol verməyə, torpaqlarda Torpaq Məcəlləsində nəzərdə tutulmuş kompleks mühafizə tədbirlərini həyata keçirməyə, torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariya- gigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirməyə, torpaq sahəsi ilə bağlı öhdəliklərə, məhdudiyyətlərə, torpaq üzərində qoyulmuş servitutlara əməl etməyə, torpaq vergisini və ya icarə haqqını vaxtında ödəməyə, başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamağa, torpaq sahəsində olan mərzləri, təbiət abidələrini, geoloji təzahürləri, geodeziya-istinad məntəqələrini və yerüstü nişanlarını, meteoroloji şəbəkələri və ölçü vasitələrini, habelə meliorasiya və irriqasiya sistemlərini qoruyub saxlamağa, torpağın istifadəsi vəziyyətinə dair müəyyən edilmiş məlumatları müvafiq orqanlara vaxtında verməya və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirməya borcludurlar.

  • 33 -Sual: Nəqliyyat vasitələri hansı hallarda saxlanıla bilər?

    Cavab: Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinə əsasən İnzibati Xətalar Məcəlləsinin 346.1 (dayanma və ya durma qaydalarını pozma) və 346.2-ci (ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması) maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi halda (əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyildirsə), həmçinin İnzibati Xətalar Məcəlləsinin 96.1-ci maddəsində göstərilən hallarda (fiziki şəxslərin nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılması hallarında) nəqliyyat vasitəsi müvəqqəti olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası DİN) mühafizə olunan duracağında saxlanılır.

    Nəqliyyat vasitəsinin saxlanılması səbəbi aradan qaldırıldığı barədə lazımi sənədlər təqdim edildikdən və ya xətaya görə inzibati tənbeh verildikdən, nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqq ödənildikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

     İnzibati Xətalar Məcəlləsinin 353-cü maddəsində nəzərdə tutulmuş (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması) inzibati xəta törədildiyi halda nəqliyyat vasitəsinin nəzarət məntəqəsində saxlanılması üçün haqq ödənildikdən sonra, saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır.

    Nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası DİN) mühafizə olunan duracağına gətirilmişdirsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə plastik kart və ya internet vasitəsilə ödəyə bilər. Bu halda sürücüyə müvafiq inzibati xəta haqqında protokolun, inzibati tənbeh tətbiq etmə haqqında qərarın surəti verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Nəqliyyat vasitəsi onun saxlanılması barədə qərara əsasən müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilmişdirsə, bu qərarın surəti də sürücüyə verilir. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə, inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

    Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədləri ünvan sahibinə onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmaması və onunla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin olmaması səbəbindən 10 gün müddətində İnzibati Xətalar Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş (inzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi) qaydada çatdırmaq mümkün olmadıqda, həmin sənədlərin surətinin verilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası DİN) tərəfindən nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda saxlanılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sənədlərin surəti təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır.

    Nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xəta haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edən şəxsə verilir.

  • 34 -Sual: Nəqliyyat vasitələrinin istismarı hansı hallarda qadağan edilir?

    Cavab: Azərbyacan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən qadağan edilir.

     

  • 35 -Sual: Sürücü hansı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır?

    Cavab: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır:

    -dayandırılmış nəqliyyat vasitəsini idarə edən şəxsdə və onunla birlikdə gedən sərnişinlərdən hər hansı birində sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, yaxud həmin nəqliyyat vasitəsini idarə etmək hüququ verən digər əsas olmadıqda;-nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə;-dayandırılmış nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrəsi nəqliyyat vəsitəsinin qeydiyyat şəhadətnaməsindəki rəqəmlərə uyğun gəlmədikdə;-dayandırılmış nəqliyyat vasitəsi alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olmasına güman etməyə kifayət qədər əsas olan şəxs tərəfindən idarə olunduqda və onunla birlikdə gedən sərnişinin nəqliyyat vasitəsini idarə etmək hüququ olmadıqda;-nəqliyyat vasitəsində normativ tələblər pozulmaqla avadanlıq quraşdırıldıqda və ya dəyişdirildikdə, nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklər çəkildikdə, nəqliyyat vasitəsi müvafiq icazə olmadan xüsusi səs (çoxavazlı) və ya sayrışan işıq siqnalları ilə təchiz edildikdə, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda;-yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarınyaxud İnzibati Xətalar Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan (iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə) inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində icra edilməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barədə məhkəmə və ya müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası DİN) qərarı olduqda;– İcazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri ümumi istifadədə olan avtomobil yollarında idarə edildikdə.
  • 36 - Sual: Yetkinlik yaşına çatmayanın sərxoşluq vəziyyətinə gətirilməsi hansı məsuliyyətə səsbəb olur?

    Cavab: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsinə görə altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

  • 37 - Sual: Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səsküyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

  • 38 -Sual: Şəxsin inzibati qaydada tutulması müddətləri qanunvericiliklə necə tənzimlənir?

    Cavab: Azərbaycan Respublikasının İnzibti Xətalar Məcəlləsinin 89-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2 – 89.4-cü maddələri (89.2. Sərhəd rejimini, sərhədboyu (sərhədboyu zolaq) rejimini və ya Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrində rejimi pozduğuna, avaralıqla məşğul olduğuna, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qanunsuz qalmalarına, habelə ölkədə olma qaydalarını pozmalarına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs törətdiyi xətanın hallarını, habelə onun şəxsiyyətini müəyyən etmək üçün, yaxud əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda  inzibati qaydada tutma 24 saatadək müddətə və ya inzibati xəta törədənin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, hakimin qərarı ilə üç günədək müddətə tutula bilər.

    89.3. Fövqəladə vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda – komendant saatı bitənədək və ya onun üzərində şəxsiyyətini təsdiq edən sənəd olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda – tutulanın şəxsiyyəti müəyyən edilənədək müddətə inzibati qaydada tutula bilər.

    89.3-1. Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasında fiziki şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda – tutulanın şəxsiyyəti müəyyən edilənədək, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan şəxslərin qanuni tələblərinə mane olmağa yönəlmiş hərəkətlər törədən şəxslər isə 48 saatadək inzibati qaydada tutula bilər.

    89.4. Barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157(Döymə), 206(Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 227(Xırda talama ), 513(Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması), 517-1(Dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zonasının hüquqi rejiminin tələblərinin pozulması)  və ya 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər.) istisna olunmaqla, üç saatdan çox ola bilməz.

    İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Fövqəladə vəziyyət rejiminin müddəti bitdikdə, bu rejimin tələblərinin pozulması ilə əlaqədar inzibati qaydada tutulan şəxslər dərhal azad olunurlar. İnzibati qaydada tutma barədə qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edilə bilər.

    İnzibati xəta törətmiş şəxs inzibati qaydada tutulduqda bu barədə protokol tərtib edilir.  Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır. Tutulmuş şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Protokolun surəti tutulmuş şəxsə verilir.

    Səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati qaydada tutulmuş şəxsin bu Məcəllə ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirləri görür:

    -tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirmək, onun hüquqlarını izah etmək;

    -tutulmuş şəxsi inzibati xəta haqqında protokolla tanış etmək;

    -tutulmuş şəxsin xahişi ilə onun yaxın qohumlarına, işlədiyi və ya təhsil aldığı yerin müdiriyyətinə, yaxud vəkilinə məlumat vermək;

    -tutulmuş yetkinlik yaşına çatmayanın valideynlərinə və ya digər qanuni nümayəndələrinə dərhal məlumat vermək;

    -tutulmuş şəxslə davranışda onun şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmaq;

    -tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq;

    -tutulmuş şəxsin öz vəkili olmadıqda, ona müvəqqəti saxlama yeri üzrə ərazidəki vəkil qurumlarında fəaliyyət göstərən vəkillərin siyahısını təqdim etmək, seçilmiş vəkillə əlaqə saxlamaq və onunla görüşmək imkanı yaratmaq.

  • 39 - Sual: Şəxsiyyət vəsiqəsinin, pasportun qanunsuz alınması və ya girov götürülməsi hər hansı bir məsuliyyətə səbəb ola bilərmi?

    Cavab: Bəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən (dəyişdirilməsindən) əsassız imtina edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görəbeş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

    Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onun verilməsində süründürməçiliyə yol verilməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

    Həmçinin dənizçinin şəxsiyyət sənədinin verilməsindən (dəyişdirilməsindən)  əsassız imtina edilməsinə, verilməsi (dəyişdirilməsi) üçün dənizçidən qanunvericilikdə nəzərdə tutulmayan əlavə sənədlər tələb olunmasına və ya şəxsiyyət sənədinin verilməsində (dəyişdirilməsində) süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə, habelə onun verilməsi qaydalarının pozulmasına görə isə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

  • 40 - Sual: Doğumun qeydə alınması qaydasının pozulması hər hansı bir məsuliyyətə səbəb ola bilərmi?

    Cavab: Ailə qanunvericiliyinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onların biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda, məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir.

    Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülür. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanı, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün Ailə  Məcəlləsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.  Valideynlərin arzusu ilə doğumun qeydiyyatı təntənəli şəraitdə aparıla bilər.

    Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat Ailə Məcəllənə uyğun yazılır. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır.

    Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə, vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

    Həmçinin doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə, vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

    O cümlədən üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsində müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə, xəbərdarlıq edilir və ya on manat məbləğində cərimə edilir.

  • 41 - Sual: İstifadə edilmiş elektrik enerjisinin pulu vaxtında ödənilmədikdə elektrik enerjisinin verilməsini dayandırmaq qanunidirmi?

    Cavab: İstifadə edilən enerjiyə görə ödənilməli olan pul məbləğinin əks olunduğu müvafiq bildirişi aldıqdan sonra istehlakçı həmin məbləği bir ay müddətində tam ödəmədikdə, “Elektroenergetika haqqında” Qanunun 11-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiqlənmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən (9.13.2. enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə) enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandımaq hüququna malikdir.

    Lakin enerji təchizatı müəssisəsi bu hüququnu həyata keçirərkən iki mühüm şərtə əməl etməlidir. Birincisi, istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması yalnız fərdi qaydada həyata keçirilməli, elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. İkincisi, elektrik enerjisinin verilməsi dayandırılmazdan əvvəl enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə yazılı bildiriş təqdim etməlidir. “Elektroenergetika haqqında” Qanunun 11-ci maddəsinə (Maddə 11. İstehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Elektrik və istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisinin verilməsinin dayandırılması qadağandır.) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiqlənmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-1-ci bəndinə əsasən (9.13-1. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.) yazılı bildirişgöndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır.

  • 42 - Sual: Əmək və icra intizamının pozulmasına görə işçiyə hansı intizam məsuliyyəti tətbiq oluna bilər?

    Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işəgötürən və işçi Əmək Məcəlləsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

    İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan (əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək), həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət verə, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edə və əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ləğv edə bilər.

    İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

    İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftişinin aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz.

    İntizam tənbehi yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.

  • 43 - Sual: Hansı yerlərdə tütün çəkilməsi qadağandır?

    Cavab: “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində, ticarət və məişət obyektlərində, sosial xidmət müəssisələrində, yerləşdirmə vasitələrində, teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava və su nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində,  taksafonlarda, yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində və mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

    Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri yuxarıda qeyd yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

    Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchiz edilməlidir.

  • 44 - Sual: İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə hansı məsuliyyətə səbəb ola bilər?

    Cavab: Ökəmizdə ictimai münasibətlər, istehsal vasitələri və  cəmiyyət inkişaf etdikcə elmi texniki tərəqqi və elmi texniki inkişaf mövcud qanunvericiliyə, o cümlədən cinayət qanunvericiliyinə də sirayət edir. Belə olan təqdirdə cinayət qanunvericiliyi də dövrün tələblərinə, informasiya texnologiyalarının inkişaf tempinə uyğun şəkildə redaktə edilərək təkmilləşdirilir. Müasir internet texnologiyalarının məhsulu olan şəbəkələr və sosial informasiya resurslarından istifadə zamanı qanunsuzluqlara yol verilməsi faktları  nəzərə alınaraq Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə 29 noyabr 2016-cı il tarixli Qanunla internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə adlanan 148-1-ci maddə əlavə edilmişdir. Qanunla internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə əməlləri  cinayət əməli hesab edilir.

    İnternet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətinin eyniləşdirməyə imkan verməyən, yəni ad, soy ad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumat gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar profil və ya hesablar isə saxta istifadəçi adlar, profil və ya hesablar hesab olunur. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə əməlini  törətmiş şəxs və ya şəxslər cinayət qanunvericiliyi ilə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə  cəzalandırılırlar.

  • 45 - Sual: İstehlakçının tələblərini ödəməyən malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququ varmı?

    Cavab: Bəli, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər.

    İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

    Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir.

  • 46 - Sual: İtirilmiş sənədlər üzrə onları təqdim edən şəxsin hüquqlarının bərpa edilməsi hansı qaydada həyata keçirilir?

    Cavab: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 327-ci maddəsinə  əsasən adsız qiymətli kağızı və ya orderli qiymətli kağızı  itirmiş şəxs, qanunda göstərilmiş hallarda, itirilmiş sənədin etibarsız hesab edilməsi və həmin sənədlər üzrə hüquqların bərpa edilməsini məhkəmədən xahiş edə bilər. Sənəd üzrə hüquqlar, həmçinin onun lazımi qaydada saxlanılmaması nəticəsində və ya digər səbəbdən sənədin ödəmə qabiliyyətini göstərən əlamətlər itirildikdə, bərpa edilə bilər. İtirilmiş adsız sənədin etibarsız hesab edilməsi haqqında ərizə sənədi vermiş idarənin (şəxsin) olduğu yerin məhkəməsinə verilir. Ərizədə itirilmiş sənədin fərqləndirici əlamətləri, sənədi vermiş idarənin (şəxsin) adı göstərilməli, habelə sənədin itirildiyi şərait şərh edilməlidir. Hakim sənədin itirilməsi haqqında ərizəni qəbul etdikdən sonra, sənəd üzrə vəsait ödəməni və ya verməni sənədi vermiş idarəyə (şəxsə) qadağan etmək, habelə ərizəçinin hesabına mətbuatda elan vermək barədə qərardad çıxarır və qərardadın surətini sənədi vermiş idarəyə (şəxsə), qeydiyyat siyahısını saxlayana, qeydiyyatı aparana göndərir.

    Qərardadda elanın məzmununda sənədin itirilməsi haqqında ərizənin daxil olduğu məhkəmənin adı, ərizə vermiş şəxs və onun ünvanı,  sənədin adı və fərqləndirici əlamətləri, itirilməsi barədə müraciət edilmiş sənədə dair elan verilən gündən 3 ay müddətində həmin sənədə dair öz hüquqları haqqında məhkəməyə ərizə verməyin sənədi saxlayana təklif edilməsi göstərilməlidir.

    Qərardad çıxarmaqdan imtina etməkdən xüsusi şikayət verilə bilər. İtirilməsi haqqında ərizə verilmiş sənədi saxlayan, elan verilən gündən 3 ay müddətində qərardad çıxarmış məhkəməyə, sənədə dair öz hüquqları haqqında ərizə verməli və bu zaman sənədin əslini təqdim etməlidir. Elan verilən gündən 3 aylıq müddət qurtarana qədər məhkəməyə sənədi saxlayandan ərizə daxil olduqda, məhkəmə sənədi itirmiş şəxsin ərizəsini baxılmamış saxlayır və sənədi vermiş idarə (şəxs) tərəfindən sənəd üzrə ödəmə və verməni müəyyən müddətdə qadağan edir. Hakim eyni zamanda ərizəçiyə həmin sənədi saxlayana qarşı həmin sənədi tələb etmək barədə ümumi qaydada iddia vermək hüququnu, sənədi saxlayana isə hakimin qadağanedici tədbirlərlə vurulmuş zərəri onun ərizəçidən almaq hüququnu izah edir.

    Hakim itirilmiş sənədin etibarsız hesab edilməsi haqqında işə, sənədi saxlayanın yuxarıda qeyd etdiyimiz ərizəsi daxil olmazsa, elanın dərc edildiyi gündən 3 ay keçdikdən sonra baxır. Məhkəmə ərizəçinin xahişini təmin etdikdə, itirilmiş sənədi etibarsız hesab edən qətnamə çıxarır. Bu qətnamə ərizəçiyə əmanətin və ya etibarsız hesab edilən sənədin əvəzində yenisini vermək üçün əsasdır. Sənədi saxlayan həmin sənəd üzrə öz hüquqları haqqında hər hansı səbəbə görə vaxtında məlumat verməmişsə, sənədin etibarsız hesab edilməsi haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra itirilmiş sənədin əvəzində yeni sənəd almaq hüququ verilən şəxsə əmlakın əsassız əldə edilməsi və saxlanması haqqında iddia verə bilər.

  • 47 - Sual: Ölkəmizdə nikahın bağlanması üçün hansı şərtlər tələb olunur?

    Cavab: Ölkəmizdə nikah yaşı 18 yaş müəyyən olunmuşdur. Üzrlü səbəblər olduqda isə, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığıAilə  Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.

    Aşağıdakı şəxslər arasında isə nikahın bağlanmasına yol verilmir:

    -yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və ya anası olan) qardaş və bacılar);

    -övladlığa götürənlər və övladlığa götürülənlər;

    -ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

    -tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;

    -ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

    Yuxarıda göstərilən hallarda nikah bağlanıla bilməz.

  • 48 - Sual: Qanunsuz küçə ticarəti hər hansı bir məsuliyyətə səbəb ola bilərmi?

    Cavab:  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəclləsinin 454-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə, səksən manat məbləğində cərimə tətbiq edilir.

  • 49 - Sual: Qüsuru olan mal satılarkən istehlakçının hüquqları nədən ibarətdir?

    Cavab: İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

    -lazımi keyfiyyətli mala dəyişdirməyi;

    -satış qiymətini uyğun məbləğdə azaltmağı;

    -malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

    -malın, həmin mala uyğun digər modelli (markalı, tipli və s.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

    -müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

    Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir.

    İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir. Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı (istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər.

    Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və s.) mala dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli və i. a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır.

    İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır. Belə hallarda istehlakçı ilə hesablaşma bu maddənik 4-cü bəndində göstərilən qaydada aparılır.

    İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir.

    İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir. İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir.

    İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi xərcləri ödəməlidir.

    Ölkədən kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış mallar barəsində bu maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının hesabına ödənilir.

    Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir.

  • 50 - Sual: Torpaq mülkiyyətçiləri hansı hüquqlara malikdirlər?

    Cavab: Torpaq mülkiyyətçilərinin hüquqlara Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə tənzimlənir. Belə ki, Torpaq Məcəlləsninin 80-ci maddəsinə əsasən, torpaq mülkiyyətçiləri torpaqdan müstəqil təsərrüfatçılıq əsasında istifadə etmək, öz torpaq sahəsində olan meşə örtüyündən, geniş yayılmış faydalı qazıntılardan və su ehtiyatlarından təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə etmək, torpağın itirilmiş təbii münbitliyinin bərpası və digər səbəblərlə əlaqədar müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən əkin dövriyyəsindən müvəqqəti çıxarılan (dincə qoyulan) torpaq sahələrinə görə əvəz almaq, torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət təyinatlı və digər tikililər və qurğular inşa etmək, torpağın geri alındığı və torpaq sahəsindən könüllü imtina edildiyi hallarda torpağın keyfiyyətinin yaxşılaşdırılmasına çəkilən xərclərin əvəzini, torpağın Torpaq Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada hesablanmış dəyərini və ya onun naturada əvəzini almaq, qanunvericilikdə müəyyən edilmiş qaydada yerquruluşu layihələrinə və təbiəti mühafizə tələblərinə uyğun olaraq torpaq sahələrində meliorasiya işləri aparmaq, gölməçələr və digər sututarlar yaratmaq, Torpaq Məcəlləsi və digər normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir hissəsini istifadəyə və ya icarəyə vermək və qanunvericilikdə müəyyən olunmuş qaydada torpağı satmaq, bağışlamaq, dəyişmək, girov (ipotekaya) qoymaq, nizamnamə (pay) fonduna, habelə vərəsəliyə və irsən vermək və onunla əlaqədar qanunvericiliklə qadağan edilməmiş digər əqdlər bağlamaq və fəaliyyətlə məşğul olmaq hüququna malikdirlər.

  • 51 - Sual: Torpaq sahəsi dəyişdirilə və ya bağışlana bilərmi?

    Cavab: Bəli, Azərbaycan Respublikasının torpaq qanunvericliyinə əsasən, xüsusi mülkiyyətdə olan torpaq sahələri Mülki Məcəlləyə uyğun olaraq hər hansı nisbətdə bir-biri ilə dəyişdirilə bilər. Dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahələrindən istifadə və ya icarə hüquqları əsasında istifadə edənlər müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin razılığı ilə həmin torpaq sahələrini başqalarının həmin ərazidəki istifadə və ya icarə hüququnda olan torpaq sahələri ilə dəyişdirə bilərlər. Torpaq sahəsinin dəyişdirilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

    Həmçinin torpağın mülkiyyətçisi Mülki Məcəllədə müəyyən edilmiş qaydada və formada bağışlama müqaviləsi ilə həmin torpaq sahəsini və ya onun bir hissəsini əvəzsiz olaraq Azərbaycan Respublikasının hər hansı vətəndaşının və ya hüquqi şəxsin, habelə dövlətin və ya bələdiyyənin mülkiyyətinə verə bilər. Dövlət və ya bələdiyyə torpaqlarının bağışlanmasına yol verilmir. Bu torpaqlar üzərində istifadə və icarə hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada bağışlana bilər. Torpaq sahəsinin bağışlanması qaydaları Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.

    Mülkiyyətçi öldükdə ona məxsus olan torpaq sahəsinin hamısı və ya onun bir hissəsi üzərində olan mülkiyyət hüququ vərəsəlik qaydasında vəsiyyət üzrə və ya qanun üzrə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada və formada başqa şəxslərə (vərəsələrə) keçir. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan torpaq dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, həmin müəssisənin mülkiyyətinə keçir. Dövlət və bələdiyyə torpaqları yalnız istifadə və icarə hüquqları əsasında vərəsələrə keçə bilər. Torpaq sahəsi vərəsəlik qaydasında yetkinlik yaşına çatmamış şəxsə keçdikdə, onun qanuni müvəkkilləri həmin torpaq sahəsini vərəsə yetkinlik yaşına çatana qədər icarəyə verə bilərlər.

  • 52 - Sual: Torpaq sahəsi ilə bağlı əqdlərin rəsmiləşdirilməlidirmi?

    Cavab: Bəli, Azərbaycan Respublikasının torpaq qanunvericliyinə əsasən, torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir.

    Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, müqavilədə aşağıdakılar göstərilməlidir:

    -müqavilənin tərəfləri;

    -müqavilənin növü;

    -müqavilənin predmeti, torpaq sahəsinin planı və ölçüsü, məhdudiyyətlər və servitutlar da daxil olmaqla torpaq sahəsinin hüquqi rejimi, dövlət torpaq reyestrində qeydiyyat nömrəsi, torpaq sahəsində yerləşən daşınmaz əmlak barədə məlumatlar (tikililər, qurğular, çoxillik əkmələr, sututarlar və digər obyektlər);

    -müqavilənin bağlanmasından əvvəl torpaq sahəsinin və onun üzərində yerləşən daşınmaz əmlakın əldə edilməsinin əsasları (alqı-satqı, vərəsəlik, bağışlama və ya digər əsas);

    -torpaq sahəsi və onunla bağlı olan daşınmaz əmlaka dair qadağalar qoyulması (əmlakın həbs edilməsi və ya digər səbəb nəticəsində) barədə qeydlər;

    -torpaq sahəsi üzərində üçüncü şəxslərin məhdudiyyət öhdəliklərinin olub-olmaması barədə göstərişlər (ipoteka, icarə, xüsusi istifadə rejimi, servitutlar və digər göstərişlər);

    -torpaq sahəsi üzərində hüquqların verilməsi tarixi;

    -əqdin qiyməti və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq edilmiş ərizələri;

    -tərəflərin öhdəlikləri.

  • 53 - Sual: Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi məsuliyyətə səbəb ola bilərmi?

    Cavab: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən, torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə, fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə isə, fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

  • 54 - Sual: Torpaqlardan təsərrüfatsızcasına istifadə edilməsi məsuliyyətə səbəb ola bilərmi?

    Cavab: Bəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinni 245-ci maddəsinə əsasən, torpaqları yaxşılaşdırmaq və onları külək, su eroziyasından və torpaqların münbitliyini pisləşdirən digər proseslərdən mühafizə etmək üçün məcburi tədbirlərin görülməməsinə görə, fiziki şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

    Torpağın vəziyyətinə zərərli təsir göstərən obyektlərin layihələndirilməsinə, tikilməsinə və istismara verilməsinə görə isə, fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

  • 55 - Sual: Torpaqların (meşə fondu torpaqlarının) zibillənməsi və korlanması hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respubliasının inzibati xətalar qanunvericiliyinə əsasən, torpaqların (meşə fondu torpaqlarının) istehsalat və məişət tullantıları ilə zibilləndirilməsinə və ya kimyəvi, çirkab suları ilə çirkləndirilməsinə, yaxud bakterial-parazitik və zərərli karantin orqanizmləri ilə yoluxdurulmasına görə, fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadəkməbləğdə cərimə edilir.

    Torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanmasına görə isə, fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

  • 56 - Sual: Uşaqlar hansı qaydada övladlığa götürülə bilərlər?

    Cavab: Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında (Ədliyyə Nazriliyinin rayon (şəhər) qeydiyyat şöbələrində) qeydə alındıqdan sonra yol verilir. Bir uşaq iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülə bilməz. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.

    Uşağın mənafeyinə cavab verən hallar istisna olmaqla, qardaş və bacıların müxtəlif şəxslər tərəfindən övladlığa götürülməsinə yol verilmir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən uşaqların övladlığa götürülməsinə, həmin uşaqları Azərbaycan Respublikası ərazisində daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ailələrinə tərbiyəyə vermək mümkün olmadıqda və ya vətəndaşlığından və yaşayış yerindən asılı olmayaraq qohumları (bacıları, qardaşları, nənələri, babaları, valideynlərinin bacıları, qardaşları, onların övladları) övladlığa götürmədikdə icazə verilir.

    Uşaqlar Azərbaycan Respublikasından daimi olaraq kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarına, uşaqların qohumu olmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 115.5-ci maddəsinə uyğun olaraq (115.5. Müvafiq icra hakimiyyəti orqanı (Səhiyyə və təhsil nazrlikləri)valideyn himayəsindən məhrum olan uşaqlar haqqında məlumatları mərkəzləşdirilmiş uçota alır, ümumi uçota alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir, bundan sonra onların tərbiyə olunmaq üçün ailələrdə yerləşdirilməsinə yardım edir.) ümumi uçota götürüldüyü gündən 6 ay müddət bitdikdən sonra övladlığa verilə bilərlər. Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin) razılığı əsasında yol verilir.

    Övladlığa götürmə uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) verdiyi ərizə əsasında məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmədə övladlığa götürmə barədə işə müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş xüsusi icraat qaydasında baxılır. Övladlığa götürənlərin və övladlığa götürülən uşaqların hüquq və vəzifələri məhkəmənin uşağın övladlığa götürülməsinin müəyyən olunması barədə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən yaranır.

    Məhkəmə uşağın övladlığa götürülməsi barədə qətnamənin qüvvəyə mindiyi gündən 3 gün müddətində bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. Uşağın övladlığa götürülməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada qeydiyyata alınır. Hər hansı şərtlər altında, hər hansı müddətə və ya nümayəndələr vasitəsilə övladlığa götürmə yolverilməzdir. Uşaq öldükdə övladlığa götürməyə yol verilmir.

    Azərbaycan Respublikası vətəndaşı olan uşaqlar əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldükdə, övladlığa götürənlərə hüquqi yardım akkreditə edilmiş orqan tərəfindən həyata keçirilir. Akkreditə edilmiş orqan müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

  • 57 - Sual: Uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələri nədən ibarətdir?

    Cavab: Ölkə Konstitusiyasına əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək validenylərin borcudur. Bu borcun yerinə yetirilməsinə isə dövlət nəzarət edir. Həmçinin Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki və mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlər digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.

    Valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Valideynlərin və uşaqların maraqları arasında ziddiyət yarandığı müəyyən olunarsa, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları) uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir.

  • 58 - Sual: Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi hansı məsuliyyətə səbəb olur?

    Cavab: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına (Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə) yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bununla bağlı Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə 28 aprel 2015-ci il tarixli qanunla dəyişiklik edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində məlumatın verilməməsi üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.

  • 59 - Sual: İnformasiyanın əldə edilməsinə hansı şərtlə icazə verilir?

    Cavab: Ölkəmizdə informasiyanın əldə edilməsi azaddır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsi ilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir.

    “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-1-ci maddəsinə əsasən, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

  • 60 - Sual: İnzibati həbs hansı müddətə tətbiq edilir?

    Cavab: Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.

    Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

  • 61 - Sual: Bilə-bilə yalan xəbərçilik etmə hansı məsuliyyətə səbəb olur?

    Cavab: Bilə-bilə yаlаn хəbərçilik еtmə cinаyətinin ictimаi təhlükəliliyi həmin əməllərin törədilməsi nəticəsində məhkəmə, təhqiqаt və ibtidаi istintаq оrqаnlаrının nоrmаl fəаliyyətinin, hаbеlə аyrı-аyrı şəхslərin əsаssız cinаyət təqibinə məruz qаlmаqlа əlаqədаr rаhаtlığının pоzulmаsıdır. Təhlil еdilən cinаyətin əsаs оbyеkti ədаlət mühаkiməsinin mənаfеyi hеsаb еdilir. Əlаvə оbyеkt qismində vətəndаşlаrın hüquq və qаnuni mənаfеləri çıхış еdir.

    Cinаyət еdilməsi hаqqındа хəbərçilik еtmə dеdikdə, həm bаşа çаtmış cinаyət hаqqındа, həm də cinаyətə hаzırlıq və yа cinаyət еtməyə cəhd hаqqındа məlumаtlаrın müхtəlif fоrmаlаrdа (şifаhi, yаzılı, tеlеfоnlа, şəхsən, vаsitəçinin köməyi ilə və s.) müvаfiq dövlət оrqаnlаrınа və yа vəzifəli şəхslərə çаtdırılmаsı bаşа düşülür. Bu cür məlumаtlаr cinаyət işi bаşlаmаğа hüququ оlаn оrqаnlаrа (məhkəmələrə, prоkurоrluq, təhqiqаt və yа istintаq оrqаnlаrınа), еləcə də vеrgi, gömrük оrqаnlаrınа, hаbеlə üzərinə cinаyətin törədilməsi hаqqındа məlumаtlаrı cinаyət işi bаşlаmаq səlаhiyyəti оlаn оrqаnlаrа və şəхslərə göndərmək vəzifəsi qоyulаn digər hаkimiyyət və idаrəеtmə оrqаnlаrınа çаtdırılır. Şəхsin cinаyət törətməsi hаqqındа məlumаtlаrı üçüncü şəхslərə və yа kütləvi infоrmаsiyа vаsitələrinə vеrməsi təhlil еdilən cinаyət tərkibini yаrаtmır və müvаfiq əlаmətlər оlduqdа böhtаn kimi tövsif еdiləcəkdir.

    Cinаyət еdilməsi hаqqındа хəbərçilik еtmə о hаldа cinаyət hеsаb еdilir ki, vеrilən məlumаt yаlаn оlsun. Məlumаtlаr törədilməmiş, hаzırlаnmаyаn cinаyət, hаbеlə cinаyəti törətməmiş (hаzırlаmаyаn, cəhd еtməyən) şəхs bаrəsində оlduqdа yаlаn hеsаb еdiləcəkdir.  Yаlаn хəbərçilikdə kоnkrеt şəхs və yа cinаyət törətmiş şəхs göstərilə bilər. Yаlnız cinаyət fаktının özü bаrədə məlumаt vеrildikdə də cinаyət tərkibi mövcud оlаcаqdır. Cinаyət törədilməsinin hаllаrının ətrаflı qеyd оlunub-оlunmаmаsının əhəmiyyəti yохdur. Bilə-bilə yаlаn хəbərçilik еtmə cinаyəti məlumаtın ünvаn sаhibi tərəfindən аlındığı аndаn bаşа çаtmış hеsаb еdilir. Şərh еdilən cinаyət subyеktiv cəhətdən birbаşа qəsdlə törədilir. Təqsirkаr cinаyət еdilməsi hаqqındа yаlаn хəbərçilik еtdiyini dərk еdir və bunu еtməyi аrzu еdir. Bu cinаyətin subyеkti 16 yаşınа çаtmış hər hаnsı аnlаqlı şəхs оlа bilər.

    Cinаyət еdilməsi hаqqındа bilə-bilə yаlаn хəbərçilik еtmə, min beş yüz mаnаtdаn üç min mаnаtаdək miqdаrdа cərimə və yа üç yüz iyirmi sааtdаn dörd yüz sааtаdək ictimаi işlər və yа bir ildən iki ilədək müddətə islаh işləri və yа üç ilədək müddətə аzаdlıqdаn məhrum еtmə ilə cəzаlаndırılır.

    Еyni əməllər şəхsin аğır və yа хüsusilə аğır cinаyət törətməkdə ittihаm оlunmаsı və yа süni ittihаm sübutlаrının yаrаdılmаsı ilə bаğlı törədildikdə, iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə аzаdlıqdаn məhrum еtmə ilə cəzаlаndırılır.

  • 62 - Sual: Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma hansı məsuliyyətə səbəb olur?

    Cavab: Məlumat (informasiya) axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq jurnalistlərin qanuni peşə fəaliyyətinin əsas istiqamətləridir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 163-cü maddəsinə əsasən jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə, beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

    Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə isə, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə islah işləri ilə və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Jurnalistin peşə fəaliyyətinə mane olma yalnız o halda yuxarıda qeyd olunan cinayət maddəsinin tərkibini yaradır ki, onun jurnalistik fəaliyyəti qanunvericiliyin yol verdiyi həddə həyata keçirilmiş olsun. Əgər jurnalist öz peşə fəaliyyətini hüquqazidd üsullarla və ya hüquqazidd məqsədlər üçün həyata keçirirsə (məsələn, şəхsiyyət hаqqındа məlumаtın аldаtmа, hədə-qоrхu və bаşqа qаnunsuz vаsitələrlə tоplаnmаsı, şəхsi nüfuzdаn sаlmаq və yа ləkələmək məqsədi ilə məlumаtlаrın yаyılmаsı və s.), bеlə fəаliyyətə mаnе оlmа yuxarıda qeyd olunan cinayətin tərkibini yaratmır.

  • 63 - Sual: Kimlər qanun üzrə vərəsə hesab olunurlar?

    Cavab: Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

    Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

    Birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.

    İkinci növbədə – ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.

    Üçüncü növbədə – həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.

    Dördüncü növbədə – xalalar və bibilər, dayılar və əmilər.

    Beşinci növbədə – xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları.

    Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (alimentlər) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivinin həcmi nəzərə alınmaqla azaldıla bilər.

    Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir.

  • 64-Sual: Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə hər hansı bir məsuliyyət nəzərdə tutulub?

    Cavab: Bəli, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiiliyinə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə, əlli manat məbləğində cərimə edilir. Həmçinin yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi, yüz manat məbləğində cərimə edilir. "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

  • 65-Sual: Ölkəmizə idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələrinin Azərbaycan dilində tərcüməsisini olmaması istehlakçı hüquqlarının pozulması hesab oluna bilərmi?

    Cavab: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. 

    Qanunvericiliyin bu tələblərinin pozulması isə istehlakçı hüquqlarının pozulması hesab olunur.

     

     

  • 66-Sual: Lazımi keyfiyyəti olmayan malın (işin, xidmətin) vurduğu zərərə görə qanunvericilikdə əmlak məsuliyyəti nəzərdə tutulub?

    Cavab: “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna əsasən malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir.

    Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun.

  • 67-Sual: Notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumunun ödənilməsindən hansı hallarda azad olunur?

    Cavab: “Dövlət rüsumu haqqında” Qanuna əsasən notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ödənilmir:

    -doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;

    -təminatlı kreditorun iştirakçısı olduğu girov müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə - təminatlı kreditor və əmlak inzibatçısı;

    -mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə - birinci qrup işləməyən əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, qaçqınlar və məcburi köçkünlər; 

    -Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə - "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;

    -pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə.

  • 68-Sual: Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi necə müəyyən olunub?

    Cavab: Valideynlərin uşaqları saxlamaq  üçün aliment ödəmək vəzifəsi olduğu kimi, yetkinlik yaşına çatmış övladların da valideynlərini saxlamaq vəzifəsi var. Azərbaycan Respublikası Ailə Məcəlləsində göstərilir ki, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərin diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.

    Belə ki, valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər.

    Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, şikəst olduqda, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər.

    Yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla Ailə Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir.

    Müəyyən olunan aliment alimenti ödəməli olan şəxsin qazancından və digər gəlirlərindən tutulur. Qazanc və digər gəlirlər çatışmadıqda aliment onu ödəməli olan şəxsin bankdakı və s. kredit idarələrindəki hesabında olan pul vəsaitindən, eləcə də mülkiyyət hüququnun başqasına verilməsinə səbəb olan müqavilələr istisna olmaqla, müqavilə əsasında kommersiya və qeyri kommersiya təşkilatlarına verilən pul vəsaitindən tutulur. Bu vəsaitlər çatışmadıqda isə tələb aliment ödəməli olan şəxsin qanunla tələb yönəldilə bilən başqa əmlakına yönəldilə bilər.

    Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 190-cı maddəsi ilə valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırmağa görə inzibati məsuliyyət müəyyən olunub. Belə ki, yetkinlik yaşına  çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə, xəbərdarlıq edilir və ya altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

  • 69-Sual: Əmək Məcəlləsinə əsasən sınaq müddəti müəyyən edilməyən hallar hansıdır?

    Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən əmək müqaviləsi bağlanılarkən yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə, təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə,  ödənişli seçkili vəzifəyə seçilən şəxslərə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslər və tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddəti müəyyən edilmir.

  • 70-Sual: Yaşayış sahələrində ümumi istifadə yerlərinin təmiz saxlanmaması hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-cü maddəsinə əsasən, yaşayış sahələrində ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadəkməbləğdə cərimə edilir.

    Yaşayış sahələrinin istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

    Həmçinin yaşayış binalarının, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

  • 71-Sual: Hava nəqliyyatında tütün çəkməyə görə cərimə nəzərdə tutulubmu?

    Cavab: Bəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 299-cu madddəsinə görə hava nəqliyyatında tütün çəkməyə görə- yüz manat məbləğində cərimə edilir.

  • 72-Sual: Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə nə qədər dövlət rüsumu ödənilməlidir?

    Cavab: “Dövlət rüsumu haqqında” Qanuna əsasən sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi avto-moto nəqliyyat vasitələri üçün  25 manat, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün isə 5 manat dövlət rüsumu ödənilməlidir.

  • 73-Sual: Atalığın müəyyən edilməsinin qeydə alınması qaydası qanunvericilikdə necə müəyyən olunub?

    Cavab: Azərbaycan RespublikasıAilə Məcəlləsinin 187-ci maddəsinə görə atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında, ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya onun yaşayış yerini müəyyən etmək mümkün olmadıqda isə atanın ərizəsi üzrə qeydə alınır. Yetkinlik yaşına çatanlar barəsində atalığın müəyyən edilməsinin qeydə alınmasına yalnız onların razılığı ilə yol verilir.

  • 74-Sual: Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırma məsuliyyət yaradırmı?

    Cavab: Azərbaycan Respublikasıİnzibati Xətalar Məsəcəlləsinin 190-cı maddəsinə əsasən yetkinlik yaşına çatmış şəxslərin əmək qabiliyyəti olmayan valideynlərini saxlamaqdan və onlara baxmaqdan qəsdən boyun qaçırmasına görə, xəbərdarlıq edilir və ya altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

  • 75-Sual: Hüquqi şəxsin olduğu yer hara hesab olunur?

    Cavab: Mülki Məcəlləyə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. 

  • 76-Sual: Nikahın bağlanmasına mane olan hallar dedikdə hansı hallar nəzərdə tutulur?

    Cavab: Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:

    -yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);

    -övladlığa götürənlər və övladlığa götürülənlər;

    -ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;

    -tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;

    4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.

  • 77-Sual: Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası necə müəyyən olunub?

    Cavab: Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11-ci maddəsinə əsasən Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.

    11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

    11.3. Yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb olunmur. Qeyd olunan sənədlərlə birgə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığını təqdim edən yetkinlik yaşına çatmayan vətəndaş Azərbaycan Respublikasından gedə bilər.

    11.4. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər.

    11.5. Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür.

    11.6. Yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, onları övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadan getdikdə, qanuni nümayəndənin vəzifələrini həmin qrupun rəhbərləri yerinə yetirirlər.

    Qeyd: Müvafiq icra hakimiyyəti orqanı dedikdə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi nəzərdə tutulur.

  • 79-Sual: Meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə yığılması hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinə əsasən meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə, fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilir.

     

  • 80-Sual: Ödənişsiz məzuniyyətdən istifadə hüququ kimlərə aid edilir?

    Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 128-ci maddəsinə əsasən qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

  • 81-Sual: Hansı yaş həddinə çatmış şəxsin işə götürülməsinə icazə verilir?

    Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 249-cu maddəsinə əsasən yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir.

  • 82-Sual: Nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə nə qədər cərimə nəzərdə tutulub?

    Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə, əlli manat məbləğində cərimə edilir.

  • 83-Sual: Yetkinlik yaşına çatmayanın sərxoşluq vəziyyətinə gətirilməsinə görə hansı məsuliyyət nəzərdə tutulub?

    Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 522-ci maddəsinə görə yetkinlik yaşına çatmayanın yetkinlik yaşına çatmış şəxs tərəfindən sərxoşluq vəziyyətinə gətirilməsinə görə  altmış manatdan yüz manatadək məbləğdə cərimə edilir.

  • 84-Sual: Tibbi müayinədən keçməyən sürücü inzibati qaydada cərimələnə bilərmi?

    Cavab: Bəli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin  344-cü maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tibbi müayinədən keçməyən sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə görə otuz manat məbləğində cərimə edilir.

  • 85-Sual: Əmək müqaviləsi müddətsiz bağlana bilərmi?

    Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 

  • 86-Sual: İki yaşında uşağım var və onu təkbaşına böyüdürəm. Hər hansı bir müəssisədə işə qəbul olunsam, mənimlə sınaq müddəti müəyyən edilməlidirmi?

    Cavab: Xeyr. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 52-ci maddəsində hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərlə işə qəbul edilərkən sınaq müddətinin müəyyən edilmədiyi bildirilir. Həmin maddədə yaşı 18-dən az olan şəxslərlə, müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla, təhsil müəssisəsini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülənlərlə, ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərlə, iki ay müddətinədək əmək müqaviləsi bağlanılmış şəxslərlə, tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda sınaq müddətinin müəyyən edilmədiyi əksini tapıb.

  • 87-Sual: Əmək müqaviləsi bağlanarkən işçi hansı sənədləri təqdim etməlidir?

    Cavab: Əmək Məcəlləsinin 48-ci maddəsinnə əsasənəmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir.  Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz. Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər. 

    Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə təhsili barədə müvafiq sənəd təqdim edilir. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

    Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər. 

    Əmək münasibətlərinə girən işçidən Əmək Məcəlləsində nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.

  • 88-Sual: Qısaldılmış iş vaxtı qanunla necə müəyyən edilir?

    Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsində bildirilir ki, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq Əmək Məcəlləsi ilə və müvafiq normativ hüquqi aktlarla, habelə əmək müqaviləsinin, kollektiv müqavilənin şərtləri ilə qısaldılmış iş vaxtı müəyyən edilə bilər.

    Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci qrup əlil olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

  • 89-Sual: Əmək qabiliyyəti olmayan şəxslər dedikdə kimlər nəzərdə tutulur?

    Cavab: Əmək qabiliyyəti olmayan şəxslərin əhatə dairəsi “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda əksini tapıb. Qanunda əmək qabiliyyəti olmayan şəxslər sırasına əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud  18  yaşına çatanadək sağlamlıq  imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları aid edilib.

  • 90-Sual: İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

    Cavab: Ölkəmizin əmək qanunvericiliyinə əsasən (Əmək Məcəlləsi 54-cü maddə) işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən aşağıdakı əmək şəraitini təmin etməlidir:

    -peşə (vəzifə) adlarının, ixtisasların, əməyin ödənilməsi dərəcələrinin müəyyən edilməsi;

    -əməyə görə haqqın miqdarının müəyyən edilməsi və onun ödənilməsi;

    -əmək normaları və əməyin qiymətləndirilməsi normalarının müəyyən edilməsi;

    -sanitariya və gigiyena normalarına cavab verən iş yerinin və iş şəraitinin yaradılması;

    -əməyin mühafizəsi, texniki təhlükəsizlik normalarının gözlənilməsi;

    -əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini;

    -Əmək Məcəlləsi ilə müəyyən edilmiş istirahət vaxtından, məzuniyyətlərdən istifadə olunmasını;

    -işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsini;

    -işçilərə əmək funksiyasının icrası üçün zəruri olan avadanlıqların, materialların, alətlərin, texniki və digər sənədlərin vaxtında verilməsi və onların lazımi keyfiyyətdə olması;

    -insanın immunçatışmazlığı virusu ilə yaşayan işçi ilə məsləhətləşmə aparmaqla onun üçün münasib iş şəraitinin (xüsusi avadanlıqlarla təminat, istirahət fasilələri üçün imkanlar və tibbi müayinələr üçün icazələrin verilməsi və s.) yaradılması; 

    -əmək müqavilələrində, kollektiv müqavilələrdə nəzərdə tutulan şərtləri. 

    Əmək Məcəlləsi ilə müəyyən olunmuş hallar istisna edilməklə əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.

  • 91-Sual: Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi hansı məsuliyyətə səbəb olur?

     Cavab: İnzibati xətalar qanunvericiliyinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər isə üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Eyni hərəkətlərin yanğına qarşı xüsusi rejim şəraitində törədilməsinə görə, fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.

    İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

     Həmçinin əkin yerinin yandırılmasına görə, fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.

    Cinayət qanunvericiliyinə əsasən isə üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda, iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda, üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 92-Sual: Kommunal borca görə xəbərdarlıq edilmədən təchizatın dayandırılması qanunidirmi?

    Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.13.2-ci, “Sudan istifadə qaydaları”nın 2.1.9.2-ci və “Qazdan istifadə qaydaları”nın 3.1.5-ci bəndlərinə əsasən sayğacla müəyyənləşən hesab istehlakçıya təchizat müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait bir ay müddətində tam məbləğdə ödənilmədikdə istehlakçıya yazılı bildiriş göndərilməlidir. Yalnız bundan sonra vəsait ödənilmədiyi təqdirdə təchizat dayandırıla bilər.

  • 93-Sual: Heyvanın vurduğu zərərin əvəzi sahibi ödəməyə borcludurmu?

    Cavab: Mülki Məcəlləinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir.

  • 94-Sual: Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma hansı hallarda məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Həmçinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma, bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Yuxarıda qeyd olunana əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. O cümlədən yuxarıda göstərilən hərəkətlər təkrar və ya şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə əsasən torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə, fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Bu xətalar kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir.

  • 95- Sual: Qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi nəzərdə tutulubmu?

    Cavab: Ailə Məcəlləsinin 88-ci maddəsinə görə yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir.

  • 96-Sual: Əcnəbi və vətəndaşlığı olmayan şəxs dedikdə kimlər nəzərdə tutulur?

    Cavab: Miqrasiya Məcəlləsinə əsasən əcnəbi Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxsdir. Vətəndaşlığı olmayan şəxs isə heç bir dövlət tərəfindən onun qanununa əsasən vətəndaş hesab edilməyən şəxsdir.

     

  • 97-Sual: Vəsiyyətnamə sirri nədir?

    Cavab: Mülki qanunvericilikdə vəsiyyətnamə sirrinə əsasən notarius, vəsiyyətnaməni təsdiqləmiş digər şəxs, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər.

  • 98-Sual: Daha yüngül işə keçirmə hansı formada həyata keçirilir?

    Cavab: Əmək Məcəlləsinin 231-ci maddəsinə əsasən səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.

  • 99-Sual: Notarius açılmış miras haqqında vərəsələrə xəbər verilməsini və vərəsələrin axtarılmasını həyata keçirməyə borcludurmu?

    Cavab: Bəli, "Notariat haqqında" Qanunun 55-ci maddəsində deyd olunur ki, açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir.

    Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

    Mirasın qəbul edilməsinə qədər mirasın açıldığı yerdəki notariat orqanı, zərurət olarsa, mirasın qorunması məqsədilə tədbirlər görür. Həmin qayda vərəsənin məlum olmadığı və ya onun mirası qəbul edib-etməməsinin bilinmədiyi hala da şamil edilir. Notariat orqanı mirasın qorunması üçün mirası siyahıya ala bilər.

  • 100-Sual: Meşə fondu üzərində mülkiyyət hüququ kimə mənsubdur?

    Cavab: Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir. Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir.

    Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir.

  • 101-Sual: İş vaxtından artıq vaxtda görülən işlərə görə əmək haqqı necə ödənilir?

    Cavab: İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə bildirilir ki, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir:

    -əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla;

    -əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.

     

  • 102-Sual: İntizam tənbehi vaxtından əvvəl götürülə bilərmi?

    Cavab: Əmək Məcəlləsinin 190-cı maddəsinmə əsasən, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.

    İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

    İntizam tənbehinin qüvvədə olduğu müddət ərzində əmək funksiyasını yüksək peşəkarlıqla yerinə yetirdiyinə, müəssisədaxili intizam qaydalarına əməl etdiyinə görə işçi Əmək Məcəlləsinin 185-ci maddəsində nəzərdə tutulmuş hər hansı həvəsləndirmə vasitələri ilə mükafatlandırılarsa, həmin mükafatlandırıldığı gündən ona verilmiş intizam tənbehi qüvvədən düşmüş hesab edilir.

  • 103-Sual: Mən təxminən iki həftədən sonra işdən çıxacağım barədə işəgötürəni ərizə ilə xəbərdar etmişəm. Lakin bir həftədən sonra işdən çıxmaq barədə fikrimdəm daşındım. Mən həmin ərizəni geri götürə bilərəmmi?

    Cavab: Ölkəmizin əmək qanunvericiliyində bildirilir ki, (Əmək Məcəlləsinin 69-cu maddəsi) işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

  • 104-Sual: Xarici ölkədə pasportunu itirmiş şəxsin ölkəyə qayıdışı necə həyata keçirilir?

    Cavab: Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 10.3.-cü maddəsinə əsasən xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. 

  • 105-Sual: Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə inzibati xəta törətmiş şəxs hansı məbləğdə cərimə edilir?

    Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.1.ci maddəsinə əsasən piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına və ya qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə iyirmi manat məbləğində cərimə edilir.

     

  • 106-Sual: Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar hansılardır?

    Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, həmçinin işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, o cümlədən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya I qrup əlil ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin Əmək Məcəllənin 70-ci maddəsi (Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

    Bu müddəalar Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndi (müəssisə ləğv edildikdə) və 73-cü maddəsi (müddətli əmək müqaviləsinin müddəti qurtardıqda) ilə xitam verilən hallara şamil edilmir.

  • 107-Sual: Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikası Konttitusiyasına əsasən tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. Abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Lakin bəzən vətəndaşlar tərəfindən tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama hallarına yol verilir, bu abidələr üzərində müəyyən yazılar yazılır. Bu isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

    Belə ki, abidələrə vurulan zərərin ödənilməsi Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Ödənilmiş vəsait abidənin bərpası, tədqiqi və ya qorunması tədbirlərinin maliyyələşdirilməsinə yönəldilir.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 246-cı maddəsinə əsasən dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Həmçinin İnzibati Xətalar Məcəlləsinin 231-ci maddəsinə əsasən mədəni və təbii irsin, o cümlədən “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanuna uyğun olaraq tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə tələblərin pozulmasına görə xəbərdarlıq edilir və ya fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. Qeyd olunan əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda bu inzibati təhbeh tətbiq edilir.

  • 108-Sual:Mirasda məcburi pay varmı?

    Cavab: Bəli, bu məsələ Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

  • 109-Sual:Vətəndaşın şəxsiyyət vəsiqəsinin girov saxlanılması qanunauyğundurmu?

    Cavab: Bəzi hallarda vətəndaşlardan şəxsiyyət vəsiqələrini borc və ya girov qismində müvəqqəti alırlar. Bəs vətəndaşdan borc və ya girov qismində şəxsiyyət vəsiqəsini almaq qanuna uyğundurmu? 

    Vətəndaşdan qanunda göstərilən hallardan başqa şəxsiyyət vəsiqəsinin alınması, saxlanılması qanunsuzdur. Heç kəs vətəndaşın şəxsiyyət vəsiqəsini müvəqqəti də olsa, alıb saxlaya bilməz.

    Vətəndaşlardan şəxsiyyət vəsiqəsinin müvəqqəti alınması halları "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunu ilə tənzimənir. Qanunun 6-cı maddəsinə əsasən vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.

    Həmçinin barəsində həbs, ev dustaqlığı və ya girov qətimkan tədbirləri seçilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqanlar tərəfindən müvəqqəti alınır və həmin şəxs haqqında iş üzrə icraata və ya şəxsi işə əlavə edilir. Göstərilən əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.

    Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 567-ci maddəsinə əsasən isə vətəndaşın şəxsiyyət vəsiqəsinin qanunsuz alınmasına və ya girov götürülməsinə görə beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir.

  • 110-Sual:İstehlakçıya elektrik enerjisinin verilişi hansı hallarda dayandırıla bilər?

    Cavab: İstehlakçıya elektrik enerjisinin verilişinın dayandırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları” haqqında qərarı ilə tənzimlənir.  Enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini istehlakçının müvafiq yazılı müraciəti olduqda (istehlakçı müraciətdə elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbini və müddətini göstərməlidir), enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə (sayğacın yazdığı borc təqdim edilikdən sonra 1 ay müddətində istehlakçı tərəfindən tam ödənilmikdə), təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda, enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda və məhkəmənin qərarı ilə də istehlakçıya elektrik enerjisinin verilişi dayandırılır. 

    Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların yuxarıda qeyd edilən hallarında yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.

    Lakin bəzi istisna hallar da var. Təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda, eləcə də dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların - Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında elektrik enerjisi kəsilə bilər.

    Qeyd edək ki, istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir.

  • 111-Sual: Boşandıqdan sonra uşağın atası ilə görüşməsinə icazə verməyən ana məsuliyyətə cəlb oluna bilərmi?

    Cavab:  Ölkəmizin ailə qanunvericiliyinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

    Uşağın atası (və ya anası) ilə görüşməsinə, ünsiyyət saxlamasına imkan verməyən ana (və ya ata) Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə əsasən, məsuliyyətə cəlb oluna bilər. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

    Həmçinin Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Yuxarıda qeyd olunan  əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.

  • 112-Sual: Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hansı məsuliyyətə səbəb olur?

    Cavab: Piyadalar yol hərəkətinin ən intensiv hesab olunurlar. Ona görə də onların yollardan istifadəsinin, xüsusən də yol hərəkətində nəqliyyat vasitələri ilə qarşılıqlı münasibətlərinin xüsusi qaydaları nəzərdə tutulub. Piyadaların yol hərəkəti qaydalarına biganə münasibəti onların vurulması ilə bağlı yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Hər bir şəxs bilıməlidir ki, piyadanın da yol hərəkətində iştirakla bvağlı konkret vəzifələri vardır və həmin vəzifələrə ciddi əməl edilməlidir.

    Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması inzibati məsuliyyətə səsə bolur. Belə ki, Azrəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına və  qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşan zaman hərəkət hissəsinin tərk edilməməsinə görə iyirmi manat məbləğində cərimə edilir.

  • 113-Sual: Vətəndaş dörd il yaşayış yeri üzrə qeydiyyatda olduğu evi satışa çıxarıb. Bu halda satış zamanı vergi tutulacaqmı?

    Cavab: Vergi Məcəlləsində edilən və 1 yanvar 2020-ci il tarixdən qüvvədə olan dəyişikliyə əsasən, fiziki şəxslərin azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilinin satışı vergidən azaddır. Bu baxımdan, 4 təqvim ili müddətində yaşayış yeri üzrə qeydiyyatda olduğunuz mənzilin satışından alqı-satqı muqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulmur. Məlumat üçün nəzərinizə çatdırırıq ki, 1 yanvar 2020-ci il tarixədək yaşayış sahəsini satan şəxsin vergidən azad edilməsi üçün azı 5 təqvim ili ərzində həmin mənzildə yaşayış yeri uzrə qeydiyyatın olması tələb edilirdi.

  • 114-Sual: Naxçıvan şəhərində fərdi qaydada foto xidmətləri göstərən fiziki şəxs əldə etdiyi gəlirdən nə qədər vergi ödəməlidir?

    Cavab: Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən 2020-ci ilin yanvar ayının 1-dən fərdi foto, audio-video xidmətləri (fotostudiyalar istisna olmaqla) sahəsində fəaliyyət göstərən şəxslər üçün sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ 30 manatdan 15 manata endirilib.

  • 115-Sual: Könüllü fəaliyyət hansı istiqamətlər üzrə həyata keçirilir?

    Cavab: Könüllü fəaliyyət ölkə qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Könüllü isə öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir.

    Könüllü fəaliyyət əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi, insanpərvərliyin və dözümlülüyün təbliği, istehlakçıların hüquqlarının qorunması, hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı, idmanın inkişafı, xəstəliklər və epidemiyalar barədə məlumatlandırma, sağlam həyat tərzinin təbliği, ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması,  silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi, cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi və Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri üzrə həyata keçirilir.

  • 116-Sual: Ər-arvad ayrılandan sonra birgə nikah dövründə əldə olunan əmlakdan neçə il müddətində pay tələb edə bilər?

    Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

    Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

    Ər-arvad ayrılandan sonra birgə nikah dövründə əldə olunan əmlakdan pay tələbi isə Azərbaycan Respublikası ailə qanunvericiliyi ilə tənzimlənir. Belə ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinin tələbinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

    Ailə Məcəlləsinin 8.2-ci maddəsinə əsasən isə iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə ölkəmizin Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydaları rəhbər tutur.

    "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun  29 iyul 2019 - cu il tarixli Qərarına əsasən isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Qeyd olunan Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqedən çıxış edərək müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilir.

    Gələcəkdə bu sahədə hər hansı bir problemin olmaması üçün nikah müqaviləsi bağlamaq məsləhətdir.

  • 117-Sual: Boşanmadan əvvəlki dövr üçün aliment tələb oluna bilərmi?

    Cavab: Aliment qanunla müəyyən olunan hallarda ailənin bir üzvünün digər üzvlərinin xeyirinə ödəməli olduğu vəsaitdir. Alimentin məqsədi isə ehtiyacı olan əmək qabiliyyəti olmayan, əmək qabiliyyətini itirmiş ailə üzvlərinin saxlanmasından ibarətdir. Qanuna əsasən həm uşaqlar, həm də əmək qabiliyyətini itirmiş valideynlər aliment ala bilərlər. Aliment öhdəliyi olan şəxs bu vəzifəni şəxsən icra etməli, bu öhdəliyin icrasını başqa şəxsə həvalə edə bilməz, aliment almaq hüququna malik olan şəxs də bu hüququ başqasının xeyrinə güzəşt edə bilməz, aliment vərəsəliklə keçə bilməz, borclunun qarşılıqlı hesablaşma tələbi üzrə əvəz oluna bilməz.

    Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludur və bu vəzifə uşaq yetkinlik yaşına çatanadək davam edir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi digər ailə üzvlərini saxlamaq vəzifəsindən fərqli olaraq nə uşaqların buna ehtiyacının, nə də valideynlərinin imkanının olub-olmamasından asılı deyildir.

    Ailə Məcəlləsinin 100-cü maddısinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

    Məhkəmə əvvəlki müddət üçün aliment tutulmasına yalnız iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün 3 illik müddət həddində aliment tutulması barədə qərar verə bilər. Deməli, ər-arvad faktiki olaraq ayrı yaşasa və rəsmi qaydada nikahlarına xitam verməsə də uşaqların mənafeyi naminə aliment tutula bilər, lakin bu müddət keçmiş 3 illik dövrdən daha çox zamanı əhatə edə bilməz.

     

  • 118-Sual:Mənzillərdə gecə vaxtı səs-küy salan şəxsləri hansı cəza gözləyir?

    Cavab: Bəzi hallarda vətəndaşların gecə vaxtı məşiət səs-küyünə görə istirahət hüququ pozulur. Bu da, haqlı olaraq narazılığa səbəb olur. Bu kimi halların qarşısını almaq üçün qanunvericilikdə  məsuliyyət nəzərdə tutulur.

    Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

  • 119-Sual: Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri hansılardır?

    Cavab: Bütün hallarda işçi ilə işəgötürən arasındakı əmək münasibətlər müvafiq əmək müqaviləsi ilə tənzimlənir. Əmək Məcəlləsində əmək müqaviləsinin tərəflərinin əsas hüquq və vəzifələri öz əksini tapıb. Məcəllənin 10-cu maddəsində isə əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri tam əks olunub. Bu vəzifələrə isə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına və əməyin təhlükəsizliyi normalarına əməl etmək, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq, dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq, fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək və əmək qanunvericiliyinin tələblərinə əməl etmək. daxildir.

  • 120-Sual: Baba və nənədən nəvələri üçün aliment tələb etmək olarmı?

    Cavab: Azərbaycan Respublikasının ailə qanunvericiliyində baba və nənənin nəvələrini saxlamaq vəzifəsi öz əksini tapmışdır. Belə ki, Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər.

    Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatan nəvələr saxlanmaq üçün valideynlərindən, yaxud da ərdən (arvaddan) maddi yardım ala bilmədikdə, onlara da eyni hüquq verilir.

  • 121-Sual: Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə hansı məsuliyyət nəzərdə tutulub?

    Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 17 mart 2020-ci iltarixli Qanunla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması ilə əlaqədar  139-1-ci maddə əlavə edilmişdir. Edilmiş əlavəyə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliyə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

    O cümlədən İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə də bir sira əlavə və dəyişikliklər edilmişdir. Dəyişikliyə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni,  informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

  • 122-Sual: Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları hansılardır?

    Cavab: Ölkəmizdə əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək Məcəlləsi ilə müəyyən olunur. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq, əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək, iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq, həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək, qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri yerinə yetirməkdən imtina etmək, belə işləri, xidmətləri icra etdikdə isə müvafiq əlavə əmək haqqının verilməsini tələb etmək, mənzil şəraitinin, ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün işəgötürəndən müvafiq sosial yardımlar almaq, qanunvericiliklə müəyyən olunan iş vaxtında çalışmaq, müvafiq peşələr (vəzifələr), istehsalatlar üzrə iş yerlərində qanunvericiliklə müəyyən olunmuş qısaldılmış iş vaxtında çalışmaq, qanunvericiliklə müəyyən olunan həftələrarası istirahət günlərindən istifadə etmək, hər il Əmək Məcəlləsində nəzərdə tutulan minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq, əmək funksiyasının yerinə yetirilməsi zamanı əmlakına və səhhətinə dəyən ziyanın ödənilməsini tələb etmək, işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunan qaydada məcburi sosial sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək, qanunvericiliklə müəyyən olunan qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü olmaq, habelə bu təşkilatların və ya əmək kollektivinin keçirdiyi tətillərdə, mitinqlərdə, toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq, sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək, işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq, iş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar barədə işəgötürəndən müvafiq arayışlar almaq və elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək kimi əsas hüquqları vardır.

    İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən Əmək Məcəlləsində nəzərdə tutulan qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə, işəgötürən tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə və işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə, işəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına, işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsinə, işəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə, insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə və şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla) görəinzibatə məsuliyyət nəzərdə tutulub.

    Həmçinin əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir. 

  • 123-Sual: Hansı informasiyalar uşaqlar üçün zərərli hesab olunur?

    Cavab: "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

    Uşaqların əldə olunması qanunla məhdudlaşdırılmayan informasiyanı, o cümlədən informasiya məhsulunu əldə edib ondan istifadə imkanı qanunvericiliklə tənzimlənir. Uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumatuşaqlar üçün zərərli informasiya hesab olunur.

    Həmçinin uşaqların həyatına, fiziki və psixi sağlamlığına təhlükə yaradan, o cümlədən intiharı, odlu silah və partlayıcı maddələrdən, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, alkoqollu içkilərdən və tütün məmulatlarından istifadəni təbliğ edən informasiya uşaqların həyat və sağlamlıqlarına təhlükə yaradan əməlləri təbliğ edən informasiya hesab olunur.

    Uşaqlarda davamlı qorxu, təlaş, yaxud dəhşət hissi yarada bilən informasiya, uydurma məxluqların dəhşətli görüntüsü və ya təsviri, eləcə də ciddi xəsarətlərin, intiharın (o cümlədən intihara cəhdin), bədbəxt hadisələrin, qəzaların və onların nəticələrinin naturalist (təbii) təsviri və ya görüntüsü, həmçinin informasiya məhsulunda arzuolunmaz vərdişlərə rəğbət aşılayan bəzi xüsusi mərasim və mistik təlimlərin, spiritizmin istifadəsi dəqorxu məzmunlu informasiya hesab olunur.

    İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsinə əsasənyetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün müəyyən edilmiş xüsusi qaydaların pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

  • 124-Sual: Uşaqlarından ayrı yaşayan valideyn valideynlik hüquqlarının necə həyata keçirməlidir?

    Cavab: Ölkəmizin ailə qanunvericiliyinə əsasən (Ailə Məcəlləsinin 61-ci maddəsi) uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır.

    Uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Məhkəmənin qətnaməsinə əməl etməyən valideynə qarşı mülki-prosessual qanunvericiliyə uyğun ölçü götürülür. Bu qətnaməyə qəsdən əməl edilmədikdə, məhkəmə uşaqdan ayrı yaşayan valideynin tələbi ilə uşağın mənafeyi və rəyi nəzərə alınmaqla onun həmin valideynə verilməsi haqqında qətnamə qəbul edə bilər.

    Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir. Yalnız uşağın həyat və sağlamlığı üçün valideyn tərəfindən təhlükə olduqda bu cür məlumat verilməsindən imtina edilir. Məlumat verilməsindən imtinadan şikayətə məhkəmə qaydasında baxılır.

  • 125-Sual: Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma hansı hallarda məsuliyyətə səbəb olur?

    Cavab: Ölkəmizdə elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətlər "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir.

    Müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqularını bildirməsi üçün əsərin hər nüsxəsində göstərilən və üç ünsürdən ibarət olan müəlliflik hüququnu qoruma nişanından istifadə etmək hüququ vardır: dairəyə alınmış C latın hərfi—©, müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər) və əsərin ilk dəfə dərc edildiyi il. Əsərin anonim və ya təxəllüslə dərc edildiyi hallarda (müəllifin təxəllüsünün onun şəxsiyyətini şübhə altında qoymadığı hallar istisna olmaqla) əsərdə adı göstərilən naşir, digər sübutlar olmadıqda, bu Qanuna uyğun olaraq müəllifin nümayəndəsi sayılır və bu simada müəllifin hüquqlarını qorumaq və həyata keçirmək səlahiyyətinə malikdir. Bu müddəa müəllifin öz şəxsiyyətini açıqladığı və müəllifliyini bəyan etdiyi ana qədər qüvvədə qalır.

    Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda (min manatdan artıq olan məbləğdə) ziyan vurulmuşsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

  • 126-Sual:Yetkinlik yaşına çatmayan valideynlərin hüquqları nədən ibarətdir?

    Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 57-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan valideynlər uşaqlarla birgə yaşamaq və onların tərbiyəsi ilə məşğul olmaq hüququna malikdirlər. Yetkinlik yaşına çatmayan valideynlər nikaha daxil olmamışlarsa, onların uşaqları doğulduqda həmin valideynlər 16 yaşına çatdıqdan sonra atalığın (analığın) müəyyən edilməsində müstəqil hərəkət edə bilərlər. 16 yaşı tamam olmayan valideynlərin uşaqlarının tərbiyəsi ilə məşğul olmaq üçün qəyyum təyin oluna bilər.

    Uşağın qəyyumu ilə yetkinlik yaşına çatmayan valideynlər arasındakı narazılıq qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Yetkinlik yaşına çatmayan valideynlər öz uşaqlarına münasibətdə atalığı və analığı ümumi əsaslarla qəbul etmək, atalığa (analığa) dair mübahisə açmaq, habelə 14 yaşına çatdıqdan sonra məhkəmə qaydasında atalığı (analığı) müəyyən etmək hüququna malikdirlər.

  • 127-Sual:Uşağın öz valideynləri və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququ qanunvericiliklə necə tənzimlənir?

    Cavab: Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən uşaq valideynləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. Ailə Məcəlləsinin 50-ci maddəsinə əsasən valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir.

    Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Uşaq ekstremal hallarda (tutulduqda, həbs olunduqda, saxlanıldıqda, müalicə müəssisəsində yerləşdirildikdə və sairə) qanunvericiliklə müəyyən olunmuş qaydada öz valideynləri və qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir.

  • 128-Sual:Sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməməsi hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:

    -əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini;

    -binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini;

    -bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını;

    -işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini;

    -əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini;

    -normal əmək və istirahət rejiminə riayət edilməsini;

    -işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini;

    -işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini;

    -kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini;

    -müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini.

    Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

  • 129-Sual:Karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulması hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (211.2-ci maddə) 2 iyun 2020-ci il tarixli qanunla edilmiş əlavə və dəyişikliyə əsasən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

    Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

  • 130-Sual:Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi hər hansı bir məsuliyyətə səbəb olurmu?

    Cavab: Cinayət Məcəlləsinin 318-2-ci maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində məlumatın verilməməsi üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlərilə cəzalandırılırdı.

    Lakin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə 1 may 2020-ci il tarixli Qanunla edilmiş dəyişikliklərə əsasən artıq həmin əməl cinayət hesab olunmur. Bu dəyişiklik isə 2020-ci il iyunun 1-dən qüvvədədir.

     

  • 131-Sual:Hansı yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir?

    Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə" 29 may 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir:

    -şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);

    -bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);

    -dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;

    -fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;

    -açıq sahəli ofislərdə və istehsalat yerlərində;

    -tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;

    -ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;

    -insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.

    Bu tələblərinin pozulması isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Belə ki, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

    Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

  • 132-Sual:Aliment tutulması barədə tələbin verilməsi müddətləri qanunvericilikdə necə müəyyən olunub?

    Cavab: Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən (Ailə Məcəlləsinin 100-cü maddəsi) aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

    Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.

  • 133-Sual: Kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulması hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələri dövlət dilindən istifadə edir. Həmçinin ölkə ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.

    "Reklam haqqında"Qanuna əsasən reklamda "Dövlət dili haqqında" Qanunun müddəalarına riayət edilməlidir. Reklamvericinin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.

    Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə 8 may 2020-ci il tarixli qanunla edilmiş dəyişikliklərə əsasən (Maddə 533-1) kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.

  • 134-Sual:Aliment öhdəliklərinə xitam verilməsi qanunvericiliklə necətənzimlənir?

    Cavab: Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən (Ailə Məcəlləsinin 113-cü maddəsi) aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.

    Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir:

    -uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə;

    -aliment ödənilən uşaq övladlığa götürüldükdə;

    -aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda;

     -aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə;

     -əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda.

  • 135-Sual:Etibarnamə hansı müddətə verilir?

    Cavab: Mülki qanunvericiliyə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.

    Hospitallarda, sanatoriyalarda və digər hərbi-müalicə müəssisələrində müalicədə olan hərbi qulluqçuların və başqa şəxslərin həmin müəssisənin rəisi, onun tibbi hissə üzrə müavini, böyük və ya növbətçi həkim tərəfindən təsdiqlənmiş etibarnamələri, hərbi qulluqçuların etibarnamələri, hərbi hissələrin, birləşmələrin, idarələrin və hərbi təlim məktəblərinin yerləşdiyi, lakin notariat ofislərinin və notariat əməliyyatları aparan digər orqanların olmadığı məntəqələrdə isə həmçinin fəhlə və qulluqçuların, onların ailə üzvlərinin və hərbi qulluqçuların ailə üzvlərinin bu hissənin, birləşmənin, idarənin və ya məktəbin komandiri (rəisi) tərəfindən təsdiqlənmiş etibarnamələri, azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri və əhalinin sosial müdafiəsi müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin həmin müəssisənin müdiriyyəti və ya müvafiq əhalinin sosial müdafiəsi orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur.

    Əmək haqqının və əmək münasibətləri ilə bağlı digər haqların, müəlliflərin və ixtiraçıların haqlarının, pensiyaların, müavinətlərin və təqaüdlərin, fiziki şəxslərin banklardakı əmanətlərinin və poçt göndərmələrinin, o cümlədən pul və bağlamaların alınması üçün etibarnamə etibar edənin işlədiyi və ya təhsil aldığı təşkilat, onun yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı və müalicə olunduğu stasionar müalicə müəssisəsinin müdiriyyəti tərəfindən də təsdiqlənə bilər. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Teleqrafla, habelə sənədin rabitə işçisi tərəfindən yola salındığı digər rabitə növləri ilə göndərilən etibarnamə rabitə orqanları tərəfindən təsdiqlənir. Üçüncü şəxslər onların barəsində hərəkətlərin edilməsi üçün verilmiş, etibar edənin rəsmi rabitə orqanlarının vasitəçiliyi olmadan faksimile və digər rabitə vasitəsilə müvəkkilə göndərdiyi etibarnaməni həqiqi saya bilərlər.

    Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir.  Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır. Nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz.

    Etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Etibar edilmişi başqasına etibaretmə qaydasında verilmiş etibarnamənin qüvvədə olma müddəti onun verilməsi üçün əsas götürülmüş etibarnamənin qüvvədə olma müddətindən artıq ola bilməz.

       Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:

       -etibarnamənin müddətinin bitməsi;

       -etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi;

       -etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi;

       -etibarnamə verilmiş şəxsin imtinası;

       -adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;

       -adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;

       -etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması;

       -etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması.

    Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.

    Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə (365.1.5. adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi, 365.1.7. etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması) etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur.

    Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.  Etibarnaməyə xitam verildikdə onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. Etibarnaməyə xitam verildikdə etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.

  • 136-Sual:Vətəndaşın mülkiyyət hüququ hansı hallarda itirilə bilər?

    Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203-cü maddəsində mülkiyyət hüququnun itirilməsi növləri öz əksini tapıb. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

    Daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir.

    Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir:

    -öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi;

    -qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi;

    -sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi;

    -təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması;

    -rekvizisiya;

    -müsadirə.

    Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən həyata keçirilir.

  • 137-Sual: Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər hansılardır?

    Cavab: Ölkəmizin əmək qanunvericiliyinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşçilərin Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.

    Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasənəmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və iş yerinin və bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı, qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma, əmək qabiliyyətinin müvəqqəti itirildiyi,  təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma və ya həbsdə olduğu dövrlər daxil edilir.

    Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti (Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər), habelə azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.

  • 138-Sual:Suyun talanması hər hansı bir məsuliyyətə səbəb ola bilərmi?

    Cavab: Su obyektlərinin və onların su ehtiyatlarının istifadə edilməsi və mühafizəsi ilə bağlı münasibətlər (su münasibətləri) Azərbaycan Respublikasının su qanunvericiliyi ilə tənzimlənir. Su obyektləri istifadəyə icazə və sudan istifadə müqaviləsi əsasında verilir. Sudan istifadə edənlərin su obyektlərindən səmərəli istifadə etmək, suyun qənaətlə işlədilməsini və suların keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək, sudan istifadə planlarına, limitlərinə, qaydalarına, normalarına və rejiminə riayət etmək, tərkibində çirkləndirici maddələrin miqdarı normadan artıq olan tullantı sularının su obyektlərinə axıdılmasına yol verməmək, su servitutları əsasında başqa su obyektləri istifadəçilərinə verilmiş hüquqların pozulmasına, habelə təsərrüfat və təbii obyektlərə (torpaq, meşə, heyvanlar aləmi, faydalı qazıntılar və sair) zərər vurulmasına yol verməmək, su obyektlərindən təyinatına görə istifadə etmək, su təsərrüfatı qurğularını və texniki avadanlığı saz vəziyyətdə saxlamaq, onların iş keyfiyyətini yaxşılaşdırmaq və sudan istifadənin uçotunu aparmaq vəzifələri var.

    Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə, su obyektlərinin özbaşına tutulmasına, su obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sudan özbaşına istifadə edilməsinə, yəni sudan istifadə etmə limitlərinə əməl edilməməsinə, su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə, içməli məişət, texniki və tullantı sularının kənara təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda (beş min manatdan yuxarı olmayan məbləğdə)  ziyan vurulmasına görə isə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.

    Həmçinin cinayət qanunvericiliyinə əsasən su təchizatı şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda (beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə) ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır. Eyni əməllər külli miqdarda (əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə) ziyan vurmaqla törədildikdə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya  üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda qeyd olunan əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan mәblәğdə) ziyan vurmaqla törədildikdə isə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Su təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən qeyd olunan əməllərin qarşısının alınmaması üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Su təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin xidməti mövqedən sui-istifadə etməklə tamah və ya sair şəxsi marağı üzündən yuxarıda nəzərdə tutulmuş əməllərin qarşısını almaması isə dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 139-Sual: Beh geri qaytarılmalıdırmı?

    Cavab: Azərbaycan Respublikasının mülki qanunvericiliyinəı əsasən beh, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Və onun məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır.

    Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən Mülik Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya (Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır) riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

    Mülik Məcəllənin492-ci madəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur.

  • 140-Sual: Vəsiyyətnamə dəyişdirilə bilərmi?

    Cavab: Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən vəsiyyət edən vəsiyyətnaməni müəyyən üsullarla həmişə dəyişdirə və ya ləğv edə bilər. Belə ki, Mülki Məcəllənini 1220-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni əvvəlki vəsiyyətnaməni və ya onun yeni vəsiyyətnaməyə zidd hissəsini birbaşa ləğv edən yeni vəsiyyətnamə tərtib etməklə, notariat orqanına ərizə verməklə və vəsiyyətnamənin bütün nüsxələrinin vəsiyyət edən tərəfindən və ya onun sərəncamı ilə notarius tərəfindən məhv edilməsi ilə həmişə dəyişdirə və ya ləğv edə bilər.

    Sonradan tərtib edilmiş vəsiyyətnamə ilə ləğv edilən vəsiyyətnamə sonradan tərtib edilmiş vəsiyyətnamənin ərizə vermək yolu ilə ləğv edildiyi halda da bərpa oluna bilməz.

  • 141-Sual: Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi qanunvericiliklə necə tənzimlənir?

    Cavab: Ölkəmizin mülki qanunvericiliyinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

    Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır.

    Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.

    Cinayət qanunvericiliyinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma isə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya  üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

    Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Həmçinin internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə isə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.

  • 142-Sual: Qonşuluq hüququ qanunvericiliklə necə tənzimlənir?

    Cavab: Qonşuluq hüququ mülki qanunvericiliklə tənzimlənir. Belə ki, Mülki Məcəllənin 170-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

    Heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir.

    Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

  • 143-Sual: Bağışlamaq və hədiyyə qəbul etmək qabiliyyəti qanunvericiliklə necə tənzimlənir?

    Cavab: Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

    Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.  Həmin şəxsin əmlakından bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması şərti ilə, habelə qəyyumluq və himayəçilik hüququnun göstərişlərinə uyğun olaraq həyata keçirilə bilər. Əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir.

    Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə və gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır:

    Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər.

    Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər.

    Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə,  hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Qeyd olunan halda və vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə, vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

  • 144-Sual: Hansı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur?

    Cavab:  Şəhərsalma və Tikinti qanunvericiliyinə əsasən əgər hər hansı bir şəxsin mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin, xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların, hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla), hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin,  sahəsi (çoxtərəfli qurğularda isə bir tərəfin sahəsi) 60 kvadratmetrdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının, tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin, fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin, təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin, hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların və Şəhərsalma və Tikinti Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, (Maddə 70.2.  Obyektlər arasında mövcud olan boş ərazilərdə (sahələrdə) aşağıdakılara yol verilir: oyun meydançalarının və velosipedlər üçün dayanacaq yerlərinin təşkil edilməsi; hündürlüyü torpaq səviyyəsindən 50 santimetrdən çox olmayan açıq terrasların təşkil edilməsi; əlilliyi olan şəxslər üçün pandusların təşkil edilməsi; tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisi), yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin və tikintisinə icazə tələb olunmur.

    Hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin, xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların və Şəhərsalma və Tikinti Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin  məlumatlandırma icraatı şamil olunur.

    Mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

    Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yuxarıda nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

  • 145-Sual:Bağışlamaq və hədiyyə qəbul etmək qabiliyyəti qanunvericiliklə necə tənzimlənir?

    Cavab: Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

    Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.  Həmin şəxsin əmlakından bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması şərti ilə, habelə qəyyumluq və himayəçilik hüququnun göstərişlərinə uyğun olaraq həyata keçirilə bilər. Əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə, o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir.

    Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə və gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır:

    Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər.

    Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər.

    Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə,  hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Qeyd olunan halda və vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə, vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

  • 146-Sual:İshetlakçıya verilən elektrik enerjisi hansı hallarda dayandırıla bilər?

    Cavab: "Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununa əsasən (Maddə 11.) istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Elektrik enerjisinin dəyərini vaxtında ödəməyən istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılması, elektrik enerjisinin dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Elektrik və istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisinin verilməsinin dayandırılması qadağandır. Enerji təchizatı müəssisəsinin səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

    Həmçinin "Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 saylı qərarına əsasən istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda və enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda) və 9.13.6-cı (dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, dini ekstremizm əleyhinə xüsusi əməliyyatlar aparan orqanların-Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin göstərişləri əsasında) yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır.

    Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən (Maddə 279) qaz, elektrik və ya istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsinə və ya qanunvericilikdə istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın, elektrik və ya istilik enerjisinin verilməsinin dayandırılmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.

  • 147-Sual: İnternet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə və internet informasiya ehtiyatında yerləşdirilmiş yayılması qadağan edilən informasiyanın götürülməsi ilə bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunla müəyyən edilmiş tədbirlərin görülməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

    İnternet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının Siyahısı"na daxil edildikdən dərhal sonra host provayder və internet provayderlər tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

    Qeyd olunur ki, informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati məsuliyyət tətbiq edilir.

  • 148-Sual: Atamın özünün mənzili var və məndən ayrı yaşayır. İndi atam ona məxsus mənzili mənə bağışlamaq istəyir. Mən atamdan daha tez vəfat etsəm, nə baş verəcək? Atam mənzilsiz qalmayacaq ki?

    Cavab: Siz və atanız biri-birinizin qanun üzrə birinci növbədə vərəsəsi sayılırsınız, ona görə də sizin vəfatınız halında (vəsiyyətnamə olmadıqda), sizə bağışlanmış mənzil qanun üzrə vərəsəlik qaydasında sizin birinci növbədə vərəsələrinizə, o cümlədən atanıza keçəcəkdir. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr qismində bərabər paylarda-ölənin uşaqları (o cümlədən övladlığa götürülənlər), arvad (ər), valideynlər (övladlığa götürənlər) çıxış edirlər. Əgər sizin atanızdan başqa da birinci növbədə vərəsələriniz varsa, onda həmin mənzil bütün vərəsələrin ümumi paylı mülkiyyətinə keçəcəkdir. Bu halda, atanız paylı mülkiyyətə, yəni özünün keçmiş mənzilinə münasibətdə, mülkiyyətçilərdən biri kimi çıxış edəcəkdir. Lakin atanız özünü belə bir ehtimaldan qorumaq üçün Mülki Məcəllənin 671-ci maddəsində (Maddə 671. Hədiyyənin restitusiyası) nəzərdə tutulmuş hüququndan istifadə edə bilər. Həmin maddəyə görə hədiyyə verən hədiyyə alanın ondan qabaq ölməsi halı üçün bağışlanmış əşyanın restitusiyası hüququnu özündə saxlaya bilər. Torpaq sahələri və ya onlara əşya hüquqları bağışlanarkən bu cür restitusiya hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alına bilər. Göründüyü kimi, atanız bağışlama müqaviləsində sizin atanızdan daha tez vəfat etməniz halında, mənzilin ona qaytarılmasını tələb etmək hüququnu özündə saxladığını nəzərdə tuta bilər.

  • 149-Sual:Yaxın qohumumun adına etibarnamə vermişəm. Həmin etibarnamənin müddətinin bitməsinə hələ 9 ay vardır. Etibarnaməni ləğv edə bilərəm?

    Cavab: Sizin istənilən vaxt həmin etibarnaməni ləğv etmək hüququnuz vardır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.2-ci maddəsinə görə etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu halda, həmin etibarnamənin qüvvəsinə xitam veriləcəkdir.

    Qeyd edək ki, Mülki Məcəllənin 366.1-ci maddsəinə əsasən etibarnaməni ləğv etdiyiniz halda, Siz bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyiniz Sizə məlum olan üçüncü şəxsləri xəbərdar etmək vəzifəsi daşıyırısınız.

  • 150-Sual. Mağazadan aldığım mal qüsurlu olduğundan təyinatı üzrə istifadə edə bilmirəm. Dəfələrlə satıcıya müraciət etsəm də, bunun heç bir nəticəsi olmamışdır. Buna görə də məhkəmədə iddia qaldırmaq niyyətindəyəm. Bilmək istərdim, hansı məhkəməyə müraciə

    Cavab: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.9-cu maddəsinə (Maddə 36. İddiaçının seçilməsinə görə aidityyət) görə  istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göründüyü kimi, Siz seçiminizdən asılı olaraq ya yaşadığınız yerin məhkəməsinə, ya da malı aldığınız mağazanın yerləşdiyi (bu halda müqavilənin bağlandığı və icra edildiyi yer mağaza olduğu üçün) yerin məhkəməsinə müraciət edə bilərsiniz.

    "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə (Maddə 9. Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsinə, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövlət rüsumundan azad edilməsi və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri) görə isə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, Siz istehlakçı kimi hüquqlarınızın pozulması ilə bağlı məhkəməyə müraciət edəcəyiniz üçün dövlət rüsumu ödəməkdən azadsınız.

  • 151-Sual. Oğlum 2003-cü ildə ailə həyatı quraraq mənim mülkiyyətimdə olan evə gəlin gətirmişdir. Sonradan oğlumla gəlinim arasında münasibətlər pisləşmiş və onların nikahı 2007-ci ildə məhkəmə qaydasında pozulmuşdur.

    Cavab: İlk əvvəl onu qeyd edək ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları ilə tənzimlənir. Belə ki, "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.      Göründüyü kimi, gəlininizin yaşayış hüququ ilə bağlı münasibətlər 2003-cü il tarixdə, yəni 2001-ci ilin sentyabr ayının 1-dən sonra yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddəsi ilə tənzimlənməlidir.

     Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə (Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ) əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Mülki Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında göstərilir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur:

                -mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması;

                -həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi;

                -istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması.

    Göründüyü kimi, gəlininizin Sizin mülkiyyətinizdə olan evə dair istifadə hüququnun yaranması üçün yuxarıda göstərilən şərtlərin olması tələb edilir. Əgər həmin şərtlər və ya onlardan hər hansı biri mövcud deyilsə, onda belə bir hüququn yaranmasından danışmaq olmaz.

  • 152-Sual. Bir sıra mağazalarda "Alınan mallar geri qaytarılmır" əks olunan lövhələri görürük. Bu qanuna uyğundurmu?

    Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623-cü və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanununun 15-ci maddələrində alıcının əldə etdiyi malı dəyişdirmək hüququ nəzərdə tutulmuşdur.

    Həmin maddələrin analizi bizə aşağıdakı nəticələrə gəlməyə imkan verir:

    -Alıcı aldığı malı başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər.

    -Alıcı qeyri-ərzaq malının ona verildiyi andan 14 gün müddətində bu hüququnu həyata keçirə bilər. Lakin satıcı tərəfindən daha uzun müddət də müəyyən edilə bilər.

    -Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623.1-ci maddəsinə görə malın dəyişdirilməsi zamanı qiymətdə fərq olduqda satıcı ilə lazımı hesablaşmalar aparılır.

    -Əgər satıcıda dəyişdirilmək üçün zəruri mal yoxdursa, alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər.

    "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunun 15-ci maddəsinin 2-ci hissəsinə görə malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Nəzərə almaq lazımdır ki, əgər satıcıda dəyişdirilmək üçün zəruri mal varsa, onda alıcı əldə etdiyi malı qaytara bilməz.

    Qanunvericilikdə alıcının malı dəyişdirmək tələbinin təmin olunmasının müddəti müəyyənləşdirilmədiyindən, o, ağlabatan müddətdə dəyişdirilməlidir. Əgər ağlabatan müddətdə satıcı malı dəyişdirməzsə, alıcı bunu "satıcıda zəruri malın olmaması" kimi qiymətləndirə, əldə etdiyi malı satıcıya qaytara və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Əgər mal işlədilibsə, yaxud hər hansı istehlak xassələrini itiribsə (məsələn, yanlış saxlanılma nəticəsində), onda mal nə dəyişdirilə, nə də qaytarıla bilər. Eyni zamanda, alıcıda malı həmin satıcıdan aldığına dair sübutlar (məsələn, mal, yaxud kassa qəbzi) olmalıdır.

    Bəzi mallar vardır ki, yuxarıda göstərilən maddələrdə nəzərdə tutulmuş əsaslar üzrə dəyişdirilə bilməz. Onların siyahısı isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı haqqında" 21 may 1998-ci il tarixli 114 saylı Qərarı ilə təsdiq edilmişdir. Bunlara qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr), parfümerkosmetika malları, kişi, qadın və uşaq çimərlik paltarları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət-kimyası malları, şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.), uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müdəti ərzində) ərzaq malları daxildir.

  • 153-Sual. Mənə və qardaşıma valideynlərimizdən miras əmlak kimi ev qalıb. Qardaşım həmin evdən istifadə etmək istəyir, lakin mən öz payımı satmaq niyyətindəyəm. Mən öz payımı qardaşımın icazəsi olmadan sata bilərəmmi?

    Cavab: Siz öz payınızı qardaşınızın icazəsi olmadan satmaq hüququna maliksiniz, lakin bunun üçün satın almaqda üstünlük hüququna dair qaydalara əməl etməlisiniz. Belə ki, siz öz payınızı hər hansı üçüncü şəxsə satarkən qardaşınızın həmin payı satıldığı qiymətə və digər bərabər şərtlərlə almaqda üstünlük hüququ vardır.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 218.1-ci maddəsində (Maddə 218. Satın almaqda üstünlük hüququ) göstərilir ki, ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər.

    Eyni zamanda, Mülki Məcəllənin 218.2-ci maddəsinə əsasən siz öz payınızı üçüncü şəxsə satmaq niyyətiniz barədə payınızın qiymətini və digər satış şərtlərini göstərməklə qardaşınıza yazılı bildiriş verməlisiniz. Əgər siz qardaşınızın gələcəkdə yazılı bildiriş aldığını inkar edəcəyindən ehtiyatlanırsınızsa, onda yazılı bildirişi sifarişli poçt vasitəsilə göndərə və alınmasını təsdiq edən sənədi özünüzdə saxlaya bilərsiniz. Əgər qardaşınız sizin payı almaqdan imtina edərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində həmin payı əldə etməzsə, onda siz öz payınızı istədiyiniz şəxsə sata bilərsiniz.

    Pay satın almaqda üstünlük hüququ pozulmaqla satıldıqda paylı mülkiyyətin hər hansı digər iştirakçısının üç ay ərzində hüququ vardır ki, alıcının hüquq və vəzifələrinin ona keçirilməsini məhkəmə qaydasında tələb etsin.

  • 154-Sual. Mənzili kirayəyə götürərkən yazılı müqavilə bağlamaq lazımdırmı?

    Cavab: Təcrübə göstərir ki, əksər hallarda mənzili kirayəyə götürərkən kirayə verənlə kirayəçi şifahi razılığa gəlirlər. Lakin bu hal sonradan hər iki tərəf üçün müəyyən problemlərin yaranmasına gətirib çıxara bilər. Məsələn, kirayəyə verən mənzili dərhal boşaltmağı tələb edə bilər ki, bu halda kirayəçi çətin vəziyyətdə qalar. Çünki qısa müddətdə uyğun qiymətə mənzil tapmaq elə də asan deyil. Həmçinin kirayəyə verən növbəti aydan kirayə haqqının qiymətini birtərəfli qaydada artırdığını bildirə bilər.  Kirayəçi mənzilə və ya qonşulara zərər vurduğu halda tərəflər arasında müqavilənin olması kirayəyə verənin ona dəymiş zərəri məhkəmə qaydasında tələb etməsinə kömək edəcəkdir. Qeyd edilənlər müqavilə bağlanmasının zəruriliyini şərtləndirən faktiki amillərdir.

    Qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 19.1-ci maddəsinə əsasən (Maddə 19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı) daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

  • 155-Sual: Polietilen torbaların istifadəsinə görə məsuliyyət nəzərdə tutulubmu?

    Cavab: Bəli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilmiş əlavəyə əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

    Həmçinin qeyd olunan xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə  isə

    inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

    Onu da qeyd etmək lazımdır ki, məsuliyyət polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanlara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minir.

  • 156-Sual: Atam 5 il bundan əvvəl vəfat edərkən mülkiyyətində yalnız torpaq sahəsi olmuşdur. Lakin atam vəsiyyətnamə qoymamışdır. Hazırda isə həmin torpaq sahəsini satmaq istəyirəm. Bunun üçün nə etməliyəm?

    Cavab: Göstərdiyiniz torpaq sahəsi hazırda hüquqi baxımdan Sizə məxsus deyil. Həmin torpaq sahəsinin mülkiyyətçisi olmaq və onu sata bilmək üçün Siz ilk öncə, mirasın qəbul edilməsi faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etməlisiniz.

  • 157-Sual:Bağışlamaq və hədiyyə qəbul etmək qabiliyyəti qanunvericiliklə necə tənzimlənir?

    Cavab: Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

    Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.  Həmin şəxsin əmlakından bağışlama yalnız qanuni nümayəndələrin məsuliyyətinin saxlanması şərti ilə, habelə qəyyumluq və himayəçilik hüququnun göstərişlərinə uyğun olaraq həyata keçirilə bilər. Əgər fəaliyyət qabiliyyəti olmayan şəxs öz hərəkətlərinin xarakterini və nəticələrini qiymətləndirməyə qadirdirsə,                 o da hədiyyəni qəbul edə və hüquqa uyğun surətdə əldə edə bilər. Lakin əgər qanuni nümayəndə hədiyyənin qəbul olunmasını qadağan etmişsə və ya qaytarılmasına dair sərəncam vermişsə, hədiyyə əldə edilmir və ya ləğv edilir.

    Bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə və gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə etibarlıdır:

    Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər.

    Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Hədiyyə verənin ölməsi halı üçün bağışlama vərəsəlik hüququnun göstərişlərinə uyğun icra edilir. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. Əgər öhdəliyin icrası ilə ictimai mənafelərə riayət edilirsə, hədiyyə verənin ölümündən sonra icranı müvafiq icra hakimiyyəti orqanı tələb edə bilər. Əgər bağışlama müqaviləsi bağlandıqdan sonra hədiyyə alan hədiyyənin dəyərinin öhdəliyin icrası xərclərini ödəmədiyini və zərərin əvəzinin ona ödənilməyəcəyini aşkar edərsə, öhdəliyin icrasından imtina edə bilər.

    Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə,  hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Qeyd olunan halda və vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə, vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur.

  • 158-Sual: Hansı əmlak ər-arvadın birgə mülkiyyəti hesab olunur?

    Cavab: Ölkəmizin ailə qanunvericiliyinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Buna onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

    Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.

    Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. onların rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Onlardan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Mülki Məcəllə ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.

    Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

    Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

    Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. onların ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, onların ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

    Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmə, onların ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.

    Onların ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

    Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

  • 159-Sual:Nikahın etibarsız sayılmasını aradan qaldıran hallar hansılardı?

    Cavab: Ailə Məcəlləsinin 27-ci maddəsinə əsasən nikahın etibarsız sayılması barədə işə baxılanadək nikahın bağlanmasına qanuna görə mane olan hallar aradan qalxdıqda, məhkəmə həmin halların aradan qalxdığı vaxtdan nikahı etibarlı hesab edə bilər.

    Yetkinlik yaşına çatmayan ərin (arvadın) mənafeyi tələb etdikdə, eləcə də nikahın etibarsız sayılması barədə onun razılığı olmadıqda, nikah yaşına çatmayan şəxslə bağlanmış nikahın etibarsız sayılması barədə iddianı məhkəmə rədd edə bilər.

    Saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz.

    Ər-arvad arasında nikah bağlanması üçün qanunla qadağan olunmuş qohumluq halları və ya nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu hallar istisna olmaqla, əvvəllər pozulmuş nikah sonradan etibarsız sayıla bilməz.

  • 160-Sual: Notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun və haqqın tutulmasının xüsusiyyətləri qanunvericiliklə necə tənzimlənir?

    Cavab: "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş son əlavə və dəyişiklilərə əsasən notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcısına keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur. Qanunvericiliyə edilmiş bu dəyişiklik isə 2021-ci il mart ayının 1-dən qüvvədədir.

    Həmçinin "Dövlət rüsumu" haqqında Qanunda da notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri də öz əksinin tapıb. Belə ki, notariat hərəkətlərinin aparılmasına görə aşağıdakı hallarda dövlət rüsumu ödənilmir:

    -doğumu, ölümü, övladlığa götürülməni və atalığı (analığı) təsdiqləyən sənədləri almaq üçün;

    -təminatlı kreditorun iştirakçısı olduğu girov ya ipoteka müqaviləsi ilə bağlı notariat hərəkətləri aparılarkən dövlət rüsumu tutulmuşdursa, həmin müqavilədən irəli gələn borc öhdəliklərinin təmin edilməsi üçün iflas prosesi zamanı təminatlı kreditor ilə əmlak inzibatçısı arasında bağlanmış saziş ilə əlaqədar notariat hərəkətləri üzrə - təminatlı kreditor və əmlak inzibatçısı;

    -mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat hərəkətləri üzrə- birinci dərəcə əlilliyi olan işləməyən şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, qaçqınlar və məcburi köçkünlər;

    -Mülki-hüquqi əqdlərin bağlanması zamanı, habelə mənzil (fərdi ev) alınması və ya dəyişdirilməsi əqdləri ilə bağlı notariat hərəkətləri üzrə-"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər və qəyyumluqda (himayədə) olan uşaqlar;

    -pensiya, müavinət, yardım və alimentin alınması üçün verilən etibarnamələr üzrə;

    -notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə; 

    -digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə.

    Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində dövlət büdcəsinə köçürülür. Notarius tərəfindən notariat hərəkətlərinə görə dövlət rüsumunun qəbulu zamanı ödəyiciyə dövlət rüsumunun ödənilməsini təsdiq edən rəsmi sənədin (mədaxil qəbzi, kassa mədaxil orderi və s.) əsli verilir. 

  • 161-Sual. Mülkiyyətimdə torpaq sahəsi var. Həmin torpaq sahəsini icarəyə vermək istəyirəm. Bunun üçün hansı müqaviləni bağlamaq lazımdır?

    Cavab: Siz mülkiyyətçi kimi torpaq sahənizi icarəyə verə bilərsiniz. Bunun üçün Siz icarəçi (yəni torpaq sahəsini icarəyə götürən) ilə torpaq icarəsi müqaviləsi bağlamalısınız.

    Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 9-cu hissəsinə görə xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir.

    Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə görə (Maddə 141.  Daşınmaz əmlakınm dövlət reyestrində düzəlişin aparılması) daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Göründüyü kimi, mülkiyyətinizdə olan torpaq sahəsini icarəyə vermək üçün bağlayacağınız torpaq icarəsi müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

    Bundan əlavə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə  (Maddə 19. Daşınmaz əmlak üzərində icarə və istifadə hüquqlarının dövlət qeydiyyatı) daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Göründüyü kimi, əgər Siz torpaq sahənizi 11 aydan artıq müddətə icarəyə vermək istəyirsinizsə, onda həmin icarə hüququ dövlət qeydiyyatına alınmalıdır.

  • 162-Sual: Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar hansı hallarda da rəsmi qaydada verilmiş hesab olunur?

    Cavab: İnzibati xətalar qanunvericiliyinə əsasən İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur:

    -nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada (125.2.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi nəqliyyat vasitəsi istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği,  inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir)SMS məlumat çatdırıldığı vaxtdan;

    -nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada (125.2.1. müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə dərhal yerləşdirir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərir) onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda);

    -"Yol hərəkəti haqqında" Qanunla müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda);

    -İnzibati Xətalar Məcəllsiənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda (97.4-1. Bu Məcəllənin 123.1-ci maddəsində nəzərdə tutulan sorğunu hüquqi şəxsin öz hüquqi ünvanı üzrə fəaliyyət göstərməməsi səbəbindən 20 gün müddətində bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş qaydada çatdırmaq mümkün olmadıqda, həmin sorğunun verilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətanın törədildiyi nəqliyyat vasitəsinin dayandırılaraq müvafiq sənədin təqdim edilməsi barədə qərar qəbul edilir. Bu halda dayandırılmış nəqliyyat vasitəsinin istifadəçisinə həmin sorğu təqdim edildikdən və müvafiq qeydlər aparıldıqdan dərhal sonra nəqliyyat vasitəsi buraxılır. Bu qaydada təqdim edilən sorğu rəsmi qaydada verilmiş hesab olunur) barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda).

  • 163-Sual: Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma hansı məsuliyyətə səbəb olur?

    Cavab: Ölkəmizdə müəlliflik hüquqları və ya əlaqəli hüquqlar "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

    Əqli mülkiyyət hüquqları müəlliflik hüququnun obyekti olan əsərlərə, ifalara, fonoqramlara, yayım təşkilatlarının verilişlərinə, inteqral sxem topologiyalarına, məlumat toplularına, folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə), ixtiralara, faydalı modellərə, sənaye nümunələrinə, əmtəə nişanlarına, coğrafi göstəricilərə hüquqlardır. Əqli mülkiyyət hüquqlarının sahibi (hüquq sahibi) isə əqli mülkiyyət hüquqlarının məxsus olduğu fiziki və ya hüquqi şəxs, o cümlədən folklor nümunələrinə (ənənəvi mədəni nümunələrə) münasibətdə Azərbaycan Respublikasıdır.

    Əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar bərabər, ədalətli və sadə olmalı, səmərəsiz ləngimələrə gətirib çıxarmamalı və Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyində nəzərdə tutulan qaydada həyata keçirilməlidir. Əqli mülkiyyət hüquqlarının pozulmasına dair mülki işlərlə əlaqədar sübutların tələb olunması və təmin edilməsi üçün tədbirlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.

    Əqli mülkiyyət hüquqlarının pozulmasına görə inzibati və cinayət məsuliyyəti ilə bağlı tədbirlər, həmçinin bu hüquqlarla bağlı inzibati mübahisələrə baxılması müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət, Cinayət-Prosessual və İnzibati Prosessual məcəllələrinin müddəalarına uyğun olaraq həyata keçirilir.

    İnzibati Xətalar Məcəlləsinin 185-ci  maddəsinəəsasən müəlliflik hüququnu və əlaqəli hüquqları pozmağa görə, bu az miqdarda (min manatadək olan məbləğdə)  ziyan vurduqda pirat nüsxələr, həmçinin pirat nüsxələrin hazırlanmasında (istehsal edilməsində) və yayılmasında istifadə olunan materiallar, avadanlıqlar və hüquqpozmaya səbəb olan digər vasitələr müsadirə edilməklə səksən manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.

    Cinayət Məcəlləsinin müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda (min manatdan artıq olan məbləğdə) ziyan vurulmuşsa min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır. Eyni əməllər təkrarvə ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 164-Sual. Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin, işəgötürənlərin və işçilərin vəzifələri nədən ibarətdir?

    Cavab: 28 aprel dünyada ümumdünya əməyin mühafizəsi günü kimi qeyd olunur. Ölkəmizin əmək qanunvericiliyinə əsasən  müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:

    -əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini;

    -binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini;

    -bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını;

    -işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini;

    -əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini;

    -normal əmək və istirahət rejiminə riayət edilməsini;

    -işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini;

    -işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini;

    -kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini;

    -müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini.

       Həmçinin  bu sahədə işçilərin vəzifələrinə aşağıdakılar daxildir:

    -əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini öyrənmək, mənimsəmək və onlara əməl etmək;

    -əmək funksiyasını özünü və başqa işçiləri təhlükəyə məruz qoymayacağı təqdirdə icra etmək, şəxsi buraxılışı olmadan qurğularda, dəzgahlarda, partlayış və həyat üçün təhlükəli digər mənbələrdə iş görməmək;

    -verilmiş xüsusi geyimdə və ayaqqabıda işləmək, texnoloji prosesdə, əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;

    -əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;

    -müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq;

    -əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə, tövsiyələrinə əməl etmək.

  • 165-Sual: İnzibati xətalar haqqında işlər üzrə sənədlər rəsmi qaydada necə verilir?

    Cavab: İnzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına İnzibati Xətalar Məcəlləsində müəyyən edilən hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən "Poçt haqqında" Qanunda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi isə göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər.

    Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.

    Sənədi çatdırmalı olan şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənəd ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda ünvan sahibinin yaşayış yeri üzrə yerli özünüidarə orqanına, müvafiq icra hakimiyyəti orqanına, yaxud onun iş yerinin müdiriyyətinə verilir. Ünvan sahibinin əvəzinə sənədi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi sənədi ünvan sahibinə verməlidir.

    Sənədi çatdırmalı olan rabitə orqanı, yaxud sənədin çatdırılması tapşırılmış şəxs bu işi sənədi aldığı tarixdən sonrakı gündən gec olmayaraq yerinə yetirməli və sənədi çatdırdığı barədə bir gün müddətində müvafiq hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) xəbər verməlidir.

  • 166-Sual: Vəsiyyətnamənin qüvvədən düşmüş sayılmasının əsasları hansılardır?

    Cavab: Azərbaycan Respublikasının mülki qanunvericliyinə əsasən vəsiyyətnamə  xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə, vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə və yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə qüvvədən düşür:

  • 167-Sual: Böhtan hər hansı bir məsuliyyətə səbəb ola bilər?

    Cavab: Ümumdünyа İnsаn Hüquqlаrı Bəyаnnаməsində, Mülki və Siyаsi Hüquqlаr hаqqındа Bеynəlхаlq Pаktdа və ölkə Kоnstitusiyаsının 46-cı mаddəsində dеyilir ki, hər kəsin şərəf və ləyаqətini müdаfiə еtmək hüququ vаrdır, hеç bir hаl şəхsiyyətin ləyаqətinin аlçаldılmаsınа əsаs vеrə bilməz. Cinayət qanunvericiliyinə əsasən isə böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

    Bu cinаyətin bilаvаsitə оbyеktini bаşqа şəхsin şərəfi, ləyаqəti və yа nüfuzu təşkil еdir. Şərəfcəmiyyətin üzvü kimi insаnın əхlаqi, mənəvi, mədəni kеyfiyyətlərinə, bаşqа şəхslərə, dövlətə, cəmiyyətə münаsibətinə görə оnа vеrilən ictimаi qiymətdir. Ləyаqət şəхsin özünə, özünün dаvrаnışınа, mənəvi və əхlаqi dünyаgörüşünə, cəmiyyətdə tutduğu mövqеyinə özünün vеrdiyi qiymətdir. Nüfuz şəхsin cəmiyyətdə, kоllеktivdə, dоstlаrının əhаtəsində, təşkilаtdа öz qаbiliyyətinə, mövqеyinə, ictimаi əhəmiyyət kəsb еtməsinə görə bаşqа şəхslər tərəfindən оnа vеrilən qiymətdir. Hər kəsin şərəfi, ləyаqəti və nüfuzu bir-biri ilə sıх bаğlı оlаn mənəvi-əхlаqi-sоsiаl dəyərlər оlduğunа görə dövlət tərəfindən müdаfiə оlunur. Vətəndаşın şərəfi, ləyаqəti və nüfuzu mülki və cinаyət qаnunvеriciliyi ilə qоrunur.

    Böhtаn cinаyəti оbyеktiv cəhətdən yаlаn оlduğunu bilə-bilə hər hаnsı şəхsin şərəf və ləyаqətini ləkələyən və yа оnu nüfuzdаn sаlаn məlumаtlаrı kütləvi çıхışlаrdа, kütləvi nümаyiş еtdirilən əsərdə və yа kütləvi infоrmаsiyа vаsitəsində yаymаdа ifаdə оlunur. Kütləvi çıхış dеdikdə, hər hаnsı şəхsin şərəf və ləyаqətini аlçаldаn və yа оnu nüfuzdаn sаlаn məlumаtlаrı ən аzı iki nəfər kənаr şəхsin görə, еşidə və yа qаvrаyа biləcəyi fоrmаdа ifаdə еtməsidir. Kütləvi nümаyiş еtdirilən əsər dеdikdə, ən аzı iki nəfər şəхsin görə və yа qаvrаyа biləcəyi şərаitdə nümаyiş еtdirilən əsərlər, yəvi fоtоşəkillər, rəsm əsərləri, kinеmаtоqrаfiyа əsərləri və s. bаşа düşülür. Kütləvi infоrmаsiyа vаsitəsi isə dövri mətbu nəşrlər, tеlеrаdiо prоqrаmlаrı, kinохrоnikа prоqrаmlаrı və digər yаyım fоrmаlаrıdır. Bu mаddə üzrə cinаyət məsuliyyətinin yаrаnmаsı üçün üç hаl müəyyən еdilməlidir: məlumаtın hər hаnsı şəхsin şərəf və ləyаqətini ləkələməsi və yа оnu nüfuzdаn sаlmаsı; həmin məlumаtlаrın dоğru оlmаmаsı; bеlə məlumаtlаrın yаyılmаsı.

    Şərəf və ləyаqəti ləkələyən məlumаtlаr dеdikdə, əхlаqi prinsiplər, istеhsаl-təsərrüfаt, хidmət və ictimаi fəаliyyətlə əlаqədаr cəmiyyət, kоllеktiv və yахud аyrı-аyrı şəхslər аrаsındа vətəndаş bаrəsində mənfi rəy yаrаdаn məlumаtlаr bаşа düşülür. Məlumаtın yаlаn оlmаsı dеdikdə, оnun həqiqətə uyğun оlmаmаsıdır. Yаyılаn məlumаtlаr yаlаn оlsа dа, bаşqа şəхsi ləkələyən məlumаtlаr dеyildirsə, böhtаnа görə cinаyət məsuliyyəti istisnа оlunur. Yаyılаn məlumаtlаr bаşqа şəхsi ləkələsə də, həqiqi məlumаtlаrdırsа, yеnə də cinаyət məsuliyyəti yаrаnmаyаcаqdır. Ləkələyici məlumаtlаr kоnkrеt fаktlаrlа bаğlı оlmаlıdır. Bеlə məlumаtlаr ümumi хаrаktеrli ifаdələrdən yəni, məsələn, "о, mənfəətpərəst аdаmdır", "хəsis insаndır", "insаnlıqdаn uzаq аdаmdır" və s. ibаrət оlmаmаlıdır.

  • 168-Sual: Təh­qir hansı məsuliyyətə səbəb ola bilər?

    Cavab:Təhqir cinаyətinin bilаvаsitə оbyеkti şəхsiyyətin şərəf və ləyаqətidir. Bu cinаyət оbyеktiv cəhətdənküləvi çıхışlаrdа, kütləvi nümаyiş еtdirilən əsərdə və yа kütləvi infоrmаsiyа vаsitəsində bаşqа şəхsin şərəf və ləyаqətini nаlаyiq fоrmаdа аlçаltmаdа ifаdə оlunur. Təhqirеdici hərəkətlərin nаlаyiq оlmаsı qiymətləndirilən аnlаyışdır və оnun məzmununun nаlаyiq оlub-оlmаmаsını cəmiyyətdə qəbul еdilmiş mənəvi-əхlаqi dəyərlərə, birgəyаşаyış nоrmаlаrınа, ümumbəşəri prinsiplərə uyğun оlаrаq məhkəmə, hаbеlə ilk növbədə zərərçəkmiş şəхs müəyyən еdir. Bаşqа şəхsin şərəf və ləyаqətini nаlаyiq fоrmаdа аlçаltmа həmin şəхsin şəхsiyyətinə mənfi qiymət vеrməklə оnu əhаtənin (dоstlаrının, tаnışlаrının və s.) gözündə nüfuzdаn sаlаn hərəkətlərlə хаrаktеrizə оlunur.

    Şərəf və ləyаqəti аlçаltmа hərəkətləri müхtəlif fоrmаlаrdа həyаtа kеçirilə bilər: yаzılı, şifаhi, bədən hərəkətləri ilə və s. Şifаhi fоrmаdа şərəf və ləyаqəti аlçаltmа söyməklə, nаlаyiq sözlər söyləməklə, hаqqındа ələ salıcı ifаdələr işlətməklə və s. törədilə bilər. Şərəf və ləyаqətin yаzılı fоrmаdа аlçаldılmаsı məktubdа, hər hаnsı mürаciətdə (ərizə, şikаyət və yа təklifdə) və s. ifаdə оlunа bilər. Hərəkətlərlə şərəf və ləyаqəti аlçаltmа üzünə tüpürməklə, sillə vurmаqlа, mimikаlаrlа, jestlərlə bаşqа şəхsi mənfi cəhətdən yаmsılаmаqlа və s. hərəkətlərlə еdilə bilər. Şərəf və ləyаqəti аlçаldаn hərəkətlər təhqr оlunаn şəхsin iştirаkı оlmаdаn dа törədilə bilər. Mühümü оdur ki, şərəf və ləyаqət kütləvi çıхışdа, kütləvi nümаyiş еtdirilən əsərdə və yа kütləvi infоrmаsiyа vаsitəsində аlçаldılmış оlsun.

    Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 169-Sual: Torpaq icarəçisinin vəzifələri nədən ibarətdir?

    Cavab: "Torpaq icarəsi haqqında" Qanuna əsasən torpaq icarəçisi icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə  müqaviləsinin  şərtlərinə  və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiy-yətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək, icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq, icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq, torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək, qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək vəzifələrini daşıyırlar.  

  • 170-Sual. Lazımi keyfiyyətli olmayan mal satıldıqda, alıcı hansı hüquqlara malikdir?

    Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 624.1-ci maddəsinə əsasən alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə aşağıdakılardan birini tələb edə bilər:

    - keyfiyyətsiz malın lazımi keyfiyyətli malla əvəz edilməsini;

    - alış qiymətinin mütənasib surətdə azaldılmasını;

    - malın qüsurlarının təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılmasını;

    - malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzinin ödənilməsini.

    Bu tələblərdən hər hansı birini irəli sürə bilmək üçün ilk növbədə, alıcıya lazımi keyfiyyətli olmayan mal satılmalı və malın qüsurları satıcı tərəfindən əvvəlcədən bildirilməmiş olmalıdır. Mülki Məcəllənin 624.3-cü maddəsinə görə malın xassələri onun aşkar edilmiş qüsurları aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər.   Göründüyü kimi, bu maddənin tələbləri elə mallara şamil edilir ki, onların xassələri aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermir. Maddənin özündə belə malların adları çəkilsə də, nəzərə almaq lazımdır ki, bu, qəti siyahı deyil. Mülki Məcəllənin 624.4-cü maddəsi alıcı üçün alternativ davranış imkanı müəyyən edir. Belə ki, həmin maddəyə əsasən yuxarıda göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alqı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər.

  • 171-Sual. Məhkəmə qətnaməsi əsasında aramızda olan nikah pozulmuşdur. Lakin qətnamədə mənim, yoxsa keçmiş ərimin nikahın pozulmasının qeydiyyatı ilə əlaqədar dövlət rüsumu ödəməli olması göstərilməmişdir.

    Cavab: Məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınması üçün 15 manat məbləğində dövlət rüsumu ödənilməlidir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 12.2.2-ci maddəsinə əsasən isə əgər nikahın pozulması barədə məhkəmə qətnaməsində dövlət rüsumunu tərəflərdən hansının ödəməli olduğu göstərilməmişdirsə, onda nikahın pozulmasının qeydiyyata alınması üçün birinci müraciət etmiş tərəf (keçmiş ər və ya arvad) həmin dövlət rüsumunu ödəməlidir.

  • 172-Sual: Hansı obyektlərin tikintisinə məlumatlandırma icraatı tələb olunur?

    Cavab: Şəhərsalma və Tikinti qanunvericiliyinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

    Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.

    Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanına) məlumat verir şəhərsalma və tikinti qanunvericiliyində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) tərəfindən yuxarıda nəzərdə tutulan tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır.

    Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı (Fövqəladə Hallar Nazirliyi) həyata keçirir.

    Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) qanunveriliklə müəyyən edilən müddətlər (10 gün) bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir.

  • 173-Sual. İnzibati həbs nədir? Və kimlərə tətbiq oluna bilməz?

    Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsnin 30-cu maddəsinə əsasən  inzibati həbs, yalnız müstəsna hallarda İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.

    Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.  İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

  • 174-Sual. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi hansı məsuliyyətə səbəb olur?

    Cavab: Yаnğın dеdikdə, mаddi ziyаn vurаn, insаnlаrın həyаtınа və sаğlаmlığınа, hаbеlə təbiətə zərər yеtirən nəzаrətsiz yаnmа bаşа düşülür. Bu ictimai təhlükəli əməlin оbyеkti insаnlаrın həyаtı və sаğlаmlığı, hаbеlə mülkiyyət münаsibətləridir. Yаnğın təhlükəsizliyi təşkilаti, iqtisаdi, sоsiаl, еlmi-tехniki, tərbiyə və təbliğаt tədbirlərinin еlə bir kоmplеksidir ki, bu, təsərrüfаt sаhələrinin və digər yаşаyış məntəqələrinin təhlükəsiz fəаliyyətini, yаnğınlаrın törənməsi və yаyılmаsı imkаnlаrının аrаdаn qаldırılmаsını, оnlаrın sоn dərəcə sürətlə аşkаr və ləğv оlunmаsını, insаnlаrın həyаtının və sаğlаmlığının mühаfizəsini təmin еtməli, yаnğınlаrın təhlükəli аmillərinin insаnlаrа və ətrаf mühitə təsirini аrаdаn qаldırmаlı, mаddi və mənəvi sərvətləri yаnğındаn məhv оlmаqdаn qоrumаlıdır.

    İnzibati xətalar qanunvericiliyinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Eyni hərəkətlərin yanğına qarşı xüsusi rejim şəraitində törədilməsinə görə fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir.

       Həmçinin cinayət qanunvericiliynə əsasən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin eyni əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 175-Sual: Boşanmış valideynlər uşağı xarici ölkəyə hansı hallarda apara bilər?

    Cavab: Tərəflər boşandıqdan sonra əsas problemlərdən biri də uşağın xaricə getməsi zamanı ortaya çıxır. Belə məsələlər isə Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir. Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinə əsasən uşaq kimin himayəsindədirsə, o zaman digər valideynin notariat qaydada təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Əks halda uşağın xarici ölkəyə çıxarılmasına icazə verilmir.

    Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Onların xarici ölkəyə çıxarılması zamanı razılığı tələb olunan valideyn notariat qaydasında razılıq verməzsə, bu zaman iş məhkəmə qaydasında həll edillir, yəni uşaq əgər anaya verilibsə, bu zaman ana uşağın xaricə getməsinə izn verilməsi ilə iddiası ilə məhkəməyə müracitət etməlidir. Məhkəmə daha çox uşağın lehinə ola biləcək halları nəzərə alaraq qərar verir. Uşağın lehinə olan hallar isə uşağın sağlamlığı, yəni onun xaricdə müalicəsi ilə əlaqədar ola bilər eyni zamanda təhsili ilə əlaqədar seminar və konfransda iştirak etməsi və idman oyunlarında iştirak etməsi uşağın lehinə olan hallardır.

    Bundan əlavə BMT-nin Uşaq hüquqları haqqında konvensiyasının 3-cü maddəsinə əsasən dövlət orqanları, məhkəmələr uşaqların maraqlarının təmin edilməsinə riayət etməlidirlər.

  • 176-Sual: Məcburi gətirilmə nədir? Kimlərin məcburi gətirilməsinə yol verilmir?

    Cavab: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən məcburi gətirilmə, şəxsin cinayət prosesi aparan orqana məcburi çatdırılmasından, habelə istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında onun iştirakının məcburi təmin edilməsindən ibarətdir.

    Məcburi gətirilmə cinayət prosesində iştirak edən və cinayət prosesini həyata keçirən orqana çağırılan şəxsə yalnız cinayət prosesini həyata keçirən orqanın məcburi çağırışlarına üzürlü səbəb olmadan gəlmədikdə, cinayət prosesini həyata keçirən orqanın çağırışlarını almaqdan boyun qaçırdıqda, cinayət prosesini həyata keçirən orqandan gizləndikdə və daimi yaşayış yeri olmadıqda tətbiq edilə bilər.

    14 yaşınadək olan şəxslərin, hamilə qadınların, ağır xəstələrin, habelə xüsusi ittihamçının məcburi gətirilməsinə yol verilmir. Məcburi gətirilmə cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya cinayət prosesi iştirakçılarının vəsatəti ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Məcburi gətirilmə barədə qərar təhqiqat orqanı və ya qanunla üzərinə bu vəzifə qoyulmuş digər orqan tərəfindən icra olunur.

    İnzibati Xətalar Məcəlləsinin 87-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin, hüquqi şəxsin nümayəndəsinin, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsinin, habelə şahidlərin üzrlü səbəblər olmadan çağırış üzrə gəlməkdən qəsdən boyun qaçırması nəticəsində inzibati xəta haqqında iş üzrə icraatın baxılması təxirə salındıqda, bu isə inzibati xəta haqqında işin hallarının tam, ətraflı, obyektiv və vaxtında araşdırılmasına və onun ədalətli həll olunmasına mane olarsa, inzibati xətanın baxıldığı yer üzrə məhkəmə həmin şəxslərin gətirilməsi barədə qərardad qəbul edə bilər.

    On altı yaşına çatmayan şəxslər, hamilə qadınlar barəsində gətirilmə tətbiq edilə bilməz.  Fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

  • 177-Sual: Xaricdə bağlanmış nikah Azərbaycan Respublikasında hansı hallarda tanınır?

    Cavab: Azərbaycan Respublikasından kənarda bağlanmış nikahın tanınması Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Belə ki, Ailə Məcəlləsinin 148-ci maddəsinə əsasənAzərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, Ailə Məcəlləsnin 12-ci maddəsində nəzərdə tutulan nikahın bağlanmasına mane olan hallar (yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar), övladlığa götürənlər və övladlığa götürülənlər, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər,  tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər və ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya kəmağıllıq nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. arasında nikahın bağlanmasına yol verilmir) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.

    Azərbaycan Respublikasından kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.

  • 178-Sual: İtirilmiş əşyanı tapan şəxsə qanunla bəxşiş verilməlidirmi?

    Cavab: Bəzi hallarda itmiş əşyasını axtaran şəxslərin "tapana mükafat veriləcək" kimi vədlərinə rast gəlirik. təbii ki, onlar bunu itmiş əşyalarının daha tez tapılmasına nail olmaq üçün edirlər. Nəzərə alsaq ki, bəzi hallarda əşyanı tapan şəxslər qiymətli olduğu halda onu mənimsəməyə çalışırlar, bu, bir növ onları şirnikləndirmək üçün verilən bir vəd də ola bilər. Bəs qanunvericilikdə bu məsələ necə tənzimlənir? İtirilmiş əşyanı tapıb sahibinə qaytaran şəxsə hər hansı mükafat verilməlidirmi?

    Mülki Məcəlləyə əsasən, itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir.

    Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir.

    Səlahiyyətli şəxs tapılmış əşyanı qəbul edirsə, onu tapan şəxs tapılmış əşyanın dəyərinin 5 faizinədək miqdarda bəxşiş tələb edə bilər. Bundan başqa, əşyanı tapan şəxs səlahiyyətli şəxsdən həmin əşyanın saxlanması xərclərinin əvəzini ödəməyi də tələb edə bilər. Əmlakı tapan tapıntı barədə məlumat verməmişsə və ya onu gizlətməyə cəhd göstərmişsə, bəxşiş almaq hüququ əmələ gəlmir.

    Əşyanı tapan şəxs mülkiyyətdən imtina edirsə, səlahiyyətli orqan bir il keçdikdən sonra əşyanı auksionda sataraq fayda götürə bilər və ya söhbət azqiymətli əşyadan gedirsə, onu pulsuz özgəninkiləşdirə bilər və ya məhv edə bilər.

    Əgər tapıntı heyvan və ya tez xarab olan əşyadırsa, yaxud saxlanması böyük xərc tələb edən əşyadırsa, bir illik müddət tətbiq olunmur və onların özgəninkiləşdirilməsi nəticəsində əldə edilmiş məbləğ mülkiyyətçiyə qaytarılır.

  • 179-Sual: İşçilərə hansı halda öz xahişləri ilə ödənişsiz məzuniyyət verilə bilər?

    Cavab: İşçilərə öz xahişi ilə ödənişsiz məzuniyyətlərin verilməsi Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

    Belə ki, Əmək Məcəlləsinin 130-cu maddəsinə əsasən işçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir:

    -Həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə-uşaq dörd yaşına çatanadək;

    -Arvadları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə-14 təqvim gününədək;

    -16 yaşınadək uşağı olan qadınlara və ya tək valideynlərə, qəyyumlara, himayədarlara - 14 təqvim gününədək;

    -Əlillik dərəcəsindən və səbəbindən asılı olmayaraq əlilliyi olan, o cümlədən sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək;

     -müharibədə döyüşən ordunun tərkibində iştirak etmiş şəxslərə-14 təqvim gününədək;

    Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin müdafiəsi zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə - 14 təqvim gününədək;

    insanın immunçatışmazlığı virusu ilə yaşayan uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə-14 təqvim gününədək;

    -Doktoranturada (adyunkturada), təhsil alan işçilərə -1 təqvim ayınadək;

    ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə-14 təqvim günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə -7 təqvim günü;

    İxtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə ilkin tətbiqi zamanı müəllifə -14 təqvim gününədək;

    ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək;

    Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə-14 təqvim gününədək;

    Ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə-7 təqvim gününədək;

    Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.

  • 180-Sual: Nikahın pozulmasından sonra yaşayış yerindən istifadə hüququ necə tənzimlənir?

    Cavab: Nikahın pozulmasından sonra tərəflər arasında yaranan problemlərdən biri də birgə yaşadıqları mənzildən istifadə hüquqi ilə bağlı olur. 

    Mülki Məcəlləyə əsasən, əgər tərəflər arasında başqa razılaşma yoxdursa, o zaman şəxsin həmin yaşayış sahəsindən istifadə hüququnu saxlanılmır. Lakin həmin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Əgər rəsmi nikah 2009-cu il oktyabr ayının 1-dək qeydə alınmış olarsa, o zaman nikah ləğv olunduğu halda da həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılacaq.

  • 181-Sual: Əmək məzuniyyətinin vaxtı dəyişdirilə bilərmi?

    Cavab: Əmək Məcəlləsinin 134-cü maddəsinə əsasən əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.

            Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.

               İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:

              -əmək qabiliyyəti müvəqqəti itirildikdə;

              -əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;

              -işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə.

          Bundan əlavə, işçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.

            Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər.

               Hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.

  • 182-Sual: Mənzildə qeydiyyatda olan kənar şəxs qeydiyyatdan necə çıxarılır?

    Cavab: "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşadığı yer üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır:

    -yaşayış yerini dəyişdikdə, yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

    -başqa ölkədə yaşayış yeri seçdikdə, müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən;

    -ömürlük azadlıqdan məhrum edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında;

    -öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında;

    -yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

    -qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

     "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yalnız müvafiq icra hakimiyyəti orqanının razılığı ilə mümkündür.

    Şəxsin mənzilində formal olaraq qeydiyyatda olan, lakin faktiki yaşamayan və mənzildən istifadə hüququ olmayan şəxslərin mənzildən çıxarılması üçün şəxs ərazi üzrə Polis İdarəsi inzibati qaydada müraciət edə bilər. Bu məsələ "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunla tənzimlənir.

    Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun               9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair" Qərarında da müəyyən edilir ki, mülkiyyətçi ona məxsus yaşayış sahəsində qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması üçün inzibati orqana müraciət etməlidir. Daxili İşlər Nazirliyi şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üzrə səlahiyyətli inzibati orqandır. Daxili İşlər Nazirliyinin müvafiq ərazi qurumu kimi Polis İdarəsi ərazi üzrə bu səlahiyyəti həyata keçirir.

    "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxslərin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

    Yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Yaşayış sahəsindən kənar şəxslərin qeydiyyatdan çıxarılması üçün maraqlı şəxs məhkəməyə müraciət etmək hüququna malikdir. 

  • 183-Sual: Məhkəmədə iddia qaldırma müddətləri qanunvericiliklə necə tənzimlənir?

    Cavab: Məhkəmədə mülki işlərə başlamaq üçün qanunvericilikdə müddətlər nəzərdə tutulur. Bu müddətlər hər hansı hüquqi faktın baş verməsiylə bağlıdır. İddia müddəti isə hüquqi faktın baş verməsinin tərəfə məlum olduğu andan başlayır.

              Qanunvericilikdə aşağıdakı iddia müddətləri nəzərdə tutulur:

              Mülki məsələlər barədə ümumi iddia müddəti - 10 il,

              Müqavilə tələbləri üzrə - 3 il;

              Daşınmaz əşyalarla bağlı müqavilələrdə - 6 il;

              Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə - 3 il.

              Xüsusi müddət nəzərdə tutan, həmçinin müddət tətbiq olunmayan mülki məsələlər, ailə məsələləri barədə iddia müddəti:

                Pozulmuş hüquqların müdafiəsi üçün Ailə Məcəlləsində müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

    Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.  İşəgötürən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.

  • 184-Sual: Məhkəmə qərarı olmadan polis hansı hallarda vətəndaşın mülkünə daxil ola bilər?

    Cavab: "Polis haqqında" Qanunun 24-cü maddəsinə əsasən polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırmasına və yaşayış yerinəorada yaşayanların iradəsi ziddinə daxil olmasına yalnız aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada yol verilir:

                - hakimin qərarı olduqda;

                - digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə.

                Hakimin qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olması barədə dəqiq məlumatı olduğu halda bu qanunla müəyyən edilmiş qaydada daxil olur:

                - şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi;

                - şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi;

                - yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;

                - yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması;

                - cinayət törətmiş şəxsin bilavasitə “isti izlərlə” təqib edilməsi.

                Məhkəmənin (hakimin) qərarı və ya qanunvericilikdə göstərilmiş hallardan və əsaslardan hər hansı biri olmadan mənzil toxunulmazlığı hüququnu məqsədəuyğunluq, müvəqqəti zərurilik və ya digər mülahizələrlə məhdudlaşdırmaq qadağandır.

                Mənzilə orada yaşayanların iradəsi ziddinə daxilolma faktı barəsində 24 saat ərzində hakimə yazılı məlumat verilməlidir.

  • 185-Sual: Sınaq müddətində olan işçiyə əmək haqqı hesablanırmı?

    Cavab: Əmək müqaviləsi bağlanarkən müəyyən edilən sınaq müddəti Əmək Məcəlləsinin 51-ci maddəsinə əsasən 3 aydan çox ola bilməz, eyni zamanda, əmək müqaviləsi sınaq müddəti olmadanda bağlana bilər.

    Əmək Məcəlləsinin müvqafiq maddəsinə əsasən, sınaq müddəti dövründə işçinin bütün hüquq və bərabərliyi təmin olunmalıdır. Yəni, əmək haqqı ödənilmədən və ya müqavilə bağlanılmadan işçini işlətmək qadağandır.

    Sınaq müddətinin təyin edilməsinin əsas səbəbi iş ilə bağlı hərhansı bir uyğunsuzluq olduğu halda daha asan yolla əmək müqaviləsinə xitam verə bilməkdir. Əgər işəgötürən sınaq müddətində olan şəxsin işindən razı olmasa, ona sınaqdan keçmədiyini əsaslandırıb, əmək müqaviləsinə xitam verə bilər.

    Eyni zamanda, Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən bəzi şəxslərlə əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir:

              - yaşı 18-dən az olan şəxslərlə;

              - müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;

              - hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə;

              - təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;

              - ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;

              - iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə.

  • 186-Sual: Əmlak üzərinə həbs necə qoyulur?

    Cavab: İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci bir ay müddətində, təxirə salınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.

    İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa, və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur.

    Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini, və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.

  • 187-Sual: Apellyasiya şikayətindən hansı hallarda imtina oluna bilər?

    Cavab: Apellyasiya şikayətindən imtina edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş müvafiq maddə ilə tənzimlənir.

    Qanuna əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur.

    Apelyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər.

    Məhkəmə Mülki Prosessual Məcəllənin müvafiq maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər.

    Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir.

  • 188-Sual: Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə kimlər dövlət rüsumu ödəməkdən azad olunurlar?

    Cavab: Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri "Dövlər rüsumu haqqında" Qanunla tənzimlənir.

    Həmin Qanuna əsasən aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar:

          -əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar;

          -aliment alınması barədə iddialar üzrə - iddiaçılar;

          -şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar;

          -müəlliflik mübahisələri üzrə - müəlliflər, müəlliflik hüququ, ixtiralar, faydalı modellər, sənaye nümunələri, habelə əqli mülkiyyətin digər növlərinə dair hüquqlardan irəli gələn iddialar üzrə - iddiaçılar;

          -istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar;

          -zərərçəkənə və ya onun ailə üzvlərinə ödənilmiş müavinət və ya pensiya məbləğinin zərər vurandan tutulması barədə reqres iddialar üzrə - sosial sığorta orqanları və əhalinin sosial müdafiə mərkəzləri;

          -sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları;

          -itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə - tərəflər;

          -inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; 

          -təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə - tərəflər;

          -məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr; 

          -öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə – yetkinlik yaşına çatmayanlar;

          -iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə qərardadlarından verilən şikayətlər üzrə - işdə iştirak edən şəxslər; 

          -qiyabi icraat qaydasında qəbul edilmiş qərarlara yenidən baxılması haqqında birinci instansiya məhkəmələrinə verilən ərizələr üzrə - tərəflər;

          -məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları,  “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.

  • 189-Sual: İşçiyə intizam tənbehi hansı hallarda verilə bilər?

    Cavab: İşçiyə intizam tənbehinin verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən tənzimlənir.

    Qanuna əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

    İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.

    İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

    Eyni zamanda intizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir.

  • 190-Sual: Vəsiyyətnamə hansı hallarda etibarsız sayıla bilər?

    Cavab:Vəsiyyətnamə əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır.

    Qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır.

    Əgər vəsiyyətnamə Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər.

    Qeyd edək ki, xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə;

    Vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə;

    Yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə vəsiyyətnamə qüvvədən düşür.

  • 191-Sual: Vətəndaş nəqliyyat vasitəsini idarəetmə hüququndan hansı hallarda məhrum edilir?

    Cavab: Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər.

    Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur.

    Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.

  • 192-Sual: Amnistiya nədir?

    Cavab: Bütün dövrlərdə insan hüquqlarının təminatına və ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən amnistiya aktları cəmiyyətdə olduqca yüksək qiymətləndirilib.

    Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, Azərbaycan Respublikasının Milli Məclisi "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında " 5 noyabr 2021-ci il tarixdə amnistiya elan edilməsi haqqında Qərar qəbul etmişdir. Zəfər Günü münasibətilə qəbul edilən amnistiya aktı şamil edilməsi gözlənilən şəxslərin sayına, cinayətlərin və cəzaların əhatə dairəsinə görə tariximizin ən böyük amnistiyasıdır.

    Bəs, Amnistiya nədir? Amnistiya, yunanca "unutma, bağışlama" deməkdir.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir.

    Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən, cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər. Eyni zamanda onlara təyin olunmuş cəzanın müddəti azaldıla, belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, belə şəxslər əlavə cəzadan azad edilə, həmçinin cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

  • 193-Sual: Bağışlanan daşınmaz əmlak hansı hallarda geri qaytarıla bilər?

    Cavab: Bəzi hallarda tərəflər arasında narazılıq və ya digər səbəblərdən bağışlanan əmlakın geri qaytarılması tələb olunur. Bəs hansı hallarda bağışlanan daşınmaz əmlakın geri qaytarılmasını tələb etmək olar?

    Qeydiyyatda olan şəxsin "Notarial fəaliyyəti haqqında" Qanunda qeyd olunur ki, bağışlanan daşınmaz əmlak fərdi yaşayış evidirsə, bu zaman qeydiyyatda olan şəxsin razılığı lazımdır. Əgər o razılıq alınmayıbsa və həmin əqd qanunsuz bağlanıbsa, bu halda bağışlanan əmlak geri tələb oluna bilər. Bu, həmin müqavilənin etibarsız hesab edilməsinə səbəbdir.

    Bağlanan əqd etibarsızdırsa, bağışlanan əmlak bütün hallarda geri alına bilər. Əgər qarşı tərəf əmlakı geri qaytarmaqdan imtina edirsə, bu halda məhkəməyə müraciət edilməlidir. Müqavilə yanılma nəticəsində bağlanılıbsa, bu halda da bağışlanan əmlak əqdlərin etibarsızlığı səbəbilə geri tələb oluna bilər.

  • 194-Sual: Nikahın pozulmasından sonra yaşayış yerindən istifadə hüququ necə tənzimlənir?

    Cavab:  Nikahın pozulmasından sonra tərəflər arasında yaranan problemlərdən biri də birgə yaşadıqları mənzildən istifadə hüquqi ilə bağlı olur.

    Mülki Məcəlləyə əsasən, əgər tərəflər arasında başqa razılaşma yoxdursa, o zaman şəxsin həmin yaşayış sahəsindən istifadə hüququnu saxlanılmır. Lakin həmin yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

    Əgər rəsmi nikah 2009-cu il oktyabr ayının 1-dək qeydə alınmış olarsa, o zaman nikah ləğv olunduğu halda da həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılacaq.

  • 195-Sual: Əmlakı qəsdən məhv etmə və ya zədələmə hansı məsuliyyətə səbəb olur?

    Cavab: İnzibati Xətalar Məcəlləsinin əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir.

    Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məb-ləğ başa düşülür.

    Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə isə cinayət məsuliyyəti yaradır.Belə ki,cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Eyni əməllər zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 196-Sual: Subay şəxs övladlığa uşaq götürə bilərmi?

    Cavab: Övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bəs evli olmayan şəxslər də övladlığa uşaq götürə bilərmi?

    Övladlığa götürən şəxs nikahda deyilsə, Ailə Məcəlləsinin 121.2-ci maddəsinə əsasən, ögey ata (ögey ana), habelə yaxın qohumlar (bacı-qardaş, nənə-baba, valideynlərinin bacıları, qardaşları, onların övladları) istisna olmaqla, övladlığa götürmək istəyən nikahda olmayan şəxslə (şəxslərlə) övladlığa götürülən uşağın yaş fərqi 18-dən az olmamalıdır.

    Qeyd edək ki, aralarında nikah olmayan şəxslər birlikdə eyni uşağı övladlığa götürə bilməzlər.

  • 197-Sual: Valideyn hansı hallarda aliment borcundan azad edilə bilər?

    Cavab: Ailə Məcəlləsinə əsasən, valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Lakin bəzi hallarda valideyn bu vəsaiti ödəyə bilmir və aliment borcu yaranır.

     

     Aşağıdakı hallarda valideyn aliment üzrə borcları ödəməkdən azad edilə bilər:

    Aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edildikdə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirildikdə.

    Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

  • 198-Sual: İşçi hansı hallarda məzuniyyətdən geri çağrıla bilər?

    Cavab: İşçinin məzuniyyətinin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsi əsasında tənzimlənir.

    Azərbaycan Respublikası Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən məzuniyyətin hissələrə bölünməsi və məzuniyyətdən geriçağırma qaydası aşağıdakı kimi təsbit edilib:

    -əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

    Müstəsna hallarda, istehsalatda baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması, habelə təxirəsalınmaz işlərin görülməsi zərurəti olduqda əmək məzuniyyətində olan işçi ancaq onun razılığı ilə məzuniyyətdən geri çağırıla bilər. Əmək məzuniyyətindən geriçağırma əmrlə (sərəncamla, qərarla) rəsmiləşdirməlidir.

    Əmək məzuniyyətindən geri çağırılan işçiyə tərəflərin razılığı ilə ya işə başladığı gündən etibarən əmək haqqı hesablanır və işləndiyi məzuniyyət günlərinin əvəzində ödənişsiz əlavə istirahət günləri (əvəzgün) verilir, ya da işə başladığı gündən etibarən işçiyə əmək haqqı hesablanır, istifadə edilməmiş məzuniyyət günlərinə düşən məzuniyyət pulunun məbləği ondan tutulur və məzuniyyətin istifadə edilməmiş günləri gələcəkdə müəyyən edilmiş vaxtda verilərək Əmək Məcəlləsinin 140-cı maddəsində nəzərdə tutulmuş qaydada yenidən məzuniyyət pulu hesablanıb ödənilir.

    İşçinin təşəbbüsü ilə əmək məzuniyyətindən geriçağırılma yalnız işəgötürənin mülahizəsi ilə həyata keçirilə bilər.

  • 199-Sual: İcra sənədi hansı halda borclunun əmlakına yönəldilə bilməz?

    Cavab: İcra sənədi icra olunarkən əgər borclunun yeganə yaşayış yeri olan mənzilidirsə bu zaman tələbin həmin əmlaka yönəldilməsinə yol verilmir (ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir).

     "İcra haqqında" Qanunun 49-cu  maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədi icra olunarkən, borclu və onun ailə üzvləri üçün zəruri olan ərzaq məhsullarına, daimi istifadə edilən qab-qacağa və mətbəx ləvazimatına, digər ilk zərurət əşyalarına, habelə ixtisas üzrə kitablara və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlığa tələb yönəldilə bilməz. Fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir.

    Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə müəyyən olunur.

  • 200-Sual: Ölkəmizdə nikah yaşı necə müəyyən olunub?

    Cavab: Azərbaycan Respublikasında Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən ölkəmizdə nikah yaşı 18 yaş müəyyən olunur.

    Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

  • 201-Sual: Qumar oyunlarının təşkili və ya keçirilməsi hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikasın Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə əsasən qumar oyunlarının (pul vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən mərclər) təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama beş min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Eyni əməllər təkrar törədildikdə, internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakına yol verməklə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə  və xeyli miqdarda (əlli min manatdan yuxarı, lakin iki yüz manatdan artıq olmayan məbləğdə) gəlir əldə etməklə törədildikdə on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Həmçinin qeyd olunan əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə, külli miqdarda (iki yüz manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə) gəlir əldə etməklə törədildikdə üç ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Bu əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan məbləğdə) gəlir əldə etməklə törədildikdə isə dörd ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 202-Sual: Hansı mübahisələrlə bağlı əvvəlcə mediasiya sessiyasında iştirak tələb olunur?

    Cavab:  Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər.

    Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

     

  • 203-Sual: Kimlər yaxın qohum və ya qohum hesab olunurlar?

    Cavab: Qanunvericiliyə əsasən qohum dedikdə, babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumları nəzərdə tutulur.

    Yaxın qohumlara isə babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və nəvələr aiddirlər.

  • 204-Sual: Dövlət orqanlarının, hüquqi şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə hansı vəsaitdən tututlur?

    Cavab: Bu kimi məsələlər Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə tənzimlənir. Belə ki, həmin Məcəllənin 126-cı maddəsinə əsasən məhkəmə cərimələri Mülki-Prosessual Məcəllə ilə nəzərdə tutulmuş hallarda və miqdarda məhkəmə tərəfindən qoyulur. İşin məhkəmə baxışında iştirak edən və iştirak etməyən dövlət orqanlarının, hüquqi şəxslərin və digər təşkilatların vəzifəli şəxslərinə qanunla nəzərdə tutulmuş vəzifələrini pozmağa görə məhkəmə tərəfindən qoyulan cərimə onların şəxsi vəsaitlərindən tutulur.

  • 205-Sual: İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?

    Cavab:Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarından biridir.

    İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyat keçirilərkən işdə saxlanmağa üstünlüyü müəyyən edən əsas meyar qismində işçinin yüksək ixtisaslı (peşə) və peşəkarlıq səviyyəsi nəzərdə tutulur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsində qeyd olunur ki, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bu meyarların müəyyən olunması müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərlə əmək münasibətləri saxlamağa imkan verir. Bu zaman işçinin peşəkarlıq səviyyəsini qiymətləndirmək hüququ işəgötürənə məxsusdur.

  • 206-Sual: Ər-arvadın soyad seçmək hüququ necə müəyyən edilir?

    Cavab: Ailə Məcəlləsinə əsasən ər-arvad öz arzuları ilə onlardan birinin soyadını özləri üçün ümumi soyad seçə, yaxud onlardan hər biri nikahdan əvvəlki soyadını saxlaya və ya öz ərinin (arvadının) soyadını öz soyadı ilə birləşdirə bilər.

    Nikaha daxil olanların biri və ya hər ikisi qoşa soyada malik olduqda soyadların birləşdirilməsinə yol verilmir. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişdirməsinə səbəb olmur.

    Nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir.

  • 207-Sual: İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən hallar hansılardır?

    Cavab: “Media haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən media subyekti və jurnalist tərəfindən şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına, məlumat vermiş şəxsin razılığı olmadan onun şəxsiyyətinin açıqlanmasına, təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına, yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına, “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsində nəzərdə tutulmuş məlumatların yayılmasına və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsində nəzərdə tutulmuş sui-istifadə hallarınayol verilmir.

    Məsul redaktor və (və ya) jurnalist istintaqı aparılan, yaxud məhkəmə icraatında olan işlə əlaqədar bu Qanunun 15.3-cü maddəsi ilə müəyyən edilmiş hallardan (15.3. Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır: insan həyatının müdafiəsi üçün; ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün; ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün)başqa informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz.

    Məsul redaktor və ya jurnalist insan həyatının müdafiəsi, ağır və xüsusilə ağır cinayətlərin qarşısını alması və ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçünməhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır.

    Təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılması tələbləri jurnalistin müstəqil araşdırma aparmaq hüququnu məhdudlaşdırmır.

  • 208-Sual: Himayədar ailə nədir?

    Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 142-ci maddəsinə əsasən himayədar ailə uşağın tərbiyə olunmaq üçün verilməsinə dair müqavilə əsasında yaranır. Bu müqavilə qəyyumluq və himayə orqanı ilə himayədar valideynlər (uşağı tərbiyə olunmaq üçün ailəyə götürmək arzusunda olan ər-arvad və ya ayrı-ayrı vətəndaşlar) arasında bağlanır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmamış uşaq və yalnız müqavilə ilə nəzərdə tutulmuş müddətə verilə bilər. Himayədar ailə haqqında əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

    Uşağın ailəyə tərbiyə edilmək üçün verilməsi barədə müqavilədə hökmən onun yaşayış, tərbiyə və təhsil şəraiti, himayədar valideynlərin hüquq və vəzifələri, qəyyumluq və himayə orqanının himayədar ailə qarşısında vəzifələri, bu müqavilənin ləğv olunmasının əsasları və nəticələri göstərilir. Himayəçi valideynlərin əməyinə görə haqqın miqdarı və tərbiyə üçün götürdükləri uşaqların sayından asılı olmaqla onlara verilən imtiyazlar qanunvericiliklə müəyyən edilir.

    Uşağın tərbiyə üçün ailəyə verilməsi barədə müqavilə üzürlü səbəb olarsa (xəstəlik, ailə və əmlak vəziyyətinin dəyişməsi, uşaqla qarşılıqlı anlaşmanın olmaması, uşaqlar arasında münaqişəli vəziyyət) himayədar valideynlərin təşəbbüsü ilə, eləcə də uşağın ailədə tərbiyəsinə, təhsilinə və sağlamlığına əlverişsiz şəraitin olduğu və ya uşaq öz ailəsinə qaytarıldığı, yaxud övladlığa götürüldüyü hallarda qəyyumluq və himayə orqanının təşəbbüsü ilə vaxtından əvvəl pozula bilər.

  • 209-Sual: Mirasda məcburi pay nədir?

    Cavab: Vərəsəlik ölmüş şəxsin əmlakının başqa şəxslərə,yəni vərəsələrə keçməsidir. Mirasqoyanın əmlakı isə vərəsələrə qanun üzrə və yavəsiyyət üzrə və ya hər iki əsasla keçə bilər.

    Vəsiyyət üzrə vərəsəlik zamanı miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərəkeçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq mirasqoyanın iradəsi ilə müəyyən edilir. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və  ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edəbilər və bunu əsaslandırmağa borclu deyildir (Maddə 1176)Vəsiyyətnamədə bir başa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz.

    “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08.01.2021-ci il tarixli Plenum Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir.

    Bununla yanaşı qeyd edilməlidir ki, qanunvericilik mülkiyyətçinin bağışlama qabiliyyətinin vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair norma nəzərdə tutmaqla yanaşı, mirasqoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrumetmə imkanı da vermişdir. Beləki, mirasqoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər. 

    Mülki Məcəllənin 1137-ci maddəsinə görə, mirasqoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrum etmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrum etməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni mirasqoyan hələ özsağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirəbilər.

    Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində özəksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyətedənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

  • 210-Sual: Kimlər himayədar valideynlər ola bilərlər?

    Cavab: Ailə Məcəlləsinin 144-cu maddəsinə əsasən məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya fəaliyyət qabiliyyəti məhdud hesab edilən və valideynlik hüquqlarından məhrum olunan və ya valideynlik hüquqları məhdudlaşdırılan şəxslər, üzərinə qanunla qoyulan qəyyumluq (himayəçilik) vəzifələrini lazımi qaydada yerinə yetirmədiyi üçün həmin vəzifələrdən kənarlaşdırılan şəxslər, keçmiş övladlığa götürülənlər, əgər övladlığa götürmə onların təqsiri üzündən məhkəmə tərəfindən ləğv olunmuşsa, səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər istisna olmaqla, yetkinlik yaşına çatmış, hər iki cinsdən olan şəxslər himayədar valideyn ola bilər.

    Himayədar valideynləri Ailə Məcəlləndə nəzərdə tutulmuş tələblərə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı seçir. Himayədar valideynlər tərbiyə olunmaq üçün qəbul olunmuş uşaqlara münasibətdə qəyyumun (himayəçinin) hüquq və vəzifələrinə malik olurlar.

    Valideyn himayəsindən məhrum olmuş, o cümlədən sosial xidmət müəssisələrində olan uşaqlar tərbiyə edilmək üçün himayədar ailələrə verilə bilərlər.  Himayədar ailələrə verilən uşaqların əvvəlcədən seçilməsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla uşağı ailəyə götürmək istəyən şəxslər tərəfindən həyata keçirilir. Uşağın mənafeyinin tələb etdiyi hallar istisna olmaqla qardaş və bacıların ayrılmasına yol verilmir.

    Uşağın himayədar ailəyə verilməsi onun fikri nəzərə alınmaqla həyata keçirilir. 10 yaşı tamam olmuş uşaq isə yalnız öz razılığı alındıqdan sonra himayədar ailəyə verilə bilər. Himayədar ailəyə verilmiş uşaq ona düşən pensiya, aliment, müavinət və başqa sosial ödənişlər almaq, mənzil sahəsi üzərində mülkiyyətçi olmaq, ondan istifadə etmək, mənzil sahəsi olmazsa, mənzil qanunvericiliyinə uyğun olaraq mənzil sahəsi almaq hüququna malikdir.

    Himayədar ailəyə verilən uşaqlar öz valideynləri və başqa qohumları ilə ünsiyyət qurmaq, müdafiə olunmaq və öz fikrini bildirmək kimi hüquqlara malikdirlər.

    Qanunvericilikdə müəyyən edilmiş qaydada himayədar ailəyə verilən uşağın hər birinə hər ay maddi müavinət verilir. Himayədar ailəyə verilən uşaqların normal saxlanmasına, tərbiyə və təhsilinə nəzarət etmək müvafiq icra hakimiyyəti orqanının borcudur.

  • 211-Sual: Əmək qanunvericiliyində qadınlara hansı güzəşt və imtiyazların tətbiqi nəzərdə tutulubmu?

    Cavab: Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən, qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.

    Əmək Məcəlləsinin 52-ci maddəsində göstərilir ki, əmək müqaviləsi bağlanarkən hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara sınaq müddəti tətbiq edilmir.

    Əmək Məcəlləsinin 91-ci  maddəsinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır.

    Əmək Məcəlləsinin 97-ci  maddəsində qeyd edilir ki, gecə vaxtı görülən işlərə hamilə və üç yaşınadək uşağı olan qadınların cəlb edilməsinə yol verilmir.

    Əmək Məcəlləsinin 117-ci maddəsinə əsasən, əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq, 14 yaşınadək iki uşağı olan qadınlara 2 təqvim günü, bu yaşda üç və daha çox uşağı olan, həmçinin sağlamlıq imkanları məhdud uşağı olan qadınlara isə 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir. Bu əlavə məzuniyyət hüququ müvafiq təqvim ilinin sonunadək uşaqlardan birinin 14 yaşı tamam olduğu hallarda da saxlanılır.

    14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara,16 yaşınadək uşaqları təkbaşına böyüdən valideyə və ya qəyyuma, hərbi qulluqçunun arvadına (ərinə) əmək məzuniyyəti onların arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər.

    Hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Təbii ki, işəgötürənin müvafiq işi olmadıqda və ya qadın əməyinin tətbiqinin qadağan olduğu sahədə işəgötürməkdən imtina edə bilər. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla əmək müqaviləsi bağlamaqdan imtina etdikdə qadın imtinanın səbəbi barədə işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir.

    Cinayət Məcəlləsinin 164-cü maddəsinə əsasən qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə onunla əmək müqaviləsini əsassız ləğv etmə iki min manatdan üç min manatadək miqdarda cərimə ilə cəzalandırılir.

  • 212-Sual: Cəzanı yüngülləşdirən hallar hansılardır?

    Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cəzanı yüngülləşdirən halları məüyyən etmişdir. Buraya hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi, cinayətin yetkinlik yaşına çatmayan şəxs, hamilə qadın tərəfindən törədilməsi, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, cinayətin ağır həyat şəraiti nəticəsində və ya mərhəmətlilik niyyəti ilə, fiziki və ya psixi məcburiyyət təsiri altında, yaxud maddi, xidməti və ya sair cəhətdən asılılıq nəticəsində, zəruri müdafiənin, ictimai təhlükəli əməl törətmiş şəxsin tutulmasının, son zərurətin, əsaslı riskin, əmrin və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiş şərtlərini pozmaqla, zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində, anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması və cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi daxildir.

    Cəza təyin edilərkən göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.

  • 213-Sual: Mən uşağa qulluğa görə 3 illik məzuniyyət götürmüşəm. Bu müddət məzuniyyət hüququ verən əmək stajıma daxildirmi?

    Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsində məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər öz əksini tapmışdır.

    Əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və aşağıdakı dövrlər daxil edilir:

            - iş yerinin və Əmək Məcəlləsində nəzərdə tutulmuş hallarda əmək haqqının saxlanılması şərti ilə işçinin işdən ayrıldığı dövr;

            - qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;

            - əmək qabiliyyətinin müvəqqəti itirildiyi dövr;

            - təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış və müəyyən edilmiş qaydada tam bəraət almış işə (vəzifəyə) bərpa edilən şəxsin məcburi işburaxma dövrü və ya həbsdə olduğu dövr.

    Əmək Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti (əmək qanunverciliyinin tələbinə əsasən uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.), habelə azadlıqdan məhrum etmədən islah işlərinə məhkum edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir.

  • 214-Sual: Nikah pozulduqdan sonra hansı əmlak ər və arvad arasında bölünmür?

    Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

    Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.

    Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir.

    Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır.

    Nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər.

    Əgər əmlak ümumi qazanc hesabına deyil, şəxsi vəsait hesabına əldə olunubsa, yəni birgə nikah dövründə alınsa belə, lakin tərəflərdən birinin öz (şəxsi) vəsaiti hesabına alınarsa, bu əmlak ər-arvadın ümumi əmlakı hesab edilmir. Məsələn, ata qızının adına torpaq sahəsi alıb. Qızı isə ailə qurduqdan sonra həmin torpağı satıb əvəzinə özünə avtomobil alır. Tərəflərin boşanması zamanı qızın həyat yoldaşı həmin avtomobilin üzərində onun da payının tanınmasına dair iddiası əsassızdır.

    Nikah müqaviləsi ilə də tərəflər ümumi əmlaka ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.

    Həmçinin nikah dövründə alınaraq uşağın adına rəsmiləşdirilən əmlak uşağın mülkiyyətidir. Uşaqlar valideynlərinin, valideynlər də uşaqların əmlakına mülkiyyət hüququna malik deyillər.

  • 215-Sual: Kollektiv müqavilə nədir?

    Cavab: Əmək Məcəlləsinə əsasən kollektiv müqavilə, işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.

    Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri tərəflərin hüquq bərabərliyi, kollektiv müqavilə və sazişin məzmununa dair məsələlərin müzakirəsində tərəflərin müstəqilliyi və könüllülüyü, obyektiv səbəbdən təmin edilə bilməyən şərtlərin kollektiv müqavilənin və sazişin məzmununa daxil edilməsinin yolverilməzliyi,  öhdəliklərin icrasına təminat, qanunvericiliyin tələblərinə əməl edilməsi və öhdəliklərin icrasına nəzarət və icra edilməməsinə görə məsuliyyətdir.

    Kollektiv müqavilənin və sazişin bağlanılması, onlara dəyişikliklər edilməsi və yerinə yetirilməsi zamanı icra hakimiyyəti orqanlarının, başqa işəgötürənlərin, siyasi partiyaların, ictimai birliklərin və dini qurumların tərəflərin hüquqlarını, habelə qanunvericiliklə qorunan mənafelərini məhdudlaşdıran və ya onların həyata keçirilməsinə maneçilik törədən hər hansı müdaxiləsi qadağandır.

    Əmək Məcəlləsində nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. Əmək Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulan əmək, sosial və iqtisadi normalara nisbətən işçilərin vəziyyətini pisləşdirən kollektiv müqavilənin və sazişin şərtləri etibarsızdır.

  • 216-Sual: Əmək müqaviləsinin tərəfləri kimlərdir?

    Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən ölkəmizdə əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 

    Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz.

  • 217-Sual: Mənzil hüquqları məhdudlaşdırıla bilərmi?

    Cavab: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.

    Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız Mənzil Məcəlləsi, digər qanun əsasında yol verilir.

  • 218-Sual: İddia müddəti nədir? Və necə tətbiq olunur?

    Cavab: Azərbaycan Respublikasının mülki qanunvericiliyində qeyd olunur ki, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir və hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

    Mülki qanunvericiliyə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Tələblərin ayrı-ayrı növləri üçün Mülki Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Mülki Məcəllənin qeyd onunan fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.

    Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası, iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları Mülki Məcəllə ilə müəyyənləşdirilir.

    Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

    Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

    İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar Mülki Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

    Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur.

     İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır:

            -iddianın irəli sürülməsinə fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hal (qarşısıalınmaz qüvvə) mane olduqda;

            -iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş silahlı qüvvələrin tərkibində olduqda;

            -müvafiq icra hakimiyyəti orqanı öhdəliklərin icrası üçün möhlət (moratorium) müəyyənləşdirdikdə;

            -fəaliyyət qabiliyyəti olmayan şəxsin qanuni təmsilçisi olmadıqda;

            -müvafiq münasibəti tənzimləyən qanunun və ya digər normativ hüquqi aktın qüvvəsi dayandırıldıqda;

            -tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə.

  • 219-Sual: Əmək müqaviləsi şifahi formada bağlana bilərmi?

    Cavab: Xeyr, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi Əmək Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir.

    Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.

  • 220-Sual: Media subyektləri hansılardır?

    Cavab: “Media haqqında” qanuna əsasən media subyektləri audiovizual media, çap mediası, onlayn media və informasiya agentlikləridir.

    Media subyektinə dair tələblər isə aşağıdakılardır:

    -təsisçi fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;

    -təsisçi hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır;

    -media subyekti fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalı, bu Qanunun 26.3-cü maddəsinin tələblərinə cavab verməlidır.

  • 221-Sual: İnzibati cərimə nədir və hansı meyarlarla ifadə oluna bilər?

    Cavab:  Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, inzibati cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.

    İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna bilər:

    -inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri;

    -inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı;

    -inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği.

    İnzibati xətalara görə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları tərəfindən tətbiq edilən inzibati cərimələr həmin nümayəndəlik və konsulluqların yerləşdiyi xarici ölkənin valyutası ilə tutulur.

    Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz.

    İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz.

    İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı ilə ölçülən cərimənin məbləği həmin ziyanın (əldə edilmiş gəlirin) on mislindən artıq ola bilməz.

    İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir.

  • 222-Sual: Uşağın yedizdirilməsi üçün fasilələr necə müəyyən olunub?

    Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin müddəti azı bir saat müəyyən edilir.

    Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək haqqı saxlanılır. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti qədər qısaldılır.

  • 223-Sual: Yararlılıq müddəti bitmiş, keyfiyyətsiz dərmanların satışı, satış məqsədi ilə saxlanması və ya idxalı hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda (min manatadək olan məbləğdə) törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

    Cinayət Məcəlləsinin 200-1.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda (min manatdan iki min manatadək olan məbləğdə) törədildikdə iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

    Həmçinin eyni əməllər, təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya külli miqdarda (iki min manatdan artıq olan məbləğdə) törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 224-Sual: Yolda müəyyən edilmiş hərəkət sürəti həddini aşma hansı inzibati məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə on manat məbləğində cərimə edilir.

    Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə əlli manat məbləğində cərimə edilir.

    Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə yüz əlli manat məbləğində cərimə edilir.

    Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə iki yuz əlli manat məbləğində cərimə edilir.

  • 225-Sual: Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar hansılardır?

    Cavab: Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:

    - özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;

    - alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;

    - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;

    - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;

    - qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;

    - əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;

    - əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;

    - iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

  • 226-Sual: Cəzanı ağırlaşdıran hallar hansılardır?

    Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəinə əsasən cəzanı ağırlaşdıran hallar aşağıdakılardır:

    - cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi;

    - cinayətin ağır nəticələrə səbəb olması;

    - cinayətin qabaqcadan əlbir olmuş bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədilməsi;

    - cinayətin törədilməsində xüsusilə fəal iştirak etmə;

    - psixi pozuntulardan əziyyət çəkən və ya sərxoş vəziyyətdə olan şəxslərin, habelə cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxslərin cinayət törətməyə cəlb olunması;

    - cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi;

    - cinayətin təqsirkar üçün aşkar surətdə hamilə vəziyyətində olan qadın, habelə azyaşlı, qoca və ya köməksiz vəziyyətdə olan və ya təqsirkardan asılı vəziyyətdə olan şəxsə qarşı törədilməsi;

    - cinayətin öz qulluq və ya ictimai borcunu yerinə yetirən şəxsə və ya onun yaxın qohumlarına qarşı törədilməsi;

    - cinayətin zərərçəkmiş şəxsə qarşı xüsusi amansızlıqla, o cümlədən əzab və ya işgəncə verməklə törədilməsi;

    - cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi;

    - cinayətin fövqəladə və ya hərbi vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi;

    - cinayətin hakimiyyət nümayəndəsinin xüsusi geyimlərindən və ya sənədlərindən istifadə etməklə törədilməsi;

    - cinayətin qulluq mövqeyinə və ya müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi.

    Cəza təyin edilərkən yuxarıda göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz.

    Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.

  • 227-Sual: Mediasiya nədir?

    Cavab: Mediasiya yeni bir anlayışdır. Mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biridir. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər.

    Mediator müstəqil və neytraldır və heç bir tərəfi təmsil etmir. Buna görə də mediasiya sessiyalarında tərəflərdən əlavə olaraq, tərəflərin maraqlarının müdafiəsi və təmini baxımından hər tərəfin vəkilləri və ya onları təmsil edən digər maraqlı şəxslər də iştirak edə bilər.

    Mediasiya sessiyalarında isə haqlı və ya haqsız tərəflər yoxdur və nəticədə də heç kim uduzmur. Çünki əldə edilən barışıq sazişinin özü prosesin hər tərəfin məmnunluğu ilə nəticələndiyinin göstəricisidir.

    Ailə, əmək və kommersiya mübahisələri üzrə məhkəmə prosesinə başlamadan əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək məcburidir. “Mediasiya haqqında” Qanuna əsasən bu xidmətlər pulludur.

  • 228-Sual: Azərbaycan Respublikasının vətəndaşlığına qəbul qanunvericiliklə necə tənzimlənir?

    Cavab: “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanuna əsasən Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni əcnəbi olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir. Azərbaycan Respublikasının ərazisində doğulmuş və valideynlərindən biri əcnəbi, digəri isə vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşı hesab edilmir.

    Azərbaycan Respublikasının ərazisində doğulmuş və hər iki valideyni vətəndaşlığı olmayan şəxs olan uşaq Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində olan, hər iki valideyni naməlum uşaq Azərbaycan Respublikasının vətəndaşıdır.

    Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

    Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla).

    Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun.

    Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir.

    Aşağıdakı hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu maddənin birinci hissəsində göstərilən müddət nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilərlər:

    - şəxsin elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olduqda;

    - şəxs Azərbaycan Respublikası üçün xüsusi maraq kəsb etdikdə və digər müstəsna hallarda.

    Şəxsin Azərbaycan Respublikasının qarşısında xüsusi xidmətləri olduqda o, bu maddənin birinci hissəsində göstərilən şərtlər nəzərə alınmadan Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.

    Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran şəxs tərəfindən müvafiq dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

  • 229-Sual: Baytarlıq qaydalarını və bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma hansı məsuliyyətə səbəb olur?

    Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 249-cu maddəsinə əsasən baytarlıq qaydalarının pozulması, ehtiyatsızlıqdan epizootiyanın yayılmasına və ya digər ağır nəticələrə səbəb olduqda üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Bitki xəstəliklərinə və ya ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda isə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 230-Sual: Əmək məzuniyyəti hissələrə bölünməklə verilə bilərmi?

    Cavab: Əmək qanunvericiliyinə əsasən işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, Əmək Məcəlləsi ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər.

    İşçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir.  Əmək stajından asılı olaraq işçilərə beş ildən on ilədək əmək stajı olduqda 2 təqvim günü,

    on ildən on beş ilədək əmək stajı olduqda 4 təqvim günü, on beş ildən çox əmək stajı olduqda isə 6 təqvim günü müddətində əlavə məzuniyyət verilir.

    14 yaşınadək iki və daha çox uşağı olan və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma,

    hərbi qulluqçunun arvadına (ərinə), əlilliyi olan şəxslərə, müharibə veteranlarına, Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması zamanı radioaktiv şüalanmaya məruz qalaraq sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə, yaşı on səkkizdən aşağı olan işçilərə, işləməklə yanaşı təhsil alan şəxslərə və Əmək Məcəlləndə göstərilən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər. Müəssisədə işlədiyi müddətdən asılı olmayaraq işçinin arzusu ilə əmək məzuniyyəti arvadının hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu dövrdə verilir

    Əmək Məcəlləsinin 137-ci maddəsinə əsasən əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti iki təqvim həftəsindən az olmasın. Əmək məzuniyyətinin bir hissəsindən istifadə edildiyi hallarda onun qalan hissəsi həmin məzuniyyətin verildiyi iş ili bitənədək və ya təqvim ilinin sonunadək, yaxud işçinin arzusu ilə növbəti iş ilinin əmək məzuniyyətinə birləşdirilib verilir.

    Əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.

  • 231-Sual: Tikintiyə icazənin qüvvədə olma müddəti qanunvericiliklə necə müəyyən olunub?

    Cavab: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74-cü maddəsinə əsasən həmin Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri (Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri və Maddə 80. Məlumatlandırma icraatı)istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur.

    Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsinə əsasən icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir.

    Yuxarıda nəzərdə tutulmuş müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

  • 232-Sual: Tikintidə məlumatlandırma icraatı nədir?

    Cavab: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının (yanaşı yükdaşıyan konstruksiyaların mərkəzi oxları arasında olan məsafənin) uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

    İnsanların yaşaması və toplanması, habelə istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmayan yerüstü mərtəbələrinin sayı ikidən, hər mərtəbəsinin hündürlüyü 3 metrdən, ümumi sahəsi 1400 kvadratmetrdən və tikinti sahəsi 1000 kvadratmetrdən çox olmayan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.

  • 233-Sual: Meşələri və digər yaşıllıqları məhv etmə və ya zədələmə hansı hallarda cinayət məsuliyyətinə səbəb olur?

    Cavab: Azərbaycan Respublikası Cunayət Məcəlləsinin 260-ci maddəsinə əsasən odla və ya digər yüksək təhlükə mənbələri ilə ehtiyatsız davranma üzündən meşələri, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərini və digər yaşıllıqları məhv etmə və ya zədələmə, min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qeyd olunan əməllər külli miqdarda (yeddi min manatdan atrıq olan məbləğdə) ziyan vurmaqla törədildikdə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Yandırma və ya digər ümumi təhlükəli üsulla və ya zərərli maddələrlə, istehsalat və məişət tullantıları ilə çirklənməsi nəticəsində, meşələri və ya meşə fonduna daxil olmayan ağac və ya kol əkililəri və digər yaşıllıqları məhv etmə və ya zədələmə iki min manatdan üç min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər külli miqdarda (yeddi min manatdan atrıq olan məbləğdə) ziyan vurmaqla törədildikdə isə üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 234-Sual: Əmtəə nişanı nədir?

    Cavab: Əmtəə nişanı sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır).

    Əmtəə nişanlarının hüquqi mühafizəsi Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici qanuna uyğun olaraq mühafizə edilir.

     Əmtəə nişanı kimi aşağıdakı nişanlar qeydə alına bilər:

     -sözlər, şəxsi adlar, hərflər, rəqəmlər, təsviri elementlər, əmtəələrin forması və ya onların qablaşdırılması, rənglərin və yuxarıda göstərilənlərin hər hansı uzlaşması.

     Aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir:

      - “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar;

      - fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar;

      - əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar;

      - şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları;

      - əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar;

      - ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar;

      - uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları;

      - əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları;

      - sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları;

      - müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları.

  • 235-Sual: Tikintisinə icazə tələb olunmayan tikinti obyektləri hansılardır?

    Cavab: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:

    - hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;

    - xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların;

    - hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);

    - hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin;

    - Şəhərsalma və Tikinti Məcəlləsinin 81-ci madəsində (Maddə 81. Reklam qurğularının tikintisinəicazənin verilməs) nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının;

     - tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin;

    - fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin;

    - təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin;

    - Şəhərsalma və Tikinti Məcəlləsinin Məcəlləsinin 70.2-ci maddəsinin (Maddə 70.2. Obyektlər arasında mövcud olan boş ərazilərdə (sahələrdə) aşağıdakılara yol verilir:

    - oyun meydançalarının və velosipedlər üçün dayanacaq yerlərinin təşkil edilməsi;

    - hündürlüyü torpaq səviyyəsindən 50 santimetrdən çox olmayan açıq terrasların təşkil edilməsi;

    - əlilliyi olan şəxslər üçün pandusların təşkil edilməsi;

    - tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisi.) tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin;

    -  hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların.

    Şəhərsalma və Tikinti Məcəlləsinin Məcəlləsinin 79.1.1-ci (hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin), 79.1.2-ci (xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların) və 79.1.9-cu maddələrində nəzərdə tutulan ölçülərin

    hədlərini keçən obyektlərin tikintisinə məlumatlandırma icraatı şamil olunur.

  • 236-Sual: Torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi qanunvericiliklə necə tənzimlənir?

    Cavab: Azərbaycan Respublikası Torpaq Məcəllsənin 92-ci maddəsionə əsasən mülkiyyətçi öldükdə ona məxsus olan torpaq sahəsinin hamısı və ya onun bir hissəsi üzərində olan mülkiyyət hüququ vərəsəlik qaydasında vəsiyyət üzrə və ya qanun üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada və formada başqa şəxslərə (vərəsələrə) keçir.

    Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan torpaq dövlətə keçir; əgər miras qoyan şəxs ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, həmin müəssisənin mülkiyyətinə keçir.

    Dövlət və bələdiyyə torpaqları yalnız istifadə və icarə hüquqları əsasında vərəsələrə keçə bilər.

    Torpaq sahəsi vərəsəlik qaydasında yetkinlik yaşına çatmamış şəxsə keçdikdə, onun qanuni müvəkkilləri həmin torpaq sahəsini vərəsə yetkinlik yaşına çatana qədər icarəyə verə bilərlər.

  • 237-Sual: Telefon danışıqları məhkəmədə sübut kimi qəbul oluna bilərmi?

    Cavab: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “A.Şoşanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 fevral 2015-ci il tarixli Qərarına əsasən məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır.

    Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara (Maddə 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir) aid edilə bilməz.

    Yəni, telefon danışıqları mülki işlərdə, öhdəlik xarakterli məsələlərdə sübut kimi qiymətləndirilə bilər.

  • 238-Sual: Yanlış diaqnoz qoyan həkimlərin hüquqi məsuliyyəti nədən ibarətdir?

    Cavab: Əhalinin sağlamlığının qorunması hər bir insanın fiziki və ruhi sağlamlığının mühafizəsinə, onun fəal uzun ömürlüyünün artırılmasına, tibbi yardımla təminatına yönəldilmiş siyasi, iqtisadi, hüquqi, elmi, tibbi, sanitariya-gigiyena xarakterli tədbirlərin məcmusundan ibarətdir.

    “Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının ali tibb təhsili müəssisələrini bitirmiş və həkim diplomu almış şəxslər “Hippokrat andı” içirlər. Həkim andını pozan həkimlər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

    Həmin Qanunun 57-ci maddəsinə görə vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunvericilikdə nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.

    Qeyd olunan Qanunun 57-ci maddəsinə əsasən vətəndaşların sağlamlığına zərər vurulduqda təqsirkar şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada və həcmdə ziyanı ödəməyə borcludurlar. Vurulan ziyanın ödənilməsi tibb və əczaçılıq işçilərini qanunla nəzərdə tutulmuş intizam, inzibati, yaxud cinayət məsuliyyətindən azad etmir.

    Həmçinin Qanunun 59-cu maddəsinə əsasən tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

    Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə (Maddə1112. Tibb müəssisəsinin vurduğu zərərin əvəzinin ödənilməsi) əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

  • 239-Sual: Ölkəmizdə övladlığa götürmə necə həyata keçirilir?

    Cavab: Azərbaycan Respublikası Ailə Məcələsinin 117-ci maddəsinə əsasən, övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Bir uşağın iki şəxs tərəfindən (ər-arvaddan başqa) övladlığa götürülməsinə yol verilmir. Ər (arvad) özünün nikahdan olmayan uşağını və ya arvadının (ərinin) uşağını övladlığa götürə bilər.

            Azərbaycan Respublikası Ailə Məcələsinin 118-ci maddəsinə əsasən isə, övladlığa götürmə üç mərhələdə həyata keçirilir:

            1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması;

            2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi;

            3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi.

  • 240-Sual: Abunəçinin identifikasiya modulunun və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsi məsuliyyətə səbəb ola bilər?

    Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 368-ci maddəsinə əsasən mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə abunəçinin identifikasiya modulunun (sim kartlar və ya digər kartlar) və ya mobil telefon aparatının başqa şəxslərə kirayəyə verilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək, vəzifəli şəxslər min manatdan iki min manatadək, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

  • 241-Sual: Hansı informasiyalar uşaqlar üçün zərərlidir?

    Cavab: “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna əsasən uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalar və müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyalar uşaqlar üçün zərərli informasiyalar hesab olunur.

    Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya aiddir:

    - zorakılığı və qəddarlığı təbliğ edən informasiya;

    - cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya;

    - uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən informasiya;

    - ailə institutunu nüfuzdan salan informasiya;

    - əxlaqdan kənar leksik (söyüş) məzmunlu informasiya;

    - pornoqrafik xarakterli informasiya.

    Müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyaya aiddir:

    - zorakılığı və qəddarlığı nümayiş edən informasiya;

    - qeyri-məişət leksik (jarqon) məzmunlu informasiya;

    - qorxu məzmunlu informasiya;

    - erotik məzmunlu informasiya.

    Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunda müəyyən edilmiş qaydalara riayət etməyə borcludur!

  • 242-Sual: Prokuror internet informasiya ehtiyatının rəhbərinə hansı halda rəsmi xəbərdarlıq edə bilər? Və yayılması qadağan edilən informasiyalar hansıdır?

    Cavab: “Prokurorluq haqqında” Qanunun 22-ci maddəsinə əsasən qanun pozuntularından çəkindirmək məqsədilə prokuror və ya onun müavini vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edir.

    “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2-ci maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir.

    İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir:

    - terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin - üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar;

    - zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar;

    - dövlət sirri təşkil edən məlumatlar;

    - odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar;

    - narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar;

    - pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;

    - qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar;

    - intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar;

    - “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər,                              o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla);

    - təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;

    - əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;

    - insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar və Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya.

    İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında və ya onun müvafiq hissəsində yayılması qadağan edilən informasiyanın olduğunu aşkar etdikdə və ya bu barədə ona müraciət daxil olduqda, belə informasiyanın informasiya ehtiyatından götürülməsini və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılmasını təmin edir.

     Host provayder öz informasiya sistemlərində yerləşdirilmiş internet informasiya ehtiyatlarında və ya onların müvafiq hissələrində yayılması qadağan edilən informasiya aşkar etdikdə və ya ona bu barədə məlumat daxil olduqda, dərhal onun informasiya ehtiyatının sahibi tərəfindən götürülməsi və ya həmin informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə müraciətin məhdudlaşdırılması üçün tədbirlər görür.

  • 243-Sual: Şəxs öz adını dəyişdirə bilərmi?

    Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26-cı maddsəinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Qanunla nəzərdə tutulmuş hallarda və qaydada fiziki şəxs təxəllüsdən (uydurma addan) istifadə edə bilər.

    Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin.

    Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir. Fiziki şəxsin adından qanunsuz istifadə nəticəsində ona vurulmuş ziyanın əvəzi Mülki Məcəlləyə müvafiq surətdə ödənilməlidir. Fiziki şəxsin adı onun şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunan üsullarla və ya formada təhrif edildikdə və ya istifadə olunduqda Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

    Ailə Məcəlləsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Bunun üçün də vətəndaş yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət etməli və müvafiq sənədləri təqdim etməlidir.

  • 244-Sual: Ər-arvadın ümumi əmlakı hansı qaydada bölünməlidir?

    Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

    Tərəflərin ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.

    Məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.

    Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

  • 245-Sual: Yetkinlik yaşına çatmayan vətəndaşın və fəaliyyət qabiliyyəti olmayan vətəndaşınölkədən getmə qaydası qanunverilciklə necə tənzimlənir?

    Cavab: Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək, sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz.

    Miqrasiya Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.

    Həmin Məcəllənin 11.2-ci maddədə isə qeyd olunur ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir.

    Yetkinlik yaşına çatmayan vətəndaşın valideynlərindən birinin ölüm haqqında şəhadətnaməsi, ölmüş və ya itkin düşmüş elan edilməsi, valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmənin qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında akt qeydində ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayış olduqda, digər valideynin razılığı tələb olunmur. Qeyd olunan sənədlərlə birgə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığını təqdim edən yetkinlik yaşına çatmayan vətəndaş Azərbaycan Respublikasından gedə bilər.

    Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaq yalnız onun övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və övladlığa götürmə haqqında şəhadətnamə təqdim edilməklə qanunla nəzərdə tutulmuş qaydada ölkədən gedə bilər.

    Azərbaycan Respublikasından gedən yetkinlik yaşına çatmayan vətəndaşın həyat və sağlamlığına, ölkə hüdudlarından kənarda onun hüquq və qanuni maraqlarının qorunmasına görə məsuliyyət həmin şəxsin valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının üzərinə düşür.

    Yetkinlik yaşına çatmayan vətəndaşlar ölkədən qrup halında valideynlərinin, onları övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının müşayiəti olmadan getdikdə, qanuni nümayəndənin vəzifələrini həmin qrupun rəhbərləri yerinə yetirirlər.

    Həmçinin fəaliyyət qabiliyyətinin olmaması məhkəmə tərəfindən təsdiq edilmiş vətəndaş ölkədən valideynlərinin, onu övladlığa götürən şəxslərin, himayəçi və ya qəyyumlarının notariat qaydasında təsdiq edilmiş vəsatəti əsasında, yetkinlik yaşına çatmış digər şəxsin müşayiəti ilə gedə bilər.

  • 246-Sual: Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşının nəqliyyat vasitələrini idarə etmək hüququ varmı?

    Cavab:Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun  35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.05.2022-ci il tarixli Qərarında qeyd olunur ki, yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslərin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin tələblərinin yerinə yetirilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilməsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə tövsiyə edilsin.

    “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə nəzər salaq. Qanunda qeyd olunur ki, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada (Maddə 35. VI. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır:

    7) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik Azərbaycan Respublikasının vətəndaşının ölkə ərazisinə daxil olduğu vaxtdan bir aydan artıq müddətdə burada nəqliyyat vasitələrini idarə etmək niyyətində olması; 

    8) yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsinə malik olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alması.

    VII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, bu Qanunun 35-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir. 

    VIII. Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilir:

    1) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);

    2) sürücülük vəsiqəsi (sürücülük vəsiqəsinin itirilməsinə görə onun dəyişdirilməsi halı istisna olmaqla);

    3) qanunla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi barədə sənəd;

    4) bu Qanunun 34-cü maddəsinin V hissəsinin 2–4-cü bəndlərində nəzərdə tutulduğu hallarda tibbi arayış.

    Sürücülük vəsiqəsinin dəyişdirilməsinə səbəb onun yazılarında dəqiqsizlik müəyyən edilməsi ilə bağlı olduqda dövlət rüsumu ödənilmir.) dəyişdirməlidir.

  • 247-Sual: Alimentin sabit pul məbləğində tutulması qanunvericiliklə necə tənzimlənir?

    Cavab: Valideynlər öz uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəllənə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

    Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78-ci maddəsində uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması qaydası müəyyən edilib.

    Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa bu halda aliment sabit pul məbləğində müəyyən edilir. Eyni zamanda valideynin qazancı yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində tutula bilər.

    Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.

    Qeyd edək ki, aliment ödənilməsi barədə razılıq olmadıqda Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur:

    - bir uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi;

    - iki uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi;

    - üç və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.

    Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

  • 248-Sual: Yol nəqliyyat hadisəsi yerindən qaçma hansı məsuliyyətə səbəb olur?

    Cavab: Yol-nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsü zərərçəkmişə ilkin tibbi yardım göstərilməsi üçün bütün mümkün tədbirləri görmək, “Təcili tibbi yardım” maşınını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümükün olmadıqda isə, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə borcludur. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz.

    Qanunvericiliklə sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri yox etməmək vəzifəsi də qoyulur.

    Cinayət qanunvericiliyinə əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və ya yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma nəticəsində nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 249-Sual: Valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nədən ibarətdir?

    Cavab: Ölkəmizin ailə qanunvericiliyinə əsasən  (Maddə 81.1.) alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

    Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

    Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

    Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il-ci il arixli Qərarına əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir.

    Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur.

  • 250-Sual: İnzibati cərimənin miqdarı nə qədərdir? Və inzibati cərimə şərti olaraq tətbiq edilə bilərmi?

    Cavab: İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə əsasən inzibati cərimə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir.

    İnzibati cərimə manatla və ya aşağıdakı digər meyarlarla ifadə oluna bilər:

    - inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri;

    - inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı;

    - inzibati xətanın başa çatdığı və ya onun qarşısının alındığı vaxt ödənilməli olan, lakin ödənilməmiş ödənişlərin, vergilərin məbləği.

    Manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz.

    İnzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ilə ölçülən cərimənin məbləği həmin predmetin dəyərinin yüz faizindən, ödənilməmiş ödənişlərin, vergilərin məbləği ilə ölçülən cərimənin məbləği isə həmin ödənişlərin, vergilərin yüz əlli faizindən artıq ola bilməz.

    İnzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı ilə ölçülən cərimənin məbləği həmin ziyanın (əldə edilmiş gəlirin) on mislindən artıq ola bilməz.

    Bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda (Maddə 116.1. Eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır.) inzibati cərimə şərti olaraq tətbiq edilir.

    Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, inzibati cərimə Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilir.

  • 251-Sual: İnzibati həbs hansı hallarda tətbiq olunur?

    Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.

    Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə İnzibat Xətalar Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş (hərbi xidmət əleyhinə olan inzibati xətalar) istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.

    İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

  • 252-Sual: Etibardan sui-istifadə etmənin hüquqi nəticələri nədən ibarətdir?

    Cavab: Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər.

     Eyni əməllər, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, xeyli miqdarda (beş min  manatdan yuxarı lakin əlli min manatadan artıq olmayan məbləğdə) ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir.

    Qeyd olunan əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda (əlli min manatdan yuxarı lakin beş yüz min manatdan artıq olmayan məbləğdə) ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Bu əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan məbləğdə) ziyan vurmaqla törədildikdə isə on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər.

  • 253-Sual: Yaşayış sahəsinin təyinatı və ondan istifadə etmək hüdudları qanunvericiliklə necə tənzimlənir?

    Cavab:  Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14-cü maddəsinə əsasən  yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır.

    Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın.

    Yaşayış sahələrində sənaye istehsalatlarının yerləşdirilməsinə yol verilmir.

  • 254-Sual: Ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılırmı?

    Cavab: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 174-cü maddəsinə əsasən əgər çıxıntılı budaqlar və uzanan köklər qonşunun mülkiyyətinə ziyan vurarsa və onun şikayəti ilə ağlabatan müddətdə aradan qaldırılmazsa, o, həmin budaqları və kökləri kəsib özündə saxlaya bilər.

    Ağac və ya kol meyvəsi qonşunun torpaq sahəsinə düşdükdə həmin torpaq sahəsinin meyvəsi sayılır.

    Əgər mülkiyyətçi tikililər və üst tikililər olan torpaq sahələrində çıxıntılı budaqların olmasına yol verirsə, həmin budaqlarda yetişən meyvələrə onun hüququ çatır. Bu göstərişlər meşə torpaq sahələrinə şamil edilmir.

  • 255-Sual: Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi şərtləri qanunvericiliklə necə tənzimlənir?

    Cavab: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə Mənzil Məcəlləsinin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir.

    Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir.

    Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.

    Qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə o halda yol verilmir ki, belə sahə müəyyən edilmiş tələblərə cavab verməsin və ya bu sahənin müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək mümkün olmasın, yaxud bu sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edildiyi halda xeyrinə yüklülük müəyyən edilmiş şəxslərin razılığı olmasın.

    Mülkiyyətçi tərəfindən xüsusi mənzil fonduna aid çoxmənzilli binanın yaşayış sahələrinin və yaşayış evlərinin Mənzil Məcəlləsinin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri kimi (Maddə 13.5. Mehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri yerləşmə vasitələri hesab edilir) istifadə edilməsi üçün Mənzil Məcəlləsinin III fəslinə uyğun olaraq (III fəsil. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi) yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunmur.

  • 256-Sual: Erkən nikah nədir?

    Cavab: Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 (bir) ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.

    Qeyd olunan yaş həddindən aşağı yaşda ailə-nikah münasibətlərinə daxil olma erkən nika hesab olunur. Erkən nikah ailə məsələlərində ciddi məqamlardan biridir, ailənin və ailə üzvlərinin taleyinə birbaşa təsir edir. Bu absurd nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığ, xəstə uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrumedilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçılmazdır.

    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152-ci maddəsinə əsasən on altı yaşına çatmayan şəxslə ailə-nikah münasibətlərinə daxil olma cinayət məsuliyyətinə səbəb olur. Həmin əməli törətmiş şəxs üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə isə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda qeyd olunan əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Cinayət qanunvericiliyinə əsasən qadını nikaha daxil olmağa məcburetmə əməlini törətmiş şəxs iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə isə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Bəli, erkən nikah potensial təhlükədir. Erkən nikah ailə faciəsinin təməlidir. 

  • 257-Sual: Uşaqlar üçün yaşayış minimumunun artırılması nəticəsində alimentin miqdarını necə artırmaq olar?

    Cavab: Ailə qanunvericiliyinə əsasən valideynlər öz uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəllənə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

    Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

    Bu il "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" qanuna əsasən, yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün isə 220 manat məbləğində müəyyən edilib.

    Bəs, uşaqlar üçün yaşayış minimumunun artırılmasının aliment məbləğinə təsiri varmı?

     Ailə qanunvericiliyimizdə alimentin məbləğinin uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu miqdarında müəyyən edilməsinə dair hər hansı bir müddəa yoxdur. Lakin məhkəmələrdə aliment tələbinə dair işlərə baxılarkən sabit pul məbləği kimi yaşayış minimumu əsas götürülür. Alimentin məbləği uşaqlar üçün yaşayış minimumuna uyğun təyin edilir. Alimebt məbləğin artmasını istəyən maraqlı tərəf əvvəlcə mediasiyaya müraciət etməlidir. Mediasiyada razılığa nail olunmasa, bu halda məhkəməyə müraciət oluna bilər.

    Məhkəmə isə aliment öhdəliyi olan şəxsin əmək qabiliyyəti, maaşı, gəlirləri, sağlamlıq imkanları və sair halları nəzərə alaraq, yaşayış minimumunun miqdarından az məbləğdə aliment təyin edə bilər.

     Aliment tələbi ilə bağlı məhkəməyə müraciət zamanı vətəndaşlardan rüsum tələb olunmur.

  • 258-Sual: Beh nədir?

    Cavab: Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən beh, müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

    Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə Mülki Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

    Yəni, daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər

    Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən Mülki Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya (Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir) riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

  • 259-Sual: Təhlükədə qoyma ictimai əməl kimi nədə ifadə olunur?

    Cavab: Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən təhlükədə qoyma, yəni həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma, əgər həmin şəxsi köməksiz qoyan onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoyduqda, zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdəmin manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Qanunvericiliyə əsasən bu cinayət əməlinin obyekti insanın həyat və sağlamlılğıdır. Yəni, bu cinayətdən zərərçəkmiş şəxs qismində həyat və sağlamlığı  üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olmuş şəxs çıxış edir.Cinayətin obyektiv cəhəti həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoymadır. Əgər həmin şəxsi köməksiz vəziyyətdə qoyan zərərçəkmiş şəxsə kömək göstərmək imkanı olduğu halda bunu etmədikdə onun qayğısına qalmalı idisə və ya onun özü zərərçəkmiş şəxsi həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə qoymuşdursa və 16 yaşına çatmışdırsa, o cinayət məsuliyyəti daşıyır.

  • 260-Sual: Hədə-qorxu ilə tələb etmə hansı məsuliyyətə səbəb olur?

    Cavab: Hədə-qorxu ilə tələb etmə həm əmlaka, həm də əmlaka olan hüquqa yönəlir. Azərbaycan Respublikasının cinayət qanunvericiliynə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməüç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Eyni əməllər, abaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, zor tətbiq etmə ilə törədildikdə və xeyli miqdarda (beş min manatdan xuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə) əmlak əldə etmək məqsədi ilə törədildikdəbeş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Həmçinin bu əməllər, mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda (əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə) əmlak əldə etmək məqsədi ilə törədildikdə, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə və əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdəon ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan məbləğdə) əmlak əldə etmək məqsədi ilə törədildikdə isə on üç ildən on yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 261-Sual: Şəxsin nüfuzunun qorunması: təhqir və böhtanla bağlı məsələlərAvropa Məhkəməsinin qərarlarında necə təsbit olunub?

    Cavab: Nüfuzun qorunması hüququ şəxsi həyata hörmət hüququnun tərkib hissəsi olaraq Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunur.Konvensiyanın 8-ci maddəsində qeyd olunur ki, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdır. Milli təhlükəsizlik və ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısının almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata kecirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən mudaxiləyə yol verilmir.

    Müdaxilənin "digər şəxslərin nüfuzunun və ya hüquqlarının qorunmasının" maraqları naminə demokratik cəmiyyətdə zəruri olub-olmadığını araşdırarkən Avropa Məhkəməsi Avropa Konvensiyası ilə təmin edilən və müəyyən hallarda bir-biri ilə ziddiyyətə girən iki dəyərin, məsələn, 10-cu maddə ilə qorunan ifadə azadlığının və 8-ci maddədə təsbit olunmuş şəxsi həyata hörmət hüququnun qorunmasında milli hakimiyyət orqanlarının ədalətli balansa riayət edib-etmədiklərini yoxlaya bilər.

    Şəxsin nüfuzunu itirməsi onun öz hərəkətlərinin öncədən görülə bilən nəticəsidirsə, o, nüfuzunu itirməsindən şikayət edərkən Avropa Konvensiyasının 8-ci maddəsinə istinad edə bilməz. Yilberq İsveçə qarşı məhkəmə işindəərizəçi iddia edirdi ki, cinayətə görə məhkum olunması faktı onun şərəf və nüfuzuna ziyan yetirməklə "şəxsi həyatına" hörmət hüququndan yararlanmasına əngəl törədib. Amma Məhkəmə bu əsaslandırmanı qəbul etmədi.

    Bir şəxs Portuqaliyaya qarşı məhkəmə işində Avropa Məhkəməsi satirik materialla bağlı məsələlərə yanaşmasında "şüurlu oxucu" meyarına istinad etmişdir. Həmçinin qərara alınmışdır ki, ifadə azadlığı kontekstində şikayət parodiya ilə əlaqədar olduqda dövlətlərə xüsusilə geniş qiymətləndirmə sərbəstliyi verilməlidir. Bu işdə tanınmış şəxs olan ərizəçi iddia edirdi ki, seksual oriyentasiyası barədə açıqlama verməsindən sonra teleşounun gedişində təhqirə məruz qalmışdır. Avropa Məhkəməsi hesab etmişdir ki, ərizəçiyə münasibətdə edilmiş zarafat ictimai maraq doğuran məsələnin müzakirəsi kontekstində baş vermədiyi təqdirdə (əks hal üçün bu qərarlara bax: Alveş da Silva Portuqaliyaya qarşı və Velş və Silva Kanya Portuqaliyaya qarşı) işlədilmiş ifadələr 10-cu maddə əsasında yol verilə bilən hüdudları aşıbsa, dövlətin 8-ci maddə əsasında şəxsin nüfuzunu qorumaq öhdəliyi yarana bilər.

    Siqaretin reklam kampaniyası məqsədi üçün tanınmış şəxsin adının onun razılığı alınmadan istifadə edilməsinə aid işdə Məhkəmə qeyd etdi ki, reklamın yumoristik və kommersiya xarakteri və ərizəçinin keçmiş davranışları ərizəçinin 8-ci maddəyə əsaslanan arqumentlərinə üstün gələn amillərdir.

    Avropa Məhkəməsi mətbuatın aktiv rolunun, konkret olaraq ictimai maraq doğura və ya cəmiyyətdə müzakirələrə səbəb ola biləcək məlumatları aşkara çıxarmaq və ictimaiyyətin diqqətinə çatdırmaq funksiyasının vacibliyini vurğulayıb. Baxmayaraq ki, mətbuat müəyyən hüdudları, xüsusilə də başqalarının nüfuzu və hüquqlarının qorunması ilə əlaqədar sərhədləri aşmamalıdır, hər halda onun vəzifəsi ictimai maraq doğuran bütün məsələlər barəsində ictimaiyyətin əldə etmək hüququna malik olduğu məlumat və ideyaları öz öhdəlik və vəzifələrinə uyğun olaraq yaymaqdan, o cümlədən məhkəmə proseslərinə dair məlumat və şərhlər verməkdən ibarətdir. Müəyyən hadisələri işıqlandırarkən jurnalistlər diqqətli olmaq və ehtiyatlılıq nümayiş etdirmək öhdəliyini daşıyırlar.

    Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyata aid hüquqların Avropa Konvensiyasındakı digər hüquqlarla balanslaşdırılmasına üzrə Avropa Məhkəməsi bu qənaətə gəlib ki, dövlət hər iki hüququ təmin etməli və hüquqlardan birinin müdafiəsi digər hüquqa müdaxilə edilməsinə gətirib çıxararsa, həmin müdaxilənin qarşıya qoyulmuş məqsədə mütənasib olmasını təmin edən adekvat vasitələri seçməlidir. "Katolik dini və əxlaqı" fənnindən dərs deyən müəllimin "nikahda olan keşiş" olduğunu ictimaiyyətə açıqlamasından sonra onunla əmək müqaviləsinin uzadılmasından imtina edildiyi bu işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 8-ci maddəsinin pozulmadığını müəyyən etmişdir.Diffamasiya ilə əlaqədar işdə isə əksinə, Avropa Məhkəməsi müəyyən etmişdir ki, konfidensial informasiyanın icazəsiz açıqlanmasının lazımi qaydada araşdırılmaması və ya ərizəçinin (o, uşaqlarla pis rəftar etməkdə şübhəli bilinən valideyn idi) nüfuzunun və təqsirsizlik prezumpsiyası hüququnun qorunmaması Avropa Konvensiyasının 8-ci maddəsini pozmuşdur.

  • 262-Sual: Mənim su sayğacım sıradan çıxıb. Bu sayğac kimin hesabına dəyişdirilməlidir?

    Cavab: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə” Qaydalarının 6.5 və 6.10-cu bəndlərinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən həyata keçirilir.

    Su təchizatı və kanalizasiya müəssisəsinin əməkdaşları tərəfindən sıradan çıxmış sayğaca görə abonentə borc hesablanarsa belə, bu halda vətəndaş tərəfindən həmin borcun silinməsi üçün məhkəməyə müraciət oluna bilər.

  • 263-Sual: Əmlakı qəsdən məhv etmə və ya zədələmə hansı hallada cinayət məsuliyyətinə səbəb olur?

    Cavab: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda (beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

    Eyni əməllər, zərərçəkmiş şəxsə külli miqdarda (əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə) ziyan vurmaqla törədildikdə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

    Qeyd olunan əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan mәblәğdə) ziyan vurmaqla törədildikdə yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

    Həmçinin Özgənin əmlakını odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda (beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə) ziyan vurmaqla törədildikdə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə altı ayadək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

    Eyni əməllər odla və ya başqa yüksək təhlükə mənbəyi ilə ehtiyatsız davranma üzündən baş verdikdə və ya külli miqdarda (əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayanmməbləğdə) ziyan vurmaqla törədildikdə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

    Bu əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan mәblәğdə) ziyan vurmaqla törədildikdə isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 264-Sual: Miras əldə edən şəxs vergi ödəməlidirmi?

    Cavab: Bu kimi məsələlər Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin 102.1.3.1-ci maddəsinə əsasən hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsigəlir vergisindən azaddır. Əgər hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alınıbsa, onun tam məbləgi vergidən azaddır.

  • 265-Sual: Aliment öhdəliklərinə hansı hallarda xitam verilir?

    Cavab: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113-cü maddəsinə əsasən aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir.

    Məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə, aliment ödənilən uşaq övladlığa götürüldükdə, aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda, aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə və əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqdaaliment öhdəliklərinə xitam verilir.

  • 266-Sual: Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama hansı hallarda cinayət məsuliyyyətinə səbəb olur?

    Cavab: Azərbaycan Respublikasının cinayət qanunvericliyinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda (iyirmi min manatdan, yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləğdə) xarici valyuta vəsaitlərini xaricdən qaytarmama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Eyni əməllər külli miqdarda (otuz min manatdan artıq olan məbləğdə) törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 267-Sual:Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma məsuliyyətə səbəb olurmu?

    Cavab: Qaçaqlamçılıq cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər xeyli miqdarda (əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğdə) törədildikdə cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.

    Eyni əməllər, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə, külli miqdarda (iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğdə) törədildikdə cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında cərimə edilməklə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

    Bu əməllər xüsusilə külli miqdarda (beş yüz min manatdan yuxarı olan məbləğdə) törədildikdə cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

  • 268-Sual: Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması hansı hallarda məsuliyyətə səbəb olur?

    Cavab: Bu münasibətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir. Belə ki, inzibati xətalar qanunvericiliyinə əsasən dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yənidini qurumların müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində) dövlət qeydiyyatına alınmasından onun rəhbərlərinin boyun qaçırmasına, dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına, ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilin, dini qurumun (dini mərkəz (idarə) istisna olmaqla) qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə və dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə  fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

  • 269-Sual: Əmiəyin mühafizəsi nədir?

    Cavab: Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır.

    Əmək qanunvericiliyninə əsasən əməyin mühafizəsi, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir.

    İnzibati xətalar qanunvericiliyinə əsasən isə əməyin mühafizəsi qaydalarının pozulması inzibati məsuliyyətə səbəb olur.

  • 270-Sual: İşçi hansı hallarda işdən kənar edilə bilər?

    Cavab: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən işəgötürən işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda, Əmək Məcəllə ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə,iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın(Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndində müvafiq səlahiyyətli orqanın qərarı dedikdə, cinayət mühakimə icraatı üzrə şəxsin şübhəli şəxs qismində tanınması və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar, inzibati xətalara dair işlər üzrə icraatda isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt nəzərdə tutulur)qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə və insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə  mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər.

    İşçinin işdən kənar edilməsi əmək müqaviləsinə xitam verilməsi demək deyil. Əmək müqaviləsinə xitam verilməsinin əsasları əmək qanunvericiliyi ilə əlavə olaraq tənzimlənir.

    İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir.İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.

    İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən Əmək Məcəlləndə nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər.

    İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.

    “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2022-ci il tarixli Qərarına əsasənişəgötürən yalnız iki halda öz əsaslandırılmış qərarı ilə işçini işdən kənaralaşdıra bilər: Cinayət prosesual qanunvericiliyə uyğun olaraq şəxsin şübhəli şəxs qismində tanınması və təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edilikdə.

    Digər hallarda işçini işdən kənarlaşdırmaq olmaz. Qanunsuz şəkildə işçi işdən kənarlaşdırıldıqda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cərimə tətbiq edilə bilər. Eyni zamanda işçini işdən kənarlaşdırdığınız müddətdə onun əmək haqqı ödənişlərini ödəməyə məcbur ola bilərsiniz.

  • 271-Sual: Alimentin məbləği azaldıla bilərmi?

    Cavab: Azərbaycan Respublikasının ailə qanunvericliyinə əsasən aliment onun ödənilməsi barədə saziş əsasında tutulduqda aliment üzrə borcları ödəməkdən azad edilmə və ya onun miqdarının azaldılması tərəflərin razılığı ilə həyata keçirilə bilər.

    Məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər.

    Məhkəmə alimentin azaldılması üçün sübut təqdim etməsini tələb edir. Tərəflər birgə yaşayırsa, məhkəməyə cavabdeh qismində cəlb olunan şəxs sübut təqdim edir. Əgər şəxs bu barədə məhkəmədə kifayət qədər sübutlar təqdim edərsə və həmçinin, həyat şəraitini, maddi vəziyyətini məhkəməyə sübut kimi təqdim etdiyi halda məhkəmə həmin şəxsin iddia tələbini təmin edə bilər.

  • 272-Sual: İnzibati həbs nədir?

    Cavab: İnzibati həbs, yalnız müstəsna hallarda İnzibati Xətalar Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.

    Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.

    İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir.

  • 273-Sual: Kimlər qohum və ya yaxın qohum hesab olunurlar?

    Cavab: Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər və  nəvələr yaxın qohumlardır.

    Qohumlar isə babaya və nənəyə qədər əcdadları ümumi olan şəxslər, ər-arvadın yaxın qohumları, babanın, nənənin, valideynin, övladlığa götürənin, doğma və ya ögey qardaş və bacının, uşağın, övladlığa götürülənin və ya nəvənin əri (arvadı) və ya onların yaxın qohumlarıdır.

    Yetkinlik yaşına çatmayan şəxs (uşaq) 18 yaşına çatmayan şəxs hesab olunur.

  • 274-Sual: Nikahın pozulmasının dövlət qeydiyyatına alındığı yer və adın, ata adının və soyadın dövlət qeydiyyatına alınması qanunvericiliklə necə tənzimlənir?

    Cavab: Azərbaycan Respublikasının ailə qanunvericliyinə edilmiş əlavə və dəyişikliklərə əsasən ərizə əsasında nikahın pozulması ər-arvadın və ya onlardan birinin seçdiyi, məhkəmə qətnaməsi əsasında nikahın pozulması isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

    Həmçinin ərizə əsasında adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşın seçdiyi, məhkəmə qətnaməsi əsasında dəyişdirilməsi isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.

    Adın, ata adının və soyadın dəyişdirilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

     

  • 275-Sual: Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər hansılardır?

    Cavab: “Medai haqqında” Qanunan əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiya aşağıdakı tələblərə cavab verməlidir:

    - Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşlara açıq çağırışlar edilməməlidir;

    - Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməlidir;

    - dövlət dili normalarına riayət edilməlidir;

    - irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkilik təbliğ olunmamalıdır, habelə etnik, irqi və ya dini düşmənçiliyin salınmasına açıq çağırışlar edilməməlidir;

    - terrorçuluq, dini ekstremizm, zorakılıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədilə təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönələn məlumatlar yayılmamalıdır, terrorçuluğa açıq çağırışlar edilməməlidir;

    - əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir;

    - şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir;

    - şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilməməlidir;

    - böhtana, təhqirə və nifrət çıxışlarına yol verilməməlidir;

    - sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlər təbliğ olunmamalıdır;

    - faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir;

    - parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməməlidir;

    - pornoqrafiya məzmunlu materialların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;

    - qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə  məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir;

    -“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir;

    -“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər informasiyanın yayımlanmasına yol verilməməlidir.

    - Yerüstü yayımçı proqramlarında bu Qanunda nəzərdə tutulan tələblərlə yanaşı dövlət dilindən istifadəni də təmin etməlidir.

     

  • 276-Sual: Əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar hansılardır?

    Cavab: Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə,

    həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla (Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

    Yuxarıda nəzərdə tutulmuş müddəalar Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndi, yəni müəssisə ləğv edildikdə və 73-cü maddəsi, yəni müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası ilə xitam verilən hallara şamil edilmir.

    Müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsində göstərilən işçi ilə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir.

    “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən isə işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi olan işçilərin, onların arzusu ilə və bu Qanunun 11-ci maddəsinə (Maddə 11. Fərdi Reabilitasiya Proqramı) uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmağa və ya yenilərini təşkil etməyə borcludurlar.

  • 277-Sual: İnformasiyanınyayılmasına, informasiyamənbəyininaçıqlanmasınayolverilməyənhallar hansılardır?

             Cavab: Media subyektivəjurnalisttərəfindən aşağıdakılara yol verilmir:

            - şəxsin gizli saxlanmaq şərtilə verdiyi informasiyanın proqram və materiallarda yayılmasına;

            - məlumatvermişşəxsinrazılığıolmadanonunşəxsiyyətininaçıqlanmasına;

            - təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma məlumatlarının yayılmasına;

         - AzərbaycanRespublikasınınCinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərinin olduğu kimi yayılmasına;

          - yetkinlik yaşınaçatmayan şübhəli, təqsirləndirilən və ya zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yayılmasına;

          - “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məlumatların yayılmasına;

          - AzərbaycanRespublikasıİnzibatiXətalarMəcəlləsindənəzərdətutulmuş sui-istifadəhallarına.

          - Məsul redaktor və (vəya) jurnalist istintaqı aparılan, yaxud məhkəmə icraatında olan işlə əlaqədar bu Qanunla müəyyən edilmiş hallardan başqa informasiya mənbəyini açıqlamağa məcbur ediləbilməz.

            Məsul redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmənin qərarı ilə öz informasiya mənbəyini açıqlamalıdır:

          - insan həyatının müdafiəsi üçün;

          - ağır və xüsusilə ağır cinayətlərin qarşısını almaq üçün;

          - ağır və xüsusilə ağır cinayət törətməkdə təqsirləndirilən şəxsin müdafiəsi üçün.

  • 278-Sual: Cinayət prosesində müdafiəçinin iştirakı hansı hallarda təmin olunmalıdır?

    Cavab: Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliynə əsasən cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz.

    Şübhəli və ya təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi ola bilər. Müdafiəçinin iştirakı məcburi olan prosessual hərəkətlər aparılarkən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçilərindən hər hansının iştirak etməməsi bu hərəkətlərin qanunsuz hesab edilməsinə əsas ola bilməz.

    Cinayət-Prosessual Məcəlləsinin 92-ci maddəsin əsasən cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı hallarda təmin olunmalıdır:

     - şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə;

    - şübhəli və ya təqsirləndirilən şəxs görmə, eşitmə və nitq qabiliyyəti tam məhdud olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi pozuntular olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər pozuntulara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə;

    - cinayət təqibi üzrə icraat aparılan anda şübhəli və ya təqsirləndirilən şəxsdə ruhixəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə;

    - şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə;

     - şübhəli və ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda;

     - təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;

     - şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;

    - şübhəli və ya təqsirləndirilən şəxs məcburi qaydada xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirildikdə;

    - şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (tutulmuş şəxs vəkildən imtina etdikdə, bu barədə onun yazılı ərizəsini almaq (ərizə yazmaqdan boyun qaçırıldıqda, həmin faktla əlaqədar vəkil və müvəqqəti saxlama yerinin nümayəndəsi tərəfindən müvafiq protokol tərtib olunur);       

    - cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;

    - təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda;

    - cinayət təqibi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədən şəxs barəsində həyata keçirildikdə;

     - şübhəli və ya təqsirləndirilən şəxsin fəaliyyət qabiliyyəti olmadıqda;

    - ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisi müəyyən edilmədikdə;

    - ölmüş təqsirləndirilən (şübhəli) şəxsin və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsin yaxın qohumu bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində (bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra) onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə;

              - məhkəmə baxışı Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə.

  • 279-Sual: Şəhərsalma və tikinti qanunvericiliyinə əsasən ortaq divarların və hasarların tikintisinə dair tələblər nədən ibarətdir?

    Cavab: Azərbaycan Respublikasının Şəhərsalma və tikinti qanunvericiliyinə əsasən ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər.

    Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır. Divarın mövcud qonşu divara paralel tikildiyi və yanaşı divarlar arasında boşluq qaldığı (divarlar arasındakı məsafə onların istismarına mane olduğu) hallarda, həmin boşluğun atmosfer yağıntılarından mühafizə olunması məqsədi ilə müəyyən tədbirlər görülməlidir.

    Müvafiq icra hakimiyyəti orqanı (Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. İki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir.

    Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll

    yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir.

    Həmçinin, qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

  • 280-Sual: Əmək məzuniyyəti başqa vaxta keçirilə bilərmi?

    Cavab: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər.
    Əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir.
    İşçinin təşəbbüsü ilə aşağıdakı hallarda əmək məzuniyyəti başqa vaxta keçirilə bilər:
    a) əmək qabiliyyəti müvəqqəti itirildikdə;
    b) əmək məzuniyyəti ilə sosial məzuniyyət bir vaxta düşdükdə;
    c) işəgötürənin tapşırıqlarını yerinə yetirmək üçün başqa yerə ezam edildikdə.
    İşçiyə əmək məzuniyyətinin müəyyən edilmiş növbədə nəzərdə tutulan vaxtda verilməsinin istehsalın, işin, xidmətlərin normal gedişinə xələl gətirə biləcəyi hallarda işəgötürənin təşəbbüsü və işçinin razılığı ilə əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.
    Tərəflərin qarşılıqlı razılığı ilə əmək məzuniyyətinin istifadə edilməyən hissəsi növbəti iş ili üçün əmək məzuniyyəti ilə birləşdirilə bilər.
    Hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq əmək məzuniyyəti başqa vaxta keçirilə bilər.

  • 281-Sual: Fiziki şəxsin ölmüş elan edilməsi qanunveriliciliklə necə tənzimlənir?

    Cavab: Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.

    Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Yuxarıda nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.

    Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta

    yetirilsin. Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır.

  • 282-Sual: Mülki işlər üzrə məhkəmə icraatında dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququ mövcuddurmu?

    Cavab: Ölkəmizdə uğurla aparılan məhkəmə hüquq islahatları bu sahədəki mövcud qanunvericilik aktlarına müəyyən əlavə və dəyişikliklərin edilməsini zəruri etmiş, 9 iyun 2023-cü il tarixli Qanunla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq dəyişikliklər edilmişdir. Bu dəyişikliklərə əsasən Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda, vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxs maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququna malikdir.

    Mülki Prosessual Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Nəzərdə tutulmuş bu hallarda məhkəmə Mülki Prosessual Məcəllədə göstərilən şəxslərin, habelə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan işdə iştirak edən digər şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya

    bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir.

    Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır.

    Bu hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir:

    - orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər;

    - insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;

    - valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar;

    - ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

    - müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər;

    - maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər.

    Məhkəmə bu şəxslərin müraciətinə əsasən vəkil qurumunun ərizəsinə daxil olduğu vaxtdan 15 gün müddətində, müraciət müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı olduqda isə təxirə salınmadan baxır. Ərizəyə baxılmasının nəticəsi barədə qərardaddan Mülik Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər.

    Məhkəmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə ödənilmiş vəsaitin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış digər şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməsini iş üzrə yekun qərarında qət edə bilər.

  • 283-Sual: İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri qanunvericiliklə necə tənzimlənir?

    Cavab: Azərbaycan Respublikasının əmək qanunvericiliyinə əsasən işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur.

    İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq hakimiyyət orqanlarına, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. Bu halda işəgötürən həmin sənədlərin hara göndərildiyi barədə işçiyə məlumat verməlidir.

  • 284-Sual: Kredit müqaviləsi nədir?

    Cavab: Ölkəmizin mülki qanunvericiliyinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

    Mülki Məcəllənin müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə Mülki Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

    Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər Mülki Məcəlləyə uyğun olaraq tənzimlənir.

  • 285-Sual: Reklamda uşaqların müdafiəsi necə təmin olunmalıdır?

    Cavab: “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda aşağıdakılar qadağan olunur:
    - valideynlərin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi;
    - başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması;
    - qüvvətləndirici və fərqləndirici sözlər vasitəsilə ailənin maddi vəziyyətindən asılı olmayaraq əmtəənin əldə edilməsinin mümkünlüyü fikrini yaratmaqla, valideynlərin və başqa şəxslərin bu əmtəəni almağa vadar edilməsinə yönəldilmiş məlumatlar;
    - həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə;
    - uşaqlara aid olmayan əmtəənin reklamının onlar üçün nəzərdə tutulmuş mediada, televiziya və radio proqramlarında, audio və video materiallarda yerləşdirilməsi;
    - uşaqlara ünvanlanan, yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması;
    - uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi;
    - alkoqollu və energetik içkilərdən istifadə olunması ilə bağlı uşaqlara müraciət edilməsi, uşaqlar üçün proqramların (verilişlərin) alkoqollu və energetik içkilərin reklamı ilə kəsilməsi. Dərslikdə, dərs vəsaitində, tədris materialında, məktəb gündəliyində, dəftərdə, albomda, uşaqlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz. Uşaqlar üçün proqramlar “Reklam haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq reklamla kəsilə bilməz.
    Uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə bilən reklam məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməz.

  • 286-Sual: Hansı cinayətlər sülh və insanlıq əleyhinə cinayətlər hesab olunur?

    Cavab: Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma, bu müharibəni başlamağa açıq çağırışlar, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, soyqırım, soyqırımın törədilməsinə təhrik etmə, əhalini məhv etmə, köləlik, əhalini deportasiya etmə və ya məcburi köçürmə, cinsi zorakılıq, məcburi hamiləlik, təqib, insanları zorakılıqla yoxa çıxarma, irqi ayrıseçkilik (aparteid), beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə və işgəncə sülh və insanlıq əleyhinə cinayətlər hesab olunur. Muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə, hərbi soyğunçuluq və müdafiə olunan nişanlardan sui-istifadə isə müharibə cinayətləri hesab olunur.

  • 287-Sual: Hüquqi şəxs hansı halda yalnız müflis olma nəticəsində ləğv edilə bilər?

    Cavab:Azərbaycan Respublikasının mülki qanunvericiliyinəı əsasən əgər hüquqi şəxs kreditorların tələblərini ödəməyə qadir deyildirsə, o, məhkəmənin qərarı ilə müflis sayıla bilər.

    Hüquqi şəxsin məhkəmə tərəfindən müflis sayılması əsasları və qaydası, müvafiq olaraq, “Müflisləşmə və iflas haqqında” və “Banklar haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir.

  • 288-Sual: Açıq səhmdar cəmiyyəti nədir?

    Cavab: Mülki qanunvericiliyə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirəbildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bucür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirəbilər.

    Açıq səhmdar cəmiyyəti illik hesabatını və maliyyə hesabatlarını (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə aşağıdakı məlumatları hamının tanış olması üçün hər ildərə etməyə borcludur:

    -hesabat dövrü üzrə maliyyə göstəriciləri;

    -aidiyyəti şəxslərlə bağlanılmış və xüsusi əhəmiyyətli əqdlər;

    -cəlbedilmiş maliyyə və saitləri;

    -idarə etmə orqanları və vəzifəli şəxslər, onların əsas və əlavə iş yerləri;

    -idarə etmə strukturu;

    - inkişaf siyasəti;

    -səhmdar kapitalının gəlirliyi və dividend siyasəti;

    -idarə etmə orqanlarının hər bir üzvünə verilən ödənişlər;

    -investisiyaların həcmi və mənbəyi;

    -cəmiyyətin qiymətli kağızlarının dövriyyəsi və gəlirliyi;

    - ictimai layihələr.

    Açıq səhmdar cəmiyyətinin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqd xüsusi əhəmiyyətli əqd hesab edilir. Xüsusi əhəmiyyətli əqdin bağlanılması barədə qərar səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında qəbule dilir və bu barədə məlumat açıqlanır. Bu məlumatın açıqlanması qaydası səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmalıdır. Bu maddənin tələbləri banklara və xarici bankların yerli filiallarına şamil edilmir.

     

  • 289-Sual: İstehlakçıların suölçən cihazlarla təchiz edilməsi kimin vəsaiti hesabına həyata keçirilir?

    Cavab: “Su təchizatı və tullantı suları haqqında”  Qanunun 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Suölçən cihazlar qanunvericiliklə nəzərdə tutulmuş hallarda su təchizatı müəssisəsinin vəsaiti hesabına quraşdırılır.

    Su təchizatı müəssisəsi bütün quraşdırılmış suölçən cihazların hesabatını aparmalıdır.Su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi suölçən cihazların göstəricilərinin qeydə alınması, onların quraşdırılması, təmiri, dəyişdirilməsi, çıxarılması, yerlərinin dəyişdirilməsi, onlara xidmət göstərilməsi və onlardan göstəricilərin silinməsi məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada su təchizatı cihazının yanına buraxılmaq hüququna malikdir.

    Su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır.İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur.