Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

    Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi və demoqrafik inkişaf hüquq institutlarının təkmilləşdirilməsini, insan hüquqlarının müdafiəsi mexanizmlərinin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, əhalinin yüksək keyfiyyətli hüquqi yardımla təmin edilməsini zəruri edir. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və Prokurorluğuna tövsiyə edilsin, Ədliyyə Nazirliyinə tapşırılsın ki, ölkədə hüquq sisteminin müasirləşdirilməsi prosesinə uyğun olaraq insan hüquqlarının daha etibarlı müdafiəsinin təmin edilməsini, vətəndaşların hüquq institutlarına inamının artırılmasını, onların müraciət etmək imkanlarının asanlaşdırılmasını, fəaliyyətlərində şəffaflığı, yeni informasiya texnologiyalarının tətbiq edilməsini təmin etsinlər.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki:

2.1. Naxçıvan Muxtar Respublikasındakı birinci instansiya məhkəmələri hakimlərinin, ədliyyə orqanları işçilərinin və digər hüquqşünasların peşə hazırlığının artırılması məqsədilə müvafiq treninqlərin keçirilməsində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə kömək göstərsin;

2.2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Naxçıvan Filialının müasir avadanlıqla təchiz edilməsi və elmi tədqiqat işinin səmərəliliyinin artırılması üçün tədbirlər görsün;

2.3. Naxçıvan Muxtar Respublikasındakı birinci instansiya məhkəmələrinin normativ hüquqi aktlarla və hüquqi ədəbiyyatla təchiz edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə kömək göstərsin.

3. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işinin təşkilində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə metodik kömək göstərsin.

4. Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına tövsiyə edilsin ki, Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən hüquqi yardımın səmərəliliyinin və burada fəaliyyət göstərən vəkillərin sayının artırılması məqsədilə Vəkillər Kollegiyasına əlavə qəbul imtahanının Naxçıvan Muxtar Respublikasında keçirilməsini təşkil etsin.

5. Naxçıvan Muxtar Respublikasının İqtisad Məhkəməsinin, Naxçıvan Şəhər Məhkəməsinin və Babək Rayon Məhkəməsinin hakimlərinin sayı 1 vahid artırılsın.

6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

6.1. Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsinin, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin, Kəngərli Rayon Məhkəməsinin yeni binalarının tikilməsi üçün vəsait ayırsın;

6.2. Kəngərli, Sədərək, Ordubad rayon prokurorluqlarının yeni binalarının tikilməsi, Şərur Rayon Prokurorluğunun binasının təmir edilməsi üçün vəsait ayırsın;

6.3. Naxçıvan Muxtar Respublikasında yeni yaradılmış İnsan hüquqları üzrə müvəkkil təsisatının fəaliyyətinin təmin edilməsi üçün vəsait ayırsın;

6.4. Naxçıvan Muxtar Respublikasında məhkəmə, prokurorluq və ədliyyə orqanlarının fəaliyyətinə zəruri şəraitin yaradılması üçün onların avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər ləvazimatlarla təmin edilməsi məqsədilə tədbirlər görsün;

6.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.6. öz səlahiyyətləri daxilində həmin Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

  

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

 Bakı şəhəri, 2 noyabr 2006-cı il

 № 474