FƏALİY YƏT İSTİQAMƏTLƏRİ

Maddə 133. Azərbaycan Respublikasının Prokurorluğu

I. Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını mədafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir.

II. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

III. Azərbaycan Respublikasının Baş prokurorunu Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə vəzifəyə təyin və vəzifədən azad edir.

IV. Azərbaycan Respublikası Baş prokurorunun müavinlərini, respublika ixtisaslaşdırılmış prokurorluqlara rəhbərlik edən prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

V. Ərazi və ixtisaslaşdırılmış prokurorları Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və vəzifədən azad edir.

 

Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ

I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikasının Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

II. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən subyektin razılığı ilə edilə bilər.

IV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur.

V. Qanun və ya qərar layihəsini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu və ya Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.

VII. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.

 

“PROKURORLUQ HAQQINDA”

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Maddə 4. Prokurorluğun fəaliyyət istiqamətləri

Prokurorluq qanunla nəzərdə tutulmuş hallarda və qaydada:

cinayət işi başlayır və ibtidai istintaq aparır, habelə korrupsiya ilə bağlı cinayətlər üzrə cinayət işinin başlanmasını və ya istintaqın aparılmasını təmin etmək məqsədilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirir;

cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərlik edir və qanunlara riayət edilməsini təmin edir;

təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət edir;

məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir;

məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət ittihamını mədafiə edir;

məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və y aqərardadlarından protest verir;

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul edir;

məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak edir.

Prokurorluğun üzərinə Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və prosessual qanunvericilikdə nəzərdə tutulmamış vəzifələrin qoyulması yolverilməzdir.

 

Maddə 5. Prokurorluğun fəaliyyətinin əsas prinsipləri 

Prokurorluğun fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

-qanunçuluq;

-hər kəsin qanun qarşısında hüquq bərabərliyi;

-fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi;

-obyektivlik, qərəzsizlik və faktlara əsaslanma;

-vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının -Baş prokuroruna tabe olması;

-siyasi bitərəflik.

 

NAXÇIVAN  MUXTAR RESPUBLİKASININ

KONSTİTUSİYASI

 

Maddə 46. Naxçıvan Muxtar Respublikası Prokurorluğu

I. Naxçıvan Muxtar Respublikası Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.

II. Naxçıvan Muxtar Respublikası Prokurorluğu ərazi prokurorlarının Naxçıvan Muxtar Respublikası prokuroruna və Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

III. Naxçıvan Muxtar Respublikası prokurorunu Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin təklifi əsasında Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı ilə Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin edir.

IV. Ərazi və ixtisaslaşdırılmış prokurorları Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Azərbaycan Respublikası Prezidentinə verilmiş təklifi və Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəyə təyin və azad edir.

Maddə 26. Qanunvericilik təşəbbüsü hüququ

I. Naxçıvan Muxtar Respublikasının Ali Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna mənsubdur.

II. Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

III. Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər.

IV. Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur.

V. Qanun və qərar layihəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Prokurorluğu təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

VI. Qanun və qərar layihələri əsaslandırılmalı və onların qəbul edilməsinin məqsədləri göstərilməlidir.

 

“PROKURORLUQ  HAQQINDA”

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

 Maddə 14. Naxçıvan Muxtar Respublikasının Prokurorluğu

Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna Naxçıvan Muxtar Respublikasının prokuroru rəhbərlik edir.

Naxçıvan Muxtar Respublikasının prokuroru Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin IV hissəsinə uyğun olaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, böyük köməkçiləri və köməkçiləri vardır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda şöbələr və digər struktur bölmələri yaradıla bilər. Bu şöbələrə Naxçıvan Muxtar Respublikası prokurorunun böyük köməkçiləri hesab edilən şöbə rəisləri, prokurorlar və müstəntiqlər təyin edilər bilər.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun işçilərini bir qayda olaraq Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatı ilə baş prokuror vəzifəyə təyin və vəzifədən azad edir.

Naxçıvan Muxtar Respublikasının prokuroru bu qanunda və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulmuş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasının prokuroru öz səlahiyyətləri çərçivəsində əmr, göstəriş, digər aktlar verir və onların icrası Naxçıvan Muxtar Respublikasının prokurorluq işçiləri üçün məcburidir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunda məşvərətçi orqan olan və Naxçıvan Muxtar Respublikasının prokuroru rəhbərlik edən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Kollegiyası yaradılır.

Kollegiyanın tərkibinə Naxçıvan Muxtar Respublikasının prokuroru, onun müavinləri, şöbə rəisləri və digər rəhbər işçilər daxildirlər.

Kollegiyanın tərkibini Naxçıvan Muxtar Respublikası prokurorunun təqdimatı əsasında Azərbaycan Respublikasının baş prokuroru təsdiq edir.

Kollegiya öz səlahiyyətləri çərçivəsində bu Qanunun 10-cu maddəsinin üçüncü, dördüncü və beşinci hissələrində nəzərdə tutulmuş qaydada fəaliyyət göstərir.