Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən Naxçıvan Dövlət Universitetində tədbir keçirilib

Nayabrın 2-də Naxçıvan Muxtar Respublikası Prokurorluğu tərəfindən Naxçıvan Dövlət Universitetində “Müasir çağrışlara cavab verən hüquq islahatları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov son iyirmi ildə ölkəmizdə həyata keçirilən mütərəqqi islahatlar və əldə edilən nailiyyətlər, Azərbaycan Respublikası Konstitusiyasının təkmilləşdirilməsi tədbirləri və  müasirləşən Azərbaycan Prokurorluğu haqqında, Prokurorluğun şöbə rəisi, baş ədliyyə müşaviri Anar Məmmədov Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, vətəndaşların hüquqi yardım almaq hüququnun və inzibati qanunvericiliyin təkmilləşdirilməsi, Şərur rayon prokurorunun böyük müstəntiqi Jalə İbrahimova isə ölkəmizdə aparılan məhkəmə hüquq islahatları, məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Planı və Proqramı haqqında tələbələrə məlumat veriblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğu