Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları oktyabr ayının 26-da Naxçıvan Dövlət Xalça Muzeyində olmuşlar.

Muxtar Respublikanın zəngin təbii sərvətləri, ecazkar təbiəti, flora və faunası qədim zamanlardan xalçaçılığın təşəkkülünə rəvac verib. Naxçıvan Dövlət Xalça Muzeyi 1998-ci ilin aprelindən fəaliyyət göstərir.

Naxçıvan və Ordubadın boyaqxanaları məşhur olub. Xalçaçı ustalar ayrı-ayrı bitkilərdən, gül-çiçəkdən, ağac qabıqlarından ipləri boyamaq üçün müxtəlif rənglər alırdılar. Məsələn, sarı və sarımtıl rənglər sarıçöp, sarıgül və əncir yarpaqlarından, qırmızı və çəhrayı rənglər boyaqotundan (marena), qırmız böcəyindən (koşenil), noxudu və şəkəri rənglər soğan və alma qabığından, palıd rəngi qoz qabığından, sürməyi və göy rənglər uzaq ölkələrdən gətirilən təbii indiqodan alınırdı. Peşəkar boyaqçılar təbii rənglərin imkanlarını artırmaq məqsədi ilə onların tərkibinə zəy, duz kimi bərkidici maddələr əlavə edirdilər.

Hazırda  Naxçıvan Dövlət Xalça Muzeyində nümayiş etdirilən nümunələrin sayı 320-ni keçib. Burada müasir qoruma standartlarına uyğun şərait yaradılıb. Xovsuz və xovlu xalça növləri,  habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri muzeyi bəzəyir. İndi bu mədəniyyət ocağında Naxçıvan qrupuna aid  120 xalça nümayiş etdirilir. Habelə "Azər-İlmə" tərəfindən dünyanın müxtəlif ölkələrindən, şəxsi kolleksiyalardan əldə olunan 29 xovlu və xovsuz xalça, xalça məmulatları - üç məfrəş, xurcun, duz torbası muzeyə hədiyyə olunub.

Naxçıvan Dövlət Xalça Muzeyinin  daimi ekspozisiyası içərisində 264 xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi