Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları "Əlincəqala" tarix-mədəniyyət muzey kompleksində və "Gülüstan" türbəsində olublar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları iyul ayının 27-də "Əlincəqala" tarix-mədəniyyət muzey kompleksində və "Gülüstan" türbəsində olublar

Qeyd olunub ki, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamı ilə yaradılmışdır. 2016-cı ilin iyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyi istifadəyə verilmişdir.

Muzey ekspozisiya zalından və 2 iş otağından ibarətdir. Muzeyin fondunda ümumilikdə 250 eksponat vardır ki, bunlardan da 151-i muzeyin ekspozisiyasında sərgilənir. Muzeydə Əlincəqala abidəsinin bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri, Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitab və məqalələr, qəzet materialları, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları, saxsı və mis qablar, və s. nümayiş etdirilir.Həmçinin, muzeydə gümüş kəmər nümunələri, müxtəlif corab, araqçın və toxuculuq nümunələri, alət və ləvazimatları, digər dəyərli maddi-mədəniyyət nümunələri də nümayiş olunur.

Culfa yaxınlığında yerləşən Gülüstan türbəsi isə Azərbaycan memarlarının daş sənəti incisidir. Üstündə kitabəsi qalmadığından türbənin tikilmə tarixi, sifarişçisi, kimin şərəfinə tikilməsi və memarı bilinmir. Mütəxəssislər türbəni üslubi xüsusiyyətlərinə görə XIII əsrin başlanğıcına aid edirlər.  Gülüstan türbəsi sərdabə qatı yer üstünə qaldırılan və ona görə bayır tutumu ikiqatlı quruluş alan qülləvari türbə tipinə aiddir. Bu tipin formalaşmasında, türbənin ikiqatlı quruluş gələnəyini saxlamaq şərtilə, memarın yerüstü tutuma daha mürəkkəb və plastik biçim vermək istəyi, eləcə də abidənin nisbətən kiçik ölçülü olması müəyyən rol oynamışdır. Türbənin qülləvari tutumu ilə onu üzərində saxlayan kürsülüyün kompozisiya əhəmiyyətini artırmaq üçün aparılan axtarışların da ayrıca qat şəklində inkişaf etmiş kürsülük yaranmasına təsiri az olmamışdır. Gülüstan türbəsi tipli abidələrin biçimcə silindrik və prizmatik gövdəli minarələrin alt hissələrinə bənzərliyi də qeyd edilməlidir. Belə bənzərliyin kökünü mütəxəssislər Gülüstan türbəsinin kompozisiyasının kvadrat özüldən çoxüzlüyə keçməsi ilə əsaslandırırlar. Kvadratın (6,60x6,60) hər küncündən qalxan iki müstəvi kürsülüyü maili kəsərək yuxarıda on iki bucaqlıya çevrilir. Onun üstündə isə on iki üzlü üst kamera – qüllə ucalır. Kürsülük və qüllənin qovuşma yeri inkişaf etmiş stalaktit qurşağı ilə bağlanmışdır. Stalaktit qurşağının biçim zənginliyi və gözəlliyi üstündəki tutumun aparıcı mövqeyini və kompozisiya dəyərini əks etdirir.

Türbənin bayır quruluşu içəridə də əks olunmuşdur.Kürsülüklə qülləni içəridə yastıraq günbəz bir-birindən ayırırmış. Bayırdan fərqli olaraq içəridə alt qat (sərdabə) və üst qat (qüllə) planda eynidir – hər ikisi dairəvi biçimlidir. Gülüstan türbəsinin də interyeri, bir çox Azərbaycan türbələrində olduğu kimi sayadır. Sərdabə iri daş bloklarla üzlənmiş, qüllənin iç səthi ağ suvaqla örtülmüşdür.

Bütünlüklə qırmızı tufdan ucaldılan türbənin yalnız qatlararsı iç günbəzi kərpicdən yığılmışdır. Onun iri üzlük lövhələrdən böyük ustalıqla hörülmüş kürsülüyü bütöv kütlə kimi baxılır. Bu ağır, gözəl biçimli oturacağı prizmatik qüllə təbii şəkildə davam etdirir. Qüllənin üzləri isə incə profilli qabarıq tinlərin yuxarıda haçalanması yolu ilə tağçalara çevrilmişdir. Bu çevrilmədə də aydın duyulan təbiilik var.

Gülüstan türbəsi kvadrat əsasdan çevrəyə, kubik tutumdan konik biçimə keçməyin bədii-texniki həlli baxımından parlaq örnəyidir. Memarlıq kütlələrinin yuxarıya doğru inkişafında təbiilik və üzvilik bu abidədə elə yüksək durumdadır ki, araşdırmaçılar bu abidəni orta əsrlər Azərbaycan memarlığının ən dəyərli xatirə abidələri sırsına daxil edirlər. İslam memarlığı tarixindən bəllidir ki, bu tip türbələrin başlıca yayım yeri Anadoludur və Gülüstan türbəsi Azərbaycan və Anadolu səlcuq türbələrinin "soy birliyinin" başlıca göstəricisidir.Bununla belə nisbət, biçim və naxış incəliyinə, üslub yetkinliyinə görə Gülüstan türbəsi bu daş türbələrin hamısından seçilir.

Gülüstan türbəsi möhkəm postament üzərində qurulmuş onikitilli qüllədən ibarətdir. Quruluşu etibarilə kvadrat olan türbənin tinləri iki müstəvi ilə kəsilsiyi üçün ikinci yarusda onikitilli olur. Postament zəngin bəzədilmiş karnizlə tamamlanır ki, onun da üzərində günbəz ucalır. Yuxarı hissənin müstəviləri üzərində mürəkkəb və zərif ornament vardır. Türbənin ən üstdə olan örtüyü bizə qədər gəlib çatmamışdır. Məqbərənin hündürlüyü 9 m-dir. Türbə planının xarici konturu hər tərəfi 6, 60 m-ə bərabər olan kvadratdır.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi