Şahbuz rayon prokurorluğu tərəfindən tədbir keçirilib

Aprel ayının 24-də Şahbuz şəhər 2 nömrəli tam orta məktəbinin X-XI sinif şagirdləri arasında vətənpərvərlik mövzusunda tədbir keçirilib. Məktəbin direktoru Küşvər Quliyeva çıxış edərək keçirilən tədbirin mahiyyətindən danışıb. Qeyd edilib ki, məktəblilər arasında belə maarifləndirici tədbirlərin keçirilməsi onların cəmiyyətə, dövlətə layiqli vətəndaşlar kimi formalaşmasında müstəsna əhəmiyyətə malikdir. 

Tədbirdə rayon prokurorluğunun əməkdaşı Əfqan İsmayılov mövzu haqqında geniş məruzə edib. Bildirilib ki, Azərbaycan Respublikasında 18 yaşına çatmış və sağlamlığında çatışmazlığı olmayan  hərbi xidmət keçməyə yararlı olan kişicinsli vətəndaşlar müddətli həqiqi hərbi xidmət keçməlidirlər.

Bu tələb Konstitusiyamızda yer almışdır. Konstitusiyamızdan öz mənbəyini götürən, ona əsaslanan daha bir qanunumuz var ki, bu da hərbi xidmət və hərbi vəzifə tutmağın hüquqi əsaslarını nizamlayır və konkret müddəalar müəyyən edir. Həmin qanun “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikasının Qanunudur. 

Əfqan İsmayılov hərbi qeydiyyat qaydalarının pozulmasına görə qanunda nəzərdə tutulan məsuliyyət haqqında şagirdləri ətraflı məlumatlandırıb. 

Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi