Culfa rayon prokurorluğunun təşkilatçılığı ilə tədbir keçirilib

  Mart ayının 12-də Culfa rayon prokurorluğunun təşkilatçılığı və rayon polis şöbəsinin əməkdaşının iştirakı ilə Culfa şəhəri 3 nömrəli  tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri və müəllim kollektivi ilə onların hüquqi maarifləndirilməsi, şagirdlərə yeni nəsil şəxsiyyət vəsiqələrinin təqdim olunması və həmin şəxsiyyət vəsiqələrinin üstünlüklərinin diqqətə çatdırılması məqsədilə tədbir keçirilib. Tədbirdə rayon prokurorluğunun bəməkdaşları Afət Kərimli, İbrahim Hüseynov və rayon polis şöbəsinin əməkdaşı Vüsal Rüstəmov  iştirak etmişdir.

     Tədbirdə Afət Kərimli yeni nəsil şəxiyyət vəsiqələrinin üstünlükləri barədə məlumat verərək bildirib ki, texnologiyanın inkişafı, tanıma cihazlarının, informasiya oxuyan vasitələrin yaradılması, həmçinin cihaz tərəfindən oxuna bilən elektron informasiya çeşidlərinin artması elektronlaşan ictimai vasitələr sırasına şəxsiyyət vəsiqəsinin də əlavə edilməsinə zərurət yaradıb. Bu məqsədlə dövlət başçısı cənab İlham Əliyev tərəfindən 8 fevral 2012-ci il tarixində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Fərman və bu istiqamətdə görülən tədbirlərin sürətləndirilməsi məqsədilə 28 noyabr 2014-cü il tarixində “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb. Sərəncam Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi sahəsində aparılan işlərin sürətləndirilməsi və ölkədə elektron xidmətlərdən istifadənin daha da genişləndirilməsi məqsədi daşıyır. Elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin bir özəlliyi də onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatların daxil edilməsidir. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək. Həmçinin Afət Kərimli qeyd edib ki, yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstündür. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdirilir. Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edir.

       İbrahim Hüseynov  “Gənclər sabahın qurucularıdır” başlıqlı mövzu ilə çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti dövlət başçıcı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldur. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Dövlət gənclər siyasəti müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumları tərəfindən həyata keçirilir. Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin “Gənclər paytaxtı” seçilməsi bir daha sübut etdi ki, muxtar respublikamız Qoca Şərqlə müasir gəncliyin vəhdətini təşkil edən məkandır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı çıxışında vurğulamışdır ki, “Gənclik gələcəkdir. Sağlam gənclik isə həm də sağlam gələcək deməkdir. Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti hər bir gəncəözünü təsdiq etməsi, yüksək bilik qazanması və dəyərli vətəndaşa çevrilməsi üçün geniş imkanlar açır. Azərbaycan inkişaf edən dövlətdir və təbii ki, müstəqillik dövründə yetişən, onun bəhrəsini görən hər bir gənc dəöz fəaliyyəti ilə bu inkişafa dəstək verməli, dövlət müstəqilliyimizin qədrini bilməlidir. Biz bu gün yetişən gəncliyə böyük ümidlə baxırıq. İnanırıq ki, muxtar respublika gəncləri bundan sonra da öz fəaliyyətlərini ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi yola sədaqət ruhunda quracaqlar. Bu yol – gəncliyin özünü təsdiq vəözünü doğrultmaq yoludur”.

Sonda bir qrup şagirdə yeni nəsil şəxsiyyət vəsiqələri təqdim olunub, tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilmiş və verilmiş suallar cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi