Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşları Heydər Əliyev Muzeyində olmuşlar

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşları may ayının 5-də Heydər Əliyev Muzeyində olmuşlar.

Muzeyə tanışlıq zamanı qeyd olunub ki, görkəmli ictimai-siyasi xadim, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ulu öndəri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilmiş ümummilli liderimizin adını daşıyan Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 18 fevral 1999-cu il tarixdə imzaladığı Sərəncamla Naxçıvan şəhərində yaradılmışdır. Muzey 10 may 1999-cu ildən fəaliyyət göstərir. Muzeydə ümummulli lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə (1991-1993-cü illər) aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Türkiyə Cümhurəyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətləri, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanmışdır.

Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyini yeni yaranmış digər muzey və mərkəzlərdən fərqləndirən əsas cəhət budur ki, bu muzey ulu öndərin doğulub boya-başa çatdığı, ilk əmək fəaliyyətinə başladığı, 1969-cu ildən Azərbaycanın rəhbəri kimi qurub-yaratdığı, 90-cı ildən isə qoruyub saxladığı və sonrakı illərdə himayəsi ilə günü-gündən inkişaf edib çiçəklənən doğma Naxçıvan torpağında yaradılmışdır. Həmçinin bu muzey ümummilli liderin hələ sağlığında Azərbaycanda yaradılmış ilk muzeydir. Naxçıvandakı Heydər Əliyev Muzeyinin özünəməxsus səciyyəvi cəhətlərindən biri də burada ulu öndərin muzeyin yerləşdiyi regionla əlaqələrinə dair xeyli eksponatların mövcud olmasıdır.

Heydər Əliyev Muzeyi ümummilli liderin həyat və fəaliyyət fəlsəfəsinin, elmi-nəzəri irsinin, Azərbaycançılıq ideologiyasının öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması kimi şərəfli missiyanı öz üzərinə götürmüş və bu gün də həmin missiyanı uğurla həyata keçirir. Muzeyin zəngin ekspozisiyası onu seyr edən hər kəsin qəlbində dərin iz qoyur, yüksək təəssürat yaradır. Dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini, ölkəmizin tarixi taleyində oynadığı misilsiz rolunu, əvəzsiz xidmətlərini özündə ehtiva edən Heydər Əliyev Muzeyi respublikamızda analoqu olmayan bir məbədgahdır. Bütün Heydər Əliyev sevənlərin ziyarətgahına çevrilmiş muzey ulu öndərimizin dövlətçilik, Azərbaycançılıq, vətənpərvərlik ideyalarını təbliğ edərək gəncləri ümummilli liderimiz Heydər Əliyev kimi xalqa, Vətənə və dövlətə sədaqətli olmağa çağırır.

Qeyd olundu ki, ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək muzeyin ekspozisiyası ilə tanış olmuşdur. Ulu öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotolar bu gün muzeyin ekspozisiyasında nümayiş etdirilir. Muzeydə nümayiş etdirilən eksponatlar ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir. Muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılmış, hər mərhələ, hər bir tarixi hadisə ilə bağlı dahi şəxsiyyətin fikirləri, seçilmiş müdrik, nəsihətamiz kəlamları ekspozisiyada öz əksini tapmışdır. Dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiyada ümummilli liderin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla nümayiş etdirilir.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi