Hər bir xalqın milli iradə əsasında dövlət qurmaq istəyini gerçəkləşdirməsi, ilk növbədə, lider fenomeni ilə bağlıdır. XX əsrdə xalqımızın dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyət – Ümummilli Lider Heydər Əliyev də məhz xalqımız qarşısında əvəzolunmaz xidmətləri ilə daim xilaskar və qurucu lider kimi xatırlanır, onun dövlət və xalq qarşısındakı xidmətləri ehtiramla yad edilir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr, bütövlükdə, xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi iftixar doğuran bir dövr kimi yaddaşlara yazılmışdır.
Ümummilli Liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması və onu möhkəmləndirməsidir. 1991-ci il 18 oktyabr tarixdə qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi və müstəqil respublika elan etmişdir. Həmin aktda Azərbaycan xalqının, eyni zamanda idarəetmə formasını seçmək, başqa xalqlarla münasibətlərini müəyyənləşdirmək, siyasi, iqtisadi və mədəni həyatını öz tarixi və milli ənənələrinə, ümumbəşəri dəyərlərə uyğun inkişaf etdirmək hüququ təsbit olunmuşdur. “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”ın 12-ci maddəsində Azərbaycan xalqının müstəqil, dünyəvi, demokratik, hüquqi və unitar dövlət yaratma yolunu tutması fikri əksini tapmışdır.
Dövlət müstəqilliyinin ilk illərində – 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etmad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Həmin illərdə hakimiyyətdə olan qüvvələrin naşı və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın ən müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi fundamental hüququndan danışmaq mümkün deyildi.
Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələb və xahişlərindən sonra hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil olmuşdur. Böyük şəxsiyyətin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmış, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdır. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratmışdır. Bu gün əminliklə deyə bilərik ki, dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən prokurorluq orqanlarının bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasəti, yüksək qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur. Təsadüfi deyil ki, Ulu Öndərin “Respublika prokurorluğu və Baş prokuroru Azərbaycan dövlətçiliyinin əsas sütunlarından biridir” dəyərli fikri prokurorluğa ali səviyyədə olan diqqət və önəmin bariz nümunəsi hesab edilmişdir. Ümummilli Liderin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə keçirilmiş referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında prokurorluğa xüsusi maddə həsr edilərək dövlət idarəetmə sistemində bu təsisatın yeri məhkəmə hakimiyyəti orqanları sırasında müəyyənləşdirilməklə prokurorluq orqanlarına ilk dəfə olaraq konstitusion status verilmişdir.
Dahi rəhbərin prokurorluğa olan diqqət və qayğısının davamı hesab edilən 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə oktyabr ayının 1-i respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuş, eyni zamanda onun şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında Prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Həmin təntənəli yığıncaqda Ulu Öndərin “Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram!” şüarı bu gün də hər bir prokurorluq işçisi tərəfindən iftixar hissi ilə yad edilir. Ümummilli Lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi müstəsna əhəmiyyətə malik görüşü Azərbaycan Prokurorluğunun demokratik məzmunda yenilənməsinə və qanunla nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işlərin səmərəli təşkilinə təminat yaratmışdır.
Vurğulamaq lazımdır ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun hazırlanmış 7 dekabr 1999-cu il tarixli “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu və 1 sentyabr 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi prokurorluğun totalitar rejimə xas funksiyalardan azad olması, fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılmaqla qanunun aliliyinin real təminatçısına çevrilməsini təmin etdi. Həmin qanunla cinayət işinin başlanmaqla ibtidai istintaqın aparılması, cinayət işi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi, təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət, məhkəmədə dövlət ittihamının müdafiə edilməsi və məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail olunmasında iştirak, habelə məhkəmədə iddia qaldırmaq prokurorluğun əsas fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir.
2002-ci il sentyabrın 19-dan qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilməsi qurumun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir. Bundan əlavə, prokurorluq orqanlarının cəmiyyətdəki roluna verilən əhəmiyyətin, inamın təzahürü olmaqla prokurorluğun tərkibində korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanının – Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yaradılması və həmin orqana ibtidai istintaq aparmaqla yanaşı, korrupsiya hüquqpozmaları ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin də həyata keçirilməsi ilə əlaqədar əlavə səlahiyyətlərin verilməsi nəticəsində prokurorluq qismən əməliyyat-axtarış fəaliyyətinin subyekti olmuşdur. Eyni zamanda 15 dekabr 2017-ci il tarixli Qanunla məhkəmə qərarlarından və səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarlarından və ya qərardadlarından protest vermək və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul etmək də prokurorluq orqanlarının fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir.
Bu gün ölkəmizdə həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatları hüquq sisteminin demokratik standartlara cavab verən səviyyədə formalaşmasına, insan hüquq və azadlıqlarının daha mötəbər formada qorunmasına, o cümlədən prokurorluq orqanlarının tam yeniləşərək müasir məzmunlu sivil bir orqana çevrilməsinə zəmin yaratmışdır. Ulu Öndərimizin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir. Belə ki, prokurorluq orqanları dövlətçiliyimizin maraqlarına, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının ən ümdə dəyər kimi qorunmasına xidmət edən, sıralarında öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirən, yüksək mənəvi, əxlaqi və peşə keyfiyyətlərinə malik olan, etik davranış qaydalarına riayət etməklə cəmiyyətin etimadını qazanmış dövlət qurumu kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilmiş, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artmış və onun nüfuzu yüksəlmişdir”.
Prokurorluq orqanlarının ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyətinin çağdaş dövrün ictimai münasibətlərinə uyğun təkmilləşdirilməsi məqsədinə xidmət edən “Azərbaycan Respublikası Prokurorluğunun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası” bu sahədə əsas hədəfləri və bu hədəflərə çatmaq üçün orta və uzun müddəti əhatə edən çoxşaxəli, ardıcıl və mərhələli tədbirləri müəyyən etmişdir.
Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları da həmişə öz üzərində yüksək dövlət qayğısını hiss etmiş, ötən dövrdə muxtar respublika prokurorluğunun, eləcə də rayon, şəhər prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır. Muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuşdur. Həmçinin prokurorluq orqanlarına işə qəbulun müsabiqə yolu ilə keçirilməsi kadr tərkibinin savadlı hüquqşünaslar hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmışdır.
Yüksək dövlət qayğısını daim öz üzərlərində hiss edən prokurorluq orqanlarının əməkdaşları bundan sonra da qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiəsində səylə çalışacaqlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də dediyi kimi: “Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olacaq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir”.
Sənan PAŞAYEV
Naxçıvan Muxtar Respublikası prokurorunun müavini, baş ədliyyə müşaviri
"Şərq qapısı" qəzeti 06.05.2023 00:01