K O N F R A N S

Naxçıvan Muxtar Respublikası Prokurorluğununda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən tədbirlərin davamı olaraq, martın 17-də Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Konfransda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, tabe rayon (şəhər) prokurorluqlarının və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun əməkdaşları, prokurorluğun veteranları, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin əməkdaşları və Universitetinin tələbələri iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstələri qoyub, unudulmaz xatirəsini ehtiramla yad edib.

Konfransın açılışında ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Sənan Paşayev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətləri, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasət barədə çıxış edib.

Daha sonra Naxçıvan Muxtar Respublikası hərbi prokuroru Yaşar Həsənov, prokurorluğun veteranı Ələddin Məmmədov, muxtar respublika prokurorluğunun şöbə rəisi Faiq Səfərov, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və NDU-nun hüquq fənləri kafedrasının müəllimi, universitetin gənclər təşkilatının sədri Əziz Qasımov Ümummilli Liderin prokurorluq orqanlarına diqqət və qayğısı, dövlətçiliyin qorunması, gənclər siyasəti, respublikamızın, o cümlədən Naxçıvan Muxtar Respublikasının bütün sahələrdə inkişafı sahəsində misilsiz xidmətləri barədə çıxışları dinlənilib.

Konfransın yekununda Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin idea müəllifi olduğu “Heydər Əliyev Salnaməsi-Qanun naminə” adlı film nümayiş etdirilib.

 

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğu