Aprelin 18-də Naxçıvan Dövlət Milli Dram Teatrında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar “Elmdə qadınlar” adlı konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Heydər Əliyev Muzeyinə gələrək dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan televiziyasının hazırladığı akademik Zərifə xanım Əliyevaya həsr olunmuş filmin təqdimatı ilə başlayıb.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli deyib ki, bu il görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 3 noyabr tarixli Sərəncamına əsasən akademik Zərifə Əliyevanın 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir. Naxçıvan Muxtar Respublikasında da Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı hazırlanıb. Hazırda bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir, görkəmli alimin ömür yoluna və çoxşaxəli fəaliyyətinə ətraflı nəzər salınır. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Naxçıvan şəhərində Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə keçirilən “Elmdə qadınlar” konfransı da yubiley tədbirləri silsiləsində mühüm əhəmiyyət kəsb edir.
Konfransın təşkilatçılarına minnətdarlığını bildirən səlahiyyətli nümayəndə qeyd edib ki, mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır. Zərifə xanım Əliyeva da məhz belə seçilmiş insanlardan olub. Bu parlaq vergi sahibi yüksək mədəniyyət, daxili zənginlik simvoludur. Onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri göz önündədir. Görkəmli alim 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi kimi tarixə düşüb. Zərifə xanım Əliyeva yüksəkixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf edib. Onun birbaşa rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsi öyrədib, onlara diqqət və qayğı ilə yanaşıb. Apardığı elmi tədqiqatların sosial əhəmiyyəti, özünün ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib. Oftalmoloq-alim xidmətlərinə görə orden və medallarla təltif olunub, Azərbaycanın “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin və mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və ölkə üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün nümunə olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb, bundan sonra da yazılacaqdır. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. O, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi tədqiqatlar aparıb.
Bildirilib ki, ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer verib. Onun bu mövzuya dair baxışları “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” monoqrafiyalarında ətraflı işıqlandırılıb. Zərifə Əliyevanın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunub. Alim həkim və xəstənin qarşılıqlı münasibətlərinin əsas qaydalarını tərtib edib, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərib, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkib. “Həkim xəstənin ən doğma adamıdır”,- deyən Zərifə xanım Əliyevanın tibbi etika və deontologiyaya dair məqalə və əsərləri ilə yaxından tanış olduqda onun bu sahəyə dair işlərinin daha geniş miqyasda olduğu və təkcə səhiyyədə deyil, bütövlükdə cəmiyyətdə insanlar arasında münasibətlərə həsr edildiyi məlum olur. Zərifə xanım Əliyevanın fəxri adları, elmi titul və mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi “Ana” adıdır. Qeyri adi ana olan Zərifə xanımın övladlarına münsibəti də xüsusi idi. O nə edirdisə, böyük sevgiylə edirdi. Onun sevgisinin gücü öz ailəsinin hüdudlarında daha çox duyulurdu. Güclü xarakterə malik olan bu böyük insan, hətta ömrünün son günlərini yaşadığı illərdə belə ölümün gözünə dik baxmağı bacarıb. Zərifə xanım Əliyeva şəxsiyyətinin Azərbaycan xalqının yaddaşında yüksək vətənpərvərlik və humanizm rəmzi kimi əbədi yaşayacağına əminəm.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova konfransın keçirilməsinə şərait yaradıldığı üçün minnətdarlıq edib, tədbirin muxtar respublikada keçirilməsinə böyük əhəmiyyət verildiyini qeyd edərək bildirib ki, Zərifə xanım Əliyeva o şəxsiyyətlərdəndir ki, bu dünyaya gəlişinin və missiyasının məqsədini çox gözəl bilirdi. Hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq məsuliyyətli şəxs hər zaman təmsil etdiyi xalqın, üzvü olduğu cəmiyyətin, vətəndaşı olduğu dövlətin problemlərini, onun yaşantılarını öz daxilindən keçirir və özünün həyata baxışı da bu konteksdə formalaşır və onun fəaliyyəti mütləq şəkildə özünün fərdi çərçivələrini aşaraq xalqın, dövlətin və millətin maraqlarına uyğunlaşır. Məhz dövlətləri, xalqları, millətləri dünyada tanıdan da belə şəxsiyyətlərdir. Biz çox xoşbəxt xalqıq ki, bir ailənin 3 üzvündə belə dəyərlər mövcuddur. Zərifə xanım Əliyeva hər şeydən əvvəl Azərbaycan dövlətinə, xalqına xidmət edən gözəl bir nəslin nümayəndəsidir. O, həkimlik peşəsini, xüsusilə oftalmologiya sahəsini seçərək insanlara nur bəxş edib, onlara həyatın bütün rəng çalarlarını görməsində kömək edib, ən əsası bu sahədə qabaqlayıcı tədbirlərin istiqamətlərini müəyyənləşdirib. Görmə orqanının texnologiyası məsələsini müzakirəyə gətirmək və bu istiqamətdə dünyada ilk dəfə elmi-tədqiqat laboratoriyasını yaratmaq kimi addımlar atması onu göstərirdi ki, görkəmli alim öz missiyasını nə dərəcədə geniş çərçivədə götürüb. Bu, onun bir ziyalı, mütəxəssis olduğunu bir daha göstərir. Zərifə xanım Əliyevanın dünyanın dahi şəxsiyyətləri içərisində özünəməxsus yeri olan Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı olması və Onun həyatının bütün məqamlarında yanında olması, dayaq, güvən yeri kimi çıxış etməsi də Ümummilli Liderin həm siyasət, dövlət həyatında, həm də qarşıya qoyduğu bütün məqsədlərə çatmasında böyük dəstək olub.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın, Azərbaycan Respublikası Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin, akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimovanın, akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin direktoru, Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədovun və Zərifə Əliyeva adına fəxri təqaüdçü – Naxçıvan Dövlət Universitetinin tibb ixtisası üzrə I kurs tələbəsi Püstəxanım Quliyevanın çıxışları dinlənilib. Çıxışlarda akademik Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətlərindən, bu sahədəki tədqiqatlarından, keçdiyi şərəfli ömür yolundan, sədaqətli həyat yoldaşı və qayğıkeş, ölkəmizin sürətli inkişafını təmin edən, zəfərlərdən-zəfərlərə aparan oğul yetişdirən ana olmasından danışılıb. Konfransın Ulu Öndər Heydər Əliyevin Vətəni, Zərifə xanım Əliyevanın doğulduğu qədim diyar Naxçıvanda keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Sonra akademik Zərifə Xanım Əliyevanın 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan qadını, anası, həkimi - Akademik Zərifə xanım Əliyeva” mövzusunda keçirilən esse müsabiqəsi qaliblərinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi üzrə yüksək təhsil göstəricisi olan tələbələrin mükafatlandırılması mərasimi olub.
Esse müsabiqəsi üzrə həvəskar şəxslər arasında birinci yerin qalibi, “Arazın səsi” qəzetinin müxbiri Ədalət Əhmədov Zərifə xanım Əliyeva ilə bağlı xatirəsini tədbir iştirakçıları ilə bölüşüb.
Konfrans bədii hissə ilə davam edib, Naxçıvan şəhər 8 və 11 nömrəli Körpələr Evi Uşaq bağçalarının balaca fidanlarının ifasında kompozisiya, o cümlədən Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestri tərəfindən konsert təqdim olunub.
Səlahiyyətli nümayəndə və qonaqlar səhnə arxasına keçərək kollektivlə söhbət edib, xatirə şəkli çəkdiriblər.
"Şərq qapısı"