ƏBƏDİ YAŞAR LİDER

Hər bir xalqın taleyinə həlledici təsir göstərmiş şəxsiyyətləri olur. Ümummilli lider Heydər Əliyev də Azərbaycanı zamanın sərt sınaqlarından xilas edərək onu davamlı inkişaf yoluna çıxaran, mübarizələrlə dolu şanlı tariximizi yenidən yazan dahidir. Bu gün Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tutması məhz görkəmli dövlət xadimi, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə əvəzedilməz işlər görmüş ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. “Azərbaycan mənim ürəyimdir! Azərbaycan mənim nəfəsimdir! Azərbaycan mənim həyatımdır!” müdrik kəlamı xalqını, onun azadlığı və müstəqilliyini hər şeydən uca tutan böyük şəxsiyyətin həyat devizi olmuşdur. Ulu öndər əsrlərboyu öz azadlığı və müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın arzularını reallığa çevirən, müasir dövlət quran və bu dövləti böyük uçurumlardan xilas edərək onun gələcək yolunu müəyyənləşdirən fenomenal şəxsiyyətdir. 

Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmizdə bütün sahələrdə müsbət dəyişikliklərin baş verdiyi dövr olmuşdur. Müstəqil Azərbaycan dövləti də məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə – 1969-1982-ci illərdə yaradılmış sağlam təməl üzərində qurulmuşdur. Ulu öndərimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur... SSRİ dövlətinin dağılması ərəfəsində bir çox mütəxəssislər hansı müttəfiq respublikaların iqtisadiyyatının müstəqillik şəraitində özünü təmin etməyə qadir olduğunu müəyyən etməyə cəhd göstərdilər. Aparılan təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi 2 respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri məhz Azərbaycan idi”.

Dahi şəxsiyyətin Azərbaycana rəhbərliyinin birinci dövrü təkcə sosial-iqtisadi sahələrdə deyil, eyni zamanda milli-mənəvi dəyərlərin qorunması, milli şüurun bərpası istiqamətində də çox mühüm uğurların qazanılması ilə yadda qalmışdır. Sovet rejiminin kifayət qədər güclü olduğu bir dövrdə Azərbaycan dili və Azərbaycan tarixi ilə bağlı tədqiqat işlərinin genişləndirilməsi, rus dilinin yeganə rəsmi dil olduğu bir şəraitdə Azərbaycanın 1978-ci il Konstitusiyasına “Azərbaycan SSR-də dövlət dili Azərbaycan dilidir” müddəasının salınması, 1971-ci ildə Bakıda ilk hərbi təmayüllü məktəbin açılması, paytaxt və regionlarda təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin tikilməsi, SSRİ-nin ən nüfuzlu ali məktəblərinə azərbaycanlı gənclərin göndərilməsi xalqımızın böyük oğlunun misilsiz tarixi xidmətləri, Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış uzaqgörən tədbirlər idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyevə cəmiyyətdə inam çox yüksək səviyyədə idi. Bu inamın əsas səbəbləri o idi ki, Azərbaycanda işlədiyi dövrdə o həmişə xalqa xidmət edirdi, həmişə xalqın qayğıları ilə yaşayırdı, həmişə xalqla birlikdə idi, bir yerdə idi. Məhz onun rəhbər­liyi altında Azərbaycan 1970-80-ci illərin əvvəllərində sovet məkanında ən geridə qalmış respublikadan ən qabaqcıl respublikaların birinə çevrilmişdir və bütün statistik göstəricilər bunu təsdiqləyir”.

Təsadüfi deyil ki, 1982-1987-ci illərdə Heydər Əliyev şəxsiyyətinə, nüfuzuna görə keçmiş Sovetlər Birliyində Azərbaycanla hesablaşır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Odur ki, bədxah niyyətlilər bu məsələnin yeganə çıxış yolunu dahi şəxsiyyəti siyasi fəaliyyətdən uzaqlaşdırmaqda görürdülər. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, ümummilli liderimiz rəhbər vəzifədən istefa verdi. Bununla da Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Ölkəmizin suverenliyinə edilən qəsd tarixi torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələndi, Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Lakin yenə də ulu öndər siyasi təqiblərə baxmayaraq, 20 Yanvar faciəsini törətdiyinə görə ozamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını ittiham etmiş, xalqımızın başına gətirilən müsibəti bütün dünyaya çatdırmışdır. Ölkəmizin ağır, çətin dövründə, 1990-cı il iyul ayının 20-də Moskvadan Bakıya qayıdan ümummilli lider iki gün sonra – iyulun 22-də doğma Naxçıvana gəlmiş və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etmişdir. 1990-1993-cü illərdə ölkəmizin ağır dövründə Naxçıvan Muxtar Respublikasında ümummilli liderimizin rəhbərliyi ilə tarixi qərarlar qəbul edilmiş, muxtar respublikanın erməni təcavüzündən xilas olunması, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görülmüşdür. Üçrəngli bayrağımızın ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də görkəmli dövlət xadiminin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclasında qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etmə­məsi, aqrar islahatların keçirilməsi, Azərbaycanda milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan ilk addımlar idi. Həmçinin bu qədim diyarda dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, blokada şəraitində yaşayan Naxçıvanın gələcək inkişafını təmin edəcək işlərin bünövrəsinin yaradılması dahi rəhbərin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olmuşdu. Eyni zamanda həmin dövrdə Naxçıvanın müdafiəsi üçün sistemli tədbirlərin görülməsi, nizami ordu hissələrinin təşkili, muxtar diyarın tarixi taleyi üçün müstəsna əhəmiyyətə malik Qars müqaviləsinin şərtlərinin beynəlxalq aləmin diqqət mərkəzinə çəkilməsi, idarəetmə strukturlarında ədalətin, demokratiyanın, operativliyin və dinamikliyin təmin olunması, aqrar islahatların, özəlləşdirmənin uğurla aparılması, yeni iqtisadi münasibətlərin formalaşdırılması, əhalinin sənaye mallarına, ərzaq məhsullarına kəskin ehtiyacının ödənilməsi, enerji təminatı sahəsində böhranlı vəziyyətin aradan qaldırılması üçün layihələrin həyata keçirilməsi, hava limanının yenidən qurulması, mədəni mühitin dirçəldilməsi, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması üçün mühüm addımların atılması və sadalanan yüzlərlə belə böyük tədbirlər məhz bu qısa müddətdə Naxçıvanda yüksək səviyyədə gerçəkləşdirilmişdi. Bu il yaradılmasının 30 illiyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasının fəaliyyətə başlaması və qısa vaxt ərzində böyük nüfuz qazanması da ulu öndərin fəaliyyətinin Naxçıvan dövrünə aiddir. Həmin dövrdə ölkəmiz isə bunun əksinə olaraq dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Azərbaycana “rəhbərlik edənlər” ölkənin və xalqın gələcəyini deyil, öz şəxsi mənafelərini güdürdülər. Belə bir dövrdə xalqımız ümid yeri kimi Naxçıvana – ümummilli liderimiz Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi.

Ölkə Prezidenti cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə həmin dövrü təhlil edərək demişdir: “Ölkə qarşısında çox ciddi, böyük problemlər var idi. Məhz Heydər Əliyevin cəsarəti, zəkası, təcrübəsi, xalqın ona olan inamı və əlbəttə, Yeni Azərbaycan Partiyasının üzvlərinin fəaliyyəti, ictimai fəalların fəaliyyəti birlikdə bizə imkan verdi ki, bu çətin vəziyyətdən şərəflə çıxaq. Məhz Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizin strateji xəttini müəyyən edən əsas addımlar atılmışdır. İlk növbədə, Konstitusiya qəbul edilmişdir. Təsəvvür edin ki, Heydər Əliyev hakimiyyətə gələnə qədər Azərbaycan artıq müstəqil dövlət idi, amma bizim Konstitusiyamız yox idi. Konstitusiyanın qəbul edilməsi çox önəmli tarixi hadisədir. Dövlətçiliyin əsasları qoyulmuşdur, dövlət təsisatları düzgün zəmində formalaşmışdır... İqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulması məhz o illərdə öz əksini tapmışdır. Azərbaycanın gələcəkdə dünyəvi dövlət kimi inkişafı məhz o illərdə təsbit edilmişdir. Bizim xarici siyasətimizlə milli maraqlar üzərində apardığımız işlər məhz o illərdə xalqa təqdim edilmiş və xalq tərəfindən dəstəklənmişdir. Bir çox başqa sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində atılan addımlar bir neçə ildən sonra imkan verdi ki, biz, doğrudan da, güclü və nizami ordu yaradaq. Bu gün bütün Azərbaycan xalqı Ordumuzla fəxr edir. Yəni bu tarixi addımlar ölkə­mizin uzunmüddətli strateji inkişaf modelini özündə ehtiva edirdi. Əlbəttə ki, bütün planlarımızı həyata keçirmək üçün bizim güclü maliyyə imkanlarımız olmalı idi. Yaxşı başa düşürdük ki, xarici sərmayələr gəlmədən buna nail olmaq mümkün deyil. Xarici sərmayələrin ölkəyə qoyulması üçün də, ilk növbədə, sabitlik olmalı idi və bu sabitlik yaradıldı. O ölkədə ki, 1991-1993-cü illərdə Azərbaycan xalqı faktiki olaraq sabitlik nədir bilmirdi. Qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakı və digər şəhərlərin küçələrində əli avtomatlı insanlar faktiki olaraq hökmranlıq edirdi, kütləvi itaətsizlik hökm sürürdü. Belə bir vəziyyətdə sabitliyi yaratmaq ancaq Heydər Əliyevin nüfuzu, onun cəsarəti və xalqın ona olan inamı hesabına mümkün idi və xarici sərmayələr də ondan sonra dərhal gəlməyə başlamışdır. Məşhur “Əsrin kontraktı” və neft-qaz sahəsində ondan sonra aparılan işlər o vaxt güclü maliyyə zəmini yaratdı. O vaxt atılan addımlar və qəbul edilmiş qərarlar bu gün bizə imkan verir ki, müstəqil iqtisadi siyasət aparaq və beynəlxalq müstəvidə müstəqil ölkə kimi özümüzü təsdiqləyək”.

1993-cü il iyunun 15-də xalqın tələbi ilə ulu öndərin yenidən siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin əsasını qoydu, ölkəmiz təlatümlər burulğanından xilas oldu, müstəqilliyimiz qorunub saxlandı, vətəndaş müharibəsinin qarşısı alındı, möhkəm ictimai-siyasi sabitlik yaradıldı. Ulu öndər Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı təhlükəli vəziyyətdən çıxarmağa nail oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ulu öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. 15 iyun ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”. 

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş milli dövlətçilik strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ötən dövrdə Azərbaycan böyük inkişaf yolu keçmiş, iqtisadi, siyasi və hərbi sahədə güclü potensial yaradılmışdır. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin nəticəsi olaraq müdafiə təhlükəsizliyi ilbəil möhkəmləndirilir, hərbi hissələrin maddi-texniki təminatı gücləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Görülən işlər nəticəsində iki il bundan əvvəl işğal altında qalan torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan bu gün artıq Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bu reallıqda Azərbaycan artıq güclü, diktə edən tərəf kimi yeni tarix yazır. Həmçinin bu gün dünyada baş verən proseslər və yaranan reallıqlar da Azərbaycanın Şərq və Qərb üçün geostrateji əhəmiyyətini dəfələrlə artırıb. Müstəqil siyasət yürüdən təkcə bölgə deyil, region ölkələri üçün də əhəmiyyətli açar rolunu oynayan Azərbaycan artıq dünyaya Günəş kimi doğmaqdadır. Bütün bunlar isə onu göstərir ki, ulu öndər Heydər Əliyev siyasi yolunun davam etdirilməsi təkcə Azərbaycanın deyil, bütövlükdə, dünya sivilizasiyasının tərəqqisinə xidmət edir.

2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Sərəncamın preambula hissəsində deyilir: “Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan naminə həyata keçirdiyi tədbirləri ən dəqiq formada ulu öndərimizin özü belə ifadə etmişdir: “Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik”. Yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş Azərbaycan xalqı bundan sonra da bu müqəddəs mirası qoruyub saxlayaraq yeni uğurları ilə region və dünya sivilizasiyasına öz töhfəsini verəcəkdir. 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğu