Naxçıvanda payızlıq taxıl əkini ilə bağlı səyyar müşavirə keçirilib

Ümummilli lider Heydər Əliyev demişdir: “Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Biz taxıl istehsalını ilbəil artırmalıyıq... Taxılçılığı əsas sahə hesab edərək bu işlə daha ciddi, yorulmadan məşğul olmalıyıq”. Muxtar respublikada taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı, istehsal edilən taxılın sərfəli qiymətlərlə qəbulu əkin sahələrinin ilbəil genişləndirilməsinə, məhsuldarlığın artırılmasına səbəb olmuşdur.

Oktyabrın 25-də “Araz” Elm-İstehsalat Birliyinin təcrübə təsərrüfatında payızlıq taxıl əkininin gedişi ilə bağlı səyyar müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev muxtar respublikada 2023-cü ilin məhsulu üçün cari ilin payızında əkiləcək taxıl sahələri və hazırlıq işləri haqqında məlumat vermişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək muxtar respublikada taxılçılığın inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən bəhs etmiş, müvafiq tapşırıqlar vermişdir.

“Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin direktoru Əbülfət Əhmədov toxum istehsalı barədə görülən işlərdən danışmışdır.

Ali Məclisin Sədri buğda səpini prosesini izləmişdir.

Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Vasif Məmmədov aidiyyəti üzrə məlumat vermişlər.

 

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti