Genosid, yaxud sоyqırım - etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 2-ci maddəsində qeyd olunur ki, bu Konvensiyada "soyqırımı" dedikdə, hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər başa düşülür: bu cür qrupun üzvlərinin öldürülməsi; bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər yetirilməsi; hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması; bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi. Konvensiyanın preambulasında soyqırım yalnız "beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət" hesab edilmir, həmçinin "bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi" sayılır.
Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırım cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən, iştirakçı dövlətlər soyqırım cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməlidirlər. Konvensiyanın 6-cı maddəsinə görə həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir.
1944-cü ilə qədər "genosid" anlayışı işlədilməmişdi. Bu xüsusi termin hər hansı insan qrupuna qarşı onların məhv edilməsi məqsədilə törədilən cinayət əməllərini ifadə edir. İlk dəfə 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin Avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. O, yunan dilində genos - "nəsil, kök, soy" sözü ilə latın dilindən caedo - "öldürürəm" sözlərinin birləşməsindən "genosid" (soyqırımı) terminini təklif etdi. Bu termini Lemkin belə əsaslandırırdı ki, soyqırımı, müəyyən insan qruplarının mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, planlı şəkildə həyata keçirilməsidir. Bir ildən sonra Nürnberq beynəlxalq hərbi tribunalı faşist liderlərini "bəşəriyyət əleyhinə cinayətlərdə" ittiham etdi.
Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХIX əsrin əvvəllərindən başlayır. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız soydaşımızı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuş, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər.
"Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.
1917-ci il oktyabr çevrilişindən sonra ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa başlamışdılar. 1918-ci ilin martında Stepan Şaumyan Qafqazın fövqəladə komissarı təyin edildi və Bakıya göndərildi. Həmin vaxtdan “Əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında maskalanaraq, daşnak-bolşevik Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası Bakı şəhərini azərbaycanlılardan təmizləmək kimi mənfur bir planı həyata keçirməyə qalxmışdır.
1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan ,Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular.
Tarixinin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Xalqımıza qarşı görünməmiş qətliam baş verdi. 1992-ci il fevralın 25-də saat 22 radələrində Ermənistandan Azərbaycan Respublikası ərazisinə keçirilən silahlı qüvvələr, habelə Dağlıq Qarabağda təşkil olunan qanunsuz silahlı dəstələr keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının komandir heyəti və hərbi texnikası ilə birgə Xocalı şəhərinə hücuma keçdilər. Azərbaycanın 7 mindən çox əhalisi olan qədim Xocalı şəhərində ermənilər xüsusi amansızlıqla və düşünülmüş şəkildə qırğın törətdi.
Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində İnsan hüquqları haqqında Ümumi Bəyannamədə, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuşdur. 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə qurtardı. Xocalı soyqırımı xarakter etibarı ilə beynəlxalq cinayət kateqoriyasına aiddir. Bu kateqoriyadan olan cinayətlərin əsas tərkibləri İkinci Dünya müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq, Tokio) nizamnaməsində istifadə olunmuş, sonradan həmin cinayət tərkibləri keçmiş Yuqoslaviya və Ruanda beynəlxalq cinayət tribunallarının nizamnamələrində, habelə Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda təkmilləşdirilməklə bir daha təsdiqini tapmışdır. Xocalı sakinlərinin kütləvi şəkildə qətlə yetirilməsi ermənilərin azərbaycanlılara qarşı soyqırım niyyətini sübuta yetirir. Xocalıda baş verən hadisələri bütün dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı kimi tanımalıdır. Çünki soyqırımının beynəlxalq hüquqda tövsifi Xocalı faciəsində tam əks olunur.
Ağdaban soyqırımı erməni silahlı birləşmələri tərəfindən törədilmiş qətliamın ən qanlı səhifələrindən biridir. Ağdaban kəndi Kəlbəcər rayonunda rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşir. 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Ağdaban və Çayqovuşan kəndlərinə hücum edib dünyada görülməmiş ən qəddar üsullarla dinc əhalini qətlə yetirərək soyqırım aktı törətdilər. Ağdaban faciəsi törədilmə spesifikasına və xarakterinə görə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında" Konvensiyanın müddəalarına tam uyğundur. Ona görə də bu faciə beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi qiymətləndirilməli və Ağdaban kəndinin dinc əhalisinə qarşı törədilən bu qırğın soyqırım cinayəti kimi dünya ictimaiyyəti tərəfindən tanınmalıdır.
Qaradağlı soyqırımı erməni silahlı birləşmələri tərəfindən 1992-ci il fevralın 17-də törədildi. Qaradağlı kəndi Xocavənd rayonunun, eləcədə Dağlıq Qarabağın ən qədim yaşayış məntəqələrindən biri olaraq rayon mərkəzindən 13 kilometr qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun üzərində, dağətəyi ərazidə yerləşir. Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti – Qaradağlı soyqırımını həyata keçirdilər. Qaradağlı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir.
Xalqımıza qarşı 1905-ci ildən üzü bəri törədilən sistematik soyqırımlara yalnız 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev tərəfindən imzalanmış "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu.
1998-ci ildə Azərbaycanın Milli Məclisi Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, MDB ölkələrinə və digər beynəlxalq təşkilatlara, ölkələrin parlament və hökumətlərinə müraciət edərək azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi hallarla dünyanın hər bir yerində amansız mübarizə aparmaq üçün səylərin birləşdirilməsinə çağırmışdır.
Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olub.
Azərbaycan xalqının hər il qeyd etdiyi "Azərbaycanlıların soyqırımı günü" həmin məqsədlərə və dünya ictimaiyyətinin diqqətinin bu gün də davam edən şovinizm, separatçılıq hallarına cəlb edilməsinə xidmət edir. Yaddan çıxarmaq olmaz ki, biz hamımız - dünyanın bütün xalqları bəşəriyyətin gələcək əmin-amanlığına məsuliyyət daşıyır.
Sоyqırım bəşəriyyət əleyhinə ən ağır cinayətdir. Bu anlayış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "Sülh və insanlıq əleyhinə cinayətlər" adlanan 7-ci bölməsində öz əksini tapıb. Lakin ürək ağrısı və böyük təəssüf hissi ilə qeyd etmək olar ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci bölməsində göstərilən bütün cinayətlər Azərbaycan ərazisində və Azərbaycan vətəndaşlarına qarşı törədilib və bu günə kimi bu amansız cinayətləri törədən şəxslərdən heç kimi mühakimə etmək mümkün olmayıb.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü "Xocalıya ədalət" beynəlxalq kampaniyası ilə başlanmışdır. Kampaniya Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri ilə bağlı beynəlxalq maarifləndirmənin artırılması məqsədini daşıyır. Kampaniyanın fəaliyyəti həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlmişdir.
Xocalı soyqırımının törədilməsindən 29 il keçir. Bu illər ərzində Azərbaycan dövlətinin xarici siyasətində əsas prioritet istiqamətlərdən biri bu soyqırımın beynəlxalq aləmdə tanıdılması, eləcə də bu soyqırıma obyektiv qiymət verilməsi istiqamətində davamlı işlərin aparılması olub. Son 29 il ərzində dünyanın bir neçə ölkəsi bu soyqırımı rəsmən tanıdığını bəyan edib.
Xocalı soyqırımını XX əsrin ən böyük cinayəti adlandıran ölkə Prezidenti cənab İlham Əliyev demişdir: "...bilirsiniz ki, ermənilər xaricdəki imkanlarından istifadə edərək, dünya birliyinə Xocalı faciəsi haqqında təhrif edilmiş məlumatlar çatdırmağa cəhd etmişlər. Əfsuslar olsun ki, uzun illər ərzində buna müvəffəq olmuşlar... bizim siyasətimiz, xüsusilə xaricdəki fəaliyyətimiz, Xocalı haqqında həqiqətləri dünya birliyinə çatdırmağımız bu vəziyyəti, demək olar ki, tamamilə dəyişdirdi... Biz bütün ölkələrdə kampaniyalar keçiririk, həm səfirliklər, həm də Heydər Əliyev Fondu vasitəsilə. Bildiyiniz kimi, fond bu məsələ ilə çox fəal məşğul olur. Bizim təşəbbüsümüzlə yaradılmış İslam Konfransı Təşkilatının Gənclər Forumu da bu məsələ ilə bağlı fəal işləyir... Xocalı soyqırımı ermənilərin vəhşiliyini göstərmişdir... Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq edən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər. O gün gələcəkdir".
Fаiq Səfərоv
Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun
şöbə rəisi, ədliyyə müşaviri