1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günüdür

 Prokurorluq orqanları dövlətçilik maraqlarına, insan hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir 

 

"Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olaraq

 Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və

Heydər ƏliyevAzərbaycanda  qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini   göstərəcəkdir." 

Azərbaycan xalqının ümummilli lideri  

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i "Prokurorluq işçilərinin peşə bayramı günü" kimi qeyd olunur. Prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğısının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyərin təzahürüdür.

Ölkəmizdə milli prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabrın 1-də qoyulmasına baxmayaraq, onun dövlət orqanı kimi formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra milli prokurorluq orqanlarının ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının müdafiəsində cox əhəmiyyəti olan, konstitusion statuslu, yüksək dünya standartlarına və müasir beynəlxalq tələblərə uyğun sivil təşkilat kimi formalaşmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır.

Bu dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanılmışdır. Böyük dövlət xadiminin rəhbərliyi altında prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsi baxımından 1999-cu il 7 dekabr tarixdə qəbul olunmuş "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət daşıyır. Bu qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması üçün hüquqi zəmin formalaşdırmış, prokurorluğun fəaliyyət istiqamətlərini müəyyən etmişdir.

Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə, 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş "Azərbaycan Respublikasının Kontitusiyasına dəyişikliklər edilməsi haqqında" Referendum Aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Demokratik-hüquqi dövlət quruculuğu konkret zamanla məhdudlaşmalayan, strateji əhəmiyyət daşıyan, daimi fəallıq və zəhmət tələb edən davamlı prosesdir. İctimai həyatın müxtəlif sahələrini tənzimləyən qanunların cəmiyyətin inkişaf ahənginə uyğun təkmilləşdirilməsi, habelə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi baxımından prokurorluq orqanlarının fəaliyyətində çevik həll prosedurunun tətbiqi vətəndaş cəmiyyətinin yetkinliyinin mühüm şərtlərindən sayılır.

Müstəqil dövlətimizin müntəzəm irəliləyişində müşahidə olunan dayanıqlı və davamlı tərəqqisi prokurorluqda adekvat dəyişikliyin baş verməsinə hərtərəfli şərait yaratmaqla bu dövlət təsisatının ardıcıl və sistemli inkişafına səbəb olmuşdur. Dövlət başçısı qeyd etmişdir ki: "Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar." Prokurorluğun ölkənin hüquq sistemində rolunun artırılması, dövlətimizin daha yüksək inkişaf mərhələsində prokurorluq orqanlarına daha böyük inam və etimad göstərilməsinin nəticəsi olaraq bu dövlət təsisastı qarşısında yeni vəzifələrin müəyyən olunması prosesi həyata keçirilir.

Ölkə başçısının rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi məqsədilə bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sistemində də uğurla davam etdirilir. Dövlət başçısı demişdir: "İstənilən sahədə kadrlar dövlətə, xalqa bağlı olmalıdırlar, vətənpərvər olmalıdırlar və onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır." Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin prokurorluq orqanları qarşısında müəyyən etdiyi, dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesi uğurla həyata keçirilir.

Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanı məhkəmə-hüquq islahatlarının yeni mərhələsinin başlanğıcı olmaqla müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinin təmin olunmasının vacibliyini önə çəkir.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun fəaliyyəti Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının Konstitusiyaları, eləcə də digər qanunvericilik aktları ilə tənzimlənir. Muxtar respublika prokurorluğunun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri isə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilmiş, "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2010-cu il 30 sentyabr tarixli Konstitusiya Qanununa əsasən, Naxçıvan Muxtar Respublikası Prokurorluğuna qanunvericilik təşəbbüsü hüququ verilmişdir. Məhkəmə-hüquq islahatları çərçivəsində qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilərək Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarında kadrlarla aparılan işin daha da təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, istintaq və təhqiqat, eləcə də cinayət mühakimə icraatı zamanı dövlət ittihamının müdafiəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Prokurorluğuna mühüm səlahiyyətlər verilmişdir.

Azərbaycan Respublikası Prezidentin 2020-ci il 10 iyun tarixli  Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda struktur islahatlarının həyata keçirildiyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatının strukturu Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturuna uyğunlaşdırılmışdır.

Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları həmişə öz üzərində yüksək dövlət qayğısını hiss etmiş, ötən dövrdə muxtar respublika prokurorluğunun, eləcə də rayon, şəhər prokurorluqlarının normal fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmış, 2006-cı ildə Şahbuz və Culfa rayon prokurorluqları üçün müasir standartlara cavab verən yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir. Muxtar respublikanın sosial-iqtisadi və demokratik inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin "Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında" 2006-cı il 2 noyabr tarixli Fərmanı muxtar respublikada hüquqmühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin başlanğıcını qoymuş, Ordubad, Kəngərli və Sədərək rayon prokurorluqları üçün yeni inzibati binalar tikilmiş, Şərur rayon Prokurorluğunun inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Prokurorluğu mərkəzi aparatının inzibati binası əsaslı yenidənqurmadan sonra müasir texniki vasitə və kriminalistik avadanlıqlarla təmin edilərək istifadəyə verilmişdir. Prokurorluq orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Naxçıvan şəhər və Babək rayon prokurorluqları üçün də yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyə və tapşırıqlarına uyğun olaraq, cinayət hadisələrinin qarşısının alınması üçün profilaktik tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, muxtar respublika cinayətkarlığın səviyyəsi baxımından ən stabil regiona çevrilmiş, cinayət hadisələrinin sayı dəfələrlə azalmışdır. Bu gün muxtar respublikanın prokurorluq orqanları profilaktik tədbirlərin təsirliliyinin artırılmasını diqqət mərkəzində saxlayırlar. Çünki demokratik dövlət quruculuğunda insanların hərtərəfli hüquqi düşüncəyə və hüquq mədəniyyətinə malik olmaları əsas şərtlərdəndir. Bununla bağlı hüquqi maarifləndirmə işinin əhəmiyyətini qeyd edən Ali Məclisin Sədri demişdir: "Hüquqi maarif işinin təşkil edildiyi bir cəmiyyətdə işləmək də, yaşamaq da rahatdır və belə cəmiyyət inkişaf edir. Ona görə də bizim əsas vəzifələrimiz hüquq maarifi işini gücləndirməkdən ibarət olmalıdır."Ali Məclis Sədrinin proqram xarakterli tapşırıqlarını muxtar respublikanın prokurorluq orqanları özləri üçün prioritet vəzifə kimi qəbul edərək əsas diqqəti həyata keçirilən profilaktik tədbirlərin təsirliliyinin artırılmasına yönəltmişlər.

Prokurorluq orqanlarına işə qəbulun müsabiqə qaydasında keçirilməsi prokurorluğun kadr tərkibinin savadlı hüquqşünaslar hesabına komplektləşdirilməsi üçün ciddi zəmin yaratmışdır. Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqələrin keçirilməsi qaydalarına uyğun olaraq, Naxçıvan Muxtar Respublikası Prokurorluğuna Naxçıvan Muxtar Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış şəxsləri prokurorluq orqanlarına işə qəbul etmək səlahiyyəti verilmişdir. Bu səlahiyyətdən istifadə edilərək Naxçıvan Muxtar Respublikası Prokurorluğunda aşkarlıq və şəffaflıq şəraitində test imtahanları keçirilmiş və nəticədə, gənc hüquqşünaslar prokurorluq orqanlarına işə qəbul olunmuşlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: "Müstəqil dövlətin əsas sütunu onun hüquq-mühafizə orqanlarıdır. Hər bir ölkənin ümumi sabitliyi, sosial-iqtisadi inkişafı, ilk növbədə, həmin ölkənin hüquq-mühafizə orqanlarının fəaliyyətindən asılıdır. Ona görə də bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə və maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir."

Yüksək dövlət qayğısını daim öz üzərlərində hiss edən və peşə bayramlarını qeyd edən Naxçıvan Muxtar Respublikası Prokurorluğu orqanlarının əməkdaşları bundan sonra da ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq qanunçuluq və hüquq qaydasının mohkəmləndirilməsində, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı mudafiəsində səylə çalışacaqlar.

 

Naxçıvan   Muxtar   Respublikası  Prokurorluğunun

Hüquqi təminat və insan hüquqları məsələləri şobəsi