15 İyun Milli Qurtuluş Günüdür

Tarixin unudulmaz səhifəsi

Azərbaycanı kərpic-kərpic tikərək alınmaz qalaya çevirən ulu öndərimiz Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, onun milli konsepsiyasını yaratmışdır. Bu konsepsiya əsasında xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan layiq olduğu müstəqilliyə qovuşmuşdur.

Ümummilli lider 1982-ci ildən sonra – SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atmış, ermənilərin məkrli torpaq iddialarına qarşı barışmaz mövqe tutmuş, Qorbaçov rejimini kəskin tənqid etmişdir. Məhz belə qətiyyətli və prinsipial mövqeyinə görə ulu öndərimiz 1987-ci ildə Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən istefa vermişdir.

Bununla da, Azərbaycanın ağır və çətinliklərlə dolu dövrü başlanmışdır. Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsi gündəliyə çıxarılmış,  Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədilmişdir. Lakin tarix sübut etdi ki, lideri olan xalq heç zaman darda qalmayıb. Ümummilli liderimiz Heydər Əliyev ali dövlət vəzifəsində olmasa da, Ona qarşı aparılan çirkin təbliğatlara baxmayaraq, həyatını təhlükə altında qoyaraq, 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə ozamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını  Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində  kəskin  ittiham etmişdi.

Bundan sonra dahi şəxsiyyətin Moskvada yaşaması mümkün olma­mış və O, 1990-cı il iyulun 20-də Bakıya, sonra isə Naxçıvana qayıtmışdır. Xalqımızın böyük oğlunun Naxçıvana qayıdışı Azərbaycanın həyatında yeni mərhələnin başlanğıcına çevrilmiş, ümummilli liderin rəhbərliyi ilə Naxçıvanda müstəqil dövlət quruculuğu istiqamətində mühüm qərarlar qəbul olunmuş və Azərbaycanın müstəqillik yolunun əsası qoyulmuşdur.

1990-1993-cü illərdə dahi şəxsiyyət çoxşaxəli fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaratmış, muxtar respublikada milli dövlətçiliyin qurulması istiqamətində nəhəng işlər görülmüşdü. Dünya azərbaycanlılarının həmrəyliyinin əsasının qoyulması, blokada şəraitində yaşayan Naxçıvanın işğaldan xilas edilməsi, burada çoxşaxəli iqtisadi islahatların aparılması dahi rəhbər Heydər Əliyevin qətiyyəti və təşəbbüsü nəticəsində mümkün olmuşdu.

Azərbaycanın paytaxtında və bölgələrində isə  1991-1993-cü illərin faciəli, böhranlı günləri, ölkədə içtrimai xaosun, siyasi hakimiyətsizliyin geniş miqyas alması cəmiyyətin ümumi təhlükəsizliyini və dövlətin gələcəyini sual altında qoymuşdu. Hakimiyyətdəki qüvvələrin səriştəsiz və heç bir məntiqə sığmayan siyasəti nəticəsində respublikada  anarxiya baş alıb gedir, cəmiyyətdə milli-mənəvi dəyərlər kobud şəkildə taptanır, qanunsuz silahlı dəstələr ölkədə özbaşınalıq edirdilər. Belə bir şərait­də – 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmışdır. Bununla da, ölkə­mizdə milli qurtuluş hərəkatının əsası qoyulmuş və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olmuşdur. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Naxçıvandan Bakıya qayıdışını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  belə xarakterizə edir: “Heydər Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar missiyasına–AZƏRBAYCANI AZƏRBAYCANA QAYTARMAQ məramına xidmət edir”.

15 iyun tariximizin unudulmaz şərəfli səhifəsidir. 1993-cü ilin iyun günləri həm də xalqımızın həyatında ən təlatümlü, ən qorxulu günlər kimi tarixləşib. O günlər müstəqilliyimizin əldən getməsi, ölkənin parçalanması qorxusu ilə yaşadığımız, vətəndaş qarşıdurmalarının mövcud olduğu, hərc-mərcliyin, anarxiyanın baş alıb getdiyi  dövr idi. Qardaş-qardaşa silah çevirirdi, qan axıdılırdı.

1993-cü ilin oktyabrında xalq ulu öndər Heydər Əliyevə etimad göstərərək onu Pezident seçmiş, müdrik liderin rəhbərliyi altında ölkəmiz davamlı və dönməz inkişaf yoluna qədəm qoymuşdu. Həmin il oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən birinci növbədə Azərbaycan zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm” deyən ümummilli lider müstəqil Azərbaycanın milli inkişaf strategiyasını özünəməxsus müdrikliklə irəli sürmüş və onun həyata keçirilməsinə nail olmuşdur.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində ulu öndər  özünün qətiyyəti ilə Azərbaycan dövlətçiliyini yenidən ağır faciələrdən xilas etdi. Sonrakı mərhələdən etibarən dahi rəhbər Heydər Əliyevin rəhbərliyi altında demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik ənənələrinə, beynəlxalq standartlara əsaslanan köklü hüquqi islahatlar insan azadlıqlarının təminatı sahəsində əsaslı dönüşə səbəb oldu. Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirən ulu öndər Heydər Əliyev sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratiyanın daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına xüsusi diqqətlə yanaşmışdır.

1994-cü ilin may ayında Bişkekdə atəşkəsin elan olunması Azərbaycana nizami ordu quruculuğu yönümündə islahatlar aparmağa imkan verdi.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə 1995-ci ildə müstəqil respublikamızın ilk Konstitusiyasının yüksək demokratik meyarlar əsasında hazırlanması və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi olmuşdur.

Ulu öndər Heydər Əliyev uğrunda illərlə mübarizə apardığı Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən qurtarmış, onun itirilməkdə olan müstəqilliyini qoruyub saxlamışdır. Beləliklə, dahi rəhbərimiz xilaskarlıq missiyasının növbəti mərhələsini həyata keçirmişdir. Sonralar ümummilli lider özü bu barədə deyirdi: “İndi bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda, bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam”.

Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Onun dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmuşdur. Dövlətçiliyin mükəmməl təməl prinsiplərini yaradan xalqımızın böyük oğlu idarəçilikdə səriştəsizliyə, qətiyyətsizliyə, bəsitliyə birdəfəlik son qoyaraq uğurlu daxili və xarici siyasət yeritmiş, dünyanın fövqəlgüc dövlətlərini Azərbaycanla hesablaşmaq məcburiyyətində qoymuşdur. Yeni dünyanın aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan, nəticədə, Cənubi Qafqazın aparıcı dövlətinə çevrilmişdir.

Ulu öndər Heydər Əliyev respublikamızdan kənarda güclü diaspor və lobbi təşkilatlarının formalaşdırılmasına da xüsusi qayğı ilə yanaşmışdır. Dahi rəhbərin Vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan Azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsidir. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmişdir.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlarından biri də cəmiyyətin vahidliyinin, bütövlüyünün təmin olunması, milli ideologiyanın sistem halında təqdimatı oldu. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından son dərəcə vacib amil idi və ötən illərin reallıqları da bunu təsdiqlədi.

1996-2003-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində uğurlu islahatlar aparıldı. Bazar iqtisadiyyatı prinsiplərini bərqərar edən qanunlar qəbul olundu, struktur islahatları həyata keçirildi. Torpaq əsl sahibinə-kəndliyə qaytarıldı. Ölkədə özəlləşdirmə prosesi uğurla başa çatdı, orta sahibkarlar sinfi formalaşdı, ümumi daxili məhsul ildən-ilə artmağa başladı. Bunlarla paralel dövlət öz vətəndaşlarının sosial problemlərinin həlli istiqamətində də inamlı addımlar atdı.

Milli ideyaların uğurla həyata keçirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesində ən mühüm amillərdən biri də cəmiyyətin milli-mənəvi dəyərlər ruhunda səfərbər olunmasıdır. Bu mənada dövlət müstəqilliyinin Azərbaycan üçün ən böyük töhfələrindən biri sovet dövründə təzyiqlərə məruz qalan milli-mənəvi irsin tam bərpa edilməsi və yeni dövrün tələblərinə uyğun gənc nəslə təqdimatıdır. Ulu öndər bu məqsədlə Azərbaycanın görkəmli şairlərinin, yazıçılarının, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır.

Qürur hissi ilə deyə  bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ulu öndərdən sonra uğurla davam etdirdiyi siyasət Azərbaycanda möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin edən siyasi sabitliyin, vətəndaş sülhünün, həmrəyliyin qorunub saxlanılmasına yönəlib. Bu sabitliyi heç bir qüvvə pozmaq, ölkəni xaos, anarxiya burulğanına sürükləmək iqtidarında deyil.

Artıq 25 ildir ki, Naxçıvan Muxtar Respublikasında da ulu öndər Heydər Əliyev ideyaları uğurla gerçəkləşdirilir. Bir vaxtlar zülmətə qərq olmuş, insanların ümidlərinin söndüyü bölgəmiz regionumuzda ən nümunəvi məkana çevrilmişdir. Demək olar ki,  yenidən qurulmuş Ordubad rayonunun timsalında bütün bunları aydın şəkildə görə bilərik. Bütün bunlara görə isə Milli Qurtuluş Gününə minnətdar olmalıyıq.

                       

        Kənan SEYİDOV

Ordubad rayon prokuroru,

ədliyyə müşaviri, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.      

"El həyatı" qəzeti-12.06.2020-ci il