Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı münasibətlər "Uşaqların zərərli informasiyadan qorunması haqqında" 30 oktyabr 2018-ci il tarixli Qanunla tənzimlənir. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvədədir.
Uşaqların zərərli informasiyadan qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.
Uşaqlar üçün zərərli informasiya uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumatlardır.
Uşaqların zərərli informasiyadan qorunmasının əsas prinsiplərinə uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, onların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması və uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi aiddir.
Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı, informasiya, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri və onların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunl, pornoqrafik xarakterli informasiyalar aid edilir.
Müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyaya isə. zorakılığı və qəddarlığı nümayiş edən, qeyri-məişət leksik (jarqon) məzmunlu, qorxu məzmunlu, erotik məzmunlu informasiyalar aiddir.
Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir. Müəyyən yaş qrupuna aid olan uşaqlar arasında yayılması məhdudlaşdırılan informasiyanın dövriyyəsi qeyd olunan Qanuna uyğun olaraq həyata keçirilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı qeyd olunan Qanunda müəyyən edilən qaydalara riayət etməyə borcludur.
İnformasiya məhsullarının Qanuna uyğun olaraq yaş təsnifatı aparılır. İnformasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:
-"universal" – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur;
-"6 yaşadək" – altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir;
-"6 yaşdan" – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;
-"12 yaşdan" – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;
-"16 yaşdan"– on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir;
-"18 yaşdan" – uşaqlar arasında dövriyyəsinə yol verilmir.
İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması onun istehsalçıları tərəfindən həmin məhsulun Azərbaycan Respublikasının ərazisində dövriyyəsindən əvvəl müstəqil şəkildə və ya Qanuna müvafiq olaraq ekspertin iştirakı ilə həyata keçirilir. İnformasiya məhsulunun yayıcısı həmin məhsulun müstəqil şəkildə və ya ekspertin iştirakı ilə yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən ölkə ərazisində yaya bilməz.
İnformasiya məhsulunun yaşa görə təsnifatlaşdırılması zamanı informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı, informasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətləri, informasiyanın uşaqların sağlamlığına və fiziki, psixi, əxlaqi inkişafına zərər vurma ehtimalı qiymətləndirilir. Təhsil müəssisələrində uşaqların təhsil və tərbiyəsi üçün nəzərdə tutulan informasiya məhsullarının qiymətləndirilməsi qeyd olunan Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının təhsil haqqında qanunvericiliyinə uyğun aparılır.
"Universal" yaş kateqoriyasına aid informasiya məhsullarına uşaqların sağlamlığına və inkişafına ziyan vurmayan ümumi istifadə üçün nəzərdə tutulmuş informasiya məhsulları aid edilir. "18 yaşdan" kateqoriyasına Qanuna əsasən uşaqlar arasında dövriyyəsi qadağan olunan informasiya məhsulları aiddir. İnformasiya məhsulu yalnız bir yaş kateqoriyasına aid edilir. İnformasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İnformasiya məhsulunun yayımçıları televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə xəbərdarlığa dair mətnin yerləşdirilməsini təmin etməyə borcludurlar.
Telekommunikasiya xidmətləri göstərən fiziki və hüquqi şəxslər "Telekommunikasiya haqqında" Qanuna uyğun olaraq uşaqların zərərli informasiyadan qorunması üçün tədbirlər görməlidirlər. Uşaqların ola biləcəyi yerlərdə onların zərərli informasiyadan qorunması üçün telekommunikasiya xidmətləri göstərən fiziki və hüquqi şəxslər tərəfindən müvafiq tədbirlər texniki proqram və avadanlıq vasitələrinin tətbiqi ilə həyata keçirilir. İnternet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətni əks olunmalıdır.
Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə yol verilmir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı altı yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa və bədii tərtibatına uyğun olmalıdır. Uşaqlar üçün kino və video xidmətlərin göstərilməsi zamanı, uşaq teleradio proqramlarında və verilişlərində, uşaqlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə yayılan reklam onun yerləşdirildiyi informasiya məhsulunun yaş kateqoriyasına uyğun olmalıdır.
Məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına yol verilmir. Əks halda, həmin informasiya məhsulunun yayılmasına yalnız bağlı qablaşdırmada yol verilir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir.
Yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış fiziki şəxslər (ekspertlər) tərəfindən Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Şəxsə ixtisas attestatının verilməsi üçün onun işlədiyi hüquqi şəxs (ekspert təşkilatı) bu barədə müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılmasını və onların fəaliyyətinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizası bəhs olunan Qanuna uyğun olaraq informasiya məhsulunun istehsalçısı və ya yayıcısı tərəfindən təşkil olunur.
İnformasiya məhsulunun istehsalçısı və (və ya) yayıcısı ekspert rəyinə uyğun olaraq informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarələnməsi və ya əvvəlki yaş kateqoriyası işarəsinin digər yaş kateqoriyası işarəsi ilə əvəz edilməsi, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar tərəfindən əldə olunmasının qarşısını almaq məqsədi ilə Qanunda nəzərdə tutulmuş inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiqi və uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiya məhsulunun bu Qanunda nəzərdə tutulmuş inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq etmədən uşaqlar arasında, o cümlədən uşaqlar üçün münasib vaxtda və onların ola biləcəyi ictimai yerlərdə yayılmasının dayandırılması və ya tamamilə dövriyyədən çıxarılması. qərarlardan birini qəbul edir.
Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərədə tutlub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 388-2-ci massəinə əsasən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına, yəni uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələri tətbiq edilmədən yayılmasına, informasiya məhsulunun "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin Qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılmasına, informasiya məhsulunun yayımçıları tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarəsinin və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətnin yerləşdirilməməsinə, "18+" yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməməsinə, uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında (telekommunikasiya şəbəkələri, o cümlədən internet şəbəkəsi vasitəsilə yayılan informasiya məhsulları və sellülar (mobil) rabitə şəbəkəsi də daxil olmaqla) onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına və ya həmin informasiya məhsulunun qablaşdırmadan yayılmasına,uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Faiq Səfərov
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
şöbə rəisi, ədliyyə müşaviri, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.