Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi özünün təbiətinə görə mülki müqavilənin bir növü kimi təzahür edir. Bununla belə, nikah müqaviləsi mülki müqavilələrdən fərqli müəyyən xüsusiyyətlərlə səciyyələnir ki, bu da öz əksini ölkəmizin ailə qanunvericiliyində tapmışdır. Yəni nikah müqaviləsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir.
Qanunvericiliyə əsasən nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunan rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.
Nikah müqaviləsində nəzərdə tutulan hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. Nikah müqaviləsinin bu tələblərini pozan şərtləri əhəmiyyətsizdir və müqavilənin bağlandığı andan etibarsız hesab edilir.
Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.
Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt yazılı formada və notariat qaydasında qaydada dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir.
Nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər. Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər.
Yetkinlik yaşına çatmayan uşaqlarının vurduğu zərərə görə ər-arvad mülki qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.
Nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə ər (arvad) öz kreditoruna (kreditorlarına) məlumat verməlidir. Bu vəzifəni yerinə yetirmədikdə ər (arvad) nikah müqaviləsinin məzmunundan asılı olmayaraq öz öhdəliklərinə görə məsuliyyət daşıyır. Kreditor (kreditorlar) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən nikah müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun pozulmasını tələb etmək hüququna malikdir.
Bu müqavilənin bağlanmaması nəticəsində isə nikah pozularkən çoxlu sayda problemlərin yaranmasına, bir-birini sevən cütlüklərin sonradan məhkəmə dəhlizlərində bir-birinə qəzəb və nifrət püskürməsinə gətirib çıxarır. Müqavilənin bağlanmamasının dərin ictimai səsbəbləri olmaqla yanaşı, həm də psixoloji əsasları da var. Bu müqavilənin bağlanması isə gələcəkdə nikahın pozulmasına eyham kimi qəbul edilərək hər vəchlə bu müqavilənin bağlanılmasından vaz keçilir. Halbuki, nikah müqaviləsinin mövcudluğu bir sıra hallarda tərəfləri nikahın pozulmasından çəkindirici rol oynaya bilərdi. Yəni, nikah müqaviləsi boşanmaların azalmasının səbəblərindən birinə çevrilə bilərdi.
Qanuna əsəsən nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, həmçinin nikah dövründə istənilən vaxtda bağlana bilər. Əgər nikaha daxil olana qədər müqavilə bağlanılmayıbsa, bu o demək deyil ki, nikaha daxil olduqdan sonra bağlanıla bilməz. Ona görə də gənc ailələr qanunun verdiyi bu imkandan sonra da yararlana bilərlər.
Faiq SəfərovNaxçıvan Muxtar Respublikası ProkurorluğununHüquqi təminat və informasiya şöbəsinin rəisiədliyyə müşaviri