2020-ci il ölkəmizdə “Könüllülər ili”dir

Ölkə başçısının 30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci il Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilib. Sərəncamda qeyd edildiyi kimi könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Xalqımız əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü ərəfəsində Azərbaycanda ilk dəfə keçirilmiş və bütün könüllüləri əhatə etmiş "Könüllülük Həftəsi" ölkəmizdə könüllülüyün yeni mərhələyə qədəm qoyduğunu və böyük potensiala malik olduğunu nümayiş etdirmişdir.

Könüllülük fəaliyyəti ilk dəfə XVII əsrdə Fransa ordusunda başlayıb. XX əsrin ikinci yarısından etibarən isə könüllülük həmrəylik və sosial məsuliyyətlə birlikdə sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib. Azərbaycanda isə könüllülük hərəkatında yüksəliş ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Gənclər Forumunun keçirilməsi, "Gənclər günü"nün təsis edilməsi gənclər üçün bir işıq oldu. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə bu proqramın nəticəsi olaraq ölkədə könüllü komandası yaradılıb.

Ölkəmizdə isə könüllü fəaliyyət, hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri "Könüllü fəaliyyət haqqında" Azərbaycan Respublikasının 9 iyun 2009-cu il tarixli Qanunu iə tənzimlənir. Burada könüllülük fəaliyyətinin təmin olunması, inkişafı üçün hər bir məqam var. Qanunda könüllü fəaliyyətinin istiqamətləri, iştirakçıları, təşkilatçılarının hüquqları və vəzifələri, könüllülərin özlərinin hüquq və vəzifələri, beynəlxalq vəzifələri, yəni hər bir detal sistemli şəkildə əhatə olunub.

Könüllü olmaq üçün xüsusi bilik və bacarıqlara ehtiyac yoxdur. Könüllülük daxildən gələn hissdir. Könüllü fəaliyyət ölkə qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir. Könüllü isə öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti şəxsən həyata keçirən Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. Könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatları könüllü fəaliyyətin təşkilatçısı hesab olunur.

Qanunvericiliyə əsasən könüllü fəaliyyət əlillərə, kimsəsizlərə, qocalara, aztəminatlı ailələrə, qaçqınlara və məcburi köçkünlərə kömək edilməsi,  insanpərvərliyin və dözümlülüyün təbliği, istehlakçıların hüquqlarının qorunması,  hüquqi və mədəni maarifləndirmə, uşaq və gənclərin təhsili, tərbiyəsi, fiziki və əqli inkişafı, idmanın inkişafı, xəstəliklər və epidemiyalar barədə məlumatlandırma, sağlam həyat tərzinin təbliği, ətraf mühitin mühafizəsi, tarix və mədəniyyət abidələrinin, mədəni və mənəvi irsin qorunması, silahlı münaqişələr, təbii fəlakətlər, sənaye qəzaları, yanğınlar, epidemiyalar, epizootiyalar və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasına, o cümlədən fövqəladə hallar nəticəsində zərər çəkmiş şəxslərə yardım göstərilməsi, cəzaçəkmə müəssisələrindən azad edilən, narkotik asılılığa düçar olan, məişət zorakılığına məruz qalan şəxslərə və çətin həyat şəraitində olan digər şəxslərə (ailələrə) kömək edilməsi və ölkə qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələri üzrə həyata keçirilir.

Könüllü fəaliyyətin iştirakçıları könüllü fəaliyyətin təşkilatçılarından və könüllülərdən ibarətdir. Şəxs öz iş yerində könüllü fəaliyyətlə məşğul ola bilməz.  Könüllünün işçi çatışmazlığının qarşısını almaq məqsədi ilə istifadəsinə yol verilmir.   Kommersiya hüquqi şəxslərində könüllü fəaliyyətin həyata keçirilməsinə yol verilmir.  Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər ölkə qanunvericiliyinə və könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülər ilə bağlanan müqaviləyə uyğun olaraq tənzimlənir. Yetkinlik yaşına çatmamış şəxslər valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı əsasında könüllü fəaliyyət ilə məşğul ola bilərlər. Yetkinlik yaşına çatmamış şəxslər könüllü fəaliyyəti həyata keçirərkən yaşı 18-dən az olan işçilərin əməyindən istifadəyə dair Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş tələblərə riayət olunmalıdır.

Könüllü fəaliyyətin təşkilatçıları qeyd olunan Qanunla nəzərdə tutulan qaydada şəxsləri könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb etmək, könüllülərlə bağlanmış müqaviləyə xitam vermək, könüllülərdən müqavilədən irəli gələn öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək, görülmüş işlər haqqında könüllülərdən məlumat və ya hesabat almaq və könüllü fəaliyyət həyata keçirilərkən könüllü tərəfindən vurulmuş maddi ziyanın ödənilməsi üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tədbirlər görmək hüququna malikdir.

Könüllü fəaliyyətin təşkilatçılarının könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilmiş şəxslərlə müqavilə bağlamaq, könüllülərə onların hüquq və vəzifələrini izah etmək, onları təlimatlandırmaq, könüllü fəaliyyətin həyata keçirilməsi haqqında informasiyanı açıqlamaq, könüllü fəaliyyətin nəticələri barədə məlumat vermək,  könüllünün tələbi ilə könüllü fəaliyyət haqqında müvafiq arayışlar vermək, könüllüləri yerinə yetirəcəkləri işin həyat və sağlamlıq üçün təhlükəli olması barədə məlumatlandırmaq, könüllünün həyat və sağlamlığını sığorta etmək, könüllüləri həyat və sağlamlıq üçün təhlükəli işlərə göndərərkən onların texniki təhlükəsizliklə bağlı müvafiq təlim keçmələrini təmin etmək, könüllü fəaliyyətin təşkili üçün tələb olunan hüquqi, təşkilati və texniki məsələləri həll etmək, könüllülərə qarşı ayrı-seçkiliyə yol verməmək və könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq icra hakimiyyəti orqanına məlumat vermək vəzifələrini daşıyırlar.

Qanunvericiliyə əsasən könüllülərin müqaviləyə uyğun olaraq həyat və sağlamlığının mühafizəsini təmin edən əmək şəraitinin yaradılmasını, zəruri hallarda isə əməyin mühafizəsinin normaları və qaydaları haqqında təlim keçirilməsini tələb etmək, könüllü fəaliyyətin şərtləri və xarakteri haqqında informasiya əldə etmək, könüllü fəaliyyət haqqında informasiya yaymaq, könüllü fəaliyyətin təşkilatçılarından görülən işlərin yeri, həcmi, xarakteri və vaxtı göstərilməklə, könüllü fəaliyyət haqqında yazılı arayış almaq, könüllü fəaliyyət könüllünün daimi yaşadığı yaşayış məntəqəsinin hüdudlarından kənarda həyata keçirildikdə gündəlik xərclərin ödənilməsini könüllü fəaliyyətin təşkilatçılarından tələb etmək, könüllü fəaliyyəti həyata keçirərkən həyatına və sağlamlığına dəymiş zərərin əvəzini könüllü fəaliyyətin təşkilatçılarından almaq, sığorta olunmaq və öz əmlakından istifadəyə görə kompensasiya almaq hüquqları var.

Şəxsin könüllü fəaliyyətlə məşğul olması ünvanlı dövlət sosial yardımının alınmasına, habelə ona işsizlikdən sığorta ödənişinin ödənilməsinin dayandırılmasına və ya xitam verilməsinə səbəb olmur.

Könüllü işlərin görülməsi üçün cəlb edildikdə könüllü fəaliyyətin təşkilatçıları ilə müqavilə bağlamaq, ölkə qanunvericiliyinə uyğun olaraq əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək, fəaliyyət göstərdiyi təşkilatın intizam qaydalarına riayət etmək, könüllü fəaliyyət təşkilatçılarının tələbi ilə könüllü fəaliyyət haqqında məlumat və ya hesabat təqdim etmək, könüllü fəaliyyət haqqında müqavilənin şərtlərinə və könüllü fəaliyyətin təşkilatçılarının müqavilənin şərtlərinə uyğun göstərişlərinə əməl etmək, vurduğu maddi ziyana görə məsuliyyət daşımaq və  Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş konfidensial informasiyanı gizli saxlamaq vəzifələrini  daşıyır.

Könüllü fəaliyyətin iştirakçıları arasında münasibətlər tərəflər arasında yazılı formada bağlanan müqavilə ilə tənzimlənir. Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə  müqavilə bağlayan tərəflər haqqında məlumatlar, tərəflərin hüquq və vəzifələri, görüləcək işlər və göstəriləcək xidmətlər,  müqavilənin müddəti, tərəflərin məsuliyyəti və müqaviləyə xitam verilməsi qaydası göstərilir.

Könüllü fəaliyyətin təşkilatçıları tərəfindən cəlb edilmiş könüllülərlə bağlanan müqavilədə qeyd olunan Qanunun məqsədlərinə uyğun olaraq digər şərtlər də nəzərdə tutula bilər. Könüllü tərəfindən könüllü fəaliyyətin həyata keçirilməsi ilə bağlı üçüncü şəxslərə vurulmuş zərərin ödənilməsi qaydası müqavilə ilə müəyyən olunur.  Müqavilədə könüllünün hüquqlarını məhdudlaşdıran müddəaların əks olunması yolverilməzdir. Müqaviləyə tərəflərin razılığı ilə vaxtından əvvəl xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə qarşı tərəfə müqavilənin xitam olunacağı haqqında xəbərdarlıq edilməlidir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair əsaslar olduqda tərəflər müqaviləyə xitam verə bilərlər. Müqavilə üzrə tərəflər arasında yaranan mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll edilir.

Azərbaycan Respublikasında könüllü fəaliyyətin təşkilatçıları Azərbaycan Respublikasının ərazisində könüllü fəaliyyəti həyata keçirmək üçün xarici könüllüləri dəvət edə bilərlər. Beynəlxalq könüllü fəaliyyətin təşkilatçıları, habelə könüllü əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində könüllü fəaliyyətlə yalnız Azərbaycan Respublikasının könüllü fəaliyyət təşkilatçıları ilə birgə məşğul ola bilərlər. Azərbaycan Respublikasında könüllü fəaliyyətin təşkilatçıları və Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətin ərazisində həmin dövlətin qanunvericiliyinə uyğun olaraq könüllü fəaliyyət ilə məşğul ola bilərlər.

2020-ci ilin ölkəmizdə "Könüllülər ili" elan olunması tarixi könüllülük ənənələrimizə verilən ən yüksək qiymətdir. Könüllü olmaq isə ümid yeri olmaq, xalqına, Vətəninə xidmət etmək deməkdir.

 

Fаiq Səfərоv

Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun

Hüquqi təminat və informasiya şöbəsinin rəisi,

ədliyyə müşaviri   Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.