İcbari tibbi sığorta və onun hüquqi əsasları haqqında

Zaman keçdikcə cəmiyyət həyatında baş verən bəzi təbii dəyişikliklər qanunvericilik sahəsində də  tənzimlənməni də zəruri edir. Bu zərurətlərdən biri də son zamanlarda ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilməyə başlanan icbari tibbi sığorta sosial layihəsidir. İcbari tibbi sığorta nədir, onun cəmiyyətin və ayrılıqda vətəndaşların mənafeyinə təsiri və hüquqi əsasları nədən ibarətdir suallarına cavab tapmaq üçün bu aktual mövzuya müraciət etmək əhəmiyyətlidir. Dünyanın qabaqcıl ölkələrinin geniş istifadə etdiyi bu sığorta növünün ölkəmizdə həyata keçirilməsinin hüquq qaydalarını və əhəmiyyətini bilmək üçün bu barədə söhbət aparacağıq. Ona görə də Respublikamızda bu sahədə qüvvədə olan qanunvericilik aktlarına nəzər salacaıq.

Əvvəlcə qeyd edək ki, bu sahədə ən başlıca rolu “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu oynayır. Bu qanun əhalinin tibbi sığortasının təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, tibbi sığortanın subyektləri (iştirakçıları) arasındakı münasibətləri tənzimləyir.

 

Tibbi sığorta və onun formaları.

Yadda saxlamaq lazımdır ki, tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə Azərbaycan Respublikası əhalisinin tibbi və dərman yardımı almasına təminat verir.

Tibbi sığorta icbari və könüllü formada həyata keçirilir.

İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta proqramına müvafiq həcmdə əhalinin tibbi və dərman yardımı almasını təmin edir. Buradan da başa düşülür ki, əhalimizin icbari tibbi sığorta proqramında müəyyən edildiyi həcmdə, qədərdə tibbi və dərman yardımı almasına qarantiya, təminat verən sahədəir.

Könüllü tibbi sığorta icbari tibbi sığorta proqramında müəyyənləşdirildiyindən əlavə könüllü tibbi sığorta müqaviləsi əsasında əhalinin tibbi və digər xidmətlər almasını təmin edir.                     

 

Tibbi sığortanın subyektləri kimlərdir?

Tibbi sığortanın subyektləri sığorta olunanlar, sığortalı, tibbi sığorta təşkilatları, tibb müəssisələri və qanunvericilikdə müəyyən olunmuş qaydada özəl tibbi praktika ilə məşğul olan şəxslərdir.

İcbari tibbi sığorta sistemində 2 cür sığortalı mövcuddur: 1.işləməyən vətəndaşlar üçün – Azərbaycan Respublikasının Nazirlər Kabineti orqanları və müvafiq sosial proqramlar çərçivəsində yerli özünüidarə orqanları. 2. İşləyən vətəndaşlar üçün - mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və qanunvericilikdə müəyyən olunmuş qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.

Könüllü tibbi sığortada sığortalılar - vətəndaşlar və vətəndaşların mənafeyini ifadə edən hüquqi şəxslərdir.

Tibbi sığorta sistemindəki tibb müəssisələrinə xüsusi razılığı olan müalicə-profilaktika, elmi-tədqiqat müəssisələri, eləcə də qanunvericilikdə müəyyən olunmuş qaydada tibbi yardım göstərən digər hüquqi şəxslər daxildirlər.

Tibbi sığortanın subyektləri arasındakı mübahisələr qanunvericilikdə müəyyən olunmuş qaydada həll edilir.                                                                                                                             

 

Tibbi sığorta müqaviləsi.

Hər bir hüquq münasibətində olduğu kimi tibbi sığorta onun subyektləri arasında bağlanmış müqavilələr formasında həyata keçirilir.                                         

Tibbi sığorta müqaviləsi-qanunvericilikdə müəyyən olunmuş qaydada sığortalı tibbi sığorta təşkilatları arasında bağlanan və sığorta olunana tibbi sığorta proqramına uyğun olaraq göstərilən tibbi yardımın maliyyələşdirilməsini və təşkilini müəyyən edən, sığorta olunanın digər mənafelərini müdafiə edən yazılı sazişdir.

Tibbi sığorta müqaviləsi ilk sığorta haqqı ödənildiyi andan qüvvəyə minmiş hesab edilir.

Tibbi sığorta müqaviləsinin forması və bağlanma qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2001-ci il 6 mart tarixli 58 nömrəli qərarı ilə müəyyən edilmişdir.

Tibbi sığortanın ayrı-ayrı növlərinə aid qaydalar və icbari tibbi sığorta münasibətlərinin şamil edilmədiyi şəxslərin kateqoriyaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.                                                                                                                                  

 

Tibbi sığorta şəhadətnaməsi.

Tibbi sığorta şəhadətnaməsi - sığorta olunana yaşayış yerindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə bağlayan digər dövlətin ərazisində tibbi sığorta proqramında göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat verən sənəddir. Iəhadətnaməsi olan hər hansı bir vətəndaş əgər xarici dövlətlə Azərbaycan Respublikası arasında bu sahədə müqavilə balanmışsa o xarici dövlətin ərazisində müəyyən edilmiş həcmdə tibbi yardım ala bilər.

İcbari və könüllü tibbi sığorta müqaviləsinin subyekti olan vətəndaşlar tibbi sığorta şəhadətnaməsi almalıdırlar.

Tibbi sığorta şəhadətnaməsi sığorta olunanın özündə olur və tibb müəssisəsinə müraciət edərkən təqdim olunur.

Tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 25 mart  tarixli, 49 nömrəli qərarı ilə tərəfindən təsdiq edilmişdir.   

 

Sığortalının hüquq və vəzifələri.

Sığortalının hüquqları bunlardır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada könüllü tibbi sığorta müqaviləsi bağlamaq və ya onu ləğv etmək, könüllü tibbi sığorta təşkilatını sərbəst seçmək, tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək.

Sığortalının vəzifələri isə qanunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada icbari tibbi sığorta müqaviləsi bağlamaq, icbari tibbi sığorta proqramına uyğun olaraq sığorta haqlarını vaxtında ödəmək, sığorta olunanların sağlamlığının vəziyyətinin göstəriciləri haqqında tibbi sığorta təşkilatına məlumat vermək olaraq məüyyən edilmişdir.

                             

Tibbi sığorta sistemində sığorta olunan vətəndaşların hüquqları.

İstər icbari, istərsə də könüllü tibbi sığorta sistemində sığorta olunan vətəndaşlarımız bu sahədə olan hüquqlarını bilməlidir. Bu hüquqlar qanunda belə müəyyən edilmişdir: tibbi sığorta şəhadətnaməsini aldıqları andan qanunvericilikdə müəyyən olunmuş hüquqlardan istifadə etmək, tibbi sığorta müqaviləsi ilə müəyyən edilən tibbi yardım növlərinə və həcminə uyğun olaraq tibbi sığorta sisteminə daxil olan tibb müəssisələrindən hər hansı birini və həkimi seçmək, profilaktik yardım da daxil olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində icbari tibbi sığorta proqramındakından az olmayan həcmdə tibbi yardım almaq, icbari tibbi sığorta müqaviləsinin şərtlərinə uyğun olan tibbi xidmətdən istifadə etmək, tibbi sığorta müqaviləsinə əsasən müraciət etdiyi tibb müəssisəsindən sağlamlığının vəziyyəti, eləcə də tətbiq olunan müalicə metodları və onların nəticələri barədə məlumat almaq, sığortalı, tibbi sığorta təşkilatına, tibb müəssisəsinə, tibbi sığorta müqaviləsinin şərtlərindən asılı olmayaraq, onların təqsiri üzündən vurulmuş zərərin ödənilməsi də daxil olmaqla, qanunvericilikdə müəyyən olunmuş qaydada iddia qaldırmaq, könüllü tibbi sığorta müqaviləsinin şərtlərində müəyyən edilmişsə, istifadə edilməyən sığorta haqqının bir hissəsini geri almaq.

Vətəndaşların tibbi sığorta ilə bağlı mənafeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin, tibbi sığorta təşkilatları, həmkarlar ittifaqı təşkilatları və digər ictimai birliklər müdafiə edir.

Azərbaycan Respublikasından kənarda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının tibbi sığortası Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən həyata keçirilir.

 

Tibbi sığorta sistemində sığorta haqları.

İcbari tibbi sığorta sistemində sığortalılar işləyən vətəndaşlar üçün məbləği və ödənilmə qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən müəyyən edilən icbari tibbi sığorta haqları ödəyirlər. İcbari tibbi sığorta haqları icbari tibbi sığorta proqramının yerinə yetirilməsini təmin edən məbləğdə müəyyən edilir.

İşləməyən pensiyaçılar, idarə və təşkilat ləğv olunduqda müvəqqəti işsizlər, əmək qabiliyyəti olmayanlar, uşaqlar, tələbələr və büdcə təşkilatlarının işçiləri üçün icbari tibbi sığorta haqları tibbi xidmətlər üçün qiymətlərin indeksasiyası nəzərə alınmaqla büdcə və sosial müdafiə fondlarının vəsaiti hesabına ödənilir.

Könüllü tibbi sığortada sığorta haqlarının məbləği könüllü tibbi sığorta proqramına uyğun olaraq tərəflərin razılığı ilə müəyyən edilir.                                                                  

 

İcbari tibbi sığorta proqramı.

İcbari tibbi sığorta proqramı vətəndaşlara göstərilən tibbi xidmətin şərtlərini, növünü, həcmini(baza zərfini) müəyyən edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərəfindən təsdiq edilir. Bu proqram vətəndaşların müəyyən olunmuş həcmdə və keyfiyyətdə tibbi yardım almasını nəzərdə tutur.      Burada baza zərfi dedikdə icbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlərin toplusudur. Bəs o tibbi xidmətlər hansılardır? 1.Təcili və təxirəsalınmaz tibbi yardım. 2.İlkin səhiyyə (ailə həkimi) xidməti. 3.Ambulator şəraitdə müayinə və müalicə. 4.Stasionar müalicə.  5.Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.). 6.Fizioterapevtik xidmətlər. 7.Laborator müayinələr. 8.Hamiləlik və doğuş xidməti. 9.Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.) Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiyası. 10.Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiyalar və s.). 11.Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə. Yəni, icbari tibbi sığorta olunmuş şəxs bu sadaladığımız xidmətlərdən pulsuz istifadə edə biləcək. İcbari tibbi sığortanın baza (əsas xidmətlər) zərfinə daxil olmayan tibbi xidmətlər üçün tibb müəssisələrinə əlavə ödəniş edilməlidir.                                     

Tibbi sığorta təşkilatı.

Könüllü tibbi sığorta təşkilatı – mülkiyyət formasından asılı olmayaraq, sığorta qanunvericiliyində müəyyən edilmiş tələblərə müvafiq qaydada xüsusi razılığa (lisenziyaya) malik olan və həmin qanunvericiliyə uyğun olaraq könüllü tibbi sığortanı həyata keçirmək səlahiyyəti olan sığortaçıdır.

İcbari tibbi sığorta təşkilatı -  icbari tibbi sığortanı həyata keçirmək üçün Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılan dövlət orqanıdır. Bu da  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyidir.

 Tibb müəssisələri tibbi sığorta təşkilatının təsisçiləri ola bilməzlər.                          

  

Tibb müəssisələrinin özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquq və vəzifələri.

Mülkiyyət formasından asılı olmayaraq qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin tibbi sığorta sistemində tibbi xidmətlər göstərmək hüququ vardır. Yəni burada özəl tibbi praktika ilə məşğul olanlar və özəl tibb müəssisələri də icbai tibbi sığorta ilə məşğul olmaq hüquqna malikdir.

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə əsasında icbari tibbi sığorta proqramlarının həyata keçirilməsində iştirak edə bilərlər. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərlə müqavilələr, onların icbari tibbi sığorta proqramlarında iştirakı hallarında, müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, habelə tibbi sığorta təşkilatları ilə bağlanır. Tibbi sığorta proqramlarını yerinə yetirən tibb müəssisələrinin tibbi sığorta sistemindən kənarda da tibbi yardım göstərmək hüququ vardır.                     

  

Tibbi sığorta sistemində tərəflərin məsuliyyəti.

Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların icbari tibbi sığorta müqaviləsinin bağlanmasından imtina edilməsinə, sığorta haqlarının hesablanması üçün məbləğlərin gizlədilməsinə və ya aşağı salınmasına, ödənilmə müddətlərinin pozulmasına görə qanunvericilikdə müəyyən olunmuş qaydada  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən maliyyə sanksiyaları tətbiq edilir. Cərimənin ödənilməsi hüquq pozuntusunun aradan qaldırılması vəzifəsindən azad etmir. 

Tibb müəssisəsi və ya özəl tibbi praktika ilə məşğul olan şəxs tibbi sığorta müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq göstərilən tibbi xidmətin həcminə və keyfiyyətinə görə, eləcə də sığorta olunana tibbi xidmət göstərməkdən imtina etməyə görə məsuliyyət daşıyırlar.

Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən tibb müəssisələri və ya özəl tibbi praktika ilə məşğul olan şəxslər tibbi sığorta müqaviləsinin şərtlərini pozduqda tibbi sığorta təşkilatı göstərilən tibbi xidmətin haqqını tam və ya qismən ödəməmək hüququna malikdir. 

Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə tibbi sığorta təşkilatı sığorta olunan və ya sığortalı qarşısında məsuliyyət daşıyır.

Tibbi sığorta sistemində mübahisələr Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir. Bu qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Hörmətli oxucu!

İcbari tibbi sığorta həmrəylik prinsiplərinə əsaslanan sosial layihədir. Bu layihənin məqsədi səhiyyənin sisteminin maliyyələşdirilməsini təkmilləşdirilmək, əhaliyə daha etibarlı, keyfiyyətli və səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verəcək universal və dayanıqlı tibbi sığortanı təmin etməkdir.

  

Sədərək rayon prokurorluğunun

müstəntiqi I dərəcəli hüquqşünas Elvin Zeynalov

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.