Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında

Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edən “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu 01 dekabr 2017-ci il tarixdə  qəbul edilib.

Tütün məmulatı dedikdə, tütün yarpağından və onun komponentlərindən hazırlanmış, tərkibində nikotin, aktiv alkoloid, o cümlədən kanserogen maddələr olan və nikotinə aludəçilik yaradan məhsul (siqaretlər, papiroslar, siqarlar, siqarillalar, çubuq tütünü və s.) başa düşülür. Bütün növ qəlyanlar və elektron siqaretlər də bu qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.

Tütündən istifadənin nəticələrindən qorunmanın bir neçə əsas prinsipləri vardır ki, onlara vətəndaşların sağlamlığının ətraf mühitdəki tütün tüstüsünün təsirindən və tütündən istifadənin nəticələrindən qorunması sahəsində hüquqlarına riayət edilməsini, ətraf mühitdəki tütün tüstüsünün təsiri və tütün istifadəsi nəticəsində yaranan xəstəliklərin, əlilliyin, vaxtından əvvəl ölüm hallarının qarşısının alınmasını, tütündən istifadənin nəticələrindən qorunma hüquqlarının təmin edilməsi üçün dövlətin və bələdiyyələrin, fərdi sahibkarların, hüquqi şəxslərin və digər qurumların məsuliyyətini, tütündən istifadənin nəticələrindən qorunma sahəsində Azərbaycan Respublikasının beynəlxalq əməkdaşlığının təmin edilməsini, tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə əhalinin məlumatlandırılmasını və s. misal göstərmək olar.

Qanunvericilikdə tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlətin, bələdiyyələrin, o cümlədən fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri də öz əksini tapıb. Hər kəsin tütün məmulatlarının və onlardan tüstü ilə ayrılan məhsulların komponentləri, tütün çəkilməsinin zərərli təsiri, profilaktikası və məhdudlaşdırılması barədə məlumat almaq hüququ vardır. Tütün məmulatlarının tərkibində olan nikotinin, tütün qatranının və karbon monoksidinin miqdarı barədə məlumatlar istifadəçiyə bildirilməli, tütün məmulatları qutularının üzərində həmin məlumatlar əks etdirilməlidir. Tütün istehsalı və satışı ilə məşğul olan şəxslər tərəfindən istehsal edilən və ya satışa çıxarılan tütün məmulatlarının istehlakçılara hədiyyə və ya yardım kimi paylanmasına yol verilmir. Adı çəkilən Qanuna əsasən, Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə aşağıda göstərilən yerlərdə tütün çəkilməsi qadağandır:

-təhsil və tərbiyə müəssisələrində, habelə onların ərazilərində;

-səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, habelə onların ərazilərində;

-idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində;

-restoranlar, kafelər daxil olmaqla, ictimai-iaşə obyektlərində;

-ticarət obyektlərində;

-məişət obyektlərində;

-sosial xidmət müəssisələrində;

-yerləşdirmə vasitələrində;

-teatr və kinoteatrlarda, sirk binalarında, sərgi və nümayiş salonlarında, oxu zallarında, kitabxanalarda, muzeylərdə, habelə digər mədəniyyət obyektlərində;

-uşaq meydançalarında;

-yerüstü qapalı və yeraltı piyada keçidlərində;

-müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində;

-metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda;

-hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində;

-hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində;

-liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində;

-taksafonlarda;

-yanacaqdoldurma məntəqələrində, həmçinin tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə, habelə bu maddələrin daşındığı nəqliyyat vasitələrində;

-mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda, iş yerlərində.

Mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilat rəhbərləri yuxarıda qeyd edilən yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “Tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

Buna baxmayaraq, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, restoranlar, kafelər daxil olmaqla, ictimai-iaşə obyektlərində, icarət obyektlərində, yerləşdirmə vasitələrində, su və dəmiryolu nəqliyyatında, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlarda və iş yerlərində tütün çəkmək üçün havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlər təşkil edilə bilər. Tütün çəkmək üçün xüsusi ayrılmış yerlər sanitar-gigiyenik normalara və müəyyən tələblərə cavab verən şəkildə təchiz edilməlidir.

Tütün və tütün məmulatı haqqında qanunvericiliyin tələblərin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 299-cu maddəsinə əsasən hava nəqliyyatında tütün çəkməyə görə yüz manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilir. Məcəllənin 305-ci maddəsində dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkməyə görə qırx manat, 318-ci maddəsində isə dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə tütün çəkməyə görə qırx manat məbləğində cərimə tətbiq edilməsi göstərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkilməsinə görə təqsirli şəxslər qırx manatdan əlli manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 212-ci maddəsinə əsasən, hava nəqliyyatı,  dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlər, dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlər, bundan başqa müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobus, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsi və taksi minik avtomobili istisna olmaqla, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə tütün çəkməyə görə təqsiri olan şəxslər otuz manat məbləğində cərimə edilirlər. Həmin maddədə həmçinin göstərilmişdir ki, müəssisələrdə, idarələrdə, təşkilatlarda tütün çəkmək üçün xüsusi ayrılmış yerlərin sanitar-gigiyenik normalara və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən şəkildə təchizinin və görünən yerlərdə “Tütün çəkmək qadağandır”  yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə olunur.

Qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satışı, habelə onlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi qadağandır. Tütün məmulatlarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd tələb edir. Alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, onun şəxsiyyətini təsdiq edən və yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmirsə, satıcı tütün məmulatını alıcıya satmaqdan imtina edir.

Yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 212.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatından istifadəni təklif və ya tələb etmək yolu ilə onların tütündən istifadə prosesinə cəlb edilməsi inzibati xətadır və bu inzibati xətanı törətmiş şəxslər yüz manat məbləğində cərimə edilirlər.Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə isə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yerlər istisna olmaqla) tütün çəkilməsinin qarşısının alınmamasına görə isə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilirlər.

Sonda qeyd etmək istəyirəm ki, tütün istehlakının və tütün tüstüsünün ölüm, xəstəlik və əlilliyə səbəb olduğunu, insanların sağlamlığına dağıdıcı təsirini nəzərə alan Azərbaycan Respublikası Ümumdünya Səhiyyə Təşkilatının 2003-cü ildə İsveçrənin Cenevrə şəhərində qəbul edilmiş “Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyası”na qoşulmuş və bu qoşulma barəsində 2005-ci ildə Qanun qəbul edilib.

                                                                                                                                                 

Turqay Həşimli

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

  şöbə prokuroru, II dərəcəli hüquqşünas

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.