Ümummilli Lider Heydər Əliyev: Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir.
Cənab İlham Əliyev Azərbaycan xalqına son 200 ilin ən şərəfli və şanlı tarixini yaşatdı.
Bu ilin oktyabrın 15-də Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 ili tamam oldu. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verərək onu prezident seçdi. Keçən 20 il ərzində Prezident İlham Əliyevin həm daxili, həm də xarici siyasəti ilə Azərbaycana dünya siyasi arenasında bəlli mövqe qazandırdı. Azərbaycan bölgədə söz və güc sahibinə çevrildi. Ən əsası, Prezident İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi xalqımıza Qarabağ Zəfərini qazandırdı. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonrakı üç il ərzində ölkəmizdə aparılan məqsədyönlü siyasət nəticəsində suverenliyimiz tam bərpa edilib. Ötən 20 ilin möhtəşəmliyi bu ilin oktyabrın 15-də cənab Prezidentin Azərbaycanın üçrəngli bayrağını Xankəndinin mərkəzində qaldırması ilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərqərar olunması ilə tam təsdiqlədi.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının qarşısındakı ən böyük xidməti ölkənin gələcəyini etibar edə biləcək layiqli siyasi varisin cəmiyyətə təqdim edilməsidir. Məsələyə tarixi kontekstindən yanaşsaq görərik ki, güclü imperiyalar ona görə dağılıb ki, böyük sərkərdələr, liderlər özlərindən sonra dövləti idarə edə biləcək bir şəxsiyyəti yetişdirə bilməyiblər: “Ulu Öndər isə Azərbaycanın dövlət müstəqilliyinin əsaslarını yaratmaqla yanaşı, özündən sonra dövlətin və xalqın taleyini etibar edə biləcək bir şəxsiyyət yetişdirdi. Belə ki, 15 oktyabr 2003-cü il prezident seçkiləri ərəfəsində Ümummilli Lider Heydər Əliyev öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürərək xalqa müraciət etdi və əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi. Dahi liderin bu çağırışının dövlətin, xalqın taleyinin, onun şah əsəri olan azad və müstəqil Azərbaycanın gələcəyi ilə bağlı olduğunu zaman sübut etdi. Prezident İlham Əliyevin rəhbərliyinin 20 ilində Azərbaycan dövləti ictimai-siyasi həyatının bütün sahələrində kompleks inkişaf yolu keçdi. Bu inkişaf yolunda Ulu Öndərin siyasi kursu və strategiyası yüksək dəqiqliklə davam etdirildi. İlk növbədə ölkədə siyasi sabitliyin daha da möhkəmlənməsini qeyd etmək olar. Bu illərdə ölkədə siyasi sabitliyi pozmaq üçün ölkə daxilində və xaricindən çoxlu cəhdlər olundu. Amma Azərbaycan xalqının Ulu öndər Heydər Əliyevə və onun siyasi kursuna və onun layiqli davamçısına olan inamı öz prezidentinin yanında daha da sıx birləşdirdi. Bu birliyi heç bir gücün sarsıda bilməyəcəyini dünyaya sübut etdi. Ölkə başçısı ilə xalq arasındakı yaranmış bu möhkəm və tükənməz birlik digər uğurların təməlində dayanır. Prezident İlham Əliyevin rəhbərliyinin 20 ilində dövlət idarəetmə sistemində dərin islahatlar həyata keçirildi. Bu islahatlar korrupsiyaya qarşı mübarizəni gücləndirdi, operativ və şəffaf idarəetmə sisteminin formalaşmasına yol açdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların hakimiyyət qollarına sirayət etməsi sayəsində ölkədə demokratik və şəffaflıq təmin edilməklə yeni siyasi konfiqurasiya formalaşdı. Təmin olunmuş siyasi sabitlik və şəffaf dövlət idarəçiliyi ölkədə siyasi və iqtisadi islahatların uğurla aparılmasına yol açdı. Prezident İlham Əliyev son 20 ildə ölkədə sarsılmaz milli birlik və həmrəylik yaratdı, siyasi və iqtisadi müstəqillik təmin edildi, ordunu müasirləşdirdi, öz canını vətən yolunda fəda etməyə hazır olan gənc nəsil tərbiyə olundu və 30 il işğal altında qalan torpaqlarını azad edərək Qarabağda separatçıların yuvasını məhv etdi. Prezident İlham Əliyev Azərbaycan xalqına son 200 ilin ən şərəfli və şanlı tarixini yaşatdı.
Cənab Prezidentin uzaqgörənliyi onun əsl dünya lideri olmasını biz xalq olaraq işğal olunmuş torpaqlarımızın azad olunması yolunda onun apardığı müdrik siyasətdə daha aydın şəkildə gördük. Uzun müddət İlham Əliyev Azərbaycanın mövqeyini beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, məsələnin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edirdi. Halbu ki, aparılan ordu quruculuğu xüsusən də ötən 20 il ərzində hərbi vətənpərvərlik yolunda atılan addımlar deməyə əsas verir ki, Azərbaycan işğal altında olan torpaqlarını işğaldan azad etməyə tam hazır və qadir dir. Buna baxmayaraq əks tərəf isə bu mövqe ilə hesablaşmırdı. Nəticədə Azərbaycan hərbi yola əl atmalı oldu. Məlum oldu ki, İlham Əliyev bu yol üçün kifayət qədər hazırlıqlı idi. Həm ölkənin daxilində cəmiyyətin birliyinə nail olmaq istiqamətində nəticələr əldə edilmiş, eyni zamanda xalqın vahid iradəsinin nümayiş etdirilməsi ilə bağlı nəticələr əldə olunmuşdur. Bu gücə arxalanan cənab Prezident qələbənin qazanılacağını müharibə başlamazdan öncə bilirdi. Bu xarakter tarix boyu böyük sərkərdələrə xas xüsusiyyətdir ki, bu da Cənab Ali Baş Komandanda var idi. 44 günlük vətən müharibəsində biz bunun əyani şahidi olduq.
Mən bir prokurorluq əməkdaşı olaraq qeyd etmək istəyirəm ki, ötən 20 illik tarixi dövrün 18 ili mənim prokurorluq orqanlarında xidmətim dövrünə düşür. Mən buna görə özümü xoşbəxt hiss edirəm. Prokurorluq orqanları daim möhtərəm cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Qeyd olunan dövr ərzində həmin diqqət və qayğının nəticəsidir ki, prokurorluq orqanları çox sürətli inkişaf yolu keçibdir. Bu inkişaf nəinki prokurorluq orqanlarını hətta dövlətin bütün sahələrini əhatə etmişdir. Bu da cənab Prezidentin inkişafın şaxələndirilməsi, onun bir dövlət başçısı kimi hər bir sahəyə xüsusi diqqət ayırdığının əyani göstəricisi idi. Son 20 il ərzində cənab Prezidentin dəstəyi ilə prokurorluqda şəffaflığın təmin edilməsi, elmi-texniki nailiyyətlərin tətbiqi, maddi-texniki bazanın və əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, işin səmərəliliyinin artırılması və çatışmazlıqların təxirə salınmadan aradan qaldırılması istiqamətində mütəmadi islahat tədbirləri həyata keçirilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı gələcəkdə daha böyük uğurlar və qələbələr gözləyir. Hakimiyyətdə olduğu 20 ildə cənab İlham Əliyev özünün hər bir azərbaycanlının prezidenti olduğunu sübut etdi. Yaşasın Prezident İlham Əliyev! Yaşasın çiçəklənən güclü Azərbaycan!”
(https://naxcivanxeberleri.com/bloq/azerbaycan-xalqina-zefer-sevinci-yasadan-lider-25975)
Razi QULİYEV
Naxçıvan Muxtar Respublikası
Prokurorluğunun Təşkilat və icraya nəzarət
şöbəsinin böyük prokuroru ədliyyə müşaviri