Xalqın hüquqi düşüncə tərzini dəyişən lider: Heydər Əliyev

Ümummilli Lider Heydər Əliyev: Bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən  Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində məhv olmağa qoymamışam.

Liderlik institutu hər zaman siyasətşünas və filosofların əsas müzakirə mövzularından olmuş, bu fenomeni dərindən öyrənməyə çalışmış böyük mütəfəkkirlər bir-birindən maraqlı, dəyərli nəzəriyyələr yaratmışlar. Geniş fikir müxtəlifliyinə rəğmən, ümumi qənaət bundan ibarətdir ki, iqtisadi potensialından asılı olmayaraq, hər bir dövlətin hərtərəfli inkişafı milli lider amili ilə bilavasitə bağlıdır. Liderlik anlayışının başlıca tərkib hissəsini şəraiti dəqiq qiymətləndirmək, qarşıda duran vəzifələrin həlli yollarını düzgün müəyyənləşdirmək, hansısa qərarın yerinə yetirilməsi naminə insanların zəkasına və enerjisinə pozitiv təsir göstərmək, onları konkret ideya, fikir və məqsəd ətrafında səfərbər etmək, idarə olunanların liderin qəbul etdiyi qərarları, verdiyi göstərişləri öyrənməsinə və fəal müdafiə etməsinə nail olmaq kimi mühüm keyfiyyətlər təşkil edir. Liderlik bir tərəfdən liderin cəlbedici ideyalar irəli sürməsini, insanlara fəal və ciddi təsir göstərməklə onları idarə etməsini, digər tərəfdənsə liderə inanmağı, ona tabe olmağı, insanların onun ardınca getməyə hazır olmasını, qəbul etdiyi qərarlarda bilavasitə iştirakını əks etdirir. 

Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt tarixi şans, milli iradə və liderə malik olmasıdır. Liderlik funksiyasını öz şəxsi nüfuzu, yüksək təşkilatçılığı, fəallığı, təşəbbüskarlığı, yaradıcılığı və enerjisi ilə fərqlənən, xüsusi idarəçilik və xarizmatik keyfiyyətlərinə malik olan, xalqın böyük hörmət və sevgisini qazanan dahi insanlar yerinə yetirirlər. Bu statusa yiyələnmiş şəxslərin fəaliyyətinin universallığı onunla şərtlənir ki, insan qruplarının, təşkilatların və hərəkatların birgə fəaliyyətinin bütün növləri liderə ehtiyac duyur. Siyasi lider isə sadəcə, siyasi proseslərə rəhbərlik edən, cəmiyyətin idarə olunması funksiyalarını həyata keçirən, siyasi təşkilatları və hərəkatları öz ardınca aparan şəxs deyil. O, hər şeydən əvvəl, hadisələrin gedişini dəyişdirməyə, siyasi prosesləri istiqamətləndirməyə qadir olan şəxsiyyətdir. Görkəmli şəxsiyyətlər özləri situasiya yaradır və onu lazımi istiqamətə yönəltməklə qarşıya qoyduqları məqsədləri reallaşdırmağa nail olurlar. Bacarıqsızlar isə bu situasiyaların əsirinə çevrilir, hadisələrin axarına düşüb üzürlər.

Ulu öndərin həyat və fəaliyyətinə nəzər salarkən əmin oluruq ki, o, ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət edib. “Mən ömrümün qalan hissəsini də Azərbaycan xalqına bəxş edirəm!” Doğrudan da, 1993-2003-cü illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində, ölkəmizin hərtərəfli inkişafında, Azərbaycanın o ağır, çətin vəziyyətdən xilas edilməsində Heydər Əliyevin müstəsna rolu vardır. Tarixən hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təsəccümünü tapmışdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən biri, Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurubyaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.

Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır.

Heydər Əliyevin fəaliyyəti və yüksəlişi Naxçıvandan başladı. Bu qədim şəhər balaca və bağlı sərhəd ərazisi idi. Gələcəyin dahisi çoxuşaqlı ailədə böyüyürdü. İntizam və zəhmətkeşlik bu ailənin əsas xüsusiyyətləri idi. Təhsilə başlayan kimi Heydər Əliyevin gələcək uğurlarının əsası qoyuldu. Gözəl xətti, misilsiz yaddaşı vardı. Uşaqlıqda onu ən çox maraqlandıran ədəbiyyat və tarix idi. Hüseyn Cavidi, Səməd Vurğunu sevə-sevə oxuyurdu. “Komsomol” poemasını əzbər bilirdi. Məktəbdə dram dərnəyində iştirak edirdi. Sinifdən-sinfə keçdikcə tarix dərslərini daha səylə öyrənirdi: qədim dövlətlər, xalqlar, müharibələr, böyük imperiyaların yaranması və süqutu. Tarixdə hər şey vardı.

Müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının qorunması məqsədilə həyata keçirilən hüquqi islahatlar içərisində ən mühümü məhz yaşamaq hüququnun təmini istiqamətində həyata keçirilən tədbirlər planı olmuşdur. 1993-cü ildə Heydər Əliyevin ilk qərarlarından biri məhz ölüm cəzasının tətbiqi üzərində moratorium qoyulması oldu. Demokratik hüquqi dövlət quruculuğu yolunu tutmuş Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra bir çox çətinliklərlə qarşılaşmışdı. О dövrdə ölkəmizdə hökm sürən hərcmərclik, özbaşınalıq, qanunsuz silahlı birləşmələrin mövcudluğu, cinayətkarlığın tüğyan etməsi, insanların dinc və təhlükəsiz yaşamasını qəsdə məruz qoymuşdu. Ulu öndərimizin həyata keçirdiyi siyasət nəticəsində dövlətçiliyimiz möhkəmləndirildi, ictimai-siyasi sabitlik bərqərar edildi, qanunsuzluqlara, zorakılığa, cəzasızlıq əhval-ruhiyyəsinə son qoyuldu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Bütün bunlar demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat verdi.

Heydər Əliyevin dühası, qlobal inkişaf meyillərini irəlicədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində müstəqil Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Qanunsuz silahlı birləşmələr və quldur dəstələri qısa müddətdə ləğv edildi, ölkənin ordusu yaradıldı. Asayiş və qaydaqanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunması faktlarına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi. Dövlətçilik yenidən yaradıldı, insanların öz qüvvələrinə inamı özlərinə qaytarıldı. İctimai-siyasi vəziyyətin normallaşdırılması iqtisadiyyatda zəruri dəyişiklikləri həyata keçirməyə imkan verdi.

Ümummilli liderin Azərbaycanda rəhbərliyə gəlişi, eyni zamanda cəmiyyətdə hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə səbəb olmuş, cəmiyyətdə hüquqi təfəkkürün, hüquqi düşüncə tərzinin, hüquqi mədəniyyətin, ümumilikdə, hüquq elminin inkişafının keyfiyyətcə yeni mərhələsi başlanmışdır.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan sivil dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən müstəqil Azərbaycan Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Böyük öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan böyük diplomatik məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan cəmiyyəti Heydər Əliyevin əsasını qoyduğu unikal liderlik institutunu və dövlətçilik sistemini ölkənin beynəlxalq təhlükəsizliyinin, iqtisadi maraqlarının, siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn fəlsəfi dünyagörüşü kimi qəbul edir.

Müstəqil Azərbaycanın bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilməsi heç də yalnız respublikanın zəngin təbii sərvətləri və intellektual resursları ilə şərtlənmir. Azərbaycanda bu potensialın xalqın mənafeyinə uyğun realizə edilməsi, hər kəsi qane edə biləcək milli siyasət strategiyasının həyata keçirilməsi, eyni zamanda xarici siyasət kursunun prioritetlərinin doğru-düzgün müəyyənləşdirilməsi və reallaşdırılması ilə sıx bağlıdır.

Bu gün müşahidə etdiyimiz gerçəklikləri о dövrün çətin reallıqları ilə müqayisə etdikdə görərik ki, Heydər Əliyev ölkəmizin qarşısında duran problemlərin həllinə nail olmağı, dövləti böhranlı durumdan çıxarmağı bacarmışdır. Bu qənaətə gəlmək mümkündür ki, o zaman zərgər dəqiqliyi ilə müəyyənləşdirilmiş, xarici siyasət kursu özünü bütün mənalarda doğrultmuşdur. Əgər ötən əsrin sonlarında qazanılmış dövlət müstəqilliyinin ilk illərində Azərbaycanın, sadəcə, siyasi kuluarlarda tanınan bir ölkə olduğunu nəzərə alsaq, bu gün aypara ulduzlu, üç rəngli bayrağın hansı dövlətin rəmzi olduğunu artıq bütün dünyanın dərk etməsinə, sadəcə, sevinməklə kifayətlənməyib, bundan həm də qürur hissi keçirməliyik. Nəticə isə ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin və hazırda onun siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasi və diplomatik səyləri nəticəsində Azərbaycan haqqında vaxtilə formalaşmış mənfi rəy artıq tamamilə dağıdılmışdır.

Bütün bunlar qəti əminlik yaradır ki, nə qədər Azərbaycan milləti və dövləti var dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.(https://naxcivanxeberleri.com/bloq/xalqin-huquqi-dusunce-terzini-deyisen-lider-heyder-eliyev-27673)

 

Amil RƏHİMOV

Naxçıvan Muxtar Respublikası  prokurorunun

müavini ədliyyə müşaviri