Kredit müqaviləsi nədir?

Cavab: Ölkəmizin mülki qanunvericiliyinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

Mülki Məcəllənin müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə Mülki Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər Mülki Məcəlləyə uyğun olaraq tənzimlənir.

 

 

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun 

Hüquqi təminat və insan hüquqları məsələləri şöbəsi