Sual: İşdən evə qayıtdıqdan sonra işığımızın kəsildiyini gördüm və məsələni aydınlaşdırmaq üçün işıq idarəsinə zəng vurdum. İşıq idarəsinin əməkdaşı 20 gün əvvəl borc haqqında bildirişin göndərildiyini, lakin ödəniş olunmadığı üçün elektrik enerjisinin kəsildiyini bildirdi. Bu məsələ qanunla tənzimlənirmi, tənzimlənirsə, necə tənzimlənir?
Cavab: Bəli, qeyd etdiyiniz məsələ qanunvericiliklə tənzimlənir. Belə ki, 03.04.1998-ci il tarixli 459-IQ nömrəli “Elektroenergetika haqqında” AR-nın Qanununun 11-ci maddəsinə, “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli qərarının 9-cu bəndinə müvafiq olaraq enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Deməli, ödənişi etmək üçün sizə bildiriş verildikdən sonra qanunla müəyyənləşdirilmiş bir aylıq müddət var. Enerji təchizatı müəssisəsinin əməkdaşından elektrik enerjisinin bərpa edilməsini tələb edin, əgər bu məsələ ilə bağlı nəticə əldə edə bilməsəniz, məhkəməyə müraciət edə bilərsiniz. Bir aydan tez müddətdə və yazılı bildiriş verilmədən elektrik enerjisinin dayandırılması qadağandır.(https://naxcivanxeberleri.com/bloq/vetendasin-elektrik-enerjisi-dayandirila-bilermi-8729)
Culfa rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas Heydər İbrahimli