Ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında zaman keçdikcə baş verən yeniliklər, dəyişikliklər qanunvericilik sahəsində də bu yenilik və dəyişikliklərə uyğun yenidən tənzimləmələrin həyata keçirilməsini zəruri edir. Qanunvericilikdə edilən dəyişiklik və əlavələr dövlətin və cəmiyyətin qanuni mənafelərinin qorunması, əhalinin rifah halının daha da yaxşılaşdırılması məqsədini daşıyır.
Haqqında danışacağımız məsələ əkin yerlərinin yandırılmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olmasıdır. Ondan əvvəl qeyd edək ki, bu günlərdə qeyri-neft sekotrunun inkişafına çox ciddi diqqət yetirən dövlət bu baxımdan kənd təsərrüfatı sahəsinin hər tərəfli inkişafını da diqqət mərkəzində saxlayır. Çünki artıq neftdən asılı olmayan hər tərəfli daha güclü iqtisadiyatın mövcud olması planlaşdırılır. Ona görə də kənd təsərrüfatının ən başlıca elementi olan torpaq haqqında ölkəmizdə bir çox qanunvericilik aktları mövcuddur ki, onlardan biri də “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanunudur. Həmin qanunun qəbul edilərək ölkənin qanunvericiliyə daxil edilməsinin məqsədi Azərbaycan Respublikasında dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqların münbitliyinin bərpasının, artırılmasının və mühafizəsinin hüquqi əsaslarını müəyyən etməkdir. Bəs torpağın münbitliyi, onun bərpası, artırılması və mühafizəsinin hüquqi əsasları nə deməkdir? Gəlin qanunvericliyə müraciət etməklə bu suallara hüquqi cavablar tapaq.
Torpağın münbitliyi qanunvericiliklə belə müəyyən edilmişdir ki, torpağın əlverişli morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji şəraitdə bitkiləri qida elementləri, rütubət ehtiyatı və onların həyatı üçün digər vacib maddələrlə müntəzəm təmin etmə qabiliyyəti onun münbitliyi deməkdir. Torpağın münbitliyi təmin oluna bilən xüsusiyyətdir. Torpağın münbitliyinin artırılması onun münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində həyata keçirilən hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemi vasitəsilə ilə həyata keçirilir.
Bütün bu tədbirlərin hamısı kənd təsərrüfatı sahəsində daha effektli nəticələr almaq və daha çox məhsul əldə etmək məqsədinə xidmət etmək üçün nəzərdə tutulur. Torpaqların münbitliyinin təmin olunması sahəsində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icraçılarının vəzifələri də qanunla müəyyn edilmişdir. Belə ki, torpaqların münbitliyinin bərpası, artırılması və mühafizəsi sahəsində müəyyən olunmuş standartlara, normalara, qaydalara, reqlamentlərə və digər normativ hüquqi aktlara riayət etmək, torpaq sahəsi üzərində hüquqların həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərə, məhdudiyyətlərə və servitutlara əməl etmək, torpaqların texnogen çirklənməsi və tənəzzülə uğraması halları barədə müvafiq icra hakimiyyəti orqanlarını məlumatlandırmaq, mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda aqrokimyəvi, fitosanitar, ekoloji və toksikoloji müayinələrin, habelə torpaqların münbitlik xassələrinin göstəricilərinin uçotunun və monitorinqinin aparılmasına şərait yaratmaq qeyd etdiyimiz şəxslərin bu sahədə ciddi əməl etməli olduğu vəzifələrdir.
Bu vəzifələrlə yanaşı 15 dekabr 2017-ci il tarixdə bunların sırasına əkin yerlərinin yandırılmasının qadağan edilməsi də əlavə edilmişdir. Bəs əkin yeri dedikdə konkret olaraq nə başa düşülür? “Torpaqların münitliyi haqqında” Qanunda deyilir ki, əkin yeri torpaqların məqsədli təyinatı və hüquqi rejiminə uyğun olaraq əkin üçün nəzərdə tutulan kənd təsərrüfatı yeridir.
Əkin yerlərinin yandırılmasının qadağan edilməsi “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununa daxil edildikdən sonra qanunvericiliyin bu tələbinin pozulmasına görə Azərbayca Respublikasının İnzibati Xətalar Məcəlləsinə də inzibati məsuliyyət nəzərdə tutan maddə daxil edilmişdir. Belə ki, 15 dekabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə “Əkin yerlərinin yandırılması” adlanan yeni 244-1-ci maddə əlavə edilmişdir. Həmin maddədə deyilir ki, əkin yerinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Bu maddə 2018-ci ilin fevral ayının 1-dən qüvvəyə minmişdir.
Hörmətli oxucular, İnzibati Xətalar Məcəlləsində əkin yerlərinin yandırılmasını qadağan edən və buna görə inzibati məsuliyyət nəzərdə tutan maddədə əkin yerlərinin yandırılmasına görə tətbiq ediləcək cərimələrin məbləğinin yüksək miqdarda olduğunu görürük. Bu o deməkdir ki, dövlət bu sahəyə ciddi önəm verir. Ona görə də, bunu bilmək və ətarfımızdakı insanlara da mümkün qədər bildirmək daha yararlı olacaqdır.
Bir sözlə bir həqiqəti hamımız dərk etməliyik ki, vətəndaşın və ümumilikdə cəmiyyətin sosial rifah halının yaxşılaşdırılmasını həmişə ön planda tutan dövlətimiz bu məsələdə də insanların kənd təsərrüfatı bazasını qanunla təminat altına alır.(https://naxcivanxeberleri.com/bloq/ekin-yerlerinin-yandirilmasi-inzibati-mesuliyyete-sebeb-olur-8136)
Elvin ZEYNALOV
Naxçıvan Muxtar Respublikası prokurorluğunun
Kriminalistika və informasia texnologiyaları
şöbəsinin prokuror –kriminalisti kiçik ədliyyə müşaviri