Yaşıllıqların mühafizəsi pozulması cəzası qanunvericilikdə necə nəzərdə tutulur?

Sual: Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasının cəzası qanunvericilikdə necə nəzərdə tutulubdur?

Cavab: Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasının pozulmasına, yəni mövcud yaşıllıqların uçota alınmamasına və ya kadastrının aparılmamasına, yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların təhrif edilməsinə, yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
Yaşıllıqların götürülməsi qaydasının pozulmasına, yəni müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə, yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir.
Götürülmüş yaşıllıqların yerinin dəyişdirilməməsinə və ya bərpa edilməməsinə, yaxud zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin bərpa edilməməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər üç min manat miqdarında, hüquqi şəxslər on min manat miqdarında cərimə edilir.
Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.(https://naxcivanxeberleri.com/bloq/yasilliqlarin-muhafizesi-pozulmasi-cezasi-qanunvericilikde-nece-nezerde-tutulur-7824)

 

Şahbuz rayon prokurorluğunun müstəntiqi, I dərəcəli hüquqşünas - Əfqan İsmayılov