Sudan istifadə qaydaları qanunvericilikdə necə nəzərdə tutulur ?

Sual: Su obyektlərindən və sudan istifadə qaydalarının pozulmasının cəzası qanunvericilikdə necə nəzərdə tutulubdur?

Cavab: Su obyektlərindən istifadə qaydalarının pozulmasına, yəni su obyektlərində hidrotexniki və digər qurğuların özbaşına tikilməsinə, su obyektlərinin özbaşına tutulmasına, obyektlərindən istifadə üzrə lisenziya və ya icazə ilə müəyyən edilmiş şərtlərin pozulmasına görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Həmçinin sudan özbaşına istifadə edilməsinə, yəni sudan istifadə etmə limitlərinə əməl edilməməsinə, su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə, içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Bunlardan başqa su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda (az miqdar, yəni beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür) ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.(https://naxcivanxeberleri.com/bloq/sudan-istifade-qaydalari-qanunvericilikde-nece-nezerde-tutulur-7779)

 

Şahbuz rayon prokurorluğunun müstəntiqi, I dərəcəli hüquqşünas - Əfqan İsmayılov