“Heydər Əliyev ideyaları və hüquqi dövlət strategiyası”

Ölkəmiz və xalqımız üçün 2023-cü ilin əlamətdar hadisələrindən biri də mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün tamam olduğu gündür. Tarix yazan dahi şəxsiyyətin dünyada yaşayan bütün azərbaycanlılar tərəfindən böyük ehtiramla anıldığı gün. Əslində Ulu öndər Heydər Əliyevin anılmadığı gün yoxdur. Çünki Azərbaycanla ümummilli liderin adı həmişə birgə çəkilir. Hələ sağlığında “mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən Ulu öndərin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ilə sıx bağlıdır.

Adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında özünə şərəfli və əbədi yer tutur. O, müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmışdır. Azərbaycanın imzasını imzalar içində tanıdan bu dahi şəxsiyyətin, uzaqgörən siyasi xadimin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini gündəlik həyatımızda görürük. Çünki ulu öndər bu ölkənin qurulmasının, yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir, ən başlıcası Azərbaycanın bir ölkə kimi dünya xəritəsindən silinməsinin qarşısını alan xilaskardır!

Bu gün heç kəsə sirr deyil ki, XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı üzləşdiyi çətinlikləri, başına gətirilən bəlaları dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi altında aradan qaldırdı, müstəqil dövlət ideyasını uğurla gerçəkləşdirdi. Belə ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ulu öndərin Azərbaycanda rəhbərliyə qayıdışından sonra ölkədə ən başlıcası vətəndaş müharibəsinə, xaos və anarxiya mühitinə son qoyuldu, siyasi sabitlik formalaşdı, qanunçuluğun və hüquqi qaydaların bərpası istiqamətində kompleks tədbirlər həyata keçirildi, hərtərəfli hüquqi, siyasi və iqtisadi islahatlara başlanıldı.

Bütün bunlara görədir ki, Azərbaycan xalqı öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının şəriksiz müəllifi kimi qəbul edir. Çünki Heydər Əliyev siyasi kursundan kənarda Azərbaycan dövlətçiliyi yoxdur və elə bütün bunlara görə Azərbaycan xalqının da xoşbəxtliyi ondadır ki, məhz 1993-cü ilin iyununda ölkə rəhbərliyinə yenidən dünya şöhrətli siyasətçi, dünyəvi və hüquqi dövlət quruculuğu sahəsində zəngin biliyə, böyük dövlətçilik təcrübəsinə malik, hadisələri qabaqcadan görməyi və qətiyyətlə adekvat tədbirlər həyata keçirməyi bacaran bir şəxsiyyət gəldi.

Ulu öndər ilk gündən hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, məqsədyönlü və konkret strategiyaya əsaslanan islahatları həyata keçirməyə başladı. Böyük şəxsiyyət olaraq ilk günlərdən cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görən Heydər Əliyev həyata keçirməyi nəzərdə tutduğu islahatlar strategiyasına uyğun olaraq ilk növbədə dövlətin təməlini möhkəm siyasi-hüquqi əsaslar üzərində qurulması üçün müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanaraq qəbulunu vacib bildi. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyada əksini tapan mütərəqqi prinsiplər Azərbaycanda hüquqi islahatların aparılmasına hərtərəfli zəmin yaratdı.

Ulu öndərin rəhbərliyi altında hazırlanaraq qəbul edilən yeni və müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı, bununla da hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda Heydər Əliyev ideyalarının təməl prinsiplərindən olan vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ hüquqi baza yaradıldı.

Elə bunlara görədir ki, Heydər Əliyev ideyaları bu gün də yaşayır və qalib gəlir. Çünki Ulu öndər Azərbaycanda hamının eyni dərəcədə inandığı bir ideologiyanın müəllifidir. O, bütün vətəndaşların hüquqlarını qoruya bilən dövlətin əsasını qoydu və yalnız hüququn aliliyinə əsaslanan idarəetmə sistemi yaratdı. Bunun üçün ilk növbədə ictimai-siyasi sabitliyin bərqərar edilməsinə nail olmaq lazım idi. Ümummilli liderimizin gərgin səyləri möhkəm sabitliyin yaradılmasına və Azərbaycanda normal siyasi münasibətlər sisteminin formalaşmasına gətirib çıxardı ki, bu da ümumilikdə dövlətin siyasi əsaslarının möhkəmləndirilməsinə səbəb oldu.

Heydər Əliyev öz ideyalarında yaşatdığı müstəqil Azərbaycan dövlətinin gələcəyini yaxşı bilirdi. Onu da yaxşı bilirdi ki, müstəqillik yolu bir çoxlarının düşündüyündən də uzun və əzablıdır. Ona görə də o, ilk növbədə Azərbaycanı taleyin ümidinə buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırdı, müstəqilliyimizin əbədiliyinə xələl gətirəcək amilləri vaxtında aradan qaldırdı. Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpası və qorunub saxlanılması, müstəqilliyimizin möhkəmləndirilməsi, ölkədə demokratik prinsiplərə əsaslanan hüquqi islahatların aparılması, respublikamızın bazar iqtisadiyyatı ilə irəliləməsi, diplomatik uğurlar məhz bu böyük şəxsiyyətin misilsiz xidmətləri sayəsində əldə olundu. Ümummilli liderimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, yeni istehsalat sahələrinin formalaşmasına, özəl sektorun inkişafına güclü təkan verdi. Ölkəmizdə icitmai-siyasi sabitliyin bərqərar olması və həyata keçirilən islahatlar xarici investorların respublikamızda fəaliyyət göstərmələrinə də əlverişli şərait yaratdı. Bununla da Azərbaycan dünya dövlətləri içərisində özünəməxsus layiqli yerini tutdu, iqtisadiyyatımızdakı böhran aradan qaldırıldı və iqtisadi inkişaf dövrü başlandı. Demokratiya, siyasi sabitlik və ən başlıcası tərəqqi müstəqil Azərbaycanı xarakterizə edən mühüm amilə çevrildi.

Heydər Əliyev üçün hakimiyyət on minlərcə şəhid qanı ilə suvarılmış Azərbaycan torpaqlarının bütövlüyünü, milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarını təmin etmək, müharibədən və keçid dövrünün əzablarından əziyyət çəkən xalqın sosial vəziyyətini yaxşılaşdırmaq, müstəqil Azərbaycanı dünya birliyinin tamhüquqlu üzvü etmək üçün lazım idi. Bunu dərk edən xalq da Azərbaycan dövlətçiliyini və müstəqilliyini qorudu, daim rəhbərinə dəstək oldu.

Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri də 2001-ci ilin əvvəlində Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsi, Avropa ailəsinə qoşulması oldu. Ölkəmiz beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanındı, beynəlxalq ictimai rəydə respublikamız haqqında müsbət fikir formalaşdırıldı, vətənimizdə hüquqi, demokratik dövlət quruculuğu geniş vüsət aldı.

Ümumilikdə, hər addımında ulu öndər Heydər Əliyevin yüksək ideallarına sadiqlik nümayiş etdirən dövlət başçısı möhtərəm İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan, öz taleyini İlham Əliyevə etibar etmiş Azərbaycan vətəndaşlarından gəlir. Bu gün Azərbaycan xalqı İlham Əliyevi ölkədə baş verən intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Bütün bunların nəticəsidir ki, 2018-ci ilin 11 aprelində keçirilən Prezident seçkilərində xalq öz iradəsinə sadiq qalaraq yenidən yüksək səs faizilə cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi.

Heydər Əliyev məktəbinin yetirməsi, onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi çoxsaylı qlobal tədbirlər, Azərbaycanın və xalqımızın inkişafı naminə imzaladığı fərman və sərəncamlar, mütəmadi xalqla birbaşa ünsiyyətdə olması Ümummilli Lider tərəfindən başlanmış işlərin məntiqi davamıdır.

Dövləti xalqa, xalqı dövlətə bağlayan da bu qarşılıqlı inam və etibardır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün Ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər bir Azərbaycan vətəndaşının borcu isə Heydər Əliyevin şah əsəri olan Azərbaycanı qoruyub yaşatmaq, onun ideyalarını uğurla həyata keçirməkdir.

 

Elsevər QULİYEV

Naxçıvan şəhər prokuroru

baş ədliyyə müşaviri