Bu gün Azərbaycan çox sürətlə ikişaf edir. Regionun ən qüdrətli ölkələrindən birinə çevrilmiş respublikamızın uğurlarının təməlində müdirik siyasət və bütün çətinlikləri aşaraq qurulmuş idarəetmə prinsipləri durur. Ölkəmizdə bu siyasətin banisi ulu öndər Heydər Əliyev, günün reallıqlarına əsaslanan müasir idarəetmə prinsiplərinin müəllifi möhtərəm Pezidentimiz İlham Əliyevdir.
Məhz bu iki siyasətçinin dövlətçilik təcrübəsinin nəticəsi olaraq bu gün Azərbaycan bir çox göstəricilər üzrə nəinki postsovet məkanında, eləcə də bütün dünyada nümunə göstərilir. Bizim üçün fəxrdir ki, müasir Azərbaycan sosial-iqtisadi inkişaf tempinə, cəmiyyətin daha da demokratikləşməsi üçün həyata keçirilən tədbirlərin miqyasına, elmi-texniki tərəqqinin daha geniş tətbiqinə, tolerantlığın mükəmməl bir səviyyəyə qalxmasına, infrasturukturun yeniləşməsinə və ümumiyyətlə, cəmiyyət həyatının bütün sahələrinə aid öz nümunəsini yaradır. Düşünürük ki, ən dərin və ən səmərəli islahat, məhz, bizim fəaliyyət göstərdiyimiz sahədə aparılıb. Təbii ki, biz, prokurorluq orqanlarında çalışanlar da haqlı olaraq bu qənaətdəyik. Ancaq məsələnin mahiyyətinə bir qədər də dərindən varanda məlum olur ki, istənilən sahədə aparılan islahatlar ölkənin ümumi inkişafı ilə, hərtərəfli yeniləşmə ilə həmahəngdir.
Təbii ki, həmişə böyük əməllərin təməlini müdirik insanlar qoyurlar. Ötən əsrin əvvəllərində dünyada gedən qarşısalınmaz ictimai-siaysi proseslər, xüsusən çarizmin süqutu nəticəsində yaranan müstəqil dövlətlərin hər biri özünəməxsus yol tutmuşdur. 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik republika olaraq sivil, dünyəvi dövlət quruculuğu yolunu seçmişdir. Cəmi 23 ay yaşamış ilk müstəqil Azərbaycan Respublikası sivil dövlətçilik baxımından mühüm addımlar atmış oldu. Ədliyyə Nazirliyi, onun müxtəlif strukturları, məhkəmələr yaradıldı.
1 oktaybr 1918-ci il tarixdə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılmaqla əsası qoyulan Azərbaycan Prokurorluğu orqanları mövcudluğu ərzində xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin yardımçılarından biri olmaqla, mürəkkəb və şərəfli bir təkamül yolu keçərək daim inkişaf etmiş, təkmilləşmiş və fəaliyyət göstərdiyi bütün dövrlərdə öz xalqına və dövlətçiliyimizə sədaqətlə qulluq etmiş, qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə aparılması, vətəndaşların hüquqlarının müdafiəsi işində öz xidmətlərini göstərmişdir.
1920-ci ilin aprel ayının 28-də xarici silahlı qüvvələrin hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna son qoyulduqdan sonra demokratik-hüquqi dəyərlərdən imtina olunaraq Cümhuriyyət dövründə yaradılmış bütün dövlət strukturları, o cümlədən prokurorluq və istintaq orqnları ləğv edildi. Əvəzində sosialist sisteminə uyğun yeni strukturların təşkil edilməsinə başlanıldı. 1922-ci ilin iyul ayının 11-də Azərbaycan Mərkəzi İcrayə Komitəsinin qəbul etdiyi “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekretlə Azərbaycan SSR Xalq Ədliyyə Komisarlığının tərkibində sovet prokurorluğu orqanının yaranması nəzərdə tutulmuş, sonrakı illərdə prokurorluğun fəaliyyət sahələri daha da genişlənməyə başlamışdır.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lider Heydər Əliyev həm ölkənin müstəqillik dövründə, həm də Azərbaycan SSR-nin mövcud olduğu zamanlarda respublikaya birinci dəfə rəhbərlik etdiyi dövrdə prokurorluğun fəaliyyətinə diqqət yetirmiş, prokurorluq orqanlarına və prokurorluq işçilərinə yüksək qayğı göstərmişdir. SSRİ dövründə Azərbaycan SSR-in ali rəhbərliyini həyata keçirərkən Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunun 11 may 1982-ci il tarixli iclasında prokurorluğun 60 illik yubileyi münasibətilə prokurorluq orqanlarının qanunçuluğun möhkəmləndirilməsində xidməti olmuş bir qrup işçilərinə Respublikanın Əməkdar hüquqşünası adının verilməsinə qərar vermişdir.
Heydər Əliyev sovetlər dövründə Azərbaycan Respublikasının dövlətçiliyini faktiki olaraq yenidən yaratdı. Onun sovet Azərbaycanında gördüyü işlər dövlət müstəqilliyimizin bərpasında mühüm rol oynadı. Müstəqil dövlətçiliyimizin sosial-iqtisadi, milli-mənəvi əsaslarını formalaşdırdı. Heydər Əliyev ölkənin bütün sahələrində olduğu kimi prokurorluq sisitemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan Prokurorluğu öz inkişafının Heydər Əliyev mərhələsini yaşamış oldu.
Ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və iştirakı ilə hazırlanaraq 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi- referendumla qəbul olumuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil Azərbaycan Respublikasının demokratik dövlət quruculuğu istiqamətində inkişafının hüquqi təsisatlarını, hakimiyyətin və dövlətin, idarəetmənin əsaslarını formalaşdıraraq respublikamızda hüquq sisteminin bünövrəsini yaratmış, qanunvericilik sisteminin əsasını təşkil etmişdir. Əsas qanuna çevirlmiş Konstitusiyamızın müasir prokurorluq orqanlarının formalaşmasında rolu xüsusi əhəmiyyətə malik olmuşdur.
Konstitusiya prokurorluğun fəaliyyətinə xüsusi bir maddə (maddə 133) həsr etməklə onun yerini məhkəmə hakimiyyəti sistemində müəyyənləşdirmiş, statusunu, təşkil və fəaliyyət prinsiplərini, səlahiyyətlərini və vəzifələrini dəqiqləşdirmiş, prokurorluq orqanlarına konstitusion status verilmişdir.
Ümummilli lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə 1 oktyabr tarixi respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü kimi elan olunmuş, eyni zamanda onun şəxsi təşəbbüsü və rəhbərliyi altında Azərbaycan Respublikasında prokurorluq orqanlarının yaradılmasının 80 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Bu möhtəşəm addım prokuroluq orqanları əməkdaşlarının fəaliyyətinə verilən yüksək qiymətlə yanaşı, həm də Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ənənələrinin bərpası olmuşdur.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 26 aprel 2000-ci il tarixdə prokurorluq orqanlarının rəhbər vəzifəli şəxsləri ilə keçirdiyi müşavirədə prokurorluğun fəaliyyətində əvvəllər mövcud olmuş nöqsanların aradan qaldırılmasına, zəruri tədbirlərin həyata keçirilməsinə dair proqram xarakterli nitqindən irəli gələn tövsiyyə və göstərişlərinin yerinə yetirilməsi ilə əlaqədar aparılmış geniş və dərin məzmunlu islahatlar nəticəsində Azərbaycan Prokurorluğu struktur və mahiyyət baxımından tam yenidən qurularaq demokratik məzmunlu prinsip və metodlardan istifadə etməklə mütərəqqi normativ-hüquqi fəaliyyət göstərən sivil, çevik və işlək dövlət təsisatına çevrilmişdir.
Dövlət səviyyəsində prokurorluğun rolunun artırılması istiqamətində aparılan islahatların davamı olaraq 24 avqust 2002-ci il tarixli ümumxalq səsverməsi-referendum nəticəsində Konstitusiyanın prokurorluğa aid 133-cü maddəsində dəyişiklik edilərək həmin maddənin I hissəsi yeni redaksiyada qəbul olunmuşdur. Hazırda qüvvədə olan həmin maddəyə görə “Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutlmuş qaydada və hallarda qanunların icra və təbiq olunmasına nəzarət edir; qanunla nəzərdə tutulmuş hallarda cinayət işi başlayır və istintaq aparır; məhkəmədə dövlət ittihamını müdafiə edir; məhkəmədə iddia qaldırır; məhkəmə qərarlarından protest verir”.
Həmçinin sözügedən referendumla Konstitusiyanın 125-ci maddəsinin IV hissəsində dəyişiklik edilərək “Konstitusiya icraatı istisna olmaqla, ədalət mühakiməsinin həyata keçirilməsində” sözləri “Cinayət məhkəmə icraatında” sözləri ilə əvəz edilmiş, nəticədə cinayət məhkəmə icraatında Azərbaycan Respublikası Prokurorluğunun və müdafiə tərəfinin iştirak etdiyi müəyyənləşdirilmişdir.
Eyni zamanda qeyd olunan referendumla Konstitusiyanın 96-cı maddəsinə dəyişiklik edilərək Azərbaycan Respublikası Prokuroluğu qanunvericilik təşəbbüsü hüququnun subyektləri sırasına daxil edilmişdir.
1999-2001-ci illərdə qəbul edilmiş “Prokuroluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunlar, Cinayət-Prosessual Məcəlləsi və digər normativ hüquqi aktlarla prokurorluğun yeni statusu, fəaliyyət prinsipi və istiqamətləri, hüquq, vəzifə və funksiyaları, habelə onların həyata keçirilməsi vasitələri müəyyən edilmişdir.
Bu gün də prokurorluq orqanlarında islahatlar davam edir, yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Ulu öndərin layiqli davamçısı Azərbaycan Respublikasının prezidenti cənab İlahm Əliyev tərəfindən prokurorluğa daim diqqət və qayğı göstərilir, fəaliyyətimizin daha da təkmilləşdirilməsi, maddi-sosial vəziyyətin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür, digər sahələrdə olduğu kimi məhkəmə-hüquq islahatları dövrün tələbinə uyğun daha da dərinləşdirilir.
Biz prokurorluq əmkdaşları Ümummilli lider Heydər Əliyevin “Azərbaycan prokuroluğunun inkişaf etməsinə dövlət qayğısı bu gündə, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan prezidenti kimi, mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” sözləri ilə daima mənəvi güc alaraq əminliklə deyə bilərik ki, Vətəninə, Xalqına və Prezidentinə hər zaman sadiqlik nümayiş etdirən prokuroluq orqanları bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalaraq üzərinə düşən bütün vəzifələri məsuliyyətlə yerinə yetirməklə, bu mühüm dövlət təsisatının mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun səmərəli və məqsədyönlü fəaliyyətini təmin etməyə səfərbər olacaqdır.
Elşad İBRAHİMOV
Naxçıvan Muxtar Respublikası Prоkurоrluğunun
Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd
xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat
axtarış fəaliyyətində qanunların icrasına nəzarət
şöbəsinin rəisi, baş ədliyyə müşaviri