Nikaha mane olan hallar və xitam verilməsinin əsasları hansılardır

Cavab: Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, Azərbaycan Respublikasının Ailə Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.

Azərbaycan Respublikasının Ailə Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz.
Aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir:
- yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar);
- övladlığa götürənlər və övladlığa götürülənlər;
- ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər;
- tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər;
- ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər.
Ər (arvad) öldükdə, yaxud məhkəmə qaydasında ölmüş elan edildikdə nikaha xitam verilir.
Ərin (arvadın) və ya onların hər ikisinin ərizəsi əsasında, eləcə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi əsasında nikaha xitam verilə bilər.
Arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.(https://naxcivanxeberleri.com/bloq/nikaha-mane-olan-hallar-ve-xitam-verilmesinin-esaslari-hansilardir-5305)

 

Əfqan İsmayılov

Şahbuz rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas