Hədələmə hansı hallarda məsuliyyətə səbəb olur

Sual: Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə hansı hallarda məsuliyyətə səbəb olur?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 134-cü maddəsinə əsasən öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, hədənin icra ediləcəyi üçün real əsaslar olduqda cinayət məsuliyyətinə səbəb olur. Hədənin icra ediləcəyi üçün real əsaslar dedikdə hədənin məzmunu, ifadə üsulu, forması və intensivliyi, hədələmənin şəraiti, hədəni həyata keçirməyə imkan verəcək silahın və başqa vasitələrin mövcudluğu, hədələyənin şəxsiyyətini xarakterizə edən əlamətlər, yəni onun sərxoşluğu, ictimai qaydanı tez-tez pozması, əvvəllər törətdiyi cinayətə görə məhkumluğunun olması, onun psixi cəhətdən qeyri-sabit olması, hədələyən ilə zərərçəkmiş arasında əvvəllər mövcud olmuş münasibətlər nəzərdə tutulur.  Həmin əməli törətmiş şəxslər min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.(https://naxcivanxeberleri.com/bloq/hedeleme-hansi-hallarda-mesuliyyete-sebeb-olurhuquq-mesleheti-5096)

 

Nəriman Vəliyev

Babək rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas