Həbs qətimkan tədbiri nədir?

Həbs qətimkan tədbiridir. Yalnız sadə insanlar yox, media mənsubları da əksərən şəxsin barəsində həbs qətimkan tədbiri cəzasının verilməsini düzgün qeyd etmirlər. Cəmiyyətdə ən çox rezonans doğuran və zərərçəkmiş şəxslərin də ən çox tələb etdiyi həbs qətimkan tədbiridir. Cəmiyyət, zərərçəkmiş, hətta hüquq-mühafizə orqanı əməkdaşları da şəxsin qətimkan tədbiri qismində olsa belə həbs edilməsinə cəza kimi baxırlar. Lakin hüquqa görə, qətimkan qismində həbs seçilməsi cəza məqsədli deyil.

Qətimkan tədbiri - şübhəli, yaxud təqsirləndirilən şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla onun haqqında seçilən prosessual məcburiyyət tədbiridir. Qətimkan tədbirinin seçilməsinə səbəb şəxsin hüquqlarını müvəqqəti məhdudlaşdırmaqla istintaqın normal gedişini təmin etməkdir.

Şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərar qəbul edilibsə, bu, ona “cinayətkar və ya qatil” deməyə imkan vermir. Barəsində həbs qətimkan tədbiri seçilən şəxs hələ cinayətkar deyil, təqsirləndiriləndir. O, sadəcə, istintaq tərəfindən cinayət edilməkdə təqsirləndirilir, amma bu, hələ sübut edilməyib. Məhkəmənin hökmü olmadan kimsə cinayətdə təqsirli sayıla bilməz. Həbs yalnız məhkəmə tərəfindən təqsirləndirilən şəxsin barəsində seçilə bilər.

Həbs təqsirləndirilən şəxsin azadlığının müvəqqəti məhdudlaşdırmaqla saxlanılmasıdır. Həbsin seçilməsinə zəmin olaraq, cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olmaqdır. Eyni zamanda, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək və ya cəmiyyət üçün təhlükə yaratmaq, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməmək və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq, məhkəmə hökmünün icra edilməsinə maneə törətmək kimi səbəblər də ola bilər.(https://naxcivanxeberleri.com/bloq/huquq-meslehetinde-bu-defe-hebs-qetimkan-tedbiri-nedir-4427)

 

Fərid Orucəliyev

Ordubad rayon prokurorunun köməkçisi III dərəcəli hüquqşünas