Ailə qanunvericiliyinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onların biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda, məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir.
Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir.
Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülür. Doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanı, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün Ailə Məcəlləsində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Valideynlərin arzusu ilə doğumun qeydiyyatı təntənəli şəraitdə aparıla bilər. Doğum haqqında məlumat uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində verilməlidir. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat Ailə Məcəlləsinə uyğun yazılır. Atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır.
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən tibb müəssisəsi tərəfindən doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanına dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir. Həmçinin doğum haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə, vəzifəli şəxslər yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
O cümlədən üzrlü səbəblər olmadan valideynlər tərəfindən doğumun qeydə alınması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsində müəyyən edilmiş müddətdə müraciət olunmamasına görə, xəbərdarlıq edilir və ya on manat məbləğində cərimə edilir.(https://naxcivanxeberleri.com/bloq/dogumun-qeyde-alinmasi-qaydalarinin-pozulmasi-her-hansi-bir-mesuliyyete-sebeb-ola-bilermihuquq-mesleheti-4514)
Elvin Qulusoylu
Şərur rayon prokrorunun köməkçisi I dərəcəli hüquqşünas