Kifayət qədər qısa olan dahi kəliməsini qələmlə kağızın üzərinə yazmaq və ya dilə gətirmək olduqca asandır. Bunun üçün kiçik bir kağız parçası kifayət edər. Amma, bir şəxsin, o kəliməni öz adına, ünvanına yazdırması üçün keşməkeşli, zəngin tarixi hadisələrlə dolu olan, hər bucağı, hər nöqtəsi dərin zəkadan, müdriklikdən, cəsarətdən, qayğı və məhəbbətdən qaynaqlanan nurla işıqlanmış böyük bir tarixi müstəvi lazımdır. Bu müstəviyə yazılmış dahi kəliməsi kağız parçası üzərinə yazılmış, adi bir dil ilə deyilən dahi sözündən fərqli olaraq bir xalqın, millətin bütün ürəyi ilə deyilir.
10 may 1923-cü ildən başlayaraq Azərbaycan xalqı özü də fərqinə varmadan, gələcəkdə cild-cild kitablara yazılacaq, qədim bir xalqın, bir dövlətin xilas dövrü kimi səciyyələnəcək tarixə şahidlik etməyə başlamışdır. Artıq oxucumuza da məlum oldu ki, bu tarix, adını Azərbaycan tarixinə dahi şəxsiyyət kimi yazdırmış Heydər Əliyevin dünyaya gəlməsi ilə başlamışdır. Bu günə kimi 100 ili əhatə edən bu dövrün 50 ildən artıq bir hissəsini və SSRİ-dən sonra müstəqillik əldə etdiyimiz ilk illərdəki onun fəaliyyət dövrünü Azərbaycan dövlətçiliyi üçün “ana bətni” adlandırmaq olar. Həmin dövrdə fəaliyyət göstərdiyi müddət ərzində O, sovet Azərbaycanının inkişafına töhfə verməyə çalışmaqla yanaşı, həmçinin sovet dövründən sonrakı müstəqil Azərbaycanın taleyini düşünərək onun iqtisadiyyatını gücləndirirdi, xalqımızın gələcəkdə milli-mənəvi dəyərlərini özündə saxlayan bir xalq olaraq mövcudluğunu qoruya bilməsi üçün, gənc nəslin təhsili, milli-mənəvi dəyərlərin qorunması uğrunda cəsarətli və uzaqgörən addımlar atırdı, (red: azərbaycan dilinin dövlət dili kimi Azərbzycan SSSR-nin Konstitusiyasına daxil edilməsinə təşəbbüsü və nail olması), müstəqillik dövrümüzdə azərbaycan iqtisadiyyatı üçün həyati önəm daşıyan neft strategiyasının bünövrəsini qoyurdu (red: Bakı Dərin Dəniz Özülləri zavodunun məhz onun təşəbbüsü ilə inşa edilməsi. Bunun üçün o dövrdə Fransadan xüsusi avadanlıqların gətirilməsini şəxsən özü təşkil etmişdir.) Ulu öndərin həm sovet dövründə gördüyü, saymaqla bitməyən bu kimi işləri, həm də sovet dövründən sonra yenicə müstəqil olduğumuz dövrdə cəsarətlə və böyük müdrikiliklə həyata keçirdiyi strategiya sayəsində, müstəqil Azərbaycanımız 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaşadığı taleyi təkrar yaşamaq təhlükəsindən xilas oldu və müstəqil dövlət kimi yeni bir ömür yoluna qədəm qoydu. Sözsüz ki, xalqımızın çıxdığı bu yeni yolda da ona qarşı olan təhdidlər hələ bitməmişdi, lakin Heydər Əliyevin fədakarcasına mübarizəsi də davam edirdi. Müstəqillik ərəfəsində 1990-cı il 20 yanvar faciəsi baş verdikdən sonra, H.Əliyevin Moskvada Azərbaycan nümayəndəliyinə gəlib məsələyə münasibət bildirməsi, o dövrkü sovet rəhbərliyini cinayəti törətməkdə açıq şəkildə günahlandırması və faciəyə hüquqi-siyasi qiymət verilməsini tələb etməsi müstəqil Azərbaycanın yolunda təhdid yaradan amillərlə onun yeni mərhələdə mübarizəsinin başlanğıcı idi. Heydər Əliyev bu cəsarətli mövqeyilə bütün dünyaya göstərdi ki, xalqımızın azadlıq mübarizəsində, canını xalqa fəda etməyə hazır olan, ona doğru yol göstərən dahi siyasətçisi var və Azərbaycan xalqının azadlıq iradəsini heç kim qıra bilməz. Ulu öndərin sonralar dediyi “müstəqilliyi qoruyub saxlamaq, onu əldə etməkdən daha çətindir ” fikri, dövlətçilik tariximizdəki hadisələri təhlil etdikdən sonra tam mənada təsdiq olunur və biz görürük ki, Heydər Əliyev sovet dövründə də, müstəqilliyin ilk vaxtlarında da Azərbaycanın müstəqil dövlət kimi yaşaya bilməsi üçün zəmin hazırlayırdı. Məhz ona görə biz, yuxarıda qeyd etdiyimiz tarixi dövrləri Azərbaycan dövlətçiliyinin “ana bətni” adlandırırıq.
Faciəni ört-basdır etməyə çalışan, siyasi-hüquqi qiymət verilməsini tələb etməkdən qorxan o vaxtkı Azərbaycan rəhbərliyindən fərqli olaraq istefada olan və ağır infarkt keçirmiş Heydər Əliyevin açıq və sərt mövqeyi onun cəsarətinin, xalqına olan qayğı və məhəbbətinin təcəssümü idi. Onun bu fəzilətləri sayəsində, mürəkkəb tarixi müstəvidə xalqın azadlığa aparan yolu işıqlandı, xalq özünün gələcək taleyini görərək, nicatının ünvanını anlayaraq Heydər Əliyevin ətrafında birləşdi və tarixi məqam yetişəndə öz dahi liderinə olan sadiqliyini nümayiş etdirdi. Belə ki, H.Əliyev müstəqil Azərbaycan Respublikasının prezidenti seçiləndən sonra zorakı yollarla hakimiyyəti ələ keçirib sabitliyi pozmağa cəhd edən qüvələr dövlət çevrilişi etməyə cəhd edən zaman O, öz müdrikliyi sayəsində bu cəhdin qarşısını qan tökülmədən tam demokratik və sivil vasitələrlə aldı. Dövlət çevrilişi cəhdi ilə bağlı onun gecə saatlarında televiziya vasitəsilə xalqa müraciətindən qısa bir vaxt sonra Bakının küçələri ölçüyəgəlməz bir izdihama şahidlik etdi. Bu izdiham, bir dahinin tarixlə sübut olunmuş, xalqa olan qayğı və məhəbbətinə qarşı milyonlarla ürəyin bərabər döyünməsilə yaranmış coşğu idi. Budur dahilik, budur xalqa xidmət və məhəbbət.
Azərbaycan xalqı mühüm tarixi məqamlarda Heydər Əliyevin ardınca getməklə öz taleyini həll edərək müstəqillik və inkişaf yoluna qədəm qoydu. Biz bu yolda addımlayarkən atdığımız hər bir addımın, qazandığımız hər bir uğurun arxasında Heydər Əliyevin olduğunu unutmuruq.(https://naxcivanxeberleri.com/bloq/bir-xalqin-taleyi-ve-bir-dahi-4798)
Emil Abdullayev
Şahbuz raon prokuroru ədliyyə müşaviri