Hüquqi dövlət quruculuğunda Azərbaycan modelinin banisi

Dünya təcrübəsi göstərir ki, hər bir xalqın yaranmış tarixi imkandan bəhrələnərək öz müstəqil dövlətini qurması, ilk növbədə lider amili ilə bağlı olmaqla onun yaradıcı təfəkkürü, siyasi əzmi, yüksək intellekti, qətiyyəti və dövlətçilik səriştəsi sayəsində gerçəkləşir. Bütövlükdə millətin taleyində tarixi dönüşə zəmin yaradan taleyüklü məqamlarda bir daha təsdiqlənir ki, əsl siyasi lider öz cəsarəti, çevik və prinsipial qərarları, ən çətin şəraitdə çıxış yolu tapmaq məharəti ilə seçilən fitri istedada malik insanlardır. Milli tariximizə bu kimi keyfiyyətləri ilə öz adını əbədi həkk etmiş lider Heydər Əliyevdir. Məhz bu nadir tarixi sima XX əsrin sonunda xalqımızı əsrlər boyu can atdığı həqiqi müstəqillik amalına qovuşdurmuş, mütərəqqi tarixi ənənə əsasında yeni dövlətçilik konsepsiyasını irəli sürmüş, onun dayanıqlı inkişafı üçün etibarlı zəmin yaratmışdır.

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbəri olmuş, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir.

Ümummilli liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır. Ulu öndər 1969-cu ilin 14 iyul tarixində birinci dəfə siyasi hakimiyyətə gələndə Azərbaycan iqtisadi və mədəni sahədə tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mədəniyyətin tərəqqisi dövrü yaşanmışdı.  Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiyası prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.

Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində müstəqillik hərəkatının geniş vüsat alması Heydər Əliyevin hakimiyyətinin birinci dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.  Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi təşəbbüsü oldu ki, bu da dəyərli təhsil ənənəsinin əsasını qoydu. Ulu öndərin başçılığı ilə 1969-1982-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri də respublikada təhsilin inkişafına xüsusi diqqət yetirməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi.

Ümummilli Liderin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq milli məfkurənin yüksəliş və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri respublikamızın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Azərbaycanın tanınması üçün Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunurdu. SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi.

Azərbaycan xalqı milli dövlətçiliyini itirmək təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda taleyini yenə də Heydər Əliyevə etibar etmişdir. 1993-cü ilin iyununda AXCP-Müsavat cütlüyünün səriştəsiz üsul-idarəçiliyi dövründə ölkədə kəskin hakimiyyət böhranı yaranmış, ictimai-siyasi sabitlik pozulmuş, xaos və anarxiya, hərcmərclik mühiti formalaşmış, vətəndaş qarşıdurması dərinləşmiş və nəticədə ölkə nəinki siyasi süquta sürüklənirdi, hətta Azərbaycanın bir dövlət kimi mövcud olacağı belə təhlükə altında idi. Hadisələrin sonrakı gedişi də təsdiqlədi ki, yalnız Heydər Əliyev kimi dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik xarizmatik dahi lider xalqı bu sarsıntı və təlatümlərdən çıxara, Azərbaycanın dövlət müstəqilliyini qoruyub möhkəmləndirə bilərdi.

Təsadüfi deyil ki, ulu öndərimizin rəhbərliyi altında tezliklə hakimiyyət böhranı tam aradan qaldırıldı, Respublikanın müxtəlif bölgələrindəki qanunsuz silahlı dəstələr, dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər zərərsizləşdirildi, ölkədə ictimai-siyasi sabitlik bərpa edildi ki, bütün bunlar Azərbaycanda ardıcıl və sistemli şəkildə demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyəti və yeni iqtisadi münasibətlərin formalaşmasına,  əsaslı islahatların aparılmasına imkan verdi. Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti və fövqəladə rəhbərlik bacarığı sayəsində tezliklə siyasi-iqtisadi və sosial-mədəni həyatın bütün sahələrində mühüm nailiyyətlər əldə olundu. Müstəqil Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının qəbulu, demokratik yolla prezident, parlament, habelə, bələdiyyə seçkilərinin keçirilməsi, Şərqdə ilk dəfə olaraq ölüm cəzasının ləğvi, kütləvi informasiya vasitələrinə sərbəst fəaliyyət imkanlarının verilməsi, senzuranın ləğvi, siyasi plüralizm və çoxpartiyalı sistemin dəstəklənməsi, “Əsrin Müqaviləsi”nin imzalanması, dünya əhəmiyyətli qlobal neft və qaz kəmərlərinin çəkilişi, günü-gündən artan iqtisadi yüksəliş və s. və i.a. bu qəbildəndirlər.

Dövlət quruculuğu və idarəçiliyinin mahir ustası olan dahi Heydər Əliyev Azərbaycanın perspektiv inkişaf prioritetlərini olduqca düzgün qiymətləndirərək çox gözəl bilirdi ki, qurduğu dövlətin yaşaması və əbədi olması üçün o, dünya tərəfindən qəbul edilən beynəlxalq hüquqa əsaslanmalıdır. Ona görə də, Ulu Öndər tezliklə sivil dünya dövlətlərinin çoxillik təcrübəsindən bəhrələnərək demokratik prinsipləri özündə ehtiva etməklə Azərbaycanın milli maraqlarına xidmət edən hüquqi islahatlara başladı. 

Aparılan hüquqi islahatların tərkib hissəsi kimi ilk milli Konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi, Konstitusiya Məhkəməsinin yaradılması, “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Məhkəmə və hakimlər haqqında”, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və s. çoxlu qanunlar və məcəllələr yeni yaranmış müstəqil dövlətin yaşaması və möhkəmlənməsi üçün olduqca mühüm idi. Qeyd olunmalıdır ki, Azərbaycan postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da "Habeas Corpus" prinsipini tətbiq edən ilk dövlətlərdən oldu.

Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də uğurla davam edir. Həyata keçirilən hüquqi dövlət quruculuğu prosesi, genişmiqyaslı məhkəmə-hüquq islahatları ədalətli cəmiyyətin, demokratik hüquqi dövlətin qurulmasına yönəlmişdir. Dünya təcrübəsi göstərir ki, hüquqi dövlətin qurulması güclü prokurorluq sisteminin formalaşdırılması ilə sıx bağlıdır.

Dövlətimizin həyatında əhəmiyyətli yer tutan prokurorluğun insan hüquq və azadlıqlarının təmin edilməsində, demokratik inkişafa maneə yaradan halların aradan qaldırılmasında, məhkəmə-hüquq islahatlarının uğurla həyata keçirilməsində, ədalət mühakiməsinin beynəlxalq tələblərə cavab verən səviyyədə formalaşmasında və ictimai-siyasi həyatın bütün sahələrində müstəqil dövlətimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulmasında böyük rolu vardır. Yüksək qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləməklə, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır. Dövlət başçısı cənab İlham Əliyev haqlı olaraq bəyan etmişdir ki, “Hər hansı ölkənin sabit və davamlı inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır”. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət və misilsiz əmək nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir.

Bu gün Azərbaycan Respublikasının bütün regionları sürətlə inkişaf etməkdədir. Məhz  Naxçıvan Muxtar Respublikasında aparılan əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasətin uğurla davam etdirməsinin nəticəsidir ki, Naxçıvan  Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfələrini verir və Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə Ölkə Başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalanmışdır. Dövlət proqramları çərçivəsində görülmüş və görüləcək işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaratmışdır. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir.

Naxçıvanda aparılan abadlıq-quruculuq işləri ulu öndər Heydər Əliyev tərəfindən hazır­lanan və ölkə başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf proqramının əməli nəticələridir. Buna görədir ki, qədim tarixə, mühüm siyasi və iqtisadi strateji əhəmiyyətə malik region bu gün misligörünməmiş şəkildə tərəqqi etməkdədir. Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”. 

Heydər Əliyevin hüquqi dövlət quruculuğunda zəngin irsinə nəzər salarkən Uinston Çerçilin sözlərini xatırlatmaq olar: "dövlət xadiminin siyasətçidən fərqi ondadır ki, siyasətçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəsli düşünür". Bu sözlər sanki Azərbaycanın sabahını, xalqımızın rifahını daim düşünən ümummilli liderimiz Heydər Əliyev haqqında deyilmişdi.

Bu gün tam əminliklə söyləyə bilərik ki, hələ çox-çox illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.(https://naxcivanxeberleri.com/bloq/huquqi-dovlet-quruculugunda-azerbaycan-modelinin-banisi-4349)

 

Qalib İsmayılov

Culfa rayon prokuroru ədliyyə müşaviri