Sual: 2 gün əvvəl evə gələrkən qonşumun iti küçədə üstümə hücum edib ayağımı dişlədi və mən xəstəxanaya müraciət etməli oldum, dəymiş fiziki zərərlə yanaşı müəyyən miqdar müalicə xərcləri də çəkmişəm, çəkdiyim xərclərin əvəzini ala bilərəmmi?
Cavab: Bəli, sizə dəymiş ziyanı və müalicə xərclərini həmin heyvanın sahibindən tələb edə bilərsiniz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Həmçinin, “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.3-cü bəndində göstərilir ki, ev heyvanları tərəfindən adamların dişlənməsi zamanı onlara dəyən ziyan və müalicə xərcləri heyvan sahibi tərəfindən ödənilməlidir.(https://naxcivanxeberleri.com/bloq/cekdiyim-xerclerin-evezini-ala-bileremmihuquq-mesleheti-4323)
Culfa rayon prokurorluğunun
böyük müstəntiqi vəzifəsi üzrə stajoru
Tural Tarverdiyev