Müstəqil Azərbaycanın memarı və qurucusu

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan tarixində, ölkəmizin hərtərəfli inkişafında, müstəqil Azərbaycan Respublikasının dünya birliyində layiqli yerini tutmasında müstəsna xidmətləri olmuşdur. Müasir Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dahi şəxsiyyətin - Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin respublikamıza hələ birinci rəhbərliyi dövründə milli iqtisadiyyatın inkişafı üçün böyük işlər görülmüş, iri sənaye müəssisələri yaradılmış, bütün sahələrdə əsaslı yüksəlişə nail olunmuş, respublikamızın hərtərəfli inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Bunun da nəticəsində müttəfiq respublikalar arasında Azərbaycan iqtisadi inkişaf səviyyəsinə görə qabaqcıllar sıralarda qərar tutmuşdu. Dövlətçilik fəaliyyətini və idarəetmə prinsiplərini elmi əsaslara söykənərək aparan Ulu Öndər ölkəmizdə elmin, təhsilin, hüquqmühafizənin, mədəniyyət və incəsənətin, ədəbiyyatın sürətli inkişafına nail olmuşdu. Elə bir sahə yox idi ki, dövlət rəhbərinin nəzərindən kənarda qalsın. Lakin ötən əsrin 90-cı illərin əvvəllərində ölkəyə "rəhbərlik" edənlər qurmaq, yaratmaq əvəzinə dağıdıcılıq yolu tutmaqla ölkəmizin iqtisadi potensialına çox böyük zərbələr vurdular. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizi xaos və anarxiyadan, hərc-mərclikdən qurtardı, Azərbaycanın qüdrətlənməsinə və xalqımızın maddi rifah halının yüksəldilməsinə xidmət edən siyasi xəttini daha böyük prinsipiallıqla və ardıcıllıqla həyata keçirməyə başladı. İlk növbədə qlobal enerji və nəqliyyat layihələri həyata keçirildi, Azərbaycan beynəlxalq arenaya çıxarıldı. Dünyada Azərbaycanın rolu və nüfuzu artdı. Ümummilli lider müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda tarixi və əvəzsiz xidmətlər göstərdi.

Bütün bunları nəzərə alan Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikasmda 2023-cü ilin "Heydər Əliyev ili" elan edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin sərəncamda deyilir: "Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Heydər Əliyevin milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrilmiş və qısa müddətdə ölkəmizin inkişafına güclü təkan verən resurslar əldə edilmişdir. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur."

Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycanın hərtərəfli inkişafında və dövlətçilik tarixində müstəsna yeri vardır. Bu dahi insan Azərbaycana rəhbərlik etdiyi dövrdə '‘...müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur".

Ulu öndər qeyri-adi keyfiyyətlərə malik müdrik dövlət xadimi, fenomen şəxsiyyət, ümummilli lider adını qazanmış siyasi lider idi. O, müasir dünya siyasətinin ən tanınmış nümayəndəsi, dünyanın ən görkəmli dövlət və siyasi xadimlərinin, elm və mədəniyyət xadimlərinin... çox yüksək qiymətləndirdikləri idarəetmə ustadı kimi tanınmışdır. Heydər Əliyev tarixdə "siyasət qrosmeysteri", "kompyuter insan", "canlı əfsanə", "dahi prezident" və onlarla bu cür adlarla adlandırılmışdır. Onun idarəetmə keyfiyyətləri, qarşıya çıxan ən çətin vəzifələrdən optimal yol seçmək bacarığı, qibtə ediləsi dəmir iradə, iti ağıl, yüksək intellekt, geniş dünyagörüş... onu dünya miqyaslı siyasətçiyə çevirmişdir. Heydər Əliyevi dünyanın ən məşhur siyasətçiləri və dövlət xadimləri ilə müqayisə edirlər.

Ümummilli lider Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycanı dünya miqyasında tanıdan görkəmli dövlət xadimi idi. Bu qüdrətli dövlət xadimi XX əsrdə xalqımızın yetirdiyi böyük dühalardan biri idi. O, bütün fəaliyyəti boyu türk dünyası ilə əlaqələrin möhkəmlənməsinə çalışırdı, ikitərəfli münasibətlərin inkişaf etməsinə xüsusi əhəmiyyət verirdi.

Heydər Əliyevin dövlətçilik təlimi ölkəmizin hərtərəfli inkişafında mühüm yer tutmuşdur. Burada elmin, təhsilin, mədəniyyətin, milli-mənəvi dəyərlərin mövcudluğu, dövlətçilik təlimində bunların oynadığı rol elə mükəmməl səviyyədə ortaya qoyulmuşdur ki, bu təlimin həyatiliyini, nəzəri və praktik əhəmiyyətini əyani şəkildə göstərir.

Ulu öndər Heydər Əliyev tarix yazmamışdır, o tarix yaratmışdır. Onun tarix konsepsiyası bütövlükdə ölkənin əldə olunan uğurlarına və gələcək inkişafına hesablanmışdır. Heydər Əliyev qətiyyətlə söyləyirdi ki, xalq öz tarixinin heç bir səhifəsini unutmasın, onu düzgün araşdırsın, ehtiramla yanaşsın. Qüdrətli dövlət xadimi tariximizin bir sıra qaranlıq səhifələrinə işıq salmış, XIX, XX əsr tariximizin bir sıra problemlərinə öz obyektiv münasibətini bildirmiş, tarixçilərimizə əsl örnək nümunəsi göstərmişdir.

1993-cü ilin iyun ayının 15-də xalqın təkidli tələbi ilə böyük öndərin siyasi hakimiyyətə qayıdışı sayəsində qayəsini müstəqillik, azərbaycançılıq, ədalət, demokratiya, hüquqi, sivil dövlət quruculuğu, ümummilli və ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Müəllifi məhz Heydər Əliyev olan, 1995-ci ildə qəbul edilmiş ilk Milli Konstitusiyamız-hüquqi, demokratik, dünyəvi dövlət quruculuğunu, insan və vətəndaş hüquqlarının üstünlüyünü və hakimiyyət bölgüsünü müstəqil Azərbaycanın gələcək inkişaf yolu kimi müəyyənləşdirdi.

Ulu öndərin qeyd etdiyi kimi, demokratiyanı bir tərəfdən insan hüquqları, digər tərəfdən isə dövlət quruculuğu və dövlət hakimiyyətinin təmin olunması təşkil edir. Ona görə də aparılan hüquqi islahatlar çərçivəsində ədliyyə, prokurorluq, daxili işlər və digər hüquq-mühafizə orqanlarının fəaliyyəti hüquqi dövlət konsepsiyasına uyğun təkmilləşdirilmiş, yeni qanunvericilik bazası yaradılmış, onların maddi bazası əhəmiyyətli dərəcədə gücləndirilmişdir. Ölkə prokurorluğu çoxillik tarixə malik olsa da, müasir prokurorluq sisteminin formalaşması və müasirləşdirilməsi ümummilli liderin adı ilə bağlıdır.

İlk Milli Konstitusiyamızda prokurorluğa ayrıca maddə həsr edilərək, dövlət idarəetmə sistemində bu təsisatın yeri müəyyənləşdirilmiş, ilk dəfə olaraq prokurorluq orqanlarına konstitusion status verilmişdir. Müasir Azərbaycan Respublikasının prokurorluq orqanlarının Konstitusiya səviyyəsində 1918-1920-ci illərdə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olmasının təsdiqi ümummilli liderin xalqımızın tarixi irsinə qayğılı münasibətinin bariz nümunəsidir. Məlum olduğu kimi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində yaradılaraq əsası qoyulmuş milli prokurorluq orqanları məhkəmə sistemində fəaliyyət göstərmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində onun 17 iyul 1998-ci il tarxli sərəncamı ilə 1 oktyabr prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilmişdir.

Ulu öndərin həyata keçirdiyi məhkəmə-hüquq islahatları çərçivəsində 1999-cu ilin dekabr ayında qəbul edilmiş "Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanun”unda prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik prinsiplərə uyğunlaşdırılması, bu təsisatın sistemi və təşkili, səlahiyyətləri və vəzifələri, kadr təminatı və işçilərin sosial müdafiəsi, fəaliyyəti ilə bağlı digər məsələlərin beynəlxalq standartlara uyğun tənzimlənməsi nəzərdə tutulmuşdur. Prokurorluğun dövlət səviyyəsində rolunun artırılması istiqamətində müvafiq tədbirlər görülmüş, 2002-ci il sentyabr ayının 19-da qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir ki, bu da prokurorluğun hüquq sistemindəki yerini və rolunu daha da gücləndirmişdir. Beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında”, "Prokurorluq orqanları işçilərinin fərqlənmə nişanları və xüsusi geyim forması haqqında”, “Prokurorluğun rəsmi emblemi haqqında” və digər qanunvercilik aktlarının qəbul edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi beynəlxalq standartlara cavab verən səviyyəyə yüksəlmişdir.

Ulu öndərin hüquqi və demokratik dövlət quruculuğu xəttini yeni dövrün tələblərinə uyğun davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 20 ildə ölkədə insan və vətəndaş hüquq və azadlıqlarının təmini istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Aparılan islahatlar deməyə əsas verir ki, hər bir vətəndaşın layiqli Prezidenti olacağını bəyan etmiş dövlətimizin başçısı verdiyi vədini əməli, konkret işlərlə doğrultmuş, ölkəmizin hüquq sistemində də daha da təkmilləşdirilməni təmin etmişdir.

Bu gün müstəqil Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi yolla irəliləyir, məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, insan hüquq və azadlıqlarının təmini, demokratikləşmə sahəsində yeni-yeni uğurlara imza atır.

Heydər Əliyev ideyaları həm tarixdə, həm də günümüzdə Azərbaycaın dayanıqlı inkişafına səbəb olmuşdur. Bu siyasətin layiqli davamçısı olan dövlət başçısı cənab İlham Əliyev Heydər Əliyev siyasi xəttini uğurla davam etdirir.

Mayası vətən və xalq sevgisindən yoğrulan, xalqının yolunda çəkdiyi əzab əziyyəti sevgi ilə qarşılayan, dünyanı özünə heyran qoyan Heydər Əliyevlə - Tanrının xalqımıza verdiyi bu unikal şəxsiyyətlə öyünməyə, qürurlanmağa, fəxr etməyə bütün dünyanın, amma öncə və daha çox bizim, biz azərbaycanlıların haqqı vardır. Çünki Heydər Əliyev, hər şeydən əvvəl, bizimdir, öz əlləri ilə qurub-yaratdığı doğma Azərbaycanımızındır.

 

Qalib İsmayılov

Culfa rayon prokuroru 

ədliyyə müşaviri