Vətəndaş müraciətləri və onlara baxılması yolları

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsində vətəndaşların müraciət etmək hüququ təsbit olunub. Konstitusiyaya əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.

Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.

“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 30 sentyabr 2015-ci il tarixli Qanunu qəbul edilib. Həmin  Qanun Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyən edir.

Qanunvericiliyə əsasən müraciət edən şəxslər fiziki və ya hüquqi şəxslərdir. Müraciət isə müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayətdir.

Bəzən vətəndaşlar müraciət edərkən müraciətlərinin aidiyyətinə fikir vermirlər. Yalnız yuxarı instansiyalara müraciət etməyə çalışırlar. Müraciətlərdəki məsələlər mahiyyəti üzrə düz ünvanlanmır. Bu isə onların müraciətlərinin həllinin uzanmasına, bir qurumdan digər quruma aidiyyəti üzrə göndərilməsinə, bir qurumun işinin daha da artmasına səbəb olur. Bunu isə vətəndaş onun müraciətinə vaxtında baxılmaması kimi qiymətləndirir.

Qanunvericilik vətəndaşların müraciətlərinə dair tələbləri müəyyən edib. Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud Qanunun 6.7-ci maddəsində göstərilən qaydada – elektron müraciət şəklində.

Yazılı müraciətdə müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi, müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı (yaxud işlədiyi yer), hüquqi şəxsin adı və hüquqi ünvanı, müraciət nümayəndə vasitəsilə təqdim edildikdə, nümayəndənin adı, soyadı, atasının adı və ünvanı, müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla qanunun tələblərinə cavab vermədikdə anonim sayılır. Kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır. Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalı, elektron sənəd formasında göndərilən müraciət elektron imza ilə təsdiq olunmalıdır. Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.

Bəs vətəndaşlar müraciətlərini aidiyyəti üzrə necə ünvanlamalıdır?

Bütün hallarda müraciətə baxan subyekt qanunla nəzərdə tutulmuş səlahiyyətləri çərçivəsində ərizə, şikayət və digər müraciətlərə baxa bilər.

“Prokurorluq haqqında” Qanunun 20-ci maddəsində qeyd olunur ki, prokurorluqda qanunla müəyyən edilmiş qaydada və səlahiyyətləri daxilində ərizə, şikayət və təkliflərə baxılır, vətəndaşların qəbulu həyata keçirilir. Cinayət barədə ərizə, şikayət və məlumatlara təxirə salınmadan baxılır.

Prokurorluq orqanlarında “Vətəndaşların müraciətləri haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verməyən anonim müraciətlər qəbul edilmir və onlara baxılmır. Dövlət orqanının (və ya onun vəzifəli şəxsinin) qanunazidd hərəkəti (hərəkətsizliyi) barədə prokurorluq orqanlarına daxil olmuş müraciətlərə Qanuna və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.6-cı maddəsinə uyğun olaraq baxılır. Bu cür müraciətlər prokurorluq orqanlarının səlahiyyətlərinə aid olmadıqda onlar beş iş günü müddətində müraciət edən şəxsə qaytarılır. Vətəndaşın müraciəti müraciətə baxan subyekt (və ya onun vəzifəli şəxsi) tərəfindən aidiyyəti üzrə baxılması üçün prokurorluq orqanına göndərildikdə həmin subyektə (və ya onun vəzifəli şəxsinə) onun xahişi ilə baxılmanın nəticəsi barədə məlumat verilir. Əgər vətəndaş prokurorun qərarından narazı qalarsa, o yuxarı prokurora və ya məhkəməyə müraciət edə bilər. Mülki məsələlərə dair prokurorluğa daxil olan müraciət aidiyyəti üzrə məhkəməyə göndərilir.

“Polis haqqında” Qanuna əsasən həmin Qanunun müddəalarının icrasına idarədaxili və idarədənkənar nəzarət həyata keçirilir. Polisin fəaliyyətinə idarədaxili nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş səlahiyyətlər çərçivəsində müvafiq icra hakimiyyəti orqanı, idarədənkənar nəzarəti isə müvafiq icra hakimiyyəti həyata keçirir. Polis orqanlarında qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində məhkəmələr və prokurorluq orqanları həyata keçirir. Polisin qərarından müvafiq icra hakimiyyətinə, prokurorluq və məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası vətəndaşlarının, onun ərazisində yaşayan xarici vətəndaşların, habelə vətəndaşlığı olmayan şəxslərin qanunlarda nəzərdə tutulmuş hüquq və azadlıqlarının, hüquqi şəxslərin qanuni mənafelərinin hər cür qəsdlərdən və qanun pozuntularından məhkəmə icraatının istənilən mərhələsində məhkəmə müdafiəsi hüququ təmin olunur. Heç kəs məhkəmə müdafiəsi hüququndan məhrum edilə bilməz. Rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır.

İnzibati məhkəmələr birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati və iqtisadi mübahisələrə dair işlərə baxır.

Kommersiya məhkəmələri birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır.

Azərbaycan Respublikası Konstitusiyasına müvafiq olaraq apellyasiya məhkəməsi mülki, kommersiya və inzibati mübahisələrə dair, cinayət və inzibati xətalara dair işlər üzrə yuxarı instansiya məhkəməsidir.

Mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə baxır, baxılması zamanı instansiyalar nəzərə alınır. Yəni birinci instansiya məhkəməsinin qərarından yalnız yuxarı instansiya məhkəmələrinə müraciət oluna bilər. Bəzən vətəndaşlar tərəfindən məhkəmənin qərarından polis və prokurorluq orqanlarına şikayət edilir. Bütün hallarda prokurorun qərarında yuxarı prokurorluğa və məhkəməyə, məhkəmənin qərarından isə yuxarı instansiya məhkəməsinə şikayət verilə bilər.

“Mediasiya haqqında” Qanuna əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla), ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yəni vətəndaş bu məsələlər barədə əvvəlcə mediatora müraciət etməlidir.

Həmçinin ölkəmizdə İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı yaradılmışdır. Onun vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və insan hüquqları pozuntularının qarşısını almaqdan ibarətdir.

Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.

Sonda vətəndaşlara müraciət edərək qeyd etmək istəyirik ki, doğru ünvana etdiyiniz müraciət vaxtında öz həllini tapar.

 

Faiq SƏFƏROV

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

şöbə rəisi, baş ədliyyə müşaviri

“Şərq qapısı” 14.01.2023-cü il