Bu gün insanların həyatını nəqliyyatsız təsəvvür etmək mümkün deyil. Bütün yeni texnologiyalar kimi nəqliyyatın inkaşfı da özünəməxsusluğu ilə müşayiət olunur. Bu özünəməxsusluğun təməlində isə yol hərəkəti təhlükəsizliyin təmin edilməsi dayanır.
Yol hərəkəti xüsusi nəzərdə tutulmuş yollarda nəqliyyat vasitələrinin köməyi ilə və ya belə kömək olmadan hərəkət etmək, habelə sərnişin və yük daşınması üzrə fiziki və hüquqi şəxslərin tələbatlarını ödəmək prosesində yaranan ictimai münasibətlərin məcmusudur. Yol hərəkətinin təşkili isə nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini, optimal sürətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsində həyata keçirilən və yol hərəkətinin ayrılmaz hissəsi olan mühəndis və təşkilati tədbirlər sistemidir. Yol hərəkəti ilə bağlı qəbul olunmuş bütün normativ-hüquqi aktların əsas məqsədi yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsidir.
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 1998-ci il 03 iyul tarixli Qanununda qeyd edilir ki, yol hərəkəti iştirakçısı hərəkət prosesində piyada, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxsdir. Bizim hər birimiz bu və ya digər formada yol hərəkətinin iştirakçısıyıq. Ona görə də yollardan istifadə edən zaman hüquq və vəzifələrimizi bilməli və onlara əməl etməliyik.
Yol-nəqliyyat hadisəsi yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlak olmasına və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb olan hadisədir. Bu hadisələrin baş verməsinə səbəb olaraq insanların və nəqliyyatın sıxlığının artması, sürücülərin, piyadaların və sərnişinlərin diqqətsizliyi kimi amilləri göstərə bilərik. Belə hadisələrin baş verməsi isə hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir.
Qeyd edək ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini, sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, qanunvericilikdə nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin fərdi qəza sığortası müqaviləsinin icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır.
Yol polisi əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra yuxarıda göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır.
“Yol hərəkəti haqqında” Qanunda piyadanın vəzifələri ilə bağlı göstərilir ki, piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə hərəkət etməli və ya ayırıcı zolağı olan yollarda hərəkət hissəsinin xarici kənarı ilə getməli, dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməli, yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə nəqliyyat vasitələrinin hərəkəti istiqamətinə qarşı getməli, ümumi istifadədə olan nəqliyyat vasitəsini və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləməlidir.
Piyada hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada svetoforunun, o olmadıqda isə, nəqliyyat svetoforunun işarəsini əsas tutmalı, yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalı, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat vasitəsi yaxınlaşdıqda, yolun hərəkət hissəsini keçməməli, dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməli, görünmə zonasında keçid və ya yolayrıcı olmadıqda, ayırıcı zolaq olmayan və sədd çəkilməyən, hər iki tərəfdən yaxşı görünən sahələrdə hərəkət hissəsinin kənarına nisbətən yolu düzbucaq altında keçməli və sutkanın qaranlıq vaxtı yolun işıqlanmayan hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda keçməlidir.
Piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir sırada dörd nəfərdən çox olmayan dəstə ilə getməyə icazə verilir. Uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir.
Qeyd edək ki, inzibati xatalara dair qanunvericilikdə isə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar öz əksini tapmışdır. İnzibati xətanı törətmiş şəxs isə inzibati məsuliyyətə cəlb olunur. Həmin şəxs barəsinə isə inzibati cərimə, inzibati həbs tətbiq edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ müəyyən müddətə məhdudlaşdırılır.
Unutmayaq ki, insanları bir-birinə yaxın etmək üçün çəkilmiş yollarda hərəkət qaydalarını pozma onları əbədi ayıra bilər. Buna görə də istər sürücü, istersə də piyada kimi öz məsuliyytəimizi başa düşməli, qanunun tələblərinə hamılıqla riyaət etməliyik.
Faiq Səfərov
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
şöbə rəisi, baş ədliyyə müşaviri