Uşaqları zərərli informasiyadan qorumaq valideynlərin həm də mənəvi vətəndaşlıq borcudur

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin tələbinə əsasən hər bir valideyn uşaqların qayğısına qalmağa və onları tərbiyə etməyə borcludur. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər.

Bu gün valideynlərin qarşısında duran əsas vəzifələrdən biri uşaqları zərərli informasiyalardan qorumaqdan ibarətdir. Yəni bugünkü kriminal və neqativ informasiya bolluğunda hər bir valideyn öz övladının altşüuruna hansı informasiyanın ötürüldüyünə diqqət etməlidir.Yayılan zərərli informasiyalar bütün cəmiyyət üzvləri ilə yanaşı, uşaqlara da ciddi zərər vurur. Xüsusən də sosial şəbəkələrdə yayılan zərərli informasiyalar, ilk növbədə, uşaqların altşüurunu zədələyir.

Psixoloqlar uşaqların nəzarətsiz olaraq kompüter və smartfonlardan, internet informasiya resurslarından istifadəsinin onların yaş xüsusiyyətlərinə, psixologiyasına uyğun olmayan informasiyalarla yüklənməsi ilə nəticələnə biləcəyini və bunun da onları gələcəkdə bir çox təhlükələrlə qarşı-qarşıya qoyacağını bildirirlər. Təbii ki, valideynlərin övladlarını bu təhlükələrdən qorumaları onların başlıca valideynlik borcu, ana məramlı olmalıdır.

Hər bir uşağın yaşına uyğun informasiya əldə etmək hüququ var. Bəs bu hüququnu əlindən almadan onları zərərli informasiyalardan necə qoruya bilərik?

2020-ci il yanvarın 1-dən qüvvədə olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Məlum olduğu kimi, elektron kütləvi informasiya vasitələri dövriyyəyə sürətlə daxil olduğu üçün artıq televiziya və radio ilə kifayətlənmir, həm də sosial şəbəkələrdən istifadə edirik. Bu, günümüzün gerçəkliyidir. Odur ki, heç kəsi, o cümlədən uşaqları məcbur edə bilmərik ki, bu qədər geniş yayılan sosial şəbəkələrə biganə qalsınlar. Bundan yeganə çıxış yolu uşaqların düzgün yönləndirilməsidir. Uşaqları qorumaq üçün jarqon, qeyri-əxlaqi ifadələri, narkotik vasitələri, psixotrop maddələri, alkoqolu təbliğ edən informasiya axınının qarşısını almaq lazımdır.

Gəlin qeyd etdiyimiz qanunun tələblərinə və mahiyyətinə birlikdə nəzər salaq.

Qanunvericiliyin tələbinə əsasən uşaqların informasiya əldə etməsi onların əldə olunması qanunla məhdudlaşdırılmayan informasiyanı, o cümlədən informasiya məhsulunu əldə edib ondan istifadə imkanıdır. İnformasiya məhsulları ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan kütləvi informasiya vasitələri məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsullarıdır.

Qanunvericilikdə informasiya məhsullarının yaş kateqoriyası və yaş təsnifatı da öz əksini tapıb. Uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarına mövzusuna, məzmununa və tərtibatına görə yalnız və ya əsasən, yetkinlik yaşına çatmayanlara aid edilən informasiya məhsulları daxildir.

Bütövlükdə, zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutumuzu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, qeyri-əxlaqi informasiyalar uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya hesab olunur.

Zərərli informasiyalar uşaqlarda cinayət törətmək həvəsi oyadır, cinayətkar mühiti, o cümlədən cinayətləri və cinayətkarları, kriminal norma və dəyərləri, cinayətkar mühitin kriminal jarqonları da daxil olmaqla atributlarını və simvollarını müsbət mənada təqdim və təbliğ edir. Bu informasiyalar uşaqlarda davamlı qorxu, təlaş, yaxud dəhşət hissi yarada bilir, uydurma məxluqların dəhşətli görüntüsü və ya təsviri, eləcə də ciddi xəsarətlərin, intiharın (o cümlədən intihara cəhdin), bədbəxt hadisələri, qəzaları təbliğ edir.

Qanunvericilik uşaqların zərərli informasiyadan qorunması sahəsindəki əsas prinsiplər müəyyən etmişdir. Buraya uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, həyat və sağlamlığı üçün təhlükəsiz olan, hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu və energetic içkilərin, habelə tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması və uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi daxildir.

Həmçinin müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyalar da vardır. Bunlara zorakılığı və qəddarlığı nümayiş edən informasiyalar aiddir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı qeyd olunan qanunda müəyyən edilmiş qaydalara riayət etməyə borcludur. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

Qanunvericiliyin tələbinə əsasən informasiya məhsulunun hazırlanması mərhələsindən başlayaraq müəyyən tələblər ödənməlidir. İnformasiya məhsulu hazırlanarkən, ya da yayımlanarkən müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınmalı, informasiya məhsullarının yaş kateqoriyasına uyğun təsnifatı aparılmalıdır.  İlk növbədə, informasiya məhsulunun mövzusu, janrı, məzmunu və bədii tərtibatı nəzərə alınır. İnformasiyanın müəyyən yaş kateqoriyasına aid uşaqlar tərəfindən mənimsənilməsinin xüsusiyyətlərinə diqqət yetirilir.

Uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsi yolverilməzdir. Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlimi üçün nəzərdə tutulan informasiya məhsullarının məzmunu və bədii tərtibatı altı yaşadək uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarının məzmununa və bədii tərtibatına uyğun olmalıdır.

Qeyd olunan qanunun icrasına nəzarət dövlət və ictimai nəzarət formalarında həyata keçirilir.

Sosioloqlar qeyd edirlər ki, uşaqların zərərli informasiyalardan asılı vəziyyətə düşmələrində valideynlər daha çox müqəssirdir. Məktəbli uşaqların hərəsinin əlində kitab boyda bir telefon, planşet var. Evdə azad internet olduğu üçün istədiyi sayta girə, xoşuna gələn oyunu oynaya bilir. Valideyn nəzarət etməsə, bu oyun asılılığı təhlükəli həddə qədər yüksələ bilir. Onların oynadığı oyunlar, girdiyi saytlar üçün kompüterdə filtr-süzgəc tətbiq etmək olar. Yaxud, sadəcə, diskləri alıb müəyyən edilmiş oyunları oynamağa icazə vermək lazımdır.

Ölkəmizdə media azaddır. Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Lakin media subyektləri bu azadlıqdan sui-istifadə etməməlidirlər.

Teleradio yayımı vasitəsilə yayımlanan və “Universal”, “6-”, “6+” və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.Ancaq “16+” yaş kateqoriyasına aid informasiya məhsulları yerli vaxtla saat 700-dan saat 2100-dək, “18+” və “16+” yaş kateqoriyalarına aid informasiya məhsulları yerli vaxtla saat 600-dan saat 2300-dək yayımlanmalıdır.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-2-ci maddəsinə əsasən uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması yolverilməzdir. Yəni uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulları uşaqların ola biləcəyi yerlərdə yayılması, informasiya məhsulunun “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna əsasən yaşa görə təsnifatlaşdırılmasını təmin etmədən, o cümlədən həmin qanunla müəyyən edilmiş hallar istisna olmaqla informasiya məhsulunu müvafiq yaş kateqoriyasına uyğun işarələmədən ölkə ərazisində yayılması qadağandır. İnformasiya məhsulunun yayımçıları tərəfindən televiziya yayımı, kino və video xidmətlərinin göstərilməsi zamanı hər bir informasiya məhsulunun nümayişindən əvvəl xüsusi kadrda (səhifədə) informasiya məhsulunun yaş kateqoriyasına uyğun işarə və yaş məhdudiyyəti barədə, o cümlədən internet informasiya ehtiyatlarında informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlığa dair mətn yerləşdirilməli, “18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlığı televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməlidir. Eyni zamanda uşaqlar üçün nəzərdə tutulan informasiya məhsullarında onların zərərli informasiya məhsulunun hazırlanmasına cəlb edilməsi barədə elanların yerləşdirilməsinə, məhdud şəxslər dairəsində yayılması nəzərdə tutulan mətbu nəşrin birinci və sonuncu səhifəsində, çap məhsulunun və digər poliqrafik məhsulun üz və arxa qabığında uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın əks olunmasına və ya həmin informasiya məhsulunun qablaşdırmadan yayılmasına və uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuştəhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilməməlidir. Bu qanunvericiliyin pozulmasına görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz, hüquqi şəxslər isə üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Bu gün hər bir valideyn uşaqların zərərli informasiyalardan qorunması üçün müqəddəs valideynlik borcunu vicdanla yerinə yetirməli, öz övladlarının altşüuruna hansı informasiya ötürülməsinin fərqində olmalıdır.

 

                  Faiq SƏFƏROV

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

 şöbə rəisi, baş ədliyyə müşaviri