Pause

Cinayətlərin qarşısının alınması cinayət qanunvericiliyinin əsas vəzifələrindən biri kimi müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasnın Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 221-ci maddəsində cinayətin törədilməsinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması konkret vəzifə kimi qarşıya qoyulmuşdur. Həmin maddədə göstərilir ki, ibtidai araşdırmanın aparılması zamanı müstəntiq cinayətin törədilməsinə imkan yaradan halları (səbəb və şəraiti) müəyyən etməlidir.

 Cinayətin törədilməsinə imkan yaradan səbəb və şəraitin müəyyən edilməsi üzrə prosessual fəaliyyət müstəntiqin vəzifəsini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.2.12-ci madəsində “bu Məcəllənin 158, 159, 218-221-ci maddələrinin tələblərinə riayət etməklə ibtidai istintaqı başa çatdırmaq, habelə cinayət işinin materialları ilə təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərər çəkmiş şəxsi, mülki iddiaçını və onların nümayəndələrini tanış etmək, bununla əlaqədar verilmiş vəsatətlərə baxmaq və cinayət işi üzrə ittiham aktını tərtib edərək işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək;” qeyd olunur.

Qanunvericiliyin tələbindən göründüyü kimi müstəntiq cinayətin törədilməsinə imkan yaradan səbəb və şəraiti aşkar etdikdə, həmin halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə müvafiq hüquqi və vəzifəli şəxslərə təqdimat göndərir. Bu təqdimat ibtidai araşdırmanın istənilən mərhələsində verilə bilər. Təqdimat həm də müstəntiq tərəfindən imzalanır və prosessual sənəd kimi cinayət təqibi üzrə icraatın materiallarına əlavə edilir. Təqdimat cinayət təqibi üzrə icraatın materiallarına əsaslanmalıdır.

Təqdimat, bir qayda olaraq, öz xidməti vəzifəsinə görə cinayətin törədilməsinə imkan yaradan səbəb və şəraiti aradan qaldırmaq üçün tədbirlər görə bilən və aradan qaldırmağa borclu olan vəzifəli şəxslərə göndərlir. Vəzifəli şəxslərin dairəsi isə Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 308-ci maddəsinin “Qeyd” hissəsində müəyyənləşdirilmiş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarı ilə aydınlıq gətirilmişdir.

Təqdimatda cinayətin törədılməsinə imkan yaradan səbəb və şərait göstərilir və həmin halların aradan qaldırılması üçün tədbirlər görülməsi tapşırılır. Cinayət-prosessual qanunvericiliyinin burada əsas məqsədi cinayəti törədən səbəb və şəraiti müəyyən edib onun aradan qaldırılmaq və cinayətsiz cəmiyyət üçün müəyyən tədbirlər görməkdən ibarətdir.

Cinayətin törədilməsinə imkan yaradan səbəb və şəraitin aradan qaldırılması üçün görülməli olan konkret tədbirlər təqdimatda göstərilməklə müstəntiq təqdimat göndərilən hüquqi şəxsin (vəzifəli şəxsin) təşkilat-sərəncamverici və digər fəaliyyətinə müdaxilə edə bilməz.

Bəs, nə üçün qanunvericilik bu vəzifəni müstəntiqin üzərinə qoymuşdur? Çünki müstəntiq cinayətin törədilməsinə imkan yaradan səbəb və şəraitin müəyyən edilməsi üçün Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş istənilən istintaq və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdir.

Müstəntiq öz fəaliyyəti prosesində müxtəlif prosessual şəxslərlə - zərərçəkmiş şəxslə, şahidlə, şübhəli və ya təqsirləndirilən şəxslə ünsiyyətə girir ki, bu da onun fəaliyyətinin kommunikativ cəhətini təşkil edir.Müstəntiqin peşə fəaliyyəti maraqlı olduğu qədər də ağırdır. İlk olaraq  müstəntiqin kimliyinə hüquqi anlayış verək. Azərbaycan Respublikası CPM-nin 85.1-ci maddəsinə müstəntiqin hüquq və vəzifələri sadalanaraq qeyd olunur ki, cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir.

Məlumdur ki, ibtidai istintaq zamanı həmçinin cinayətin törədilməsinin səbəb və şəraiti də araşdırılır. Bu səbəb və şərait isə daha cox ibtidai istintaqı aparan müstəntiqə məlum olur. Müstəntiq ibtidai istintaq zamanı ortaya çıxan kim? nə vaxt? harada? və niyə? suallarına cavab tapan əsas prosessual şəxs kimi çıxış edir. Dindirmə zamanı müstəntiq ilkin məlumatları təhlil edərək dindirmənin predmetini müəyyənləşdirir, dindirilənin şəxsiyyətini öyrənir. Cinayəti törətmiş şəxsi xarakterizə edən bütün məlumatlar müstəntiqə məlum olur. Müstəntiq bütün hallarda cinayətin törədilməsində motiv və məqsədi müəyyən edir.

Müstəntiq ibtidai istintaq zamanı bu sualları aydınlaşdırır: cinayət hansı səbəbə görə baş verib? və ya bu cinayət niyə törədilib?, bu hadisə baş verməyə bilərdimi?, təqsirləndirilən şəxs hansı səbəbdən bu cinayəti törətmək qərarına gəlmişdir?, cinayətin qarşısını vaxtında almaq olardımı?, nəhayət, cinayət əməlinin motivi və məqsədi nədir?

Məlumdur ki, cinayətkarlıqla mübarizə tərbiyəvi, hüquqi və s. tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Cinayətkarlığa qarşı mübarizə aparılması, onu yaradan səbəb və şərtlərin aradan qaldırılması, sosial ədalətin bərpası, habelə insan hüquq və azadlıqlarının təmini cəmiyyət və dövlət qarşısında duran başlıca vəzifələrdəndir.

Cinayətkarlığın profilaktikası konsepsiyasının ümumi məqsədi ictimai təhlükəli halları, istənilən hüquqpozmaları və hüquqazidd əməlləri doğuran səbəblərin aradan qaldırılmasından ibarətdir. Cinayətkarlığın vaxtında qarşısı alınmazsa onunla mübarizə çətinləşər. Ona görə də, profilaktika, xəbərdarlıq və maarifləndirmə tədbirləri vaxtaşırı aparılmalıdır. Cinayətlər baş verdikdən sonra isə xəbərdarlığın heç bir əhəmiyyəti qalmır.

Cinayətkarlıqla, cinayətkarlığın səbəbləri, onun qarşısının alınması və profilaktikası ilə bağlı münasibətlər ayrıca kriminoligiya elminin obyektini təşkil edir.

Görkəmli hüquqşünas alim Firudin Səməndərov qeyd edir ki, cinayətkarlığı doğuran səbəb və şərait cinayətkarlığı doğuran və özünün nəticəsi kimi müəyyən edən bir sıra xarakterli hadisə və proseslərin neqativ sistemidir.

Kriminologiya elmində qəbul edilir ki, cinayətkarlığın qarşısının alınması-cinayətkarlığın, müəyyən növ cinayətlərin və konkret cinayətin səbəb və şəraitinin aşkar edilməsi, zəiflədilməsi və neytrallaşdırılması üzrə, həmçinin həyat şəraitinə, yaxud davranışına görə artıq cinayət yoluna düşməyə yaxın olan, yaxud da cinayət yoluna düşmüş ayrı-ayrı şəxsləri cinayətdən çəkindirməyə və belə vəziyyətdən çıxmağa yönələn çoxsəviyyəli və məqsədyönlü dövlət və ictimai tədbirlər sistemidir.

İstiqamətinə və növünə görə cinayətkarlığın profilaktik tədbirlərinin təsnifatını müəyyən edən kriminologiya elmi bu sahədə hüquqi tədbirləri də qeyd edir. Bu tədbirlərə isə cinayətlərtin səbəb və şəraitini aşkar etməyə, zəiflətməyə, neytrallaşdırmağa və aradan qaldırmağa yönələn optimal şərait yaratmaq, eləcə də ümumi və xüsusi xəbərdarlığı daha təsirli etmək, cinayət törətməyə meylli olan şəxslərin resosiallaşdırılmasına nail olmaq üçün cinayət, inzibati və s. qanunvericilik sahələrinin təkmilləşdirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, inzibati xətalara yol verən şəxslərə tətbiq edilən inzibati tənbehlərin təsirli olmasına nail olunması və belə şəxslərin cinayət yoluna düşməsinin qarşısının alınması, hüquq normalarına riayət edilməsinin şəxsi inama çevrilməsi üçün hüquqi şüurun tərbiyə edilməsi, cinayətkarlıqla mübarizə işinə kömək etməyə hazır olmaq üçün vətəndaşlarda profilaktik fəallıq tərbiyə edilməsi və sairə.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bir sıra qəraralarında,                         o cümlədən “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında cinayət qanunun tətbiqində cinayətin motiv və məqsədinin aydınlaşdırılması tövsiyə olunur.

Məlumdur ki, şəxsin bütün iradi əməlləri kimi cinayət əməli də müəyyən motivlə əlaqədar olur və belə motiv qarşıya qoyulan məqsədə doğru şəxsi istiqamətləndirir. Yəni, cinayətin motivi, şəxsin müəyyən tələbatları və maraqları ilə şərtləşən və onda cinayət törətmək qətiyyəti yaradan daxili meyllərdir. Motivin oyanması və fəallaşması eyni vaxtda məqsəd formalaşdırır, müəyyən edir. O, subyekti məqsədə nail olmağa, yəni cinayət törətməyə istiqamətləndirir. Cinayətin məqsədi isə, konkret cinayəti törədərkən şəxsin nail olmağa çalışdığı gələcək nəticənin xəyali təsəvvürü, modelidir. Subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəddən yalnız qəsdən törədilən cinayətlərlə bağlı, yəni qanunla qorunan sosial əhəmiyyətli dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin mövcud olduğu hallarda danışmaq olar. Cinayətin məqsədi, onun motivi kimi təqsirkarın cinayət edilməsi ilə əlaqədar süurunda gedən prosesi xarakterizə edir.

Qəsdlə bağlı bütün cinayətlər müəyyən motiv zəminində törədilir və belə əməllər tamah, qısqanclıq, intiqam, qisas, xuliqanlıq hissi və s. bu kimi motivlər əsasında baş verir. Ehtiyatsızlıqdan edilən cinayətlərdə isə ictimai təhlükəli nəticənin deyil, nəticəni doğuran davranışın motivi mövcud olur. Belə cinayətlərdə hərəkətin, yaxud da hərəkətsizliyin motivi lovğalıqla, eqoizmlə, laqeydliklə və s. bu kimi meyllərlə əlaqədar olur.

Hüquqşünas alim Firudin Səməndərov prokurorluq orqanlarının cinayətkarlığın profilaktikasının subyekti kimi rolunu yüksək qiymətləndirərək qeyd edirdi ki, prokurorluğun geniş səlahiyyətləri cinayətkarlığın profikatikasının subyekti kimi, həm də bu orqanın fəaliyyətinin spesifikliyini müəyyən edir.

Prokurorluq orqanlarının cinayətkarlığın qarşısının alınmasında təkcə özünün bilavasitə funksiyalarını yerinə yetirməklə kifayətlənmir, həm də “Prokurorluq haqqında” Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş prokurorluq təhqiqat və ibtidai istintaq orqanlarının fəaliyyətində qanunlara riyaət edilməsi üzərində nəzarəti həyata keçirməklə və məhkəmələrdə cinayət işinə baxılması prosesində iştirak etməklə həm də profilaktik funksiyanı yerinə yetirir.

Cinayət-prosessual qanunvericilikdə cinayət işləri üzrə ibtidai istintaq prokurorluq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, o cümlədən daxili işlər orqanları tərəfindən aparılır. Həmçinin “Polis haqqında” Qanunda cinayətlərin və digər xətaların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi polisin əsas vəzifələri kimi müəyyən olunmuşdur.

Bu halları müəyyən etdikdə müstəntiq zərurət olduqda müvafiq huquqi və ya vəzifəli şəxsin ünvanına cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat göndərir. Məlumdur ki, belə təqdimatlar daha cox polis orqanlarına göndərilir. Təqdimatlarda isə əsasən qeyd edilir ki, müəyyən edilmişdir ki, ...rayon (şəhər) şəhər polis idarəsinin (şöbəsinin) əməkdaşları gələcəkdə bu kimi cinayət və xoşagəlməz hadisələrin baş verməsinin qarşısının alınmasını üçün inzibati ərazi vahidində münaqişəli ailələrin, əxlaqi dəyərlərə zidd hərəkət edən şəxslərin və s. müəyyən edilməsi və müvafiq tədbirlərin görülməsi istiqamətində işlərini günün tələbləri səviyyəsində təşkil etməli və cinayət törətməyə meyilli, qanuna laqeyd və saymazyana münasibət göstərən şəxslərin müəyyən edilərək onlar üzərində nəzarətin düzgün təşkil edilməsi və mütəmadi olaraq həmin şəxslərlə profilaktiki və maarifləndirici məzmunda söhbətlərin aparılması üçün müvafiq tədbirlər görülməlidir.

Məlumdur ki, polis orqanlarının yerlərdə işlərini günün tələbləri səviyyəsində təşkil etməsi cinayətkarlığın qarşısının alınmasında mühüm rol oynayır. Məsələn, qanunsuz saxlanılan silahların yığılması hesabına onun tətbiqi ilə törədilən cinayətlər baş vermir.

Polis sahə müvəkkili təhkim olunan inzibati sahənin sərhədlərini, ərazisini, xüsusiyyətlərini, əhalinin sayını və əsas məşğulluğunu, yerli adət-ənənələrini, cinayətlərin törədilməsinə səbəb olmuş amilləri, qeydiyyatda olan cinayət törətməyə meyilli şəxsləri və onlar haqqında məlumatları bilməlidir.

Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali ilə sıx təmas qurması, cəmiyyətin içində olması, ehtiyacı olanlara yardım göstərməsi və maarifləndirməsidir. Bununla da qeyri-peşəkar şəraitdə baş verən hüquqpozmaların açılmasında vətəndaşların rolu artırıla bilər.

Həmçinin cinayətlərin qarşısının alınmasının əsas şərtlərindən biri də hüquq pozuntusu törətməyə meyilli şəxslərin qeydiyyata alınaraq onlarla profilaktik işin təşkilidir. Cəzaçəkmə müəssisələrdən azad edilmiş, islah işi, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslər, ailə-məişət zəminində mütəmadi münaqişə törədən şəxslər, səhiyyə orqanlarında qeydiyyatda olan narkotik istifadəçiləri, ruhi xəstələr sahə inspektorlarının pasportunda qeydiyyata götürülməklə vaxtında lazımi profilaktik tədbirlər aparılması cinayətkarlığın qarşısının alınmasında mühüm rol oynayır.

Cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi barədə təqdimat həmçinin bələdiyyə sədrlərinə, yerli icra qurumlarına, müəssisə və təşkilatların rəhbərlərinə, eləcə də ictimai təhlükəli əməllərin qarşısını ala biləcək qurum və şəxslərə də göndərilə bilər.

Azərbaycan Respublika Cinayət-Prosessual Məcəlləsinin355.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair fiziki şəxslərin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və ya hərəkətsizliyinin, dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki çatışmazlıqların və ya səhvlərin cinayətin törədilməsinə səbəb olduğunu və şərait yaradıldığını müəyyən edildikdə məhkəmə xüsusi qərar çıxara bilər.

Həmçinin Cinayət-Presessual Məcəlləsinin 398.2-ci maddəsinə əsasən yekun qərarı çıxarmaqla yanaşı apellyasiya instansiyası məhkəməsi, həmçinin apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində cinayətin törədilməsinə səbəb və ya şərait, fiziki şəxslərin cinayət məsuliyyətinə səbəb olmayan hərəkət və hərəkətsizliyi, habelə dövlət hakimiyyəti orqanlarının və ya dövlət orqanlarının vəzifəli şəxslərinin fəaliyyətindəki pozuntular, çatışmazlıqlar və ya nöqsanlar olduqda xüsusi qərar çıxara bilər.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 221.2-ci maddəsinə əsasən cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməsi haqqında müstəntiqin təqdimatına baxılması məcburidir, nəticəsi barədə bir ay muddətində müstəntiqə yazılı məlumat verilməlidir. Yəni, təqdimatı alan müvafiq hüquqi və vəzifəli şəxslər bir ay müddətində zəruri tədbirlər görməlidir. Fikrimizcə, təqdimatın müzakirəsi zamanı müstəntiqin dəvət edilməsi və ictimiyyət nümayəndələrinin də iştirakı daha məqsədəuyğun olardı.Əgər məqsəd cinayətkarlığının qarşısını almaqdan ibarətdirsə, bu məsələdə hər bir şəxs həm vəzifə borcunu, həm də vətəndaşlıq borcunu yerinə yetirərək öz töhfəsini verməlidir.

İnsanın daxili aləminin sağlam bir şəkildə tərbiyəsi, yəni əxlaqi və hüquqi dəyərlərə hörmətlə yanaşma insanın sosial normaları pozmasının, cinayət törətməsinin qarşısını alır. Kriminoloq alim Seeling Ernestin qeyd etdiyi kimi, hüquq və əxlaq normalarına hörmət amili həqiqətən də cinayətkarlığın qarşısının alınmasına təsir göstərəcək güclü faktordur.

Sonda qeyd etmək vacibdir ki, cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması üçün verilən təqdimat cinayətkarlığın qarşısının alınmasında mühüm rol oynaya bilər. Ona görə də, hər bir cinayət işi, həmçinin araşdırma materialı üzrə də mütləq belə təqdimat verilməli və bu təqdimatların müzakirəsində müstəntiqin iştirakı təmin olunmalıdır. Çünki, baş vermiş hadisəni incəliklərinə qədər araşdırıb analiz etmək yalnız müstəntiqin fəaliyyəti ilə bağlı olur.

 

                                                   İSTİFADƏ  OLUNAN  ƏDƏBİYYAT

  1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi. “Hüquq Yayın Evi”, Bakı, 2020.
  2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi. “Hüquq Yayın Evi”, Bakı, 2020.
  3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin Kommentariyası. Cəfər Mövsümovun redaktəsi ilə. Bakı, 2013.
  4. “Prokurorluq haqqında” Qanun. “Hüquq Yayın Evi”, Bakı, 2021.
  5. “Polis haqqında” Qanun. “Hüquq Yayın Evi”, Bakı, 2021.
  6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarı. http://www.constcourt.gov.az
  7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarı. http://www.supremecourt.gov.az
  8. Firudin Səməndərov. Cinayət hüququ. “Digesta” nəşriyyatı. Bakı 2007.
  9. Firudin Səməndərov. Kriminologiya. “Digesta” nəşriyyatı. Bakı 2012.

 

 

                        Faiq Səfərov

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi   təminat  və  insan  hüquqları  məsələləri

şöbəsinin rəisi, baş ədliyyə müşaviri

 

“Azərbaycan Prokurorluğu” jurnalı

2022-ci il. №3.(səh. 175-177)

Əbədiyyət | Eternity | Вечность

Xəbərlər

Pause

Naxçıvan Muxtar Respublikası | Nakhchivan Autonomous Republic | Нахчыванская Автономная Республика

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg
  • 22.jpg
  • 23.jpg
  • 121.jpg
  • 122.jpg

Nəşrlər