Babək rayon prokurorluğunda seminar keçirilib

May ayının 18-də Prokurorluğun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə Babək rayon prokurorluğunda Babək bə Şahbuz rayon prokurorluqları əməkldaşlarının iştirakı ilə "Cinayət prosesində hüquqi şəxslərin iştirakının xüsusiyyətləri" mövzusunda seminar keçirilib.

Qeyd olunub ki, hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 487-1-487-7-ci maddələri ilə nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla ümumi qaydalar əsasında aparılır. Cinayət işi üzrə ibtidai istintaq zamanı CM-nin 99-4.1.1–99-4.1.4-cü maddələrində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsinə dəlalət edən sübutlar müəyyən edildikdə müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması barədə əsaslandırılmış vəsatət verir.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərarın surətini 24 saat ərzində hüquqi şəxsə göndərir. Hüquqi şəxs onun barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərarın surətini aldığı vaxtdan 24 saat ərzində nümayəndəsini təyin etməli və bu barədə cinayət təqibi orqanına məlumat verməlidir.

Barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi qismində onun qanuni maraqlarını təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan (CPM-nin 487-2.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) şəxs çıxış edir. Hüquqi şəxsin nümayəndəsi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etməlidir. Həmin sənədlərin, habelə hüquqi şəxsin nizamnaməsinin, dövlət qeydiyyatına alınması barədə sənədin surətləri cinayət təqibi ilə bağlı materiallara əlavə olunur. Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı hüquqi şəxsin maraqlarını yalnız bir nümayəndə təmsil edir. Cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı ibtidai istintaq orqanı hüquqi şəxsin nümayəndəsi barəsində CPM-nin 178-ci maddəsində nəzərdə tutulmuş qaydada məcburi gətirilmə tətbiq etmək hüququna malikdir.

Qeyd olunub ki, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat zamanı  cinayətin hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və ya onun fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, yaxud həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilməsini təsdiq edən hallar, cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilməsini təsdiq edən hallar, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsini zəruri edən hallar, Cinayət-Prosessual Məcəlləsinin və cinayət qanununun normalarına əsasən hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməməsini zəruri edən hallar, CM-nin 99-5.3-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq olunacaq cinayət-hüquqi tədbirin növü və həddi seçilərkən nəzərə alınan hallar müəyyən edilməlidir:

Hüquqi şəxslər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədilə hüquqi şəxsin əmlakı üzərinə CPM-nin 248-254-cü maddələrində nəzərdə tutulmuş qaydada həbs qoyula bilər. Barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi məqsədilə hüquqi şəxsin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında, habelə məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən CPM-nin 446-448-ci maddələrində nəzərdə tutulmuş qaydada qadağan oluna bilər. Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verildikdə, bəraət hökmü çıxarıldıqda və ya hüquqi şəxs barəsində tətbiq olunan cinayət-hüquqi tədbir icraya yönəldildikdə CPM-nin 487-5.2-ci maddəsində nəzərdə tutulmuş prosessual məcburiyyət tədbiri qüvvədən düşmüş sayılır.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ittiham aktı ilə daxil olmuş cinayət işini öyrənir, ittiham aktını təsdiq etdikdə cinayət işini məhkəməyə göndərir və ya CPM-nin 290-cı maddəsində nəzərdə tutulmuş digər qərar qəbul edir.

Sonra seminar iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.

 

Nахçıvаn Muхtаr Rеspublikаsı Prоkurоrluğunun

Hüquqi təminаt və infоrmаsiyа şöbəsi