Naxçıvan şəhər prokurorluğu tərəfindən Hacıniyyət kəndində maarifləndirici tədbir kçirilib

Naxçıvan şəhər prokurorluğunun təşkilatçılığı ilə Hacıniyyət kəndində kənd sakinlərinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Tədbiri Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov açıb.

Naxçıvan şəhər prokurorluğunun böyük müstəntiqi tikintidə təhlükəsizlik haqqında və tikinti qaydalarının pozulmasına görə məsuliyyət barədə məlumat verərək bildirdi ki, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, yerli icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularının tikintisinə istisna olmaqla) tərəfindən tikintiyə icazə verilməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir.  

Cinayət Məcəlləsinin 222-1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda cinayət məsuliyyəti yaranır və nəzərdə tutulmuş əməlin törədilməsi ilə insanların həyat və sağlamlığı üçün real təhlükə yarandıqda şəxs, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Naxçıvan şəhər prokurorunun köməkçisi Aygül Əsədova isə "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn müddəalar barədə məlumat verərək bildirib ki, vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. Müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, Qanunun tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır. Kağız üzərində yazılı müraciəti fiziki şəxs və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi imzalamalı və tarix qoymalıdır. Yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalı,  müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməli və müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir.

  

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi