Naxçıvan şəhər prokurorluğu tərəfindən Qaraçuq kəndində maarifləndirici tədbir keçirilib

Həmin ərazidə yaşayan vətəndaşların iştirakı ilə keçirilən görüşdə Naxçıvan şəhər prokurorluğunun müstəntiqi Əşrəf Quliyev  "Vətəndaşların müraciət etmək hüququ"  mövzusunda çıxış edib.

Bildirib ki, vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Bu zaman vətəndaşlar hüquq və azadlıqlarının həyata keçirilməsi, həmçinin pozulmuş hüquq və azadlıqlarının bərpası və müdafiəsi ilə bağlı dövlət orqanlarına şəxsən və ya nümayəndə vasitəsi ilə yazılı, o cümlədən elektron, yaxud şifahi formada müraciət edə bilərlər. Yazılı formada müraciətdə müraciətə baxan subyektin adı və ya onun vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi, müraciət edən fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı göstərilməlidir. Bundan başqa müraciətin mətni oxunaqlı olmalı, təklif və ya tələb aydın ifadə edilməli, mətnində təhqir və böhtana yol verilməməlidir. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. 

Naxçıvan şəhər prokurorunun köməkçisi Aygül Əsədova isə "Qanunvericiliyimizdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı" mövzusunda çıxış edərək bildirib ki,  ailə qanunvericiliyində doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onların biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda, məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Valideynlərin soyadları olmadıqda uşağa babasının və ya ulu babasının adı ilə soyad verilir və uşağa valideynlərin adı ilə soyad verilməsinə icazə verilmir. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən həll olunur.

Görüş  zamanı verilən suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi