Culfa rayon prokurorluğu tərəfindənmaarifləndirici tədbir keçirilib

Fevral ayının 14-də Culfa rayon prokurorluğunun tədbirlər planına uyğun olaraq Culfa rayon Yaycı kənd 1 nömrəli tam orta məktəbində məktəbin yuxarı sinif şagirdləri ilə onların hüquqi maarifləndirilməsi məqsədilə tədbir keçirilib.

Tədbirdə rayon prokurorluğunun böyük müstəntiqi Afət Kərimli "Ailədə uşaqların hüquqları" mövzusunda cıxış edərək bildirib ki, ailə təkcə hər bir insanın deyil, eləcə də cəmiyyətin inkişafına, onun əxlaqi sağlamlığına təsir göstərir və insanların sosial aktivliyini  artıran faktorlardan biridir. Ölkəmizin ailə qanunvericiliyinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Valideynlər olmadıqda, onlar valideynlik hüquqlarından məhrum olunduqda və ya uşaq valideyn himayəsini itirdiyi digər hallarda, uşağın ailədə tərbiyəsi yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı tərəfindən təmin edilir. Uşaq öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi hüququna malikdir. Uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər, Ailə Məcəlləsi ilə nəzərdə tutulmuş hallarda isə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı və məhkəmə tərəfindən həyata keçirilir.

Qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatana qədər tam fəaliyyət qabiliyyətli hesab edilən şəxslər öz hüquq və vəzifələrini, o cümlədən müdafiə hüququnu müstəqil həyata keçirirlər. Uşağın valideynləri və ya onları əvəz edən şəxslər tərəfindən sui-istifadə etmə hallarından müdafiə olunmaq hüququ vardır. Uşağın hüquqları və qanuni mənafeləri pozulduqda, o cümlədən valideynləri və ya onlardan biri uşağın təhsili, tərbiyəsi üzrə vəzifələrini yerinə yetirmədikdə və ya valideynlik hüquqlarından sui-istifadə etdikdə, uşaq öz hüquqlarını qorumaq üçün yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı, 14 yaşına çatdıqda isə məhkəməyə müraciət etmək hüququna malikdir.

Qeyd olunub ki, uşağın həyat və sağlamlığının təhlükədə olması, onun həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunması, hüquqlarının və qanuni mənafelərinin pozulması barədə məlumatı olan vəzifəli şəxslər və digər vətəndaşlar bu barədə uşağın faktiki olduğu yerin yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanına məlumat verməyə borcludurlar. Yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı bu cür məlumat aldıqda uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün zəruri tədbirlər görməyə borcludur. 

Görüş  zamanı verilən suallar prokurorluq əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi