Culfa rayon prokurorluğunda seminar keçirilib

Fevral ayının 12-də Prokurorluğun Hüquqi təminat və informasiya şöbəsinin təşkilatçılığı ilə Culfa rayon prokurorluğunda Culfa və Ordubad rayon prokurorluqları əməkldaşlarının iştirakı ilə "Cinayət işlərinə dair hüquqi yardım haqqında qanununvericilikdən irəli gələn vəzifələr və cinayət işlərinə dair hüquqi yardım göstərilməsi üzrə icraat" mövzusunda seminar keçirilib.

Qeyd olunub ki, cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi sahəsində prokurorluq işçiləri tərəfindən öz xidməti fəaliyyətini yerinə yetirərkən "Cinayət işlərinə dair hüquqi yardım haqqında" Azərbaycan Respublikası Qanununun və ölkəmizin tərəfdar çıxdığı "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında" Kişinyov Konvensiyasının, "Ekstradisiya haqqında", "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında", "Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında", və "Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması götürülməsi və müsadirə edilməsi haqqında" Konvensiyaların, Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin və Azərbarcan Respublikası Baş prokurorunun "Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilmiş məsələlərin icrası və beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması ilə əlaqədar prokurorluq orqanlarının vəzifələri" barədə 14.02.2007-ci il tarixli 10/13 №-li əmrinin tələblərinə dönmədən əməl edilməlidir.

Prokurorluq əməkdaşları cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi zamanı bu sahədə mövcud olan qanunvericiliyi mükəmməl öyrənməli və praktiki məsələlərdə yaxından iştirak etməlidirlər. "Cinayət işlərinə dair hüquqi yardım haqqında" 29 iyun 2001-ci il tarixli Qanunda nəzərdə tutulub ki, hüquqi yardım sorğu verildiyi zaman sorğu edən xarici dövlətin müvafiq səlahiyyətli orqanı tərəfindən istintaq edilən və ya məhkəmə baxışında olan cinayətlə bağlı qanunun müddəalarına uyğun olaraq müvafiq hərəkətlərin həyata keçirilməsindən ibarətdir. Azərbaycan Respublikası ilə sorğu edən xarici dövlət arasında müvafiq müqavilə olmadıqda və ya müvafiq müqavilə ilə tənzimlənməyən məsələlər üzrə həmin müqaviləyə zidd olmayan hissədə  qanunun müddəaları tətbiq edilir.

Qeyd olunub ki, hüquqi yardımın göstərilməsi ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydada şahid ifadələrinin və izahatların alınması, məhkəmə sənədlərinin təqdim edilməsi, axtarışın və ya götürmənin, obyektlərin, yaşayış və ya digər sahələrin baxışının keçirilməsi, materialların, məlumatların və ya maddi sübutların verilməsi, ekspert rəylərinin, sənədlərin, bank və maliyyə sənədləri də daxil olmaqla, orijinallarının və ya müvafiq qaydada təsdiq edilmiş surətlərinin təqdim edilməsi, şəxsiyyətin və ya yaşayış yerinin müəyyən edilməsi, əmlak barəsində axtarışın həyata keçirilməsi və ya əmlak üzərinə həbs qoyulması, cinayət yolu ilə əldə edilmiş gəlirlərin, əmlakın, cinayət törədilməsi üçün istifadə olunan vasitələrin müəyyən edilməsi və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hərəkətlərin həyata keçirilməsindən ibarətdir.

Hüquqi yardımın göstərilməsinin ölkəmizin suverenliyinə, təhlükəsizliyinə və başqa mühüm maraqlarına ziyan vuracağını güman etməyə kifayət qədər əsaslar olduqda, hüquqi yardımın göstərilməsinə dair sorğu Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayılan əməllərlə bağlı verildikdə, sorğu hərbi xidmət əleyhinə cinayət barəsində verildikdə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən cinayət hesab edilməyən əməllə bağlı verildikdə, sorğunun şəxsin irqinə, milliyyətinə, dilinə, dininə, vətəndaşlığına, siyasi baxışlarına və ya cinsinə görə təqib edilməsi məqsədi ilə verilməsini güman etməyə kifayət qədər əsaslar olduqda, sorğu Azərbaycan Respublikasında istintaq edilən və ya məhkəmə baxışında olan cinayət barəsində verildikdə və həmin sorğunun icrasının təxirə salınması mümkün olmadıqda və hüquqi yardımın göstərilməsinə dair sorğunun forması və məzmunu qanunvericiliyin tələblərinə cavab vermədikdə hüquqi yardımın göstərilməsindən imtina edilir. Hüquqi yardımın göstərilməsindən imtinanın əsasları barədə sorğu edən xarici dövlətə cavab verilir.

Cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə icraat Azərbaycan Respublikasının cinayət prosessual qanunvericiliyinə əsasən aparılır. Qanunvericilikdə hüquqi yardımın göstərilməsi cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi üzrə icraat və höküm və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında icraat şəklində həyata keçirilir.

Sonda  verilən suallar cavablandırıldı.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi