Sədərək prokurorluğu tərəfindən maarifləndirici tədbir keçirilib

Fevral ayının 7-də Sədərək rayon prokurorluğu tərəfindən Heydərabad qəsəbə tam orta məktəbində "Ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə prokurorluğun müstəntiqi Elvin Zeynalov çıxış edərək bildirib ki,   bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir. Ekologiya təbiətin əlifbasıdır.

Naxçıvan Muxtar Respublikasında isə on illərdir davam edən yaşıllaşdırma və ekoloji abadlıq siyasəti isə kompleks ixtisaslaşmış fəaliyyət şəklini almışdır. Naxçıvanın ekoloji və abadlıq siyasəti real olaraq başqa bölgələrimizə müsbət örnək təşkil etməkdədir.

Qeyd olunub ki, ölkəmizdə ətraf mühitin mühafizəsi qanunvericiliklə nizamlanır və ciddi formada qorunur. Respublikamızda bu istiqamətdə münasibətləri hüquqi aspektdən tənzimləyən 10 avqust 1999-cu ildən qüvvədə olan "Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanunu mövcuddur. Bu Qanun ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Bununla yanaşı, "Ətraf mühitin mühafizəsi haqqında" Qanunun tələblərinin pozulmasına görə yaran hüquqi məsuliyyətlə yanaşı, ümumilikdə Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi və ekologiya sahəsində olan qanun pozuntularına görə Azərbaycan Respublikası qanunvericiliyi ilə həm də inzibati məsuliyyət növü də müəyyən edilib.

Sonra inzibati xətalar haqqında qanunvericilikdə bu sahədə mövcud olan müddəaların tələbərini tədbir iştirakçılarının diqqətinə çatdırıb və tədbir iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandırıb.

 

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun

Hüquqi təminat və informasiya şöbəsi